AZE | RUS | ENG |


Mediaya dövlət dəstəyi artır - Fotolar

Mediaya dövlət dəstəyi artır - Fotolar
Əsası Ümummilli lider tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən yüksək zirvəsinə çatıb

Müstəqilliyinin 25 illiyini yaşayan Azərbaycan bu qısa müddət ərzində böyük bir inkişaf yolu keçib. Bu müddət ərzində ölkənin ictimai-siyasi həyatında, iqtisadiyyatında mühüm dəyişikliklər baş verib. Cəmiyyətin bütün sahələrinə sirayət edən yeniliklər müşahidə edilib. 

Bu illər ərzində Azərbaycan mətbuatı da böyük inkişaf yolu keçib. İlk növbədə bu sahənin inkişafını tənzimləyən mükəmməl qanunverici baza formalaşdırılıb – "KİV haqqında” qanun qəbul edilib. Eyni zamanda, mətbuatın maddi-texniki bazasının formalaşdırılması üçün addımlar atılmağa başlayıb. 
 
 
 
Ümummilli lider Heydər Əliyevin də mətbuata həmişə böyük diqqəti olub. Məhz onun ölkəyə rəhbərlik etdiyi illər ərzində dövlət-media münasibətləri yeni bir mərhələyə qədəm qoyub. İlk dəfə olaraq dövlət xətti ilə müstəqil mətbuata yardım göstərilməsinə başlanılıb. Ümummilli lider bir neçə dəfə media rəhbərləri ilə görüşlər keçirərək onların problemləri ilə şəxsən maraqlanıb, iş prosesində meydana gələn çətinliklərlə bağlı diskussiya aparıb. Bu görüşlərin nəticəsi olaraq əvvəlcə o vaxt çap olunan qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borcları dondurulub, daha sonra isə büdcə vəsaiti hesabına tamamilə silinib. 

Bununla paralel olaraq, 1998-ci ilin 6 avqust tarixində Azərbaycanda media üzərindən senzura birdəfəlik götürülüb. Azərbaycan jurnalistləri azad şəkildə öz fikirlərini ifadə etmək, yazmaq hüququ əldə ediblər. 
 
 

Dövlət mətbuatın idarə edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə islahatlar aparıb. Dövlətin bu sahədəki siyasətini tənzimləyən Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib.  Mətbuatın idarə edilməsi işi jurnalistlərin qurultayında onların özləri tərəfindən seçilən Mətbuat Şurasına həvalə olunub. 
 
Əsası Ümummilli lider tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən yüksək zirvəsinə çatıb. Xüsusilə də 2008-ci ildə Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bu sahədəki işləri sistem halına salıb. Konsepsiya qarşıdakı dövr üçün Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyənləşdirib. 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bununla da mediaya dövlət dəstəyi sistem halına salınıb, tamamilə şəffaflaşıb. 
 
 

Hətta son illər ümumdünya iqtisadi böhranı, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də mediaya dövlət dəstəyini dayandırmayıb, əksinə daha da artırıb. 2005-ci ildən başlayaraq Milli mətbuat günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir, onlara fəxri adlar verilir. Dövlət orqanları bu bayramı biz jurnalistlərlə birlikdə qeyd edirlər ki, bu da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi qaydada və müxtəlif dövlət orqanları ilə birgə müntəzəm qaydada keçirdiyi jurnalist yazıları müsabiqələri də həm dövlət və cəmiyyətimiz üçün aktual olan məsələlərin diqqət mərkəzinə gətirilməsinə şərait yaradır, həm də jurnalistlərin maddi təminatını daha da yaxşılaşdırır. 

Qəzet kağızının qiymətlərinin artdığı bir zamanda da dövlət mediaya dəstəyini əsirgəmədi. Redaksiyalara çox vacib olan yardım ayrıldı. Bəlkə də bu yardım olmasaydı, kütləvi informasiya vasitələri arasında öz dəst-xətti olan və təmsil etdiyi xalqın, millətin, dövlətin yazılı salnaməsini yaradaraq gələcək nəsillərə çatdıran qəzetlər çoxdan bağlanmışdı. 
 
 

Bütün bunlarla yanaşı, dövlət jurnalistlərin maddi durumunun, mənzil şəraitinin yaxşılaşdırılması üçün digər işlər də görür. 15 il bundan əvvəl qələm adamlarının nağıl kimi baxdığı bir məsələ, əlçatmaz arzu reallığa çevrilib. Artıq dövlət büdcəsinin vəsaiti hesabına jurnalistlər üçün mənzillərin tikilib paylanması ənənə halını alıb. 7 il bundan əvvəl ölkə başçısının Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə müzakirə edilən bu mövzu qısa müddətdə konkret addımların atılması ilə müşahidə olundu. Ölkə başçısı yüzlərlə jurnalist ailəsini sevindirə biləcək təşəbbüsü dəstəklədi və qərar qəbul etdi – KİV əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə Sərəncam imzalandı. Sərəncama müvafiq olaraq, qısa bir müddətdə jurnalistlər üçün yeni binanın tikilməsi üçün yer ayrıldı və tikinti işlərinə start verildi. 2013-cü ildə 155 jurnalist ailəsi yeni mənzillərin açarlarını aldı. Elə həmin il jurnalistlər üçün nəzərdə tutulan ikinci binanın təməli qoyuldu. 4 il sonra – 2017-ci il iyulun 20-də həmin mənzillər də Prezident İlham Əliyevin iştirak etdiyi mərasimlə jurnalistlər arasında bölüşdürüldü - bu dəfə 255 ailə sevindirildi.        
 
 

Bu gün Azərbaycan jurnalistikası, bütün cəmiyyətimiz üçün çox əlamətdar bir hadisə oldu. Bu, jurnalistlər üçün elə möhtəşəm hadisədir ki, onun əhəmiyyətini qısa şəkildə ifadə etmək olduqca çətindir. Çünki jurnalistlər uzun illər belə bir sevincin həsrəti ilə yaşayıb, onu gerçəkliyə çevirmək üçün müxtəlif yollar aramışdı. İndi isə artıq 410 ailə bu sevinci yaşayıb və yeni 255 mənzilli üçüncü binanın da əsası qoyulub. Bu bina da ən geci 3 ilə tikilib həmkarlarımızın ixtiyarına veriləcək. Bu minvalla qısa müddət ərzində Azərbaycan mətbuatının əksər təmsilçiləri mənzil problemini həll etmiş olacaq.
 
 

Beləliklə, əminliklə demək olar ki, Azərbaycanda mediaya dövlət dəstəyi yüksək səviyyədədir. İndi qalır, peşəkar səviyyədə müşahidə olunan məqamların nəzərə alınması. Prezident İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimindəki çıxışında bununla bağlı bəzi məqamlara toxundu. O qeyd etdi ki, jurnalistika həqiqəti əks etdirməlidir. "Azərbaycan jurnalistikasına gəldikdə, deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb. Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var” – deyə Prezident vurğulayıb. O digər bir məqam kimi, jurnalistlərin üzərindəki məsuliyyətə diqqət çəkib. Dövlət başçısı nəzərə alınmalı məqamlardan birinin də jurnalistikamızın xarici təsirlərdən azad olması olduğunu söyləyib. 

Təbii ki, dövlət-media münasibətlərinin indiki yüksək səviyyəli durumunda mətbuat nümayəndələri tərəfindən də bu sahədə ciddi addımların atılacağına, peşəkarlığın artırılmasına xüsusi diqqət yetiriləcəyinə heç bir şübhə yoxdur.
 
F.Qəhrəmanlı 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001