• çərşənbə axşamı, 23 aprel, 11:03
  • Baku Bakı 20°C

Medal qazanıb, MDU-ya imtahansız qəbul haqqı qazanan məktəblilər - Qaliblər

23.06.17 11:35 4551
Medal qazanıb, MDU-ya imtahansız qəbul haqqı qazanan məktəblilər - Qaliblər
Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib. Ölkəmizi təmsil edən komanda isə böyük uğura imza atıb. Belə ki, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, "İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medala layiq görülərək, bayrağımızı ucaldıblar. Biz də medal qazanan məktəblilərimizin təəssüratlarını öyrənmək üçün onlarla söhbətləşdik.
"Əgər ağıllısansa, mütləq nəticə əldə edəcəksən”
Ramil deyir ki, indiyə qədər 5 Kimya Olimpiadasında iştirak edib və yalnız birindən medalsız qayıdıb. Müsahibimizin sözlərinə görə, kimya və fizikada əzbərçilik tələb edilmədiyindən, bu fənləri sevir: "Kimya maraqlı fəndir. Məsələlərin həlli yollarında hər şagirdin öz üsulu olur. Burada bacarıqlı və məntiqi güclü olan şagird önə keçir. Əgər ağıllısansa, mütləq nəticə əldə edəcəksən. Məhz bu məntiq, dəqiqlik və nəticə kimyanı digər fənlərdən fərqləndirir. Mən bütün olimpiadalarda iştirak edəndə özümə güvənirəm və iştirak etdiyim bir olimpiada istisna olmaqla, hamısından medalla qayıtmışam”.
"Xərçəngin dərmanını kəşf etmək istəyirəm”
Ramil Azərbaycanı xaricdə təmsil edən kimyaçı olmağı qarşısına məqsəd qoyub. Deyir ki, xüsusilə dərman kimyası ilə məşğul olub, xərçəng xəstəliyini məhv edən, inkişafının qarşısını alan həbi kəşf etmək istəyir: "Çağımızın ən qorxulu bəlalarından olan xərçəng xəstəliyinin dərmanı hələ də tapılmayıb. Gün keçdikcə bu bəlaya düçar olanların sayı artır. Düşünürəm ki, bu dərmanı kəşf etmək mümkündür. Mən də təhsilimi kimya üzrə davam etdirib, bunun üçün çalışacağam”.
"Kimya həyatın bütün sferalarında var”
Digər müsahibimiz Nəriman da kimya fənnini çox sevir. Təsadüfi deyil ki, olimpiadadan gümüş medalla qayıdıb. Deyir ki, həyatımızda, məişətdə istifadə etdiyimiz hər bir şeydə kimya var və hər bir insanın az və ya çox dərəcədə kimyəvi biliklərə və bacarıqlara ehtiyacı duyulur: "Kimyanın insanların dünyagörüşünün inkişafında, onların bir şəxsiyyət kimi formalaşmasında rolu böyükdür. Bütün canlı və cansız varlıqların tərkibində kimya var. Bütün canlı varlıqlar kimi, insanlar da kimyəvi maddələrlə qidalanır, orqanizmlərində çox mürəkkəb kimyəvi çevrilmələr, analiz, sintez və s. kimi proseslər nəticəsində yeni maddələr əmələ gəlir. Həyatımızda, məişətdə istifadə etdiyimiz hər bir şeydə kimya var. Hər bir insan ona lazım olan həyat amilləri haqqında ilkin bilik və bacarıqları məktəbdə, daha sonralar müstəqil həyatda, istehsalatda qazanır. Kimyəvi biliklər nəticəsində şagird, insanı təbiətin kamil bir hissəsi kimi qəbul edir, bu kamilliyin nəticəsində insanın təbiət haqqındakı biliklərə malik ola biləcəyini dərk edir. Beləliklə, kimya vasitəsilə dünyanın əsas komponentlərini öyrənmək, əsas elmi metodlardan istifadə edərək, tədqiqat aparmaq və əldə edilən nəticələrə əsasən mədəni dəyərlər sistemindən istifadə etmək mümkün olur. Kimya bizə bu imkanları yaratdığı üçün bu fənni sevirəm”.
Nəriman həkim olmağı qarşısına məqsəd qoyub. Ramil dərman kəşf edəcək, Nəriman isə həmin dərmanlar vasitəsilə xəstələrə şəfa verəcək: "Kimya, fizikanı sevirəm. Olimpiadalarda da iştirak edib yer tuturam. Amma mən Ramil kimi kimyaçı olmağı planlaşdırmıram. Əsas məqsədim gələcəkdə həkim olmaqdır. Məhz insanlara şəfa vermək üçün gələcəyin tanınmış həkimlərindən olmaq istəyirəm”.
Olimpiada sinfinin şagirdləri
Ramilgilin sinfi olimpiada sinfidir. Məhz bu sahədə seçilən uşaqlar bir-birləri ilə bilmədiklərini bölüşüb, hər gün müəyyən müzakirələr aparırlar. Həmsöhbətimizin sözlərinə görə, olimpiadalarda iştirak edən təcrübəli şagirdlər özlərindən kiçiklərə gördüklərini danışır, verilən suallarla bağlı hər kəs öz mülahizəsini ortaya qoyur: "Biz dərsdə maddələri, maddələrin tərkibini, quruluşunu, atom-molekul təlimini və s. izah edir, saf maddə və qarışıqlar, bəsit və mürəkkəb maddələri xarakterizə edərək, bir-birindən fərqləndirir, maddələrin kimyəvi formuluna, valentliyinə aid məsələlər həll edirik. Xüsusən, kimya laboratoriyasında təhlükəsizlik texnikası qaydalarını öyrənməklə, zəhərli, tez alışan, bir sözlə, təhlükəli maddələrlə davranma qaydalarına aid bacarıq və vərdişlərə yiyələnərək, həyatda rast gəldiyimiz saf maddələri və qarışıqları fərqləndirərək, həyat üçün lazım olanlarının təsirini, ayırma üsullarını mənimsəyirik. Üstəlik, bu biliklərimizi də hər gün uşaqlarla müzakirə edirik. Bəzən olur ki, bir məsələdə hər kəs eyni cavabı alır, amma hamının həll yolu fərqli olur. Fərqli həll yollarını bir-birimizə izah edirik”.
"Elmdə inqilab etmək istəyirik”
Gənc müsahiblərimiz düşünür ki, bir ölkənin rifahı, gələcəyi normal təhsildən asılıdır. Məhz bu məqsədlə də təhsil alıb, özlərini inkişaf etdirib bəzilərinə çarəsi mümkünsüz görünən kəşfləri belə həyata keçirmək, ölkəni dünyada tanıtmaq üçün əllərindən gələni etmək istəyirlər: "Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Elmin vacibliyini hələ qədim zamanlardan dərk ediblər və elmdə nailiyyətlər əldə etmək üçün çalışıblar. Təbiəti öyrənib, bununla cəmiyyəti məlumatlandırmağa səy göstəriblər. Biz də təhsilimizlə gələcəkdə elmdə inqilab etmək istəyirik”.
Qeyd edək ki, olimpiada qaliblərimiz M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə imtahan vermədən ödənişsiz təhsil almaq haqqına sahib olublar. Amma Ramil deyir ki, əgər Avropa ölkələrindəki universitetə qəbul ola bilməsə, Moskva Dövlət Universitetində təhsil alacaq: "Uşaqlıqdan arzum Avropa ölkələrində tanınmış universitetlərdən birində təhsil almaqdır. Kimya elminin bütün dərinliklərini öyrənib ölkəm üçün yararlı olmaq, mühüm kəşf etmək istəyirəm”.
Müsahiblərimizin gələcək planları və hazırkı ən böyük arzuları qarşıdan gələn dünya kimya olimpiadasından qızıl medalla qayıtmaqdır.
Qeyd edək ki, məhz bu olimpiadada Azərbaycan məktəbliləri dörd qızıl, yeddi gümüş və 30 bürünc medal olmaqla, 41 medal qazanıblar.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər