• cümə, 19 Aprel, 21:46
  • Baku Bakı 24°C

Məchul qonağın xeyirxahlığı

07.10.19 10:30 3934
Məchul qonağın xeyirxahlığı
Dənizkənarı kurort qəsəbələrinin birində İsfəndiyar adında bir kişi yaşayırdı. "Yaşayırdı” sözü onun həyat tərzinə heç cür uyğun gəlmirdi. Həyat yoldaşı, bir oğul və iki qızdan ibarət beş nəfərlik ailənin çörəyi sanki daşdan çıxırdı. Artıq əlli yaşını haqlamış İsfəndiyar aciz adam deyildi. Əlindən nə desən gəlirdi. "İşin ağırı, yüngülü olmaz” – deyərdi. Deyərdi ki, hər işin öhdəsindən gəlmək olar, işin çəmini tapasan gərək. Bununla belə, çörəkpulu qazanmaq onun üçün çətin bir vəzifə olaraq qalmaqda idi. Daha nələrə əl atmamışdı. Dəmir-dümür işlərindən tutmuş, ta tikinti-söküntüyədək hara buyursan gedərdi.
Bir ara istədi ki, heç olmasa yay mövsümündə evinin bir otağını dincəlməyə gələnlərə kirayə versin. Sonra fikirləşdi ki, bunu necə etsin: beş nəfər evə güclə yerləşir. Bir tərəfdən də evinin təmirə böyük ehtiyacı vardı. Otaqların döşəməsi çürümüşdü, yağış yağanda evin dam örtüyü su damı
rdı, ümumiyyətlə təmirə xeyli xərc lazım idi.
İsfəndiyargil qəsəbənin köklü sakinlərindən idi. Qəsəbədə kökləri keçmişə gedib çıxan bir neçə nəsil qalmışdı. İndi böyük bir şəhəri xatırladan bu qəsəbə əvvəllər yüz əlli-iki yüz evdən ibarət olub. Son dövrlər isə qəsəbənin yeni sakinlərlə məskunlaşması prosesi böyük vüsət aldığından çoxmərtəbəli villaların, villa sahiblərinin bir-birindən yaraşıqlı, bahalı avtomobillərinin sayı ildırım sürətilə artmışdı. Bu səbəbdən də hazırda qəsəbənin ucu-bucağı görünmürdü. Düzdür, həmin villa sahiblərinin belə tikililəri yəqin ki, ayrı yerlərdə də az deyil. Çünki onlar qəsəbəyə yalnız istirahət və bayram günlərində gəlirdilər. İsfəndiyarın isə gözünün ağı-qarası bircə uçuq, kiçik koması vardı. Bu koma da ən yaxın villadan təxminən 100-150 metr aralıda yerləşirdi. Bu villalara kimin gəldiyindən, kimin getdiyindən xəbəri belə olmazdı. Heç maraqlanmazdı da... Nəyinə lazımdır ki?..
Bununla belə, İsfəndiyar heç də taleyindən narazı deyildi. Gecələr rahat yatırdı. Səhhətində elə bir ciddi problem yox idi. Uşaqları ağıllı-kamallı idilər. Həyat yoldaşı elə gün olmazdı ki, balalarına baxıb Allahına şükr etməsin. Lakin ailənin başçısı nəyinsə çatmadığını da anlamamış deyildi. Camaatın yaşayışı hara, onunku hara. Ətrafına baxırdı, düşünürdü,
düşünürdü... Yenə də işin ucunu bir tərəfə çıxara bilmirdi.
İsfəndiyar arabir Allahı ilə məxfi danışıqları zamanı bir az giley-güzar da edirdi: axı, bir belə çalışıb-çapalayıram... Başqa şeylərə dözmək olar, bəs bu həyət-bacanı nə edim? Bir az əl gəzdirməsəm, ev bir-iki ilə tamam dağılar ki...
İsfəndiyar adət etmişdi: işi oldu-olmadı səhər tezdən oyanardı. Tez də yerindən qalxardı. Həmişə də deyərdi ki, o qədər dərd-sərim var, yerimin içində bir az uzanıb, necə deyərlər "yer dəmi” alanda həmin dərdlər beynimi xarab edir. Buna görə də oyanan kimi tez yerimdən qalxıram. Bu gün də sübh tezdən oyanıb həyətə çıxdı. Birdən gözü yerdə parıldayan bir şeyə sataşdı. Bu nə ola bilər? Maraq onu bürüdü: axı, axşam burada belə şey yox idi. Yaxınlaşıb gördü ki, parıldayan bir qızıl "Nikolay onluğu”dur. Nəyi bilməsə də İsfəndiyar belə şeylər barədə məlumatlı idi. Əvvəllər, hələ valideynləri sağ olanda qızıl da görmüşdü, gümüş də. Axı, köhnə dövrlərdə onun doğulub boya-başa çatdığı ailə heç də pis yaşamamışdı. Anasının ziynət əşyaları indi də gözünün qabağındaydı. İsfəndiyar hələ o vaxtlar həmin bahalı bər-bəzəkləri görəndə indiki bu villa sahibləri hələ qızılın qoxusunu belə duymamışdılar. Bu düşüncələrin ardınca da, özünə ürək-dirək verirmiş kimi fikirləşdi: "Əşşi, hər igidin öz dövranı...”
Zaman keçdikcə həmin ziynət əşyaları da azalıb-azalıb qurtarmışdı. Yenidən fikri "onluğun” yanına qayıtdı: Bəs, bunu buraya, həyət darvazası bağlı bu həyətə kim gətirib? Bəlkə, məni sınamaq üçün darvazanın üstündən atıblar. Atıblar ki, görsünlər onu tapıb özümü necə aparacağam. Çox fikirdən sonra qərara aldı ki, bu barədə heç kimə bir söz deməsin, işin axırını gözləsin.
İsfəndiyar təmkinli adam idi. Həm də inanırdı ki, dünyada hələ heç bir gizlin sirr kimi qalmayıb. Heç kəs görməsə də böyük Allah hər şeyi görür, hər şeyi eşidir. Sonra da "onluğu” aparıb gizlətdi.
Səhər bu müəmma yenidən təkrarlananda İsfəndiyar burada nəyinsə - daha böyük mətləblərin gizləndiyini yəqin etdi. Hər səhər eyni yerə qoyulan bu qədim qızıl pullar "onluq”lardan ibarət deyildi. Arabir "25-lik” və digər qiymətli əşyalar da olurdu.
Beləliklə, bir müddət keçdi. İsfəndiyar nə qədər güddüsə də həmin "məchul qonağı” ələ keçirə bilmədi. Çox güman ki, "poçtalyon” öz işinin ustası idi. O, ifşa olunmasın deyə, gəliş saatlarını dəyişirdi. Bəzən axşamdan, bəzən gecəyarı, bəzən də səhərə az qalmış gəldiyindən İsfəndiyar onu tuta bilmirdi. Əlindəkini içəri atıb yox olurdu. Ev sahibini təəccübləndirən isə yerdə heç bir izin qalmaması idi. Darvaza bağlı, hasar hündür. Valideynlərinin ruhu şad olsun: yaxşı ki, imkan olan zaman heç olmasa hasarı hündür tikdiriblər.
İsfəndiyar bu minvalla bir neçə gecə tez-tez həyətə çıxıb ətrafa göz gəzdirdisə də, bir hənirti, səs eşitməyə, bir kimsəni görməyə çalışsa da səyləri bir nəticə vermədi. Bir gün qərara gəldi ki, çağırılmamış qonağı hökmən tutmalıdır.
Gündüz bir-iki saat yatdı ki, gecə çox əziyyət çəkməsin. Evin girəcəyindəki kiçik eyvanın bir küncündə, özünün bildiyi kimi, "müşahidə məntəqəsi” yaratdı. Bütün gecəni səhərədək burada keçirəcəyi üçün özünə müəyyən rahatlıq da düzəltdi. Həyətin bir küncündə atılıb qalmış köhnə bir çarpayı nəhayət ki, işə yaradı. İsfəndiyar "müşahidə məntəqəsi”ndə yerləşdirdiyi bu çarpayıda uzanıb naməlum "gecə qonağı”nı gözləməyə başladı.
Saatlar ötdükcə İsfəndiyarın hövsələsi daralmağa başladı. Nə hasardan aşan bir kimsə vardı, nə də bağlı darvazanı döyən. O, hətta belə bir yöndəmsiz işə qərar verdiyi üçün peşman olmağa başlamışdı ki, bir hənirti eşitdi. Hənirti darvazanın aşağı hissəsindən – dəmir basdırma ilə hasar daşının çulğaşdığı yerdəki kiçik dəlikdən gəlirdi. Səs gələn tərəfə boylandı: dişləri arasında nəsə tutmuş çevik bir siçovul cidd-cəhdlə həyətə soxulmağa çalışırdı. Dəlik balaca olduğundan bu iş çox çətinliklə başa gəlirdi. Nəhayət ki, içəriyə daxil olmaq imkanı qazanmış siçovul bir anlıq ətrafı gözdən keçirib qəniməti adəti üzrə həmişəki yerə qoydu və bir anın içində gözdən itdi. Ağır yükdən azad olmuş ağıllı heyvanın geriyə dönüşü bir elə çətin olmadı.
İsfəndiyarı heyrət bürümüşdü. Həyatda çox şey görmüşdü. Buna bənzər hadisələr eşitmişdi. Lakin bu gecəki olayı ağlına belə gətirməzdi. Lap mat qalmışdı: insanlar arasında gəmirici kimi tanınan, həyətlərdə toyuq-cücə qoymayan bu heyvana nə düşüb ki, hər gecə yuxusuna haram qatıb belə bir missiyanı yerinə yetirsin. Axı, mən ona, bəzi nağıllarda deyildiyi kimi, heç süd-zad da təklif etməmişəm. Bu nə yaxşılıqdır ki, bu gəmirici mənim üçün edir?
İsfəndiyar hazırkı anadək həmin qızıllardan istifadə etməyi ağlına belə gətirməmişdi. O, naməlum gecə qonağını tutub sorğu-sual etmək istəyirdi ki, ay canım, bu nə torbadır mənim başıma tikirsən?! İsfəndiyarın ağlına belə gəlməzdi ki, kimsə ona əl tutar, bir kimsə onun dərd-sərinə yanar. Öz aramızdır, axı, indi kim-kimə əl tutur? Xüsusilə dünyanın indiki çağında. İndi insanların şüursuz saydığı bu canlının hərəkətinə nə ad versin, bu hərəkəti necə qiymətləndirsin? İsfəndiyar yaxşı başa düşürdü ki, siçovulun gətirdiyi bu çox qiymətli qızıl pullar heç də onun özü kimi kasıb-kusubun pulu deyil. Axı, mənim kimi kasıb-kusubda pul, qızıl haradandır?! Yəqin bilirdi ki, siçovul həmin qızılları ətrafdakı villa sahiblərinin hansınınsa pul anbarından çırpışdırır. Özü də ədalət naminə, bunu mənim kimi kasıbın həyətinə gətirir. Bəlkə də, bu ağıllı heyvan həmin qızıllardan neçə-neçə digər kasıbların da həyətinə aparıb. Yəni, bu da böyük Allahın möcüzələrindəndir.
Söhbətin sonunun Allaha gəlib çıxdığı üçün İsfəndiyar daha bu məsələnin çözümünü uzatmağı lazım bilmədi. Allahın işinə qarışmaq olmaz! Digər tərəfdən də o, belə fikirləşirdi ki, heç siçovul da ağılsız heyvana oxşamır. Qızıllarının sayını-hesabını bilməyən villa sahibi isə bundan heç vaxt xəbər tutmayacaq. Çünki onun başı hər gün aldığı külli miqdarda rüşvətləri həmin andaca qızıla çevirməklə qarışıq olduğundan, başqa şeylər heç yadına da düşmür. Çox güman ki, o, nə pullarının sayını bilir, nə də qızıllarının hesabını... Allahın da böyüklüyü elə ondadır ki, heç kəsi incitmədən hərənin işinə əncam çəkir və hər işi ədalətli sonluğa yönəldir. Yoxsa siçovul hara, ədalət hara!
İsfəndiyar qərara aldı ki, heç kimə bir söz deməsin. Hətta evdə arvada da. Ağlı kəsməz, kiməsə danışar. Bu ona, o buna – hamı bilər. Heç kəsin bu işdən xəbəri olmasa yaxşıdır.
Bu əhvalat xeyli davam etdi. Siçovul İsfəndiyarı əməlli-başlı zəngin adama çevirmişdi. Onun gizlənc yerində xeyli var-dövlət yığılmışdı. Lakin İsfəndiyar ağıllı adam olduğundan həmin var-dövlətin bir manatına belə əl vurmamışdı. Həmişəki işi ilə - yəni fəhləliklə məşğuliyyətini davam etdirirdi. Beləcə beş-altı ay keçdi. Bundan sonra siçovul daha görünmədi. Təbii ki, "onluq”ların da arası kəsildi.
İsfəndiyar bir qədər məyus oldu. Yox! Ona görə yox ki, həyətə daha qızıl gəlmirdi. Ondan ehtiyatlanırdı ki, qızılların yiyəsi birdən bu işdən xəbər tutub tələ qurar, ədalətli və ağıllı siçovulu ələ keçirib öldürər. Lakin sonra bu fikirləri başından qovdu və düşündü ki, yəqin mənim üçün gətirdiyi var-dövlətin kifayət etdiyini düşünən siçovul indi də başqa bir kasıbın ünvanına gedir. Bu fikirlər onu bir qədər rahatlandırdı.
...İsfəndiyar bu sirri heç kəsə açmadı. Bu qədər var-dövlət onu yolundan azdırmadı. Qızılları yavaş-yavaş xırdalayıb evinin, həyət-bacasının abadlığına sərf etdi. Özü usta olduğundan işin çoxunu özü görürdü. Uşaqlar böyümüşdü. İkiotaqlı evinə daha iki otaq əlavə etdi: biri oğlunun, ikisi isə qızlarının. Uşaqlar İsfəndiyarın bu hərəkətindən çox razı qalmışdılar. Heç vaxt inanmazdılar ki, haçansa onların da hərəsinin öz otağı ola bilər. Evin özülü möhkəm olduğundan İsfəndiyar ikinci mərtəbəni də qaldırdı. Evi də, həyəti də yüksək səviyyədə təmir etdirdi.
Yarım əsrlik ömründə İsfəndiyar çox əziyyət görmüşdü. Dözülməz həyatın ağrılarını öz üzərində çox hiss etmişdi. O, istəmirdi ki, dünyada bir kimsə əziyyətlə yaşasın. Odur ki, əvvəlcə kasıb qohum-qonşulara əl tutmağa başladı. Sonra isə tanımadığı adamlardan da köməyini əsirgəmədi. Xəstəsi olana, maddi ehtiyac hiss edənə həmişə kömək edir, ona müraciət edəni naümid qoymurdu.
Heyvanlara göstərdiyi qayğı, xüsusilə siçan və siçovullara olan sevgisi evdəkiləri də təəccübləndirmişdi. Soruşanda da deyirdi ki, həmin şüursuz, dilsiz-ağılsız heyvanlar bəzi insanlardan etibarlıdır.
Fərhad Əsgərov
banner

Oxşar Xəbərlər