• şənbə, 20 Aprel, 14:26
  • Baku Bakı 23°C

MDB-də birinciyik

08.04.20 17:53 1519
MDB-də birinciyik
Koronavirusla bağlı aparılan test sayına görə Azərbaycan hətta bir sıra Avropa ölkələrini də qabaqlayır
Ümumdünya Səhiyyə Təşkilatı son açıqlamasında COVID-19-la bağlı bir çox müəmmalı məqamların olduğunu söyləyib. Bu səbəblə hələ də koronavirusla mübarizədə əsaslı nəticələr əldə edilmir: "Bu virus yenidir. Dünya bu vaxta qədər belə bir virusla qarşılaşmamışdı. Bilinməyən və olduqca təhlükəli virusdur. Xəstəliyin sürətlə artmasından narahatıq".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə mühüm amillərdən biri müayinələrin düzgün aparılması və xəstəlik hallarının zamanında aşkarlanmasıdır. Koronavirusla bağlı müayinə sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birinci yerdədir, hətta bir çox Avropa ölkələrini qabaqlayır.
Əslində, virusun dünya ölkələri arasında yayıldığı gündən ölkəmizdə görülən tədbirlər deyilənlərə bariz nümunədir. Xüsusilə də karantin rejiminin tətbiq edilməsi əhali arasında yoluxma sayını minimuma endirir. Bundan başqa, səhiyyə sisteminin də ciddi rejimlə işləməsi, müayinələrin vaxtında və düzgün aparılması koronavirusla bağlı statistik rəqəmlərin sürətli şəkildə artmasının qarşısını alır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Azərbaycanda koronavirusla mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır: "Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus ilə mübarizənin effektiv nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib vaxtında aşkarlanması çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın mövcud tibbi infrastrukturu koronavirusla effektiv mübarizə aparmağa imkan verir. Bunun üçün ölkəmizdə geniş imkanlara malik laboratoriyalar var. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. Aprelin 7-ə olan məlumata əsasən, Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir”.
Komitə sədri vurğulayıb ki, ölkədə əhalinin koronavirusa dair müayinəsi ilə bağlı tədbirlər davam etdirilməkdədir: "Yeni laboratoriyalar qurulur, tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Görülən bütün bu işlər bir daha təsdiq edir ki, Azərbaycan dövləti koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir”.

Azərbaycanda daha çox sayda insanın koronavirusa yoluxmaması və onların sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür deyən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin sözlərinə görə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması bir çox ölkələrlə müqayisədə o qədər də geniş vüsət almayıb: " Lakin bu o demək deyil ki, xəstəlik Azərbaycanda geniş vüsət ala bilməz və ölkəmiz bu məsələdən sığortalanıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Ancaq Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib ki, vətəndaşlarının sağlamlığını təmin etsin. Dövlətimiz yalnız ölkə daxilində deyil, ölkədən kənarda olan 15 minə yaxın Azərbaycan vətəndaşının da təxliyəsini təşkil edərək, onların sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirib”.
Ölkəmizdə ən müasir xəstəxanaların koronavirus xəstələrinin müalicəsi ilə məşğul olmasını da müsbət amil kimi dəyərləndirən C.İsayev əlavə edib ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur: "Yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqlarla təchiz ediləcək. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin onun sağlamlığının qorunması üçün gördüyü işlərə dəyər verərək, özü də sağlamlığının qorunması üçün məsuliyyətli olmalı və dövlətin qoyduğu qadağalara əməl etməlidir. Biz yalnız bu yolla xəstəliyin geniş vüsət almasının qarşısını ala bilərik. İnsanlar məsuliyyətli olmalı, nizam-intizamı, qaydaları pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar. Biz həm milli birlik, həmrəylik, həm də məsuliyyət nümayiş etdirməliyik”.

Politoloq Şəbnəm Həsənovqeyd edib ki, xəstəlik olduqca sürətli və geniş yayıldığı üçün COVID-19-la bağlı testlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər də infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Belə ki, əgər infeksiyanın müəyyən olunduğu ilk günlərdə Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud sayda testlər alırdısa, sonrakı mərhələlərdə ölkəmiz özü kifayət qədər testlər aparmağa başladı. Başlanğıc mərhələdə əgər Azərbaycanda 200-300 test keçirilirdisə, indi gündəlik müayinələrin sayı mini ötüb. Elə bu səbəbdəndir ki, yoluxma hallarını müəyyənləşdirib, qarşısını almaq üçün imkanlar da genişlənib”.
Politoloq vurğulayıb ki, bu gün ölkəmizdə ən müasir standartlara cavab verən tibbi laboratoriyalar mövcuddur: "Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Bu da əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayının 5 262 nəfər təşkil etdiyini göstərir. Ermənistanda COVID-19-la bağlı 4 929 müayinə həyata keçirilib ki, bu da əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayının 1 663 nəfər təşkil etdiyindən xəbər verir. Bu statistik rəqəmlər müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və hətta bir çox Avropa ölkələrini də qabaqladığını göstərir. Belə ki, Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilibsə, Yunanıstanda bu rəqəm 25 453, Finlandiyada isə 32 800-dür. Bu isə bir daha onu sübut edir ki, Azərbaycan dövləti əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işləri tam nəzarətində saxlayır və bu istiqamətdə işlərə fasilə verilmir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər