• çərşənbə, 24 Aprel, 23:03
  • Baku Bakı 23°C

Mediada nazirin yükünü daşıyan adam – Uğur hekayəsi

24.06.14 08:31 2123
Mediada nazirin yükünü daşıyan adam – Uğur hekayəsi
Bir yerdə dayanmağı sevmir. Əgər hardasa tükəndiyini, yenilik üçün şərait olmadığını hiss edirsə, o mühitdən getdiyini bildirir. Müsahibimiz Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovadır.
- Televiziyaya təsadüfən gəldiniz, ya balacalıqdan arzunuz idi?
- Əslində ən böyük arzum pianoçu olmaq idi. Musiqi məktəbini əla qiymətlərlə bitirmişəm. Son imtahanda müəlliməm Validə xanım anamdan xahiş etdi ki, məni musiqidən ayırmasın. Mənim də xəyalımda vardı ki, musiqiçi olum. Amma 11-ci sinfi bitirəndə atam qərarlarıma heç vaxt müdaxilə etmədiyini xatırlatdı və mənə diplomat olmağımı istədiyini dedi. Çox düşünüb-daşındım və diplomat deyil, jurnalist, ya da tərcüməçi ola biləcəyimi bildirdim. Çünki çox emosional bir insan olduğumdan məndən diplomat çıxacağına inanmırdım. Beləliklə, sənədlərimi Xarici Dillər Universitetinə verdim, lakin Slavyan Universitetinin rus dili və ədəbiyyatı filologiyasına qəbul oldum.
- Nə vaxtdan jurnalistika sahəsində fəaliyyətə başladınız?
- Slavyan Universitetində birinci kursda qiyabi bölmədə oxuyanda təsadüfən SPACE telekanalında aparıcılıq üçün müsabiqə elanına rast gəldim. Heç kimə heç nə demədən sözügedən telekanala üz tutdum. Mənimlə birlikdə 20-yə yaxın gəncə Nadir Bədəlovun şöbəsində 3 ay sınaq müddəti verildi. Amma bilmirdik ki, sonda müsabiqədən keçəcəyik, ya yox. O zaman “Günaydın” proqramının heyəti yeni yığılırdı. Hər gün ideya aparmalı və təkliflər verməli idik, yalnız ideyamız bəyənildiyi təqdirdə bizə süjet çəkməyə icazə veriləcəkdi. Ancaq mənim heç bir ideyam bəyənilmirdi. Bacım mənə bir ideya verdi. İdeyanın məğzi türk kanallarında Azərbaycan mahnılarının anonim adı altında oxunması idi. Mövzum bəyənildi. O vaxt sözügedən mövzunu dəbə salanlardan biri oldum. 3 ayım tamam olanda, dedilər ki, müsabiqəni keçmişəm. Yalnız o zaman valideynlərimə SPACE-də işə düzəldiyimi dedim. Valideynlərim həm təəccübləndilər, həm də yox. Çünki qəfil qərarlar verməyi və qərarlarımın arxasında durmağı sevdiyimi bilirdilər. Digər tərəfdən incidilər ki, onlarla məsləhələşməmişəm. Hələ indiyə kimi də məsləhətləşməməyim ailəm tərəfindən mənə qüsur kimi tutulur. Amma şükürlər olsun ki, bu vaxta qədər onları məyus edəcək qərarlar verməmişəm. Televiziyada müxbir kimi başladım, qısa müddətdə aparıcılıq etdim. Sonra sənədli müəllif proqramlarım olurdu. Eyni vaxtda “Günaydın” verilişinin həm müxbiri, həm aparıcısı idim, həftə sonları da özümün müəllif proqramlarım var idi. Bununla yanaşı, Nadir Bədəlovun maraqlı tarixi verilişlərinin prodüsseri idim. Hər şeydən nəsə öyrənirdim. Onu da deyim ki, 2003-cü ildə ölkədə keçirilən prezident seçkilərində CNN telekanalının bölgə müxbiri olmuşam.
- Necə oldu ki, 5 il çalışdığınız kanalı, özü də sizə hər bir şərait yaradıldığı halda tərk etdiniz?
- Bir yerdə dayanmağı sevən insan deyiləm. Əgər hardasa tükəndiyimi hiss edirəmsə, artıq yenilik üçün şərait yoxdursa, yaxud özüm yenilik tapa, özümü realizə edə bilmirəmsə, o mühitdən gedirəm.
- O zaman yuxarıda sadaladıqlarınız jurnalistikadan getməyinizə səbəb oldu?
- Xeyr. Hiss etdim ki, artıq televiziyada qalmağın mənası yoxdur. Əgər müəllif, aparıcı öz ideyaları üzərində işləmək əvəzinə, sponsor tapmağın yolları barədə düşünürsə, o zaman yaradıcılıqdan danışmaq yersizdir. Yəni hər şey maddiyyata bağlanırsa, yaradıcılığını maddiyyatın üzərində qurursansa, bu, yaradıcılıq deyil, fərqli bir şeydir. Beləliklə, hiss etdim ki, televiziyadan getmək vaxtıdır və getdim. Deyə bilmərəm, mənim üçün asan oldu. Oradan çıxıb başqa bir işə getdim. Yaradıcı mühitdən birdən-birə biznes sektoruna daxil olanda bir az çətin olur. Gördüm mən hələ bu mühit üçün yetişməmişəm və oranı da tərk etdim. Bir il yarım, demək olar, hər gün iş üçün müəyyən yerlərə CV-imi təqdim etdim. Amma iş təklif edən olmadı. Təsadüfən tanışlarımdan birini Vergilər Nazirliyində ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin etdilər və o, məni də özü ilə apardı. Amma həmin xanım tez bir zamanda işdən getdiyi üçün onun gətirdiyi heyət kimi mən də oradan çıxmalı oldum. Sonra yenə iş axtarışına başladım. Səhiyyə Nazirliyinin mətbuat xidmətinə mətbuat katibi axtarılırdı. Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bunu evdə deyəndə xanımı Aida xala yoldaşına məsləhət görüb ki, məni bu işə cəlb etsinlər. Onda Səhiyyə Nazirliyinə getdim. Nazir Oqtay Şirəliyev dedi ki, bu xanımın tibbi savadı yoxdur və işə qəbulu böyük riskdir. Abbas müəllim onlara əslində tibbi savadlı deyil, media ilə münasibətləri gözəl olan birisi lazım olduğunu bildirdi. Beləliklə, mənə özümü göstərmək üçün şans verildi və mən onu doğrultmağa çalışdım. O zaman quş qripi məsələsi ortaya çıxdı. Ümumdünya Səhiyyə Təşkilatının direktoru Bakıya gələndə məni təbrik etdi ki, Qafqaz regionu üzrə ən aktiv işləyən mətbuat katiblərindən biriyəm. Hətta düşünüblərmiş ki, mən yaşlı bir xanımam və yanımda 10 nəfər çalışır. Biləndə ki, bu işlərin öhdəsindən tək özüm gəlirəm, məni Brüsselə “Avropa regionu üzrə infeksion xəstəliklərin yayılması zamanı mətbuat xidmətlərinin işi” mövzusunda böyük bir konfransa rəsmi qonaq kimi dəvət etdilər. Beləliklə, Səhiyyə Nazirliyində 3 ilə yaxın çalışdım. Sözügedən nazirlik mənim üçün böyük bir məktəb oldu.
- Bəs necə oldu ki, oradan ayrıldınız?
- Təbii ki, oranın məsliyyəti, iş həcmi daha fərqlidir. Səhiyyə Nazirliyində Oqtay müəllimin təşəbbüsü ilə artıq məni daha yaxşı bir şöbəyə keçirirdilər. O zaman rəfiqəm Gənclər və İdman Nazirliyində mətbuat katibi yerində vakansiya olduğunu və CV-mi ora göndərməyimi məsləhət gördü. Mənim isə sözügedən nazirliklə bağlı heç bir məlumatım yox idi. Düşündüm ki, idman, gənclərlə bağlı mən nə edə bilərəm. Rəfiqəm dedi ki, çox maraqlı, əsl mənlik yerdir, tez-tez yarışlar, maraqlı sərgilər, gənclərlə bağlı çoxlu layihələr olur. Beləliklə, Gənclər və İdman Nazirliyinə yollandım. Nazirliyə həftənin 4-cü günü getmişdim. Məlum oldu ki, 5-ci gün nazirlikdən mənə zəng gələcəkdi ki, 1-ci gün görüşə gəlim və mənə iş təklif etsinlər. Həmin gün cənab nazir də məni qəbul etdi. Çox pozitiv, səmimi görüşümüz oldu. Düşündüm ki, bura deyəsən o yerdir və “o yerdir” deyib 7 ildir buradayam. Təbii ki, dövlət qulluğunda çalışmağın öz məsuliyyəti, öz özəlliyi və qürurverici anı var.
- Deyəsən, bu 7 ildə vaxt tapıb İngiltərədə magistr dərəcəsi də aldınız...
- Bəli. 2012-13-cü illərdə Newcastle Universitetində bir il Media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə magistr təhsili aldım. Təhsilimdə mənə dəstək olan ailəmə, dostlarıma, Azad müəllimə mənə olan hər bir dəstək üçün çox minnətdaram. Bu təhsil mənim üçün həqiqətən önəmli idi.
- Əslində təhsil aldığınız sahə üzrə kifayət qədər təcrübəniz var idi. Orada aldığınız təhsil sizə nə verdi?
- Orada ən azından, təcrübə əsasında qazandıqlarımın nəzəriyyəsini öyrəndim, professionallardan dərs aldım. Oxuduqlarım, mühitin özü, müxtəlif ölkələrdən gələn insanlarla ünsiyyət, yeni dostlar qazanmaq çox gözəl bir faktordur. Ola bilər ki, mən öyrəndiklərimi bir günün, bir ilin içərisində tətbiq etməyəcəyəm, amma yavaş-yavaş hansısa layihədə, tədbirdə, işdə tətbiq edəcəyəm və edirəm də. Öyrəndiklərim köməyimə çox çatır.
- Gündəlik iş rejiminizə yəqin səhərlər medianı izləməklə başlayırsınız...
- Medianı təkcə səhərlər deyil, bütüm günü izləyirəm. Yatmaq adı ilə yerimə girirəm, məndən asılı olmayaraq bir əlimdə pult, o birində telefon İnternetdən sosial şəbəkələri, saytları izləyirəm. Atam həmişə xəstəlik tapacağımı deyir. Bəzən medianı izləməkdən çox böyük zövq alıram, amma bəzən də çox yoruluram.
- İndiyə qədər iki nazirlə işləmisiniz. Nazirlərlə işləmək çətin deyil ki?
- Hər bir nazirin mediaya yanaşması, mediaya verdiyi dəyər var. Elə nazir var ki, mediaya çox çıxmağı sevmir, elə nazir var ki, mediaya çıxmağı sevməsə də, onun önəmini qəbul edib, mediada görünür. Mətbuat katibi müəyyən bir anlamda tabeliyində olduğu insanın informasiya mənbəyidir. Əgər sən mətbuat katibi kimi işini bacarırsansa, medianın hansısa bir mövzuda oynaya biləcəyi rolun mahiyyətini lazımi səviyyədə nazirin diqqətinə çatdıra bilirsənsə, işini zamanında təhvil verirsənsə, ən azından medianın suallarını cavablandırmağı bacarırsansa, çətin olmamalıdır. Eyni zamanda, çətindir ona görə ki, nazirin qrafikinə uyğunlaşmalısan. Bilməlisən ki, bu insan çox gərgin qrafiklə işləyir və bütün yükü nazirin çiyninə ata bilməzsən. Ən azından media tərəfdən sən nazirin yükünü daşıyan adamsan. Sən bu yükü elə daşımalısan ki, o yük onun üzərinə düşməsin. Bütün prosesləri diqqətdə saxlamalısan, daim monitorinqlər aparıb gündəmin nəbzini tutmalısan.
- Nazirləri bir neçə yerə böldünüz. Azad müəllim hansına daxildir?
- Azad müəllim medianın bugunkü cəmiyyətdə önəmini anlayan və mediaya açıq insandır. Söhbət dəyərli, yazdığı yazıya hörmətlə yanaşan, qələmi olan jurnalistlərdən, mediadan gedir.
- İşinizlə əlaqədar 15-dən artıq ölkədə olmusunuz. Həmin ölkələrdəki gənclərlə Azərbaycan gənclərini müqayisə etsək, bizim gənclər haradadırlar?
- Avropada maraqlı gənclər də, maraqsız gənclər də, həyatda nəyəsə nail olmaq istəyən və həyatdan heç nə gözləməyən gənclər də var. Bizim gənclərlə müqayisədə Avropada gənclər istirahətə meyllidirlər. Biz işlə istirahətimizi bölə bilmirik, amma onlar həftənin 5 gününü işləyib, oxuyub, şənbə-bazarı mütləq istirahət edirlər. Şənbə-bazar onları istirahətdən heç nə ayıra bilməz. Amma Avropa gənclərinin bizim gənclərdən intellektual və ya digər sahələrdə daha öndə olduğunu deyə bilmərəm. Mənimlə universitetdə birgə təhsil alan çox mraqlı, savadlı, yüksək intellektə malik azərbaycanlı gənclər vardı.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər