• cümə, 19 Aprel, 20:42
  • Baku Bakı 24°C

Mədəniyyət və incəsənət xadimlərinə orden və medalların, fəxri adların vəsiqələri təqdim edildi

24.12.19 19:45 1595
Mədəniyyət və incəsənət xadimlərinə orden və medalların, fəxri adların vəsiqələri təqdim edildi
2019-cu ilin son günlərində ilin sonuncu fəxri adları sahiblərinə çatdı. Belə ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev sözə dekabrın 24-nün Azərbaycanın tarixində əhəmiyyətli gün olduğunu xatırladaraq başladı. Azərbaycanın inkişafı, rifahı, bugünkü müasir durumunun prezident İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlı olduğunu deyən nazir, bu gün Azərbaycanın dünyanın aparıcı ölkələri arasında ön sıralarda yer aldığını vurğuladı: "Bu olduqca uğurlu və önəmli nəticədir. Cənab prezident tərəfindən aparılan siyasətin ən gözəl nəticəsidir. Cənab prezident hər il müxtəlif teatr və mədəniyyət müəssisələrinə xüsusi diqqət ayırır. Bu sahədə çalışan sənətkarların zəhmətini dəyərləndirir. Bu gün mükafatlandırılan insanların sırasında teatr cameəsinin böyük nüfuza malik olan nümayəndələri də iştirak edir. Belə ki, bu il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyini qeyd etdik. Cənab prezident teatrın 100 illik yubileyi ərəfəsində öz alicənablığını göstərərək teatr nümayəndələrinə yeni mükafatlar təqdim etdi. Bu gün o mükafatları sahiblərinə təqdim edəcəyəm. Bundan başqa, müasir cəmiyyətimizin ayrılmaz hissəsi olan gənclərin sevimlisinə çevrilmiş şəxsiyyətlər, musiqiçilər də var ki, onların mahnılarını sevərək dinləyirik. Sevinirik ki, gənc nəslin nümayəndələri Azərbaycan mədəniyyətinə müasir şəkildə öz dərin töhfələrini verirlər”.

Nazir Azərbaycanın dünya miqyaslı tədbirlər keçirdiyini xatırlatdı: "Azərbaycanda hər il prezidentin ad günü ərəfəsində milli-mənəvi dəyərlərimizin qorunması məqsədilə milli oyunlar keçirilir. Onların sırasında çövkən atüstü oyunları xüsusi yer tutur. Artıq çövkən oyunu dünyada qəbul edilib. Bu yarış həmişə ənənəyə uyğun olaraq, Şəkidə keçirilib. Şəki də artıq Dünya İrs Siyahısına daxil edilib. Şəki bu ildən etibarən tək bizə məxsus deyil, bəşəriyyətə məxsusdur. Bizimlə birgə dünya da çövkən oyununun yalnız Qarabağ atlarının üzərində oynanılmasını qəbul edib”.
Ə.Qarayev hər bir dövlətin qarşısında duran vəzifələrin müəyyən bir dövrə aid olduğunu qeyd etdi: "Hər dəfə bu dövrə uyğunlaşmaq və bu dövrə uyğun hərəkət etmək, qərarlar vermək, siyasət aparmaq lazımdır. Nəticədə bu gün biz yaşadığımız ölkə 20 il bundan qabaqkından tamamilə fərqlənir. Cəmiyyəti inkişafa doğru aparmaq, yeni çağırışlara uyğunlaşmaq, dünyanın ən qüdrətli 50 ölkəsi qarşısında dura bilmək böyük bir missiyadır. Əgər biz bunu bacarmışıqsa, demək ki, inkişafa doğru gedirik. Prezident İlham Əliyevin, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi dünya miqyasında Azərbaycanı tanıtma siyasəti ondan xəbər verir ki, ölkəmiz düz yoldadır”.
Nazirin çıxışından sonra mükafatlar öz sahiblərinə təqdim edildi. Mükafata layiq görülən sənətçilər öz ürək sözlərini bildirdilər.
"Xalq artisti” fəxri adına layiq görülən Tünzalə Ağayeva dövlət başçısına minnətdarlıq etdi: "Sevinc hissi duyuram. Belə bir ada layiq görülmək bizim üçün başucalığıdır. Bu ad bizi daha da sevindirir, fərəhləndirir, daha çox çalışmağa sövq edir. Azərbaycan musiqi mədəniyyətini dünyada hər zaman tanıtmağa çalışmışıq. Musiqilərimi səsləndirəndə, hər hansı uğur əldə etdikdə, deyirəm ki, bu uğur, alqışlar təkcə Tünzalə Ağayevanın deyil, Azərbaycan musiqisinindir. Mənim bəhrələndiyim öz milli və klassik musiqimdir. İllərdir çalışıram, albomlar çıxarıram, yeni musiqilər ifa edirəm. Fəaliyyətimin qiymətləndirilməsi isə, təbii ki, bu məni çox sevindirir”.
"Şöhrət” ordeninə layiq görülən xalq artisti Nurəddin Mehdixanlı bu günü Azərbaycan mədəniyyətinin bayramı hesab edir: "Gözəl bir ili tamamlayırıq. 63 yaşım var. Bunun 42 ilini incəsənətə sərf etmişəm. Əgər mən müstəqil Azərbaycanın ali ordeninə layiq görülmüşəmsə, deməli, boşuna yaşamamışam, yaşamağa dəyərmiş və bundan sonra da yaşamağa dəyər. Hesab edirəm ki, bu orden təkcə mənim şəxsimə verilən orden deyil, həm də mənim çalışdığım Akademik Milli Dram Teatrının kollektivinə verilən dəyərdir. Sənət yoldaşlarıma, həmkarlarıma edilən böyük bir hörmətdir. Çünki teatr kollektiv sənətdir. Burda hər kəsin – qapıçısından tutmuş dekorçusuna, ayaqqabı daşıyanına, işıqçısına qədər hamının haqqı var. Məni bu ordenə layiq gördüyünə görə cənab prezidentimiz İlham Əliyevə şəxsim, ailəm, teatr kollektivi adından minnətdarlığımı bildirirəm. Bundan sonra bu etimadı daha çox doğrultmağa çalışacağıq. Azərbaycan teatr mədəniyyətinə bundan sonra da faydalı şəkildə xidmət göstərəcəyik”.

"Şöhrət” ordeninə layiq görülən xalq artisti Ramiz Məlik ulu öndər Heydər Əliyev tərəfindən fəxri adlar verilməsi ənənəsinin bu gün də davam etdirildiyini vurğuladı: "Çox sevindirici bir haldır ki, bu işi indi də cənab prezidentimiz İlham Əliyev davam etdirir. Mən 52 il işlədiyim Akademik Milli Dram Teatrının kollektivi ilə birlikdə bu mükafata layiq görülürük. Bu orden təkcə mənim deyil, mənim dostlarımın şöhrətidir. Mən bu sevinc hissini onlarla birlikdə bölüşürəm. Arzu edirəm ki, bizə göstərilən bu etimadı biz öz sənətimizlə Azərbaycan xalqına yüksək səviyyədə təqdim edək. Hər kəsə təşəkkürümü bildirirəm”.

"Şöhrət” ordeninə layiq görülən xalq artisti Yalçın Adıgözəlov mükafatın məhz bu gün təqdim edilməsinin heç də təsadüfi olmadığını dedi: "Dövlətin bizə verdiyi gözəl dəyəri yüksək qiymətləndirirəm. Bu gün bizim qəlbimizdə həmişə yaşayacaq. Azərbaycanımıza daha da böyük uğurlar arzulayıram. Biz dahi Üzeyir Hacıbəylidən, Qara Qarayevdən, Niyazidən, Rəşid Behbudovdan, Bülbüldən, Şövkət Ələkbərovadan, keçmişdən bizə qalan musiqini davam etdiririk. Biz çox xoşbəxt bir xalqıq. Onlara baxanda görürük ki, bizim necə böyük sənətkarlarımız olub. Bu gün bu ənənə davam edir və Azərbaycan musiqisi dünyada təbliğ olunur. Bundan sonra da xalqımızın və millətimizin qarşısında əlimizdən gələni əsirgəməyəcəyik”.

"Tərəqqi” medalı təltif olunan Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov çıxışında teatrda çalışan insanların bir fədai olduqlarını və onların dövlətin diqqətindən yayınmadıqlarını vurğuladı: "Mədəniyyətimizə böyük diqqət və qayğı göstərdiyinə görə cənab prezidentimizə və onun xanımına, eyni zamanda mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm. Akademik Milli Dram Teatrı ana teatr hesab edilir. Teatrımızın yaradıcı heyətinin dövlət başçımızın diqqətində olduğunu görmək bizi sevindirir, daha da həvəsləndirir. Nə xoş bizə ki, ilin yekunu belə gözəl hadisə ilə tamamlandı. Bu münasibətlə Azərbaycan mədəniyyətində, incəsənətində azacıq da olsa əziyyəti, rolu olan hər bir incəsənət nümayəndəsini təbrik edirəm”.
H.Məmmədov prezidentin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını xatırladaraq, bu proqramın teatrlarımızın inkişafına təsirindən bəhs etdi: "Bu proqram Azərbaycan teatr sənətinin 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirdi. Haqqında bəhs etdiyim Dövlət Proqramının Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasında, ümumbəşəri və milli dəyərlərin təbliğində, dünya mədəniyyətinə inteqrasiyasında, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsində, eyni zamanda repertuarın günün tələblərinə uyğun formalaşmasında müstəsna xidməti oldu. Yəni dövlət başçımızın Azərbaycan teatrına göstərdiyi bu qayğını unutmaq qeyri-mümkündür. Bu gün isə mən mükafat alan, almayan digər sənətkarlar adından cənab prezidenti doğum günü münasibəti ilə təbrik edirəm”.

Sonda isə Əbülfəs Qarayev Azərbaycan xalqının incəsənəti sevdiyini və mədəniyyətin bütün qollarında yeni istedadlı gənc nəslin yetişdiyini vurğuladı: "Elə bir xalqıq ki, nə teatrsız, nə rəsmsiz, nə mədəniyyətsiz, nə də incəsənətsiz özümüzü təsəvvür edə bilirik. Sevinirəm ki, bu sahələrdə peşəkarlarımız var. 10 illik Dövlət Proqramı başa çatdı. Bizim qarşımızda Pantomima, İrəvan teatrlarının bərpası dayanır. Gürcüstanda teatrımızın binası hazırlanmalıdır. 2020-ci ildə yeni proqramlar olacaq. Bu il bizim üçün ona görə önəmli oldu ki, cənab prezident incəsənət nümayəndələri ilə görüşdü, problemlərini dinlədi, evlər, mükafatlar verildi, teatrlarımıza vəsait ayrıldı”.
Qeyd edək ki, tədbirdə Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Məlik və Yalçın Adıgözəlova "Şöhrət” ordeni, müğənnilər Tünzalə Ağayeva, Miri Yusif, Röya və aktyor Kazım Abdullayevə "Xalq artisti”, Mətləb Abdullayev, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayevə isə "Əməkdar artist” fəxri adları təqdim olundu.
Daha sonra Məsmə Aslanqızı, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Rafael Həsənov, Elxan Quliyev, Elnur Məmmədov, Hacıbaba Məmmədova "Tərəqqi” medalı, Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva və Ramiz Novruza isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edildi.

Xəyalə Rəis







banner

Oxşar Xəbərlər