• çərşənbə axşamı, 19 mart, 09:03
  • Baku Bakı 8°C

Mədəniyyət ocaqları IV İslam Həmrəyliyi Oyunlarına hazırdır

27.04.17 09:30 1738
Mədəniyyət ocaqları  IV İslam Həmrəyliyi Oyunlarına hazırdır
Artıq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına bir neçə həftə qalıb. Bir sıra tədbirlərə ev sahibliyi etmiş ölkəmiz may ayının 12-22-si aralığında IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. Bu mötəbər yarışa ciddi hazırlıq işləri görülür. Bu yarışın ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, paytaxtımızda fəaliyyət göstərən mədəniyyət ocaqlarımız da yarışın aurasınadan kənarda qalmamalıdırlar. Bəzi mədəniyyət ocaqları ilə əlaqə saxlayıb, onların İslam Həmrəyliyi Oyunları üçün tədbir planlarını öyrəndik.
Heydər Əliyev sarayında yenilik gözlənilir

Heydər Əliyev sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə deyir ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir sıra mədəni proqramların hazırlanıb keçirilməsi nəzərdə tutulub. Yarış günlərində Heydər Əliyev sarayında qonaqlara və turistlərə islam mədəniyyəti, Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim ediləcək. Belə ki, Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinlərinə və xarici qonaqlara təqdim olunacaq. Obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan, qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım” yeni konsert proqramı və "Koroğlu” bir pərdəli baleti mayın 20-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsertin bədii rəhbəri və quruluşçu rejissoru Rusiya Federasiyasının xalq artisti Dikalu Muzakaevdir”.

Saraydan verilən məlumata görə, İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə gerçəkləşəcək konsertdə yeni əsərlərə də yer veriləcək. Belə ki, Mayın 21-i Heydər Əliyev Sarayında əməkdar artist, xanəndə Fərqanə Qasımova solo konsert verəcək.Bundan əlavə, aydın oldu ki, may ayının 12, 13 və 14-də Heydər Əliyev Sarayında "Ginessin rekordlar kitabı”na iki dəfə düşmüş, dünyada üç ən böyük rəqs qruplarından biri, 90-dan çox ölkədə ən məşhur səhnələrdə 35 milyona yaxın tamaşaçı qarşısında çıxış etmiş"Anadolu Atəşi” rəqs ansamblı öz möhtəşəm "İpək Yolu” adlı yeni proqramını təqdim edəcək: "Bildirək ki, "Anadolu Atəşi" rəqs qrupu bir neçə dəfə Azərbaycanda öz möhtəşəm proqramları ilə çıxış edibvə böyük auditoriyanın rəğbətini qazanıb”.

Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq, sarayının mobil tətbiqini istifadəyə verib. Bu layihəni reallaşdırmaqda əsas məqsəd isə IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılara beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir. Belə ki, həmin ərəfədə Sarayda IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini "App Store” və "Google play” mağazalarından yükləyə bilərlər. Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsi ilə Heydər Əliyev Sarayı və keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya ala bilərlər. İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının "facebook”, "instagram”, "youtube” səhifələrini və sarayın saytını izləmək imkanı əldə edəcək, eyni zamanda e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər. Qeyd edək ki, bu, Azərbaycan mədəniyyət ocaqları arasında bir ilkdir.
Milli Dram Teatrı İslamiada ilə bağlı tamaşaları rus və ingilis dillərində subtitrlərlə nümayiş etdirir
"Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşalar müvafiq olaraq rus və ingilis dillərində subtitrlərlə nümayiş olunur”. Bu sözləri "Kaspi” qəzetinə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib. C.Zeynallının sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təqdim edilən səhnə əsərlərinin tərcümə edilməsinə və müvafiq xarici dillərdə nümayişinə xüsusi şərait yaradılıb. "Artıq may ayının əvvəlindən başlayaraq teatrımızda subtitrlərlə tamaşaların nümayiş olunmağına başlanılıb və bu, uğurla davam edir. Subtitrlər səhnənin hər iki tərəfində tamaşaçıların bütün istiqamətlərdən görə biləcəyi şriftlərlə əks olunur. Bu da imkan verir ki, əcnəbi tamaşaçılar, şəhərimizin qonaqları tamaşadakı obrazların dialoqlarını rahat oxuya bilsinlər. Repertuara həm klassik, həm də müasir Azərbaycan dramaturgiyasının nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilib. Məqsəd İslamiada zamanı ölkəmizə təşrif gətirən turistlər və yarış iştirakçılarında çağdaş Azərbaycan teatrı və dramaturgiyası haqqında zəngin təəssürat yaratmaqdır. C. Cabbarlının "Almaz”, Cəlil Məmmədquluzadənin "Ölülər”, İ. Əfəndiyevin "Boy çiçəyi”, H. Mirələmovun "Vəsiyyət”, N. V. Qoqolun "Müfəttiş”, E.De.Filipponun "Silindr”, B.Nuşiçin "Nazirin xanımı”, A. Saqarelinin "Xanuma” tamaşalarını xarici qonaqlar subtitrlərlə izləyə biləcəklər. İnanırıq ki, ölkəmizin paytaxtında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları da Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq tamaşalardan məmnun qalacaq və Azərbaycandan xoş təəssüratla ayrılacaqlar”.
Gənc Tamaşaçılar Teatrı da tam hazırdır...

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov bizimlə söhbətində bildirdi ki, dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axın edəcəyini nəzərə alaraq, ADGTT da bütün hazırlıq işlərini artıq yekunlaşdırıb: "İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın onsuz da yüksək olan nüfuzunu bütün dünyada daha da artıracaq. Bu yarış ölkəmizin siyasi, mədəni, ictimai və sosial həyatında olduqca əhəmiyyətli hadisə kimi tarixə düşəcək. Oyunların keçiriləcəyi 12-22 may tarixlərində şəhərimizə təşrif buyuracaq qonaqları və xarici turistləri qəbul etməyə tam hazırıq. Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib”.

Teatrın rəhbəri onu da əlavə etdi ki, artıq teatrın cari ilin may ayı üçün nəzərdə tutulan xüsusi repertuarı tərtib edilib, repertuara Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri daxil edilib: "Qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan dramaturgiyasından da ən gözəl seçmələri - M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin "Pəri Cadu”, H.Cavidin "Şeyx Sənan”, M.Makdonaxın "Yalqız Qərb”, "Gözəllik kraliçası”, "Konnemarada bir kəllə”, L.Nurenin "Mən gəldim, qızlar” ("Müharibə”), U.Şekspirin "Romeo və Cülyetta” tamaşaları nümayiş etdiriləcək. Ümidvaram ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunları günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək, mədəniyyətimizi növbəti dəfə də layiqincə təmsil edəcək”.
Musiqili Teatr qonaqların yolunu səbirsizliklə gözləyir
Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru Əliqismət Lalayev teatrının hazırlıqları başa çatdırdığını dedi: "May ayında teatrımızda 26 tamaşanın nümayiş olunması nəzərdə tutulur. Mayın 5-dən 30-a kimi demək olar ki, hər gün 2 tamaşa qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay ölkəmizə, xüsusilə də idman yarışlarının keçiriləcəyi paytaxtımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq, repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Ər və arvad”, Ə. Haqverdiyevin "Kimdir müqəssir?”, O. Kazimi və R. Heydərin "Qızıl toy”, R. Hacıyevin "Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində əcnəbi qonaqlarımıza təqdim olunacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuarımızdakı əsərlərin tərcümə edilməsi tamaşalarımızın xarici dillərdə nümayişinə xüsusi şərait yaradır. Biz artıq bu təcrübədən istifadə etmişik və kifayət qədər də uğurlu nəticələr əldə olunub. Yeri gəlmişkən bildirim ki, gələn ay bir sıra tamaşalarımız rus dilində də nümayiş olunacaq. Bütün bunlara əsaslanaraq tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Qonaqlarımızın yolunu səbirsizliklə gözləyirik. İnanırıq ki, onlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”.
Kukla Teatrı da qonaqlarını qarşılamağa hazırdır
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı İslam oyunları həyəcanına hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bizimlə söhbətində bildirdi ki, artıq may ayının repertuar planı məhz İslam Oyunlarının keçirilməsinə uyğun şəkildə hazırlanıb: "Repertuarımızdakı ən yaxşı tamaşaları may ayında ölkəmizə gələn əcnəbilərə və yerli tamaşaçılarımıza təqdim edəcəyik. Bilirsiniz ki, Kukla Teatrı şəhərimizin mərkəzi hissəsində yerləşir Bu baxımdan teatrımız ölkəmizə gələn xarici turistlərin də diqqətini cəlb edəcək. Biz də bu məqsədlə teatrımız haqqında rus və ingilis dilində ətraflı məlumatların olduğu dəftərcələri turistlərə təqdim edəcəyik. Biz də idman bayramına bu cür reaksiya veririk. Bir sözlə, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı böyük məmnuniyyətlə qonaqlarımızı qarşılamağa hazırdır”.
Nizami kinoteatrında Bakı haqqında sənədli filmlər nümayiş olunacaq

Nizami Kino Mərkəzinin mətbuatxidmətinin rəhbəriArzuƏhədovabizimlə söhbətində bildirdi ki, IV İslam Həmrəyliyi Oyunlarına ciddi şəkildə hazırlaşırlar. Belə ki, mayın 12-dən 22-ə kimi Nizami Kinoteatrında Bakı haqqında sənədli filmlər nümayiş olunacaq. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində yerli filmlərimiz də nümayiş olunacaq. Xarici turistlərin aydın şəkildə anlaması üçün həmin filmlər ingilis dilində titrlərlə nümayiş olunacaq. Məlumat üçün bildirək ki, IV İslam Həmrəylik oyunları ərəfəsində Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamı”, Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq Ritm Qrupu”nun, caz ifaçılarının xüsusi konsertləri də təşkil ediləcək.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər