AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Möcüzə“ reytinq gətirəcək

“Möcüzə“ reytinq gətirəcək

Mədəniyyət
02 Noyabr 2012, 16:17 1462
Noyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində estrada müğənnisi Murad Sadıx "Möcüzə" adlı mahnısına çəkdirdiyi klipi media nümayəndələrinə təqdim edib. Murad klipin yaradıcı heyəti ilə birlikdə jurnalistlərə ərsəyə gətirdikləri ekran işi barəsində məlumat verib.
Sözügedən klipdə Murad fiziki qüsurlu oliqarx obrazını canlandırıb. Xanımlardan biri insanlığına, digəri var-dövlətinə görə onunla münasibət qurur. İkinci qız onun əlil olduğundan xəbər tutana qədər çox bahalı hədiyyələrlə mükafatlandırılır. Amma ilk görüşdə həqiqəti bilincə istəyindən vaz keçir. Təsirli süjet xəttinin sonu oliqarxın pak sevgisini qoruyub saxlayan qıza sədaqətini göstərməsi ilə bütünləşir.
Rejissoru Ramil Ağasıyev, operatoru Fərid Yusifoğlu olan ekran işi jurnalist İlhamə Novruzovanın təşəbbüsü ilə millət vəkili Qənirə Paşayeva tərəfindən Murad Sadıxa hədiyyə edilib.
Qeyd edək ki, təqdimat mərasiminə fəxri qonaq kimi dəvət olunan millət vəkili Qənirə Paşayeva da Murad Sadıxı təbrik etdi.
Tədbirin sonunda M.Sadıx fikirlərini qəzetimizlə bölüşdü: “Çox xoşbəxtəm ki, ətrafımdakı yaxşı dostlar mənə dəstək olurlar. Bu klipin ərsəyə gəlməsində mənə köməklik göstərən bütün insanlara minnətdarlığımı bildirirəm, xüsusən də çox sevdiyim millət vəkili Qənirə Paşayevaya. Klipi çox bəyəndim, klipin rejissoru Ramil Ağasıyevi uzun müddətdir tanıyıram, əl işinə də bələdəm. Düşünürəm ki, bu klip mənə reytinq gətirəcək”.
Yeni mahnılar yazdırmağa davam etdiyini deyən M.Sadıx onlar hazır olduqda tamaşaçılara təqdim ediləcəyini dedi. M.Sadıx mahnının sözlərini yazan Sevinc Şirindən “Möcüzə” kimi yeni şeirlər gözlədiyini də qeyd etdi: “Sevincin yazdığı şeirlər uğur qazanır, çünki yazarkən insanları düşündürməyi bacarır”.
Söhbətimizə Sevinc Şirin də qoşuldu: “Şeiri yazarkən heç ağlıma belə gəlməzdi ki, bu sözləri Murad Sadıx oxuyacaq və onun ifasında mahnı seviləcək. Üstəlik də, düşünməzdim ki, mahnı hazır olduqdan sonra, bu sözlərə bəstələnən mahnıya böyük maliyyə dəstəyi olacaq və bir ildən sonra klip çəkiləcək. Şeirlərimə bəstələnən mahnılar uğur qazanır, düşünürəm ki, bu mənim onları müğənnilərə təqdim edərkən pozitiv enerjili olmağımdan irəli gəlir. Şeiri müğənnilərə təqdim edəndə onun maddi tərəfini fikirləşmirəm, “bismillah” deyib yazıram”.

Xəyalə Rəis