Mediaya dövlət dəstəyi artır - Fotolar
Müstəqilliyinin 25 illiyini yaşayan Azərbaycan bu qısa müddət ərzində
böyük bir inkişaf yolu keçib. Bu müddət ərzində ölkənin ictimai-siyasi
həyatında, iqtisadiyyatında mühüm dəyişikliklər baş verib. Cəmiyyətin bütün
sahələrinə sirayət edən yeniliklər müşahidə edilib.
Bu illər ərzində Azərbaycan mətbuatı da böyük inkişaf yolu keçib. İlk
növbədə bu sahənin inkişafını tənzimləyən mükəmməl qanunverici baza
formalaşdırılıb – "KİV haqqında” qanun qəbul edilib. Eyni zamanda, mətbuatın
maddi-texniki bazasının formalaşdırılması üçün addımlar atılmağa başlayıb.
Ümummilli lider Heydər Əliyevin də mətbuata həmişə böyük diqqəti
olub. Məhz onun ölkəyə rəhbərlik etdiyi illər ərzində dövlət-media
münasibətləri yeni bir mərhələyə qədəm qoyub. İlk dəfə olaraq dövlət xətti ilə
müstəqil mətbuata yardım göstərilməsinə başlanılıb. Ümummilli lider bir neçə
dəfə media rəhbərləri ilə görüşlər keçirərək onların problemləri ilə şəxsən
maraqlanıb, iş prosesində meydana gələn çətinliklərlə bağlı diskussiya aparıb.
Bu görüşlərin nəticəsi olaraq əvvəlcə o vaxt çap olunan qəzetlərin "Azərbaycan”
nəşriyyatına olan borcları dondurulub, daha sonra isə büdcə vəsaiti hesabına
tamamilə silinib.
Bununla paralel olaraq, 1998-ci ilin 6 avqust tarixində Azərbaycanda
media üzərindən senzura birdəfəlik götürülüb. Azərbaycan jurnalistləri azad
şəkildə öz fikirlərini ifadə etmək, yazmaq hüququ əldə ediblər.
Dövlət mətbuatın idarə edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə
islahatlar aparıb. Dövlətin bu sahədəki siyasətini tənzimləyən Mətbuat və
İnformasiya Nazirliyi ləğv edilib.
Mətbuatın idarə edilməsi işi jurnalistlərin qurultayında onların özləri
tərəfindən seçilən Mətbuat Şurasına həvalə olunub.
Əsası Ümummilli lider tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş
mediaya dövlət dəstəyi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə
özünün ən yüksək zirvəsinə çatıb. Xüsusilə də 2008-ci ildə Kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bu sahədəki işləri
sistem halına salıb. Konsepsiya qarşıdakı dövr üçün Azərbaycan mediasının
inkişaf istiqamətlərini müəyyənləşdirib. 2009-cu ildə Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bununla da
mediaya dövlət dəstəyi sistem halına salınıb, tamamilə şəffaflaşıb.
Hətta son illər ümumdünya iqtisadi böhranı, neftin qiymətinin
ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də
mediaya dövlət dəstəyini dayandırmayıb, əksinə daha da artırıb. 2005-ci ildən
başlayaraq Milli mətbuat günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara
yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir,
onlara fəxri adlar verilir. Dövlət orqanları bu bayramı biz jurnalistlərlə
birlikdə qeyd edirlər ki, bu da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz müsbət
təsirini göstərir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun fərdi qaydada və müxtəlif dövlət orqanları ilə birgə müntəzəm qaydada
keçirdiyi jurnalist yazıları müsabiqələri də həm dövlət və cəmiyyətimiz üçün
aktual olan məsələlərin diqqət mərkəzinə gətirilməsinə şərait yaradır, həm də
jurnalistlərin maddi təminatını daha da yaxşılaşdırır.
Qəzet kağızının qiymətlərinin artdığı bir zamanda da dövlət mediaya
dəstəyini əsirgəmədi. Redaksiyalara çox vacib olan yardım ayrıldı. Bəlkə də bu
yardım olmasaydı, kütləvi informasiya vasitələri arasında öz dəst-xətti olan və
təmsil etdiyi xalqın, millətin, dövlətin yazılı salnaməsini yaradaraq gələcək
nəsillərə çatdıran qəzetlər çoxdan bağlanmışdı.
Bütün bunlarla yanaşı, dövlət jurnalistlərin maddi durumunun, mənzil
şəraitinin yaxşılaşdırılması üçün digər işlər də görür. 15 il bundan əvvəl
qələm adamlarının nağıl kimi baxdığı bir məsələ, əlçatmaz arzu reallığa
çevrilib. Artıq dövlət büdcəsinin vəsaiti hesabına jurnalistlər üçün
mənzillərin tikilib paylanması ənənə halını alıb. 7 il bundan əvvəl ölkə
başçısının Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin rəhbərləri ilə
görüşündə müzakirə edilən bu mövzu qısa müddətdə konkret addımların atılması
ilə müşahidə olundu. Ölkə başçısı yüzlərlə jurnalist ailəsini sevindirə biləcək
təşəbbüsü dəstəklədi və qərar qəbul etdi – KİV əməkdaşlarının mənzil-məişət
şəraitinin yaxşılaşdırılması barədə Sərəncam imzalandı. Sərəncama müvafiq
olaraq, qısa bir müddətdə jurnalistlər üçün yeni binanın tikilməsi üçün yer
ayrıldı və tikinti işlərinə start verildi. 2013-cü ildə 155 jurnalist ailəsi
yeni mənzillərin açarlarını aldı. Elə həmin il jurnalistlər üçün nəzərdə
tutulan ikinci binanın təməli qoyuldu. 4 il sonra – 2017-ci il iyulun 20-də
həmin mənzillər də Prezident İlham Əliyevin iştirak etdiyi mərasimlə
jurnalistlər arasında bölüşdürüldü - bu dəfə 255 ailə sevindirildi.
Bu gün Azərbaycan jurnalistikası, bütün cəmiyyətimiz üçün çox
əlamətdar bir hadisə oldu. Bu, jurnalistlər üçün elə möhtəşəm hadisədir ki,
onun əhəmiyyətini qısa şəkildə ifadə etmək olduqca çətindir. Çünki jurnalistlər
uzun illər belə bir sevincin həsrəti ilə yaşayıb, onu gerçəkliyə çevirmək üçün
müxtəlif yollar aramışdı. İndi isə artıq 410 ailə bu sevinci yaşayıb və yeni
255 mənzilli üçüncü binanın da əsası qoyulub. Bu bina da ən geci 3 ilə tikilib
həmkarlarımızın ixtiyarına veriləcək. Bu minvalla qısa müddət ərzində
Azərbaycan mətbuatının əksər təmsilçiləri mənzil problemini həll etmiş olacaq.
Beləliklə, əminliklə demək olar ki, Azərbaycanda mediaya dövlət dəstəyi
yüksək səviyyədədir. İndi qalır, peşəkar səviyyədə müşahidə olunan məqamların
nəzərə alınması. Prezident İlham Əliyev jurnalistlər üçün tikilən binanın
açılış mərasimindəki çıxışında bununla bağlı bəzi məqamlara toxundu. O qeyd
etdi ki, jurnalistika həqiqəti əks etdirməlidir. "Azərbaycan jurnalistikasına
gəldikdə, deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların
sayı kəskin şəkildə aşağı düşüb. Bunu cəmiyyət də görür, jurnalistlər də.
Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk
növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni
zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç
dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq
və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin
bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son
illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var” – deyə
Prezident vurğulayıb. O digər bir məqam kimi, jurnalistlərin üzərindəki
məsuliyyətə diqqət çəkib. Dövlət başçısı nəzərə alınmalı məqamlardan birinin də
jurnalistikamızın xarici təsirlərdən azad olması olduğunu söyləyib.
Təbii ki, dövlət-media münasibətlərinin indiki yüksək səviyyəli durumunda
mətbuat nümayəndələri tərəfindən də bu sahədə ciddi addımların atılacağına,
peşəkarlığın artırılmasına xüsusi diqqət yetiriləcəyinə heç bir şübhə yoxdur.
F.Qəhrəmanlı