• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

Məhəmmədəmin intihardan əvvəl qonşulara nə deyibmiş?

18.06.13 16:03 10630
Məhəmmədəmin intihardan əvvəl qonşulara nə deyibmiş?
Son vaxtlar yeniyetmələr arasında intiharların sayı artır. Ötən gün bayraqdar Elman Türkoğlunun 17 yaşlı oğlu Məhəmmədəmin Həsənli də yaşadıqları yataqxananın ayaqyolunda özünü asaraq intihar etdi. Hadisə yerinə gedərək mərhumun qonşuları ilə söhbətləşdik.
“Bibim oğlu intihar edibsə, mən də ölməliyəm”

Məhəmmədəminin qardaşı Elçibəylə dost olduğunu deyən Tural Əkbərli bizimlə söhbətində bildirdi ki, mərhum heç kimə dəyib dolaşmayan, çox sakit adam olub: “Məhəmmədəmin böyüklə böyük, kiçiklə kiçik idi. Arada mənimlə dərdləşərdi, pul lazım olanda borc da alırdı. Amma həmişə də qaytarırdı. Ümumiyyətlə, heç kimə borcu olmayıb, hətta başqalarının ona borcu olub. Maddi baxımdan da sıxıntı yaşamadığını düşünürəm. Çünki həmişə yaşıdlarından daha yaxşı geyinirdi. Heç vaxt ali məktəbə qəbul olmaqdan da söhbət açmırdı. Yəni ali məktəbə daxil olmaq arzusunu heç vaxt dilə gətirməmişdi”.
Mərhumun digər yaşıdları onun istədiyi qızın olmadığını dedi: “Dinməz, ağıllı, tərbiyəli oğlan idi, nə içirdi, nə də çəkirdi, heç kəslə işi olmazdı, dalaşqan deyildi. Qardaşı emosionaldı, ancaq özü qaradinməz uşaq idi. Bütün günü kompyüter arxasında, facebookda olurdu”.
Qonşu qadınlar da Məhəmmədəminin heç kimlə işinin olmadığını dedilər: “Elçibəy nadinc uşaq idi. Amma Məhəmmədəmin can qurban etməli oğul idi”.
Onu da öyrəndik ki, bir neçə ay əvvəl Məhəmmədəminin idmançı bibisi oğlu da intihar edərək özünü öldürüb. Qonşuların dediyinə görə, o zamandan Məhəmmədəmin deyirmiş ki, “bibim oğlu ölübsə, mən də yaşamamalıyam”.
“Ağzımla 1 saat nəfəs verdim ki, bəlkə uşaq ayıla”

Elman Türkoğlu avropa.info-ya verdiyi açıqlamada hadisəni danışıb. Bildirib ki, işdən evə gəlib, bir tikə çörək yeyəndən sonra Məhəmmədəmin gəlib: “Sonra bayıra çıxdı. 20 dəqiqə sonra gəlib yemək yedi. Az yedi, dedim “bala, ye də, niyə az yeyirsən?” Dedi ki, “ata istidən yeyə bilmirəm”. Sonra bayıra çıxdı, yenə qayıdıb zarafatla dedi ki, maaşımı ver, 1 manat ver, 11-ci sinfin test imtahanlarının cavabına baxım. 20 dəqiqədən sonra hay çıxdı ki, Məhəmmədəmin asılıb. Ağzımla 1 saat nəfəs verdim ki, bəlkə uşaq ayıla. Həkim də gəldi, amma uşaq getdi. Mən də Allahıma şükür edirəm. Allahın öz verdiyi pay idi, özü də aldı. Həmişə şükür edirəm. Allah onun günahlarını bağışlasın. Çox əziyyət çəkdim. Uşaqlar necə böyüdü, bilmədim, mitinqlərdə tutdular, başım həbslərdə qarışdı. Min əziyyətlə saxlamışdım onları”.
E. Türkoğlu APA-ya açıqlamasında bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.
Hələlik intiharın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır. Mərhumun nəşi isə Masallıya aparılaraq orada dəfn edilib. M.Həsənli 1996-cı il fevralın 9-da Bakıda anadan olmuşdu.
Valideyn müstəntiq rolunu oynamamalıdır

Psixoloq Hüseyn Xəlilov «Kaspi»yə açıqlamasında bildirib ki, uşaqların yeniyetməlik dövründə valideynlər daha çox diqqətli olmalıdırlar: «Valideynlər yeniyetməlik dövründə olan övladlarını kəşf etməli, tanımalı, davranışlarına, hərəkətlərinə diqqət yetirməlidirlər. Bəzən valideynlər bunları diqqətdən qaçırır, bir də oyanırlar ki, övladları ya evdən qaçıb, ya oğurluq, ya da intihar edib. İlk növbədə valideynlər ailədəki mənəvi boşluğu doldurmalıdırlar, vaxt ayırıb övladıyla söhbətləşməlidir. Valideyn övladı ilə müttəhimlə müstəntiq rolunu deyil, şahla vəzir obrazını oynamalıdır. Yəni şah vəzirindən məsləhət alar, məsləhətləşər. Eynilə də ata-ana övladlarıyla məsləhətləşməlidir. Çünki yeniyetməlik dövrü elə yaş dövrüdür ki, onlar özlərini böyümüş şəxsiyyət kimi hiss edirlər. Bu dövrdə valideyn övladlarına diqqət ayırıb söhbət edəndə, onların nə etmək istədiklərini öyrənə və yanlış fikirlərini doğru yola çəkə bilərlər”.
Yeniyetməni intihara sürükləyən səbəblərə gəlincə, H.Xəlilov bildirdi ki, bunun bir neçə səbəbi ola bilər: “Ailədəki keçimsizlik, maddi və mənəvi sıxıntılar, ata-ananın boşanması, övlada olan diqqətsizlik, yaxud övladı ərköyün böyütmək intihara yol açan səbəblər sırasındadır. Problemlər uşaqda xaos yaradır və şüuraltı nə etdiyini bilmir, son nəticədə intihara əl atır. Sevgi məsələsində də uşaqlar intihara qalxışırlar. Ya qız oğlanla ayrılanda intihar edir. Çünki ətrafında hər kəs onların münasibətlərindən xəbərdar olduğu üçün ya qız oğlandan ayrılanda intihar edir, ya da qız oğlana “yox” deyəndə oğlan özünü öldürür”.
Psixoloq abituriyent olan yeniyetmələrin valideynlərinə də diqqətli olmağı tövsiyə etdi: “Tələbə olmaq arzusunda olan bir uşaq ciddi hazırlaşır və ətrafındakı yaxın-uzaq adamların hamısının diqqəti onda olur. Bu diqqət də yeniyetməni sıxır, narahat edir. Son nəticədə valideyn övladının qabında olandan daha çox şey tələb edir, gözləyir. Məsələn, tutaq ki, uşağın ortalama balı 350-dirsə, valideyn ondan 500-600 bal tələb edir. Deyir ki, övladı mütləq pulsuza qəbul olunmalıdır. Son nəticədə gözlənilən nəticə əldə olunmur və uşaq intihara qalxır”.
“Universitetə qəbul olmasan, özümü öldürəcəm”

Psixoloq Azad İsazadə də qəzetimizə açıqlamasında dedi ki, abituriyentlik dövrünün yeniyetmə üçün böyük bir riskdir: “Valideynlərə tövsiyyəm budur ki, övladlarını təhdid etməsinlər. Hətta elə ailələr var ki, orada söhbət ali məktəbə qəbul olmaqdan deyil, baldan gedir. Valideyn övladına 500-600 deyil, 600-ü ötən bal yığmasını qarşısına tələb kimi qoyur. Bildirirlər ki, məsələn “600-ü keçməsən evə gəlmə”, yaxud “universitetə qəbul olmasan, özümü öldürəcəm”, “qonum-qonşu yanında başımızı aşağı etmə”. Yeniyetmə də bunları ciddi qəbul edir, fikirləşir ki, onu evə qoymasalar, yaxud anası ona görə özünü öldürsə, nə olacaq və 2-3 ay vahimə içərisində yaşayır. Sonra valideynlərinin istədiyi nəticəni almayanda intihardan başqa çarə görmür”.
A.İsazadənin sözlərinə görə, ümumiyyətlə, ali məktəblərə imtahan dövrü sui-qəsd üçün ən həssas dönəmdir. Psixoloq sui-qəsdə əl atan yeniyetmələr üçün orta rəngin olmadığını bildirdi: “Hər şey ya qaradır, ya ağdır. Onlar hər şeyi dərk etmirlər. Problemlə qarşılaşıb çıxış yolu tapa bilməyəndə isə intihara əl atırlar. Cəmiyyətdə olan aqresiya da yeniyetmələrə öz təsiri göstərir. Bu aqressiyanı görən gəncdə də aqressiya yaranır. Kimisi öz aqresiyasını ətrafa yayır, bəzi yeniyetmələr də bunu özünə qarşı istifadə edir”.
İntihar etmək istəyən yeniyetmələri necə tanımalı?

A.İsazadənin sözlərinə görə, heç vaxt intihar qəflətən baş vermir, insan özünə sui-qəsd edənə qədər bir neçə ay fikirləşir:
“Buna görə də valideynlər diqqətli olmalı, xüsusilə yeniyetməlik yaşında olan övladlarının hərəkətlərini, davranışlarını müşahidə etməlidirlər.
İntihar edən insanların 70 faizində iştahasızlıq yaranır, 30 faizi isə daha çox yemək yeyir. Bu zaman insanda ya normadan artıq kökəlmə, ya da arıqlama gedir. Bu cür yeniyetmələr özlərinə qapanır, yalnız öz otaqlarında oturur, depressiv şəkillər çəkir, hərəkətsiz olur, qara rəngdə geyimlərə üstünlük verirlər”.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər