• cümə axşamı, 28 mart, 21:43
  • Baku Bakı 13°C

Mədəniyyət Nazirliyi Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verib

25.04.20 15:07 884
Mədəniyyət Nazirliyi Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verib
Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış fırça ustası Feyzavər Alpsar Turanın vəfatı ilə əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyin rəsmi "Facebook" səhifəsində yerləşdirilib.
Məlumatda deyilir ki, Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, həkim, rəssam, türkoloq, mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, tanınmış rəssam Feyzavər Alpsar Turan aprelin 25-də, ömrünün 101-ci ilində vəfat edib: "Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə İstanbul şəhərində anadan olub. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli məfkurənin əsas bayraqdarlarından olmuş Əli bəy Hüseynzadə həm də professional rəssam olduğundan Feyzavər xanımda kiçik yaşlarından təsviri sənətə maraq yaranıb. O, İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetini bitirib. Dəfərlərlə Türkiyədə sərgiləri keçirilib. Rəssamın 2015-ci ilin aprelində İstanbul Aydın Universitetində təşkil olunan "Kainatda şahmeran” (şahmeran – ilanbaşlı insan) və həmin ilin dekabrında İstanbulun Əl Sənətləri Qalereyasında keçirilən rəsm sərgiləri böyük maraqla qarşılanıb".
Başsağlığında Feyzavər Alpsar Turanın Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına da töhfələr verdiyi vurğulanıb: "2017-ci ildə onun təşəbbüsü ilə Əli bəy Hüseynzadənin irsinə aid 161 ədəd eksponat ölkəmizə hədiyyə olunub. Bu nümunələr Əli bəyin təsviri sənət əsərləri, fotoşəkil, şəxsi əşya, orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzetindən ibarətdir. 2017-ci il iyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzində həmin eksponatların sərgi-təqdimatı keçirilib. Hazırda bu əsərlər İstiqlal Muzeyində qorunub saxlanılır".
Feyzavər xanımın Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyi də diqqətə çatdırılıb: "Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2018-ci il tarixli sərəncamı ilə Feyzavər Alpsar Turan "Dostluq” ordeni ilə təltif edilib. Ölkə Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamı ilə Feyzavər xanım ideoloji əsaslarının hazırlanmasında Əli bəy Hüseynzadənin də mühüm rol oynadığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümünün xatirə medalı ilə mükafatlandırılıb".
banner

Oxşar Xəbərlər