• cümə axşamı, 18 aprel, 08:01
  • Baku Bakı 12°C

Məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılır

23.07.16 11:46 2809
Məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılır
Bu günlərdə Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bəs sözügedən sərəncamın əhəmiyyəti nədən ibarətdir? Hazırda bu sahədə hansı problemlər mövcuddur? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov sərəncamın əhəmiyyəti barədə danışdı. O qeyd etdi ki, qaçqın və məcburi köçkün ailələri üçün mütəmadi olaraq belə sərəncamlar imzalanır, şəhərciklər salınır: "Düzdür, bu evlər müvəqqəti yaşayış məskənidir. Lakin torpaqlarımız işğaldan azad olunana qədər həmin insanların həyat şəraitini yaxşılaşdırmaq üçün belə addımların atılması çox vacibdir. Prezidentin bu haqda imzalamış olduğu bu sərəncam da mühüm əhəmiyyət kəsb edir. Yataqxanalarda və digər yerlərdə yaşayan məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün hazır evlərin verilməsinin əhəmiyyəti çox böyükdür. Çünki buna çox ehtiyac var. Həqiqətən də qaçqınların və məcburi köçkünlərin bəziləri çox ağır şəraitdə yaşayırlar. Mən özüm də bunun şahidi olmuşam. Hətta elə hallar var ki, 5-6 nəfərlik böyük ailə kiçik bir otağın içində yaşayır. Həmçinin onların kommunal xidmətləri çox pis vəziyyətdədir. Məhz bunları nəzərə alsaq, görərik ki, bu, vaxtında və düzgün verilən bir qərardır”.
V.Əhmədov deyir ki, ümumiyyətlə, Azərbaycanda qaçqın və məcburi köçkünlərə olan münasibət, diqqət və qayğıya başqa heç bir ölkədə rast gəlinmir: "Son vaxtlar başqa dövlətlərdə əksinə olaraq qaçqınlara olan münasibət xeyli pisləşib. Qaçqınlarla çox sərt və kobud şəkildə davranılır. Lakin Azərbaycanda qaçqınlar faktiki olaraq digər vətəndaşlar kimi qorunur və Azərbaycanda dövlət başçısı tərəfindən verilmiş imtiyazlardan yüksək səviyyədə istifadə edirlər. Lakin bütövlükdə götürdükdə isə hazırda Azərbaycanda qaçqınların vəziyyətini bir o qədər də pis qiymətləndirmək düzgün olmaz. Çünki ilk növbədə qaçqınlara dövlət tərəfindən müəyyən yardımlar və güzəştlər edilir. Bu yardım və güzəştlər isə müxtəlif formada həyata keçirilir. Həm kommunal xidmətlərlə bağlı, həm də digər məsələlərlə bağlı məcburi köçkünlərə xeyli güzəştlər var. Digər tərəfdən, mütəmadi olaraq qaçqın və məcburi köçkünlərə yardımlardan başqa, evlərin verilməsi, xüsusi şəhərciklərin tikilməsi ilə əlaqədar onlar ayrıca kotteclərə köçürülürlər. Qaçqınların kommunal xidmətləri də yüksək səviyyədədir”.
Millət vəkili bildirdi ki, qaçqınlar iki və üç otaqlı mənzillərlə təmin edilirlər: "O cümlədən onlar üçün nəzərdə tutulan hündürmərtəbəli bir çox binalar tikilib istifadəyə verilib. Yəni belə demək olar ki, indiki vəziyyət normaldır. 88-90-cı illərdə vəziyyət çox ağır idi. Dövlətin maddi imkanları da xeyli zəif idi. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə vəziyyət müsbət istiqamətdə dəyişməyə başladı. Dövlətimiz inkişaf etdiyi sahələrdən gəlir əldə etməyə başladı. Prezident İlham Əliyev Neft Fonduna gələn gəlirlərdən də onlar üçün xüsusi vəsait ayırdı”.
V.Əhmədov sonda qeyd etdi ki, paytaxtda hazır mənzillər olan binaların sayı kifayət qədərdir: "Demək olar ki, bir neçə aya sərəncam həyata keçirilə bilər. Lakin ola bilsin ki, təzə binların tikilməsi ilə də bağlı yeni qərar qəbul olunsun. Lakin mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki istifadəyə verilməyən binaların sayı çoxdur. Fikimcə, yaxın aylar ərzində məsələ öz həllini tapacaq”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də mövqeyini öyrənməyə çalışsaq da, iş günü ərzində qurumdan cavab ala bilmədik.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər