MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib
Mayın 29-da MDB Hökumət Başçıları Şurasının
videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan Respublikasının
Baş Naziri Əli Əsədov iştirak edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə,
MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini
müzakirə ediblər, 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsini
nəzərdən keçiriblər. Şura üzvləri, həmçinin koronavirus (COVID-19)
infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə dair fikir mübadiləsi
aparıblar.
İclasda çıxış edən Azərbaycanın Respublikasının Baş
Naziri Əli Əsədov gündəliyə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunub. Baş
Nazir koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, mövcud vəziyyətdə
iqtisadiyyatın sabitliyinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin
sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi
məqsədilə ölkəmizdə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Bu xüsusda
MDB-yə üzv dövlətlər tərəfindən pandemiyaya qarşı birgə səylərə dair qəbul ediləcək
qərarın önəmini vurğulayıb.
Baş Nazir Əli Əsədov nəqliyyat sahəsinə
investisiyaların yatırılması nəticəsində ölkəmizdə müasir nəqliyyat
infrastrukturunun yaradıldığını, bu infrastrukturun onlarla ölkəni birləşdirən
Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında, həmçinin
pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasında və beynəlxalq
yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində böyük rol oynadığını qeyd
edib.
Ölkəmizin həm Birlik çərçivəsində, həm də beynəlxalq
səviyyədə humanitar sahədə əməkdaşlığa böyük önəm verdiyi də qeyd edilib.
Çıxışının sonunda Azərbaycan Respublikasının Baş
Naziri MDB məkanında həll edilməmiş münaqişələr məsələsinə toxunub, bunun regional
əməkdaşlığın və MDB məkanında daha sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə
başlıca maneə olduğunu bildirib.