• çərşənbə axşamı, 19 mart, 13:00
  • Baku Bakı 8°C

“Məhəbbət olmasa, “Bacanaqlar” batmayacaq” - Fotolar

03.08.17 11:30 9635
“Məhəbbət olmasa, “Bacanaqlar” batmayacaq” - Fotolar
Hər kəsin istirahətə yollandığı bir vaxtda Xəzər televiziyasının komandası yeni layihələr həyata keçirir. Belə ki, yeni mövsümdən Xəzər televiziyasında macəra dolu, düşündürücü və əyləncəli xarakter daşıyan biri-birindən maraqlı üç komediya filmi nümayiş olunacaq. Peşəkar komandanın toplaşdığı bu layihədə quruluşçu rejissor Ramin Hacıyev olacaq. Hansı ki, siz onu ATV telekanalında nümayiş olunan "Eks Bacanaqlar”, "Qız atası”, "Qardaşlar” kimi serialların baş rejissoru və "Bacanaqlar” serialının Məhəbbəti kimi yaxşı tanıyırsınız. İstedadlı rejissor və gülüş ustası bu dəfə yaradıcılığında yenilik edərək daha böyük layihələrlə Xəzər ailəsində çalışacaq.Biz də rejissorla əlaqə saxlayıb yeni layihəsindən xəbər aldıq. "Kaspi”-nin suallarını cavablandıran rejissor ilk olaraq dünənki kino günü ilə bağlı bu sahədə əməyi olan hər kəsi təbrik etdi. Xəzər televiziyasında çalışmaqdan məmnun olduğunu dilə gətirən R.Hacıyev yeni mövsümdə tamaşaçıları ekran qarşına gətirəcək maraqlı serialların olacağını dedi.
- İlk olaraq milli kino günü ilə bağlı sizi təbrik edirik.
- Təşəkkür edirəm. Bu sahədə əməyi olan işıqçıdan tutmuş, aktyora, operatora, montajçıya qədər hər kəsin bayramını təbrik edirəm. Öz sahələrində onlara uğurlar arzulayıram.

- Xəzər televiziyasında 3 yeni layihə ilə çıxış edəcəyinizi eşitdik.
- Bəli, yeni mövsümdə ailəmizin Xəzər-ində üç yeni serialla tamaşaçıların görüşünə gələcəyik. Xəzər televiziyasının rəhbərliyi ilə danışıqlarımız oldu. Onlar mənə bu serialları çəkmək üçün hər bir şəraiti yaradıblar. Əvvəl iki serial barədə danışsaq da, indi say artıb. Artıq 3 serial çəkəcəyik. Serialın birinin adı "Ailəcanlı”dır. Sözügedən serialın çəkliş məkanı, yəni pavilyonu hazırdır. Digəri isə "Xalxın evi” serialıdır ki, bu serial da dilbər guşələrimizdən olan Xızıda çəkiləcək. Üçüncü serialımızı bildirmək istəmirəm. Bu serial isə ayyarım sonra ərsəyə gələcək. O da maraqlı layihədir. Serialların 3-ü də komediya janrındadır. Serialın biri sentyabrın ortası, digəri isə oktyabrın əvvəli efirə gedəcək. İnanıram ki, tamaşaçıların zövqünə uyğun maraqlı bir komediya olacaq. Ssenari müəlliflərimiz Səbuhi Bayramov, Elsevər Mehdizadə, Azər Kərimli, Araz Atakişiyev, Kənan Yusifdir. Onlarla çalışmaq bizə çətin olmayacaq. Çünki hamısı öz işini bilir. Montajçımız Nəriman Qasımovdur. Hələ ki bunların hamısından razıyıq.
- Bəs bu seriallarda kimlər iştirak edəcək?
- Bu seriallarda çox maraqlı simalar və istedadlı gənclər iştirak edəcək. Belə ki, "Ailəcanlı” komediya serialında xalq artisti Ramiz Novruz baş rolda çıxış edəcək. Onun kürəkəni rolunu Müşfiq Şahverdiyev canlandıracaq. Zarina Qurbanova Müşviqin həyat yoldaşı obrazını oynayacaq. Mən özüm də orada rejissor obrazında olacam. Bundan başqa, serialda Elsevər Mehdizadə, Mələk Heydərova, rəqqasə Röya Əliyeva, Zümrüd Bədəlova və digər aktyorlar yer alacaq. Ümumiyyətlə, bu serialda tanınmış və maraqlı simalar çoxdur. "Xalxın evi” serialında isə Çingiz Əhmədov, Gülnarə Əzizova, Mətləb Səfərli, Məcid Hüseynov və başqaları iştirak edəcək. Bizim serialımızda Lənkəran Dövlət Dram Teatrından yaxşı tanıdığımız Niftulla Əsgərov da yer alacaq. Tanınmış viner Rəsul Abbas da bizimlədir. Üçüncü serialımızda isə əməkdar artist Dilarə Əliyeva və Xəzər televiziyasında yayımlanan seriallardan simasını daha yaxşı tanıdığınız Kənan Yusif rol olacaq.
- Bəs yeni simalara bu serialda rast gələ biləcəyikmi?
- Bəli. Onlardan Mələk Heydərova, Şükran Sultanov, Rahib Məmmədov, Röya Əliyeva, Füruzə Babayeva, Çingiz Əhməd, Araz radiosundna tanıdığımız Aygün Akifi görə biləcəyik.

- Köhnə kollektivinizdən necə, kimsə bu seriallarda iştirak edəcəkmi?
- Qətiyyən, heç kim iştirak etməyəcək.

- Bəs sizin "Bacanaqlar” serialında canlandırdığınız Məhəbbət obrazı necə olacaq?
- İştirak etmədiyim serialda yəqin ki, özləri nəsə düşünərlər. İnşallah, "Bacanaqlar” serialı bundan sonra da öz axarı ilə davam edər. Buradan onların komandasına, bütün dostlarıma, keçmiş əməkdaşlarıma uğurlar arzulayıram. Məhəbbət olmasa, "Bacanaqlar” serialı batmayacaq. Təbii ki, o serialda da yeni simalar olacaq. Ancaq yəqin ki, Məhəbbətin ömrü buraya qədərmiş. O, artıq bitdi.

- 10 ildir ki, ATV telekanalında serial çəkilişləri ilə məşğul olur və sözügedən telekanalla əməkdaşlıq edirdiniz. Uzunmüddətli iş prosesindən sonra köhnə kollektivdən ayrılmaq sizə çətin olmadı ki?
- Köhnə kollektivlə dostluq münasibətlərim davam edir. Təbii ki, imkanımız olanda, biz yenə görüşəcəyik, oturub bir çay içəcəyik. Bu o demək deyil ki, mən onlarla bir daha görüşməyəcəm. O ki qaldı mənim işimə, artıq yeni layihə ilə məşğulam. Yeni simalar, daha da maraqlı və rəngarəng bir yaradıcı mühit olacaq. Hərdən fərqlilik etmək lazımdır. Təbii ki, ömür boyu bir yerdə addımlamayacağıq. Köhnə çalışdğım seriallardan ən çox darıxdığım isə "Qız atası” olacaq. Çünki oranın kollektivi tamam başqa idi.

- Sizin rejissoru olduğunuz seriallar uzunömürlülüyü ilə seçilir. Bəs Xəzər televiziyasında çəkdiyiniz serialların ömrü nə qədər nəzərdə tutulub?
- "Bacanaqlar” serialının ömrünün uzanmasının səbəbi odur ki, hər mövsüm serialın ümumi strukturunu dəyişirdik ki, tamaşaçılar üçün baxımlı olsun və onlar darıxmasınlar. Başqa aktyorlar dəvət edir, mübadilələr edirdik. Ona görə də bu serial uzunömürlü oldu. İndi çəkməyə hazırlaşdığımız serialları da uzunömürlü seriallar sırasına salmaq istəyərdik. Sizə ancaq onu deyə bilərəm ki, çəkməyə hazırlaşdığımız serialların hələ ki ömrünü iki illik nəzərdə tutmuşuq.

- Üç böyük ayrı komanda və üç ayrı serial... Sizin üçün çətin olmayacaq ki?
- ...Vaxt olub ki, bir həftəyə 4 serial çəkmişəm. Mən bütün aktyorların obrazlarını, xasiyyətini, serialda deyəcəyi replikalaradək əzbər bilirdim. O qədər işləyirdim ki, gündəlik həyatımda elə olurdu adi şeylər yadımdan çıxırdı. O vaxt çətin olar ki, mən işimi bilməyəm. Mənim üçün heç bir çətinliyi olmayacaq, çünki komandamızda iştirak edən yaradıcı insanların hamısı öz işinin peşəkarlarıdır.
- Serialların ssenarisinə müdaxilə edəcəksinizmi?
- Mütləq. Ssenaristlərə öncədən hər şey izah olunub. Onlar öz işlərini bilirlər. Artıq serialların hərəsinin 5 bölümü yazılıb. Bundan sonra müəlliflərin özləri yazacaqlar. İlk əvvəl necə istədiyimi və düşündüyümü onlara göstərdim. Daha sonra özləri bu dəst-xətt üzrə davam edəcəklər. Sadəcə olaraq, mən onlara cığırı göstərdim.

- İndiyə qədər ancaq komediya janrında çıxış etmisiniz. Dram janrında özünüzü sınamaq istəyərsinizmi?
- Mən özümü dram janrında görmürəm. Ancaq ola bilər ki, gələcəkdə dram janrında bir film çəkim. İndi bununla bağlı heç bir fikrim yoxdur. Dram janrında hər hansı bir film çəkmək üçün özümü hazır hiss etmirəm.

- Sonda tamaşaçılara sözünüz.
- Tamaşaçıları yeni mövsümdə maraqlı seriala tamaşa etməyə dəvət edirəm. Keyfiyyətli və maraqlı serial olacaq. Yaranan fürsətdən istifadə edib, buradan Xəzər televiziyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar bizə yüksək səviyyədə şərait yaradıb ki, keyfiyyəti bir iş ortaya qoyaq. Bizə xüsusi diqqət ayrılıb. Ümidləri doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Çünki komediya baxılandır. İnsanın ruhunu oxşayır və bir az çətin sahədir. Bu çətin sahədə bizə dəstək olan bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Bütün tamaşaçıları yeni mövsümdə ekran başına dəvət edirəm.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər