Məhəmməd ağa Şahtaxtlı irsinə dəyərli töhfə
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə
Həsənovanın həmmüəllifi olduqları "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və
naşir” adlı monoqrafiya işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyada görkəmli maarifçi ədib və naşir Məhəmməd
ağa Şahtaxtlının dilçilik irsi araşdırılır. Həmçinin əsərdə Məhəmməd ağa
Şahtaxtlının ana dili məsələləri, o cümlədən əlifba, terminologiya, tərcümə,
ana dilinin saflığı, dil tədrisi haqqında düşüncə və görüşləri o dövrün mətbuat
orqanlarının materialları əsasında ətraflı şəkildə təhlil və tədqiq olunur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədri 27 fevral 2006-cı il tarixində "Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160
illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam
imzalamışdır. Sərəncamdan irəli gələrək Naxçıvan şəhərindəki Kitab evinə görkəmli
maarifçi-publisist Məhəmməd ağa Şahtaxtılının adı verilib, onun xatirəsi əbədiləşdirilib.
Həmçinin Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, diplomatik işdə,
mətbuat tarixində böyük xidmətləri olan Şahtaxtinisklərin ayrı-ayrı nümayəndələri
barədə araşdırmalar aparılıb, onların həyatları arxiv materialları əsasında öyrənilib
və bir sıra kitab, monoqrafiya, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edilib.
"Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” monoqrafiyası
da məhz bu sərəncamın icrası istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biridir.