• cümə, 29 Mart, 00:17
  • Baku Bakı 7°C

Mədəni irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir

18.04.20 18:00 1014
Mədəni irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir
Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarası ndan tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
Xidmətin rəisi bildirib ki, tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar Sarayı, Şəki Xan Sarayı, Şuşa şəhərinin abidələri nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.
Azərbaycan xalqının çoxəsrlik zəngin tarixi və mədəni irsinin daim dövlətin diqqəti mərkəzində olduğunu vurğulayan Zakir Sultanov deyib: "Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkə daxilində, istərsə də xaricində böyük işlər həyata keçirirlər. Mədəni irsin qorunması sahəsinə verilən önəm ölkə başçısının imzaladığı onlarla mühüm fərman və sərəncamlarda öz əksini tapıb və bu sahəni prioritet sahələrdən birinə çevirib.
Qədim tarixə malik olan Azərbaycanda daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və mühafizəsi sahəsində kompleks işlərin və əldə olunmuş nailiyyətlərin davamlılığını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması işinin təkmilləşdirilməsi, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması və sahəyə aid digər işlərin həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Bu işlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əsas məqsəd və vəzifələrindəndir.
Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirəcək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb, Fərmana əsasən, Dövlət Xidmətinin beş regional idarəsi yaradılıb”.
Onun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədlərindən biri ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib edilməsidir.
Azərbaycan Respublikası ərazisində yerləşən daşınmaz tarix-mədəniyyət abidələrinin ilk siyahısı Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli qərarı ilə təsdiq edilmişdir. 1981,1988 və 2001-ci illərdə siyahılar dövrün imkan və tələblərinə uyğun olaraq yenilənərək təsdiqlənmişdir. Hazırda ölkə ərazisində 6308 abidə dövlət qeydiyyatına götürülüb. Həmçinin fiziki və hüquqi şəxslərin, arxeoloqların müraciəti əsasında 1500-dən çox abidə yeni aşkar olunmuş abidə kimi siyahıya alınıb.
Zakir Sultanov qeyd edib ki, daşınmaz abidələrin Dövlət Siyahısının dəqiqləşdirilməsi üçün Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində aparılıb, tarix-mədəniyyət abidələrinin monitorinqi başa çatdırılıb. Aparılmış işlər yalnız yeni siyahının hazırlanmasına xidmət etmir, həm də müasir tələblərə cavab verən məlumat bazasının yaradılması üçün əsas rol oynayır.
Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma işləri aparılıb.
Ümumiyyətlə, abidələrdə aparılan bərpa-konservasiya işlərinin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsi və beynəlxalq bərpaçılıq məktəbinin təcrübəsini öyrənilməsi üçün yerli mütəxəssislərlə yanaşı aparılan işlərə xarici mütəxəssislər də cəlb edilir. Eyni zamanda, büdcə vəsaitinin səmərəli istifadəsi məqsədilə abidələrin bərpası üçün əlavə maliyyə mənbələrinin müəyyən edilməsi istiqamətində qarşılıqlı əlaqələrin yaradılmasına və müştərək layihələrin həyata keçirilməsinə də nail olunub.
Arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində də işlərin davam etdirildiyini qeyd edən Dövlət Xidmətinin rəisi deyib ki, xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilərin qorunması və bu ərazilərdə xüsusi rejimin yaradılması məqsədilə ötən il ölkə başçısının Sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi "Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqları elan edilib. Həmin Sərəncamla qoruqların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə "Çıraqqala” və "Şabran şəhəri” tarixi qoruqlarının ərazisi birləşdirilərək "Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Nizami Gəncəvi Məqbərə Kompleksi isə Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun tərkibində fəaliyyətlərini davam etdirəcək.
Respublika ərazisində təbii təsirlər, habelə insan fəaliyyəti nəticəsində üzə çıxmış arxeoloji abidələrin və digər maddi mədəniyyət nümunələrinin qorunması və tədqiqi, həmçinin, arxeoloji əhəmiyyətli digər ərazilərdə qabaqlayıcı tədbirlərin görülməsi və tədqiqatların aparılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlar ilə birgə qarşılıqlı işlər həyata keçirilib.
"2016-cı ildən başlayaraq Qobustan Milli-Tarix Bədii qoruğunda "Yeni baxış” adlı layihə çərçivəsində aparılan çöl tədqiqat işləri nəticəsində ölkədə ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb. Yerli ekspedisiyalarla yanaşı, arxeoloji qazıntılarda beynəlxalq ekspedisiyaların da fəaliyyəti davam etdirilir. Hazırda "Avey” qoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, Qəbələ qoruğunda Azərbaycan-Koreya arxeoloji ekspedisiyası fəaliyyət göstərir.
Qorunma işinin kompleks şəkildə təmin edilməsi məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin Milli pasportları hazırlanması və mühafizə zonalarının müəyyən edilməsi işi də davam etdirilir. Ötən ildən Azərbaycanın işğal altında qalmış tarix-memarlıq abidələrinin pasportlarının hazırlanması işinə başlanılıb.
Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində də vacib addımlar atılır. Bu baxımdan son illər ölkəmizin nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsi təsadüfi deyil. Ötən il bizim üçün ən yaddaqalan hadisə Ümumdünya İrs Komitəsinin 43-ci sessiyasının Bakıda keçirilməsi və "Şəkinin tarixi hissəsi "Xan Sarayı” ilə birgə” Dünya İrsi siyahısına daxil edilməsi oldu”,- deyə xidmətin rəisi vurğulayıb.
Azərbaycanın vizit kartına çevrilmiş zəngin mədəni irsimizin beynəlxalq aləmdə təbliğində və tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi işlərin danılmaz olduğunu söyləyən Z.Sultanov Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliği istiqamətdə Dövlət Xidmətinin müxtəlif beynəlxalq təşkilatlar, fondlar və ictimai birliklərlə əməkdaşlıq çərçivəsində anlaşma memorandunları imzaladığını və birgə layihələr həyata keçirildiyini bildirib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib: "Məlum olduğu kimi 18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Tarixi məkanların məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılır. Bu gün Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın bir milyondan çox soydaşının məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi, təkcə Azərbaycan deyil bütün regionda sülh və sabitliyin bərqərar olmasına eləcə də tolerantlıq ənənələrinin qorunmasına ciddi ziyan vurur.
Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.
banner

Oxşar Xəbərlər