• çərşənbə axşamı, 19 mart, 18:00
  • Baku Bakı 8°C

Medianın İnkişafı Agentliyindən gözlənilənlər - RƏYLƏR

16.01.21 15:00 1435
Medianın İnkişafı Agentliyindən gözlənilənlər - RƏYLƏR
İnformasiya amilinə yanaşma və tələb dəyişməlidir ki...
Prezident İlham Əliyev yanvarın 12-də "Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Həmin Fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, digər bir Fərmanla yeni qurumun Nizamnaməsi təsdiqlənib. Fərmanda qeyd olunub ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb. Sözügedən Fərmandan irəli gələrək, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bununla yanaşı, Prezident Administrasiyasına tapşırılıb ki, "Media haqqında” qanun layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etsin. Dövlət başçısının həmin gün imzaladığı Sərəncamla Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.


Problemlərə konseptual yanaşma

Müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə hesablanmış bu sənədlərlə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, media sahəsində islahatlar kifayət qədər əhatəli prosesdir. Onun sözlərinə görə, elə məsələlər var ki, bu, daha çox istək və iradə ilə bağlıdır: "Prezident İlham Əliyevin "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, həmin Fərmana əsasən Medianın İnkişafı Agentliyinin yaradılması onu deməyə əsas verir ki, mövcud istiqamətdə işlərin görülməsi üçün ali iradə var. Azərbaycan dövləti Prezident İlham Əliyevin şəxsində hər zaman mediaya həssas yanaşıb. Bu, özünü istər konkret tədbirlərdə, istərsə də qanunvericilik bazasının təkmilləşməsində göstərib və bu, davamlı prosedir. Sevindirici haldır ki, davamlılıq eyni zamanda yeni çağırışlara adekvat münasibətin ortaya qoyulmasını hədəf seçir. Yeni çağırışlar yeni tələblər müəyyənləşdirir. Onların yerinə yetirilməsi şərtdir. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu baxımdan üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq”.


Jurnalistika elit peşəyə çevrilməlidir

Şura sədri deyib ki, media sahəsində görülməli işlər çoxdur: "İnternet medianın hüquqi münasibətlər sistemində özünə yer almasından tutmuş, kütləvi informasiya vasitələrinin reklam bazarında iştirakçılığınadək bir çox məqamları vurğulamaq mümkündür. Ayrıca vurğulanmalı məqam jurnalist məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, bunun fövqündə qanunun dayanmasının vaxtı gəlib çatıb. Ümumən 2 məqamı fərqləndirərdim. Birincisi, media sahəsində səliqə-sahmanın yaradılması. İkincisi, medianın iqtisadi imkanlarının daha da artırılması. Əslində qeyd etdiklərimin ikisi də müəyyən mənada bir-biri ilə əlaqəlidir. Lakin səliqə-sahman dedikdə, burada ilk növbədə fundamental hüquqi islahatlar vurğulanmalıdır. Digər tərəfdən, jurnalistika sözün həqiqi mənasında elit peşəyə çevrilməlidir. Yalnız ona görə yox ki, biz bunu istəyirik. Biz bütün peşə sahiblərinin daha yaxşı həyat şəraitinin olmasını arzulayırıq. Ancaq jurnalistikanı fərqli edən bilavasitə informasiya ilə bağlılıqdır. O informasiya ilə ki, onun milli təhlükəsizlik sistemində çəkisi hər ötən gün daha çox artmaqdadır. Deməli, informasiya amilinə yanaşma və tələb dəyişməlidir. Müvafiq olaraq işin effektivliyi baxımında bu sahədə çalışanların sosial təminatına baxış da həmçinin. Qarşıda gediləsi böyük bir yol var. Təbii, əsas məsələ niyyətdir, istəkdir, əvvəldə də dediyim kimi iradədir. Əgər niyyət nəyisə müsbətə doğru dəyişməkdirsə, məsuliyyətli mühit formalaşdırmaqdırsa, bütün vasitələr keçərlidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi ali niyyətin gerçəkləşməsi yolunda mühüm işlək vasitəyə çevriləcəkdir”.


Qanunda dəyişikliklərin edilməsi zərurəti

"525-ci qəzet”in baş redaktoruRəşad Məcidbildirib ki, KİVDF yazılı mətbuatı əhatə edirdisə, Medianın İnkişafı Agentliyinin onlayn media, agentliklər, adi vizual mediaya diqqət, jurnalistlərin xaricdə təhsil alması və hansısa qanunun pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət kimi genişləndirilmiş səlahiyyətləri var. Onun sözlərinə görə, yeni yaradılan agentlik Azərbaycan mediasının inkişafına təkan verəcək:"Yeni agentliyin yaranmasını çox yüksək qiymətləndiririk. Bu, Azərbaycan Prezidentinin mediaya diqqətinin növbəti bir sübutudur. Bilirik ki, son vaxtlar informasiya texnologiyaları və kommunikasiyaları sürətli inkişaf dövrü keçib. Bunlar medianın qarşısına yeni tələblər qoyurdu və nəticə etibarilə medianın yeni formaları yaranırdı. Bu baxımdan yeni agentliyin yaranması həm mətbuatın inkişafının dərinləşməsinə xidmət edəcək, həm də orada nəzərdə tutulan məqamlar daha geniş spektri əhatə edəcək.Düşünürəm ki, bunların hamısı mediamızın inkişafına bir kömək olacaq. Eyni zamanda, media haqqında qanunun iki ay ərazində hazırlanması nəzərdə tutulur. Biz də arzu edərdik ki, bu da geniş spektrli jurnalistlərin, mütəxəssislərin müzakirəsinə verilsin. Çünki informasiya texnologiyaları sürətlə inkişaf edir və gələcəkdə də bu qanunda dəyişikliklərin edilməsi zərurəti meydana çıxacaq. Hesab edirəm ki, ölkədə son vaxtlar baş verən sürətli inkişaf prosesi mediaya da şamil olunur. Media bu işlərdən kənarda qalmamalıdır, bu proseslərlə ayaqlaşmalıdır”.


"Əkinçi”dən başlanan yolunun uğurlu davamı

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsi baxımından Medianın İnkişafı Agentliyinin yaradılmasını olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirib. Onun fikrincə, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır: "Yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır. Bu baxımdan ki, internet resurslarının sürətlə inkişaf etdiyi müasir dövrdə qarşıda dayanan əsas vəzifələrdən biri məlumatın obyektivliyinin, qərəzsizliyinin qorunmasıdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, mətbuatın inkişafına yönələn hər bir addım, imzalanan Fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının "Əkinçi”dən başlanan yolunun uğurlu davamına xidmət edir, "dördüncü hakimiyyət” kimi dəyərləndirilən mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər. Fərmanda əksini tapan müddəalar sırasında "Media haqqında” Qanun layihəsinin iki ay müddətində hazırlanıb ölkə Prezidentinə təqdim edilməsi də xüsusi yer tutur. İnamla qeyd etmək olar ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaq”.


Media subyektlərinin stimullaşdırılması

"Bu gün dünyada media sərhədlərinin silinməsi, elektron informasiya cəmiyyətinə keçid nəticəsində kütləvi informasiyanın yayılma sürətinin kəskin artması, media məkanın dünyaya açılması yerli media subyektlərini aparıcı xarici media subyektləri ilə vahid informasiya mühitində rəqabət aparmaq reallığı ilə qarşı-qarşıya qoymuşdur. Bu vəziyyət beynəlxalq praktikanın dərindən öyrənilməsini, dünyanın qabaqcıl media subyektlərinin fəaliyyət prinsiplərinin araşdırılmasını, bu sahədə təcrübə mübadiləsinin aparılmasını tələb edir. Buna görə də xarici media subyektləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində zəruri addımların atılması planlaşdırılır”.Bu fikirlər isə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovundur. O qeyd edib ki, bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə zəruri məlumatlar toplanacaq, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görüləcək və müvafiq təhlillər aparılacaqdır.

Keyfiyyətli xəbər istehsalının təmin edilməsi
"Bununla yanaşı, bir məsələyə diqqət çəkmək istərdik ki, onlayn media subyektlərinin fəaliyyətinə dair məsələlər də Agentliyin səlahiyyət dairəsinə daxil edilmiş, onların informasiya məkanındakı rolu nəzərə alınmaqla fəaliyyətlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Media sahəsində fəaliyyət göstərən subyektlərə, onların redaksiyalarına və jurnalistlərə dair məlumatların sistemləşdirilməsinə, nəticədə yerli media məkanının ümumi xəritəsinin və mənzərəsinin formalaşdırılmasına şərait yaradılması məqsədilə müvafiq informasiya bazasının yaradılması qarşıda duran vəzifələr sırasındadır. Bu yolla keyfiyyətli xəbər istehsalının təmin edilməsinə, bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə, həmçinin kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətində inkişafa nail olunacaq”, - deyə İcraçı direktor əlavə edib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər