• şənbə, 20 Aprel, 19:10
  • Baku Bakı 24°C

MDB məkanında birinci, dünya miqyasında ikinci - Fotolar

08.01.20 18:13 9646
MDB məkanında birinci, dünya miqyasında ikinci - Fotolar
Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə ən inkişaf etmiş ölkələri qabaqlayır

Prezident İlham Əliyev Vüqar Əhmədovu "Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən enerji təminatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Dövlət başçısı son illər ərzində Azərbaycanda bu sahədə böyük işlər görüldüyünü vurğulayıb. Qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulub və ötən müddətdə buna tam nail olunub. Onun sözlərinə görə, bu gün ölkəmizin təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Prezident İlham Əliyev keçən il ölkəmizin elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait əldə etdiyini də dilə gətirib. Bildirib ki, bütün bu işlərin təməlində generasiya güclərinin yaradılması dayanır. Dövlət başçısı deyib ki, son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib.

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun bu sahədə görülmüş işlərə çox yüksək qiymət verdiyini xatırladıb: "Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Əlçatanlıq bu deməkdir. Yəni ki, insanların, müəssisələrin enerjiyə əli çatır və bu əmsala görə biz dünyada ikinci yerdəyik. Bax, budur bizim gördüyümüz işlərin nəticəsi. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik. Həm "Azərenerji”, həm də "Azərişıq” qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcıllıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır”.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, energetika sahəsi geniş anlam kəsb edir. Onun fikrincə, heç bir mübaliğəyə yol vermədən, müqayisəli şəkildə təhlil aparanda Azərbaycanın XXI əsrin energetika siyasətinə korrektələr verdiyi dərhal hiss olunur: "Əhalisi bizdən on dəfələrlə çox olan ölkələrin hər hansı biri deyil, məhz Azərbaycan düzgün qurulan neft-qaz strategiyası ilə böyük siyasətin aparıcı elementi sayılan energetika siyasətinə XXI əsrdə korrektələr verir. Bu, bilavasitə neft və qaz siyasəti vasitəsilə həyata keçirilir. İkinci vacib məqam ondan ibarətdir ki, müəyyən təzyiqlərə və sairə baxmayaraq, Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün XX əsrin ən böyük layihələrinin həm həmmüəllifi, həm də müəllifidir. Bu Azərbaycanın energetika sahəsində korrektələr verməklə söz sahibi olması, müsbət mənada yaxşı oyunçuya çevrilməsi, digər aparıcı dövlətlərin ölkəmizə hörmət bəsləməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Növbəti mərhələ bunun kommersiya tərəfidir. Azərbaycan kommersiya xarakterli maraqların reallaşdırılmasında iştirak edir, neft və qazını satır, kifayət qədər gəlir götürür”.

Millət vəkili deyib ki, neft-qaz infrastruktur layihələrinin reallaşdırılması vasitəsilə Azərbaycan Gürcüstan və Türkiyə timsalında strateji tərəfdaşlığın yeni mərhələsinə keçid istiqamətində mühüm addımlar atır: "Artıq TANAP-ın Avropa sərhədinə çatması, TAP-ın isə 90 faiz yerinə yetirilməsi də önəmli hadisədir. İnşallah tezliklə TAP-ın 10 faiz hissəsi də yerinə yetiriləcək. Bu, Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi məsələsinin həllinə Azərbaycanın fikirdə, sözdə və əməldə töhfəsidir. Avropanın müəyyən hissəsinin qazla təchizatında Azərbaycan mühüm rol oynayacaq. Bunun qarşılığında Azərbaycan Avropa dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizin ərazi bütövlüyünə fikirdə, sözdə və əməldə dəstək verməsini arzulayır. Avropa dövlətləri bununla bağlı sənədlərə atdıqları imzalara hörmət etməlidirlər. Bilavasitə elektrik enerjisinə gəlincə, Azərbaycan bu sahədə elektrik enerjisi istehlak edən ölkədən ixrac edən ölkəyə çevrilib. Texniki tərəqqi ilə əlaqəli olan sənaye məhsulu baxımından bu, xüsusi diqqət çəkir. Azərbaycan xam neft, kimya və kənd təsərrüfatı məhsulları ilə bərabər, elektrik enerjisinin də ixracatçısına çevrilib. Son dövrlər ölkəmizin elektrik enerjisi hasilatında yeni güclərin istifadəyə verilməsi indiki məqama gəlib çıxmağa səbəb olub. Azərbaycan bu sahədə indikindən qat-qat artıq elektrik enerjisini ixrac etmək, bundan daha böyük gəlir əldə etmək potensialına sahibdir”.

İqtisadçı ekspert Pərviz Heydərov da vurğulayıb ki, ölkəmizdə elektroenergetika sahəsində son vaxtlar çox işlər görülüb və görülməkdədir. Onun sözlərinə görə, xüsusilə 2018-ci ilin yayında baş verən məlum qəzadan sonra sözügedən sahəyə diqqət daha çox artıb: "Məsələ bundadır ki, bundan əvvəl də elektroenergetika sahəsinə böyük diqqət yetirilirdi, vəsaitlər xərclənirdi. Ancaq məlum qəza hadisəsi göstərdi ki, bütün bunlar tamamilə əsassız yerə sərf olunub. Ümumiyyətlə, son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılmış, bir çox elektrik stansiyaları inşa edilmiş və Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilmişdir. Lakin, əslində, daha böyük nəticələrə də nail olmaq mümkün idi. Mingəçevir İstilik Elektrik Stansiyasındakı o məlum hadisə göstərdi ki, mövcud potensial heç də düzgün qiymətləndirilməyib. Məlumdur ki, Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır. Lakin bu, əsas etibarilə neft və qaz resurslarına görədir. Ölkəmiz dünya bazarlarına neft ixrac edir və artıq, neçə illərdir ki, buna qaz da əlavə olunub. Bu ildən Avropaya da qaz ixrac etməyə başlayacağıq. Halbuki, vaxt var idi, qazı Rusiyadan alırdıq. İndi bu sıraya elektrik enerjisi də əlavə olunub. Belə ki, elektrik enerjisi sahəsində də ixrac imkanının ortaya çıxması ölkəmizi daha geniş çeşiddə enerji ölkəsi kimi tanınmasını möhkəmləndirir. Bu, çox böyük nailiyyətdir və Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artdığı deməkdir”.


İqtisadçı ekspert bildirib ki, Azərbaycan xeyli vaxtdır elektrik enerjisi ixrac edir: "Sözügedən sahədə mövcud potensial ixrac trayektoriyasını getdikcə, genişləndirməyə yol açır ki, bu da ölkədə elektrik enerjisi istehsalı ilə bağlı genişmiqyaslı investisiya və modernləşdirmə işləri aparıldığından daxili istehlakdan doğan tələbatdan çox enerji istehsal olunması ilə əlaqədardır. Belə ki, stansiyaların potensialı fasiləsiz olaraq gücləndirilir. Bütün bunlar isə əlavə enerji gücü əldə etməyə şərait yaradır. Məsələn, "Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisə idi. Gücü 400 meqavat olan stansiya ölkəmizin enerji potensialını xeyli artırdı. Şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir. Bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Qənaətcildir və faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edəcəkdir”.

P.Heydərov deyib ki, ölkənin elektrik enerjisi ilə təminatı məsələsi iqtisadiyyatın təhlükəsizliyinə aid məsələdir: "Hər bir varlığın və hərəkətin kökündə enerji dayandığı kimi, iqtisadiyyatın da əsasında enerji ilə təminat məsələsi durur. Odur ki, iqtisadiyyatı inkişafda olan hər bir ölkədə elektrik enerjisi istehsalı fasiləsiz artmalıdır. Onun dayanıqlı olması isə ümumiyyətlə, ən vacib məsələdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər