• cümə axşamı, 28 mart, 12:11
  • Baku Bakı 16°C

Media dini cərəyanlara münasibətdə kifayət qədər həssas olmalıdır

12.03.14 08:53 5669
Media dini cərəyanlara münasibətdə kifayət qədər həssas olmalıdır
Ötən həftə Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib. Konfransda din-dövlət münasibətləri, vətəndaşların dini etiqad azadlığı, din və missionerlik amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların, cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. Konfransda çıxış edən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev müəyyən sektaların QHT-lərdə, mediada, dövlət strukturlarında öz nümayəndələrini yerləşdirmək cəhdlərinin olduğunu bəyan edib. O, Azərbaycanda müəyyən silahlı qruplaşmaların yaradılmasında, məscidlərdə partlayışlar törədilməsində, gənclərin təşkilatlandırılaraq Əfqanıstan və Suriyaya göndərilməsində müxtəlif dini cərəyanların adlarının hallandığını bildirib, bir sıra təkliflərini səsləndirib. Mövzunun aktuallığını nəzərə alıb A.Quliyevin sözügedən hadisələrdə media üzərinə düşən vəzifə, dövlət-din münasibətləri, dövlət mənafeləri üçün təhlükəli vəziyyət yarandığı halda jurnalistlərin fəaliyyəti və sair məsələlərlə bağlı fikirlərini öyrənmişik.
- Aydın müəllim, Azərbaycanda din-dövlət münasibətləri hansı səviyyədədir?
- Bu, təkcə mənim yox, həm də Azərbaycanda marağı olan-olmayan bütün beynəlxalq dairələrin vahid və mübahisəsiz fikridir ki, ölkəmizdə dini, milli kontekstdə tolerant mühit var. Yəni, din-dövlət münasibətləri Konstitusiya, qanunlarla tənzimlənir. Dövlət mənafelərinin aliliyi hüquqi cəhətdən təsdiqlənib. Bütün cəmiyyət bu ali prinsiplə razılaşıb. Ölkədə din dövlətdən ayrıdır. Dinin dövlət işlərinə qarışmasının yolverilməzliyi cəmiyyət tərəfindən sivil norma kimi qarşılanıb. Fikrimcə, bütün bunlar ölkədə din-dövlət münasibətlərinin modern dövlət prinsiplərinə, eləcə də Konstitusiyaya uyğunlaşdırıldığını deməyə əsas verir. Hətta bu tolerantlıq o qədər yüksək səviyyədədir ki, bəzən bundan sui-istifadə etmək, bu şəraitin verdiyi imkanlar nəticəsində gözəgörünməz formada, müəyyən mərhələyə qədər dövlət işinə müdaxilə etmək, dövlətin işinə qarışmaq, dövlətin siyasətini müəyyən təriqətlərin mənafeyinə uyğun yönəltmək cəhdləri də var. Bunu isə artıq təhlükə hesab edir, yaradılan tolerant mühitdən sui-istifadə sayıram.
- Qeyd etdiyiniz kimi, bəzi hallarda ölkədəki dini ibadət azadlığından və tolerantlıq mühitdən sui-istifadə, dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması yaratmaq hallarına da rast gəlinir. Belə vəziyyətin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
- İlk növbədə, indiyə qədər görülən işləri davamlı şəkildə kompromissiz həyata keçirmək lazımdır. Hətta bəzi vaxtlarda müəyyən xarici dairələrin narazılığına, etirazlarına səbəb olsa belə, ölkəyə gələn missionerlərin, missionerlik işi görən dini təşkilatların fəaliyyəti üzərində nəzarəti daha da gücləndirmək lazımdır. Təcrübə göstərir ki, xüsusən də indi sekta, təriqət missionerliyi hansı ölkəyə doğru yayılmaq istəyirsə, o dövlətin mənafeləri baxımından bu, heç də müsbət rol oynamır. Hələ indiyə kimi heç kim görməyib ki, hansısa dünyəvi dinin missionerləri olsun. Məsələn, xristian dininin fundamental dəyərlərinin təbliği ilə məşğul olan insanlara rast gəlməmişik. Yaxud, yəhudiliyi təbliğ edən 1 nəfər missionerə rast gəlməmişik. Yəni, fundamental dini dəyərlərin təbliğ olunması bir başqadır, təriqət missionerliyi bir başqa. Yalnız özlərini fundamental dinlərdən, o cümlədən İslamdan, xristianlıqdan törəmə kimi qələmə verən müəyyən sektalar missionerlik fəaliyyəti ilə məşğul olurlar. Nəzərə alsaq ki, bu sektalar dünyanın fundamental dini mərkəzlərindən daha çox müəyyən geosiyasi qüvvələrin, hətta bizimlə düşmən olan Ermənistanın, erməni lobbisinin təsiri altındadır, o zaman təriqət missionerliyinin Azərbaycandakı fəaliyyətinə daha çox nəzarət edilməlidir. Ona görə də bu istiqamətdə aparılan dövlət siyasətinə mübahisəsiz dəstək verilməlidir. Cəmiyyətin diqqətini bu mübarizədən yayındırmaq cəhdləri varsa, olacaqsa, bunun da qarşısı alınmalıdır. Deyim ki, artıq belə cəhdlər var. Dövlətin, müəyyən təriqətlər vasitəsilə dövlət işlərinə qarışmaq istəyən qüvvələrlə mübarizəsinə indidən müdaxilə etməyə çalışırlar. Bunu komanda daxilində qrup mübarizəsi kimi qələmə verməklə, diqqəti, dövlətin siyasətini əsas hədəfdən yayındırmağa cəhd edirlər. Bax, bu məsələlərdə media da kifayət qədər həssas olmalıdır. Həmin sektalara qarşı gedən mübarizəni dövlət orqanlarında çalışan məmurların mübarizəsi kimi qələmə vermək cəhdlərinin qarşısı alınmalıdır. Unutmaq olmaz ki, bu, prinsipial dövlət siyasətidir və hər kəs tərəfindən dəstəklənməlidir.
- Siz media ilə bağlı bir məqamı vurğuladınız. Amma daha geniş anlamda bu kimi halların qarşısının almaq üçün medianın və jurnalistlərin üzərinə hansı vəzifələr düşür?
- Burda böyük vəzifələrdən biri jurnalistlərin üzərinə düşür. Çünki indiyə qədər, hətta 10 il bundan qabaqkı dövrdə də sektaların, təriqətlərin dövlət üçün təhlükə yarada biləcəyi məsələsi ilə bağlı, elə ilk dəfə mətbuat danışıb. Ona görə də mətbuat öz ənənəsinə sadiq qalmalı, bu istiqamətdə fəaliyyətini davam etdirməlidir. Digər tərəfdən, bu elə məsələdir ki, bu, Azərbaycanı dövlət olaraq dünyada bir sıra dünyəvi və dini xarakterli mərkəzlərlə mübahisələrə gətirib çıxara bilər. Ona görə də aparılan mübarizədə bəzən dövlət məmurları, dövlət xadimləri çox da açıq şəkildə danışa bilmirlər. Amma o yerdə ki, dövlət məmurları açıq fikir ifadə edə bilmirlər, həmin zaman mətbuat obyektiv mövqe ortaya qoymalıdır. Jurnalist dövlət məmuru deyil. Bir sıra məqamlarda jurnalist, dövlət məmurunun deyə bilmədiyi fikirləri açıq şəkildə deyə, geniş manevr imkanlarından istifadə olaraq həqiqəti aşkarlaya bilər. Bundan başqa, gərək mediamızın özü çalışsın ki, belə sektaların, təriqətlərin təsiri altına düşməsin. Çünki sektaların əsas hədəflərindən biri də media içərisində özlərinin geniş şəbəkəsini qurmaqdır. Fikrimcə, sadalanan istiqamətlərdə jurnalistlərin üzərinə düşən vəzifə həm də vətəndaş vəzifəsidir.
- Bəzən hansısa siyasi hadisə, yaxud da dini cərəyanda məmurların da adları hallandırılır. Ümumiyyətlə, məmurun siyasətə, yaxud hansısa dini cərəyana qoşulmasına münasibətiniz necədir?
- Ölkədə fəaliyyəti qanunla qadağan olunmayan istənilən din, təriqət üzvlərinin öz rituallarını, ayinlərini icra eləmək hüququ var. Burada hər hansı qadağadan söhbət getmir. Bundan sonra da onlar öz fəaliyyətlərini davam etdirə bilərlər. Amma fəaliyyəti icazəsiz olan dini təbliğatların aparılmasına, insanların yalnız bir dinə inanmaq istiqamətinə sövq edilməsi, buna cəlb olunması yolverilməzdir. Xüsusilə də müəyyən mübahisəli dini təriqət daşıyıcılarının sistemli şəkildə dövlət vəzifələrində oturması yaxşı hal deyil. Əlbəttə dövlət vəzifəsi tutan istənilən məmurun istədiyi dinə etiqad göstərmək hüququ var. Azərbaycan vətəndaşı kimi o da Konstitusion hüququndan istifadə etməkdə sərbəstdir. Lakin son məlumatlar göstərir ki, bu məsələ hər bir insanın Konstitusiya ilə ona verilmiş dini təriqət azadlığı hüququndan istifadə çərçivəsini aşıb. Artıq sistemli şəkildə müəyyən təriqət daşıyıcılarını müəyyən postlarda yerləşdirmək taktikası ilə bağlı şübhələr var. Belə olan halda bu məsələ çox ciddiləşir. Hesab edirəm ki, belə fəaliyyət göstərən məmurlarla bağlı dövlətin sözü olmalıdır. Bir neçə il bundan qabaq Milli Məclisdə hesabat məruzəsi ilə çıxış edən bir nazir digər nazir həmkarının “bostanına daş atmaq” məqsədi güdən fikirlər səsləndirdi. İndi hər ikisi vəzifədən kənarlaşdırılsalar da o zaman hansı nazirin hədəfə alındığını cəmiyyət bildi. Bu hadisədən az sonra dövlət başçısının iştirakı ilə müşavirə keçirildi. Prezident İlham Əliyev həmin müşavirədə bəzi məmurların siyasətə və qeyri-məmur fəaliyyətinə meyllənməsini təəssüflə bildirdi. O, öz çıxışında belə məmurlara açıq şəkildə xəbərdarlıq edərək dedi ki, siyasətlə məşğul olmaq istəyən məmur buyursun istefa ərizəsini yazsın, dövlət vəzifəsindən getsin, ondan sonra istədiyi partiyada təmsil olunaraq siyasətə qoşulsun. Güman edirəm ki, ölkə başçısı bir çox məqamlarda olduğu kimi bu məsələdə də prinsipiallıq göstərəcək. Təriqət daşıyıcıları olan, təriqət üzərindən şəbəkələşməyə meylli məmurlar ki, var, onların qabağında seçim olduğunu bir daha xatırladacaq. Onlar ya dövlət məmuru, ya siyasət, həmçinin ya dövlət məmuru, ya da təriqət yolunu seçməlidirlər. Dövlət məmurluğu ilə siyasət, dövlət məmurluğu ilə təriqət bir araya sığmaz.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər