Mebel istehsalında yerli komponentlərdən istifadənin genişləndirilməsi imkanları müzakirə edilib
Oktyabrın 28-də
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qeyri neft
sənayesi sahələrinin inkişafı: mebel sənayesi” mövzusunda tədbir keçirilib. Tədbirdə
qeyri-neft sənayesinin müxtəlif sahələrində, o cümlədən mebel istehsalı sahəsində
fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsi iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının
tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın
genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib
ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir
texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli
və ixracyönümlü sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların
payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı
yüksəlib, beləliklə sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyri-neft sənayesinin ixrac potensialının artırılması
məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur. Qeyd
edilib ki, dövlət başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər
haqqında" 2016-cı il 18 yanvar tarixli Fərmanı və müvafiq sahələr üzrə sərəncamları,
qəbul edilmiş qərarlar qeyri-neft istehsalının artırılmasında xüsusi əhəmiyyət
kəsb edir. Bütün bunlar yerli istehsalın daha da genişləndirilməsi üçün böyük
imkanlar açır.
Sonra
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxış
edərək elmi-tədqiqatların iqtisadiyyatın inkişafında, qeyri-neft istehsalının və onun ixrac potensialının
artırılmasında əhəmiyyətini vurğulayıb.
Tədbirdə idxal
olunan komponentlərin yerli istehsalının təşkili ilə bağlı müzakirələr
aparılıb. Bildirilib ki, mebel
istehsalında lazım olan bir sıra komponentlər xaricdən gətirilir. İdxal komponentlərinin azaldılması və yerli komplektləşdirici
vasitələrdən istifadə olunması məqsədilə yerli mebel istehsalçıları ilə sənaye
müəssisələri arasında əlaqələr genişləndirilməlidir.
Tədbirdə "Embawood”
MMC, "Saloğlu” MMC, "Foriella” MMC və istehsal müəssisələrinin rəhbərləri mebel
istehsalının genişləndirilməsi, bu sahədə yerli komponentlərdən istifadə edilməsi
imkanları barədə təkliflərini bildiriblər.
Tədbir çərçivəsində
"Foriella" MMC-yə Balaxanı Sənaye Parkının rezidenti statusunu təsdiq
edən şəhadətnamə təqdim olunub.