Media prinsiplərini pozmadan İP qazanmağın yolu
Onlayn media
üçün İP önəmli məsələdir, lakin mətbuat orqanları həm də xəbər hazırlayarkən
media prinsiplərini qorumalıdırlar. Və tez-tez belə fikirlər səsləndirilir ki,
media prinsiplərini tam olaraq qorumaqla, yetərli qədər İP toplamaq çətindir.
Amma əksini bizə göstərəcək nümunələr də var. Maraqlıdır, media prinsiplərini
pozmadan İP qazanmaq üçün onlayn mediada nələrə diqqət edilməlidir?
Onlayn media mütəxəssisi Elvin Şirinovun sözlərinə görə, onlayn mediada İP vacibdir.
Çünki Kütləvi İnformasiya Vasitəsi olmağı qarşına məqsəd qoyubsansa, böyük kütləyə
açılmalısan. Bunun üçün isə iki istiqamət var: qısamüddətli perspektiv, bir də
uzunmüddətli, daha strateji yanaşma tələb edən istiqamət: "Bizdə bu gün
saytların çoxunda İP probleminin yaşanmasının səbəbi fəaliyyətlərini hadisələrin
üzərində qurmalarıdır. Yəni müəyyən hadisə baş verəcək, maksimal dərəcədə kobud
dildə desək, o hadisəni "sağmağa” başlayacaqlar. Qurudana kimi onunla idarə
edirlər, sonra növbəti bir hadisənin axtarışına çıxırlar. Bir müddət İP yüksək
olur, hadisə olmayanda azalır. O saytlar daimi oxucu cəlb etməyə çalışmırlar.
Hadisə baş verir, A, B, C saytı hamısı xəbəri eyni formada verir, heç biri yeni
təfərrüata maraq göstərmir. Hadisəni yeni bir istiqamətdən açıb göstərən təfərrüatdan
söhbət gedir. Bu yaxınlarda gənc qız intihar etdi. Hamı vurğulayır ki,
valideynlər günahkardır, bəs onu ərə verirmişlər, başqasını sevirdi və s. Amma
heç kim araşdırmır ki, son bir ildə neçə belə hadisə baş verib? Ümumiyyətlə, Azərbaycanda
intiharla nəticələnən zorla ərə vermənin statistikası varmı? İndiyə kimi belə
bir fakt olubmu ki, qızı kiməsə ərə vermək istəyiblər, o da intihar edib,
intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb və həmin valideynlər həbsə
atılıblar? Bu tipli xəbər oxuyubsunuz”?
Saytın daimi
oxucuları olmalıdır
İP toplamağın
rahat üsulları da var. E.Şirinov bildirdi ki, bu yollarla uzağa getmək olmaz:
"Rahat İP yığmaq üçün birincisi, açıq-saçıq xəbərlər lazımdır, çünki oxucu mütləq
onu klikləyəcək. Mən özüm də o xəbərləri klikləyirəm. Bu, təbii şeydir.
İkincisi, baş verən hadisəni açıq-saçıq şəkillərlə bəzəyib cəlbedici etməkdir.
Üçüncüsü, yalançı başlıqlar. Məsələn, Azərbaycanda olmayan hadisəni bizdə olmuş
kimi təqdim etmək. Siz çox açıq-saçıq xəbər verə bilərsiniz, amma nə qədər
çalışsanız da, dünyanın ən böyük porno saytının gündəlik qrafikinin milyonda
bir faizini də götürə bilməyəcəksiniz. Rəqabət apara bilməyəcəyiniz sahəyə
girirsiniz, bu, düzgün deyil. İngiltərənin www.dailymail.co.uk saytı konkret olaraq sarı mətbuatdır, məqsədi, hədəfi
budur. Ancaq Azərbaycanda ictimai-siyasi bir sayta daxil olanda qarşına ilk
olaraq hansısa maqazin xəbəri çıxır, sonra ciddi xəbər. Şou xəbərləri həmişə
çox oxunacaq, dediyim kimi, bu, normaldır. Zövqlər bütün cəmiyyətlərdə yüksək
olası deyil. Açıq-saçıq xəbərlərlə maksimal dərəcədə İP yığmaq olar, ancaq
daimi oxucu yox”.
Ekspert deyir
ki, saytın daimi oxucuları olmalıdır: "Mən dünya xəbərləri oxumaq istəyəndə
lenta.ru saytını açıram. Hər gün 10-15 dəfə o sayta daxil oluram. Heç kim buna
görə mənə pul vermir, sosial şəbəkədə reklam vasitəsilə məni cəlb etmirlər.
Amma orda kifayət qədər keyfiyyətli məhsul var. Onların xəbərlərinin arasında
açıq-saçıq xarakterliləri də olur, ancaq həmin xəbərləri də çox peşəkarcasına
işləyirlər.
Oxucu bizim ardımızca
qaçmalıdır
Qarşıya baxmaq,
oxucunu əldə saxlamaq, onu yavaş-yavaş özünə öyrəşdirmək lazımdır. Oxucunun rəyi
sayt üçün heç bir əhəmiyyət kəsb etmir. Bir müddət baş redaktor kimi
çalışmışam. Oxucumun işim haqqında nə düşünməsi mənim üçün qəti şəkildə maraqlı
deyil. Dünyanın heç yerində işinə peşəkar yanaşan baş redaktor üçün bu, maraqlı
olmur. Amma hər bir baş redaktor, jurnalist oxucusuna hörmət etməlidir. Yəni
oxucu gəlib mənə deməməlidir ki, xəbəri belə yaz, elə yaz. Yaxşı bilirəm ki, nəyi
necə etmək lazımdır, ona görə, mən orda oturmuşam. Amma mən oxucuya, onun zövqünə
hörmət etməliyəm. İP düşünəndə oxucunun dalınca qaçırsan, amma oxucu bizim ardımızca
qaçmalıdır”.
Sosial şəbəkə üzərindən
sayta daxil olmanı artırmaq da bu gün İP qazanmaq üçün istifadə olunan
üsullardandır. E.Şirinov deyir ki, birbaşa sayta daxil olma faizi hansı saytda
çoxdursa, onun göstəricisi daha yaxşıdır.
Keyfiyyətli məhsul
olmalıdır
Ekspertin sözlərinə
görə, media prinsiplərini pozmadan oxucu toplamaq çətindir: "Bu, təkcə bizdə
deyil, dünyanın hər yerində çətindir. Keyfiyyətli məhsul olmalıdır. Yalançı
başlıqla oxucunu bir-iki dəfə aldada bilərsən, üçüncü dəfə linki açmayacaq.
Hansısa ölkədə nazir vəfat edibsə, onu "nazir vəfat etdi” kimi yazırıqsa, Azərbaycanda
qurulan bir çadırın şəklini qoyuruqsa, oxucu nəyə görə ikinci dəfə o saytı
açmalıdır? Media prinsiplərini pozmadan İP qazanmaq mümkündür. Sadəcə burda
bütün media kapitanları arasında ümumi bir yanaşma olmalıdır. Çünki bir sayt həmin
prinsiplə işləməyə başlayacaq, digər 4 sayt kənarda separatçılıq edəcək.
Prinsipləri qoruyanlar da görəcək ki, bu birilər irəli getdi, onlar İP yığa
bilmədi. Qarşıya məqsəd qoymaq, keyfiyyətli oxucu hazırlamaq lazımdır. Bu,
bizim bir nömrəli vəzifəmizdir. Jurnalist həmişə informasiya mənbəyi rolunu
oynayıb. Ancaq bu gün sosial şəbəkələrin sayəsində hər kəs xəbər mənbəyi ola
bilir. Hadisəni çəkir, paylaşır. Adi jurnalistləri onlardan fərqləndirən isə məlumatın
keyfiyyətinə fikir verməkdir. Bu gün biz oxucuların beyni uğrunda mübarizə
aparırıqsa, keyfiyyətli kontent verməliyik”.
Sarı xəbərlər İP gətirən
xəbərlər hesab edilir
"Azxeber.com”
saytının baş redaktoru Hacıbəy Heydərli deyir ki, hər bir media qurumu həm də biznes strukturudur. Bu
baxımdan, onlayn media resurslarının İP toplamaq, dolayısı ilə də özünün maddi
imkanlarını yaxşılaşdırmaq istəyi normal qarşılanmalıdır. Bu, günün və reklam
bazarının tələbidir: "Ümumilikdə isə nəinki internet media resurslarının, hər
hansı bir KİV orqanının tam şəkildə medianın bütün etik normalarına əməl
etdiyini söyləmək çətindir. Çünki bu, praktik olaraq mümkün deyil. Ancaq əlbəttə
ki, fəaliyyətin boyunca medianın təməl prinsiplərinə riayət etməklə, İP
toplamaq da mümkündür. Bunun üçün müasir dövrün çağırışları ilə səsləşən
informasiya siyasəti həyat keçirmək çıxış yollarından biridir. Onlayn media
resursları xəbər siyasətində forma dəyişikliyi edərək, xəbərlərin təqdimatına rəqəmsal
olaraq yenidən nəzər yetirməlidirlər. Yəni daha çox video, foto, animasiya
tipli xəbərlərə üstünlük verilərsə, media prinsiplərini pozmadan daha çox izləyicinin
diqqətini cəlb etmək olar. Eyni zamanda xəbərlərin təqdimatı zamanı sosial
media vasitələrinə inteqrasiya da daha çox İP toplamaqda yardımçı vasitədir.
Ümumilikdə isə bir daha qeyd etmək istəyirəm ki, böyük informasiya axını şəraitində
hər hansı bir xəbərin populyarlıq qazanması mövcud reallıqların diktəsi və
oxucuların istəyidir. Dünya təcrübəsində də daha çox sarı xəbərlər İP gətirən xəbərlər
hesab edilir. Təsadüfi deyil ki, həm Türkiyənin, həm ABŞ-ın, həm də İngiltərənin
ən çox oxunan sayt və qəzetləri maqazin tipli olanlardır. İnsanlar dünyanın hər
yerində bu cür xəbərlərə üstünlük verir. Ancaq hər bir saytın, qəzetin daimi
oxucuları da var və onlar qəzetin istiqamətinə bələddir”.
Əgər İP problemi
yaşamaq istəmiriksə...
H.Heydərli
bildirdi ki, ümumilikdə İP sadəcə olaraq daha geniş kütləyə çatmaq,
populyarlaşmaq imkanıdır. Bu gün Azərbaycan KİV-ləri də sosial medianın
imkanlarından, multimedianın yaratdığı şəraitdən istifadə etsə, İP məsələsi də
həll olunar: "Eyni zamanda vətəndaş jurnalistikasına da onlayn mediada yer ayırmaq
dövrün tələbidir. Bu gün CNN, BBC kimi kanallarda vətəndaşların çəkdiyi və
sosial şəbəkədə paylaşdığı videolar efirdə yayımlanır. Ancaq 10-15 il öncə bu
kimi KİV-lərə çıxış mümkünsüz görünürdü. Adıçəkilən KİV-lər məhz dövrün tələbinə
uyğunlaşaraq, daha çox tamaşaçını ətrafında saxlaya bilir. Biz də əgər İP
problemi yaşamaq istəmiriksə, mütləq bu şəraiti insanlara yaratmalıyıq. Əgər vətəndaş
KİV-ə yaxın olsa, özünü də mətbuat orqanının müxbiri kimi görə bilsə, oranın
daimi izləyicisinə çevrilər, bu da dolayı yolla İP problemini həll edə bilər”.
Bəlkə orta yolu seçək?
Media.az-ın baş redaktoru, blogger Həmid Həmidov bildirdi ki, onlayn mediada İP qazanmaq cəhətdən hər
kəsin öz yolu var: "Media prinsiplərini pozmaqla İP qazanan media orqanları bu
gün çoxdur. Amma burda media prinsipi deyəndə nəyin nəzərdə tutulmasına baxmaq
lazımdır. Aktrisa çılpaq şəkillərini paylaşırsa və media o şəkilləri yerləşdirib
İP qazanırsa, buna necə baxılır? Bir qrup deyir ki, insanlar maraq göstərir,
media da yerləşdirib İP qazanır. Ancaq bəzi qrup pisləyir ki, belə xəbərlərə
ehtiyac yoxdur. Gəlin digər bir məqama toxunaq. Bizdə çox gözəl məhsul təqdim
edən saytlar var ki, İP-ləri çox azdır. Gündəlik 300-500 baxış olur. Baxmayaraq
ki, orda çılpaq şəkillər, qeyri-ciddi yazılar deyil, keyfiyyətli məqalələr var.
Keyfiyyətli məqalələr yerləşdirirlər, ancaq populyar deyillər. Hansı düzgün
yoldur? Bəlkə burda orta yolu seçək? Ondan da verək, bundan da. Biz orta yolla
getməyə çalışırıq. Həm kütlə üçün maraqlı olaq, həm də sarı mətbuata çevrilməyək.
Mən demirəm ki, ciddi xəbərlər oxunmur, əskinə, elə ciddi xəbər var ki, heç bir
şou xəbəri o qədər İP gətirmir. Oxunma sayı gündəmdən, mövzudan da asılıdır.
Heç bir hadisə baş verməyən günlərdə hər hansı müğənninin çılpaq şəkillərinə
daha çox adam baxar, nəinki ciddi xəbəri oxuyarlar. Maqazin xəbərlərini verməklə
İP toplamaq normal haldır. Amma baxır hansı xəbəri verirsən. Elə şou-biznes xəbəri
var ki, onu verməklə İP qazanmaq normal haldır. Eləsi var ki, İP üçün onu vermək
ayıbdır. Şəxsən mən özümə bunu ayıb hesab edirəm. Ancaq İP yığmaq üçün yalançı
başlıqların, oxucuların aldadılmasının əleyhinəyəm. Elə başlıqlar olur ki, açıb
oxuyanda görürsən ki, Afrikadan, ya hardansa söhbət gedir. Bu, oxucunu aldatmaq
deməkdir. İP üçün buna getmək olmaz”.
Aygün Asimqızı