MDB-nin Məşvərət Şurasının iclası keçirilib

MDB-nin Məşvərət Şurasının iclası keçirilib

İqtisadiyyat
14 Oktyabr 2019, 18:39 140
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda davam edən XXXII iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov gündəlikdə əksini tapan məsələlərin MDB ölkələrində əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsinin inkişafı, sosial xidmətlərin innovativ yanaşmalar, elektron texnologiyalar üzərində təkmilləsdirilməsi baxımından aktual olduğunu qeyd edib. Nazir müavini aparılan islahatların müsbət nəticələri ilə bağlı hazırkı iclasda təcrübə mübadilələrinin aparılmasının da faydalı olacağını vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Məşvərət Şurasının katibi Olqa Kremskayanın moderatorluğu ilə keçirilən müzakirələr əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar, MDB ölkələri arasında bu sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi kimi mövzuları əhatə edir.
İclas zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemləri barədə də ətraflı məlumat verilib. Ölkəmizdə sosial yardım və əlillik təyinatları, əmək müqavilələrinin qeydiyyatı üzrə elektron sistemlərin fəaliyyət göstərdiyi, bu ilin əvvəlindən pensiya təyinatı üzrə müraciət edilmədən və sənəd təqdim edilmədən, proaktiv xidmətin göstərilməsinə imkan verən avtomatlaşdırılmış mexanizmin istifadəyə verildiyi qeyd olunub. Sosial müavinətlərin də təyinatının elektronlaşdırılması işlərinin aparıldığı, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının da bu günlərdə elektronlaşdırıldığı diqqətə çatdırılıb. Ümumilikdə bu ilin axırınadək 10-dək müavinət növü üzrə təyinat mexanizminin elektron infrastruktur üzərində qurulmasının nəzərdə tutulduğu bildirilib.
Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə yaradılmış e-sistem - Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) barədə təqdimat olub. Bildirilib ki, ölkəmizdə əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv qərar qəbul edilir.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən "Yaxşı Təcrübə” müsabiqəsində ölkəmizin sosial yardım təyinatı üzrə e-sistemi kimi, əlilliyin qiymətləndirilməsi üzrə e-sistemi, yəni TSERAS da müsbət dəyərləndirilərək BSTA-nın xüsusi mükafatına, bundan əvvəl isə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının "Çempion layihə” mükafatına layiq görülüb.
Tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sistem tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və sosial sahədə xidmətlərin elektronlaşdırılması sahəsində əldə olunan belə müsbət təcrübələrin mübadiləsinin əhəmiyyətli olduğu qeyd edilib.