• cümə, 29 Mart, 17:16
  • Baku Bakı 14°C

«Maydanda qan axıdılan kimi mən şeir yazdım»

28.06.14 11:51 1878
«Maydanda qan axıdılan kimi mən şeir yazdım»
«Mən həmişə olduğu kimi vətənim üçün darıxmışam»- deyən 81 yaşlı Yevgeni Yevtuşenko «Mən öz həyatımı oxucularla ünsiyyətsiz təsəvvür etmirəm. Ona görə Rusiyaya gələn kimi insanların arasına düşürəm”-eyir. Böyük şair Tver, Vladimir, Bryansk, Tomskda... olur. Moskvada müxtəlif yerlərdə çıxışlar edir.
Bu günlərdə isə o, 5 saata yaxın «Komsomolka»nın redaksiyasında olaraq oxucuların və jurnalistlərin suallarını cavablandırıb.
Əgər şair konkret adamı xilas edə bilmirsə
- Dövlət Dumasındakı çıxışınız maraqla qarşılandı?

- O görüşün mənimçün tarixi mənası var. Ora mənim çox xoşuma gəldi. Dövlət dumasının sədr müavini Lyudmila Şvetsova mənim şeirlərimi əzbərdən söylədi. Çox gözəl söhbətlər oldu. Çoxlu cavan üzlər görmək də maraqlı idi. Gənclər ədəbiyyatla və öz ölkələrinin tarixi ilə maraqlanırlar. Çünki ədəbiyyat – ən yaxşı tarixdir.
- Yevgeni Aleksandroviç, sizin rəhbərliyiniz altında “Rus poeziyasının antologiyası” nəşr olundumu? Onu hardan tapmaq olar?
- 1-ci və 2-ci cildlər nəşr olunub. Onlar çox ağırdır – hər birisi 2 kiloqram. Artıq böyük kitab mağazalarında satılır. İndi Axmatova ilə qurtaran üçüncü cild çıxır. Buna oxşar nəşr heç vaxt olmayıb.
- «İlk qadın» şeiriniz – bu, sizin tərcümeyi-halınızda faktdır, yoxsa həyatınızda olan bütün qadınların və həyat yoldaşlarınızın ümumiləşmiş obrazıdır?
- O şeirdə heç nə uydurulmayıb. O mənim tərcümeyi-halımın real faktıdır. Şeirdə də hər şey olduğu kimi yazılıb. Şeirin qəhrəmanı yazıldığı kimi idi. Mən onu aldatdım, özümü elə göstərdim ki, ondan ayrılmaq daha dəhşətlidir. O vaxt aramızda nə olmuşdusa, o, bunu günah hesab edirdi. Ancaq bu, belə deyil. Mən heç bir günaha batmamışdım. Bu qadının mahiyyətinin dərkinin gözəl tarixçəsi idi. Mənə nədənsə elə gəlir ki, həmin o qadın indi qocalıb və sağdır.
- «Hərbçilərin toyu» bu, Krasnoyarsk altında 1942-43-cü illərdə evakuasiya zamanı yazılan şeirdir. Müharibə dövrünün insanlarına bu hisslər çox tanışdır.
- Bu şeir toy gecəsi cəbhəyə yollanan əsgərlər haqqındadır. Hətta bu, bir çox qadınlar üçün yeganə gecə olub. Bəzilərində isə, təsəvvür edin ki, bu gecə də olmayıb. Qızlar – dul qadınlar müharibənin yaratdığı dəhşətlər idi. Mən belə bir faciəli toya düşəndə hesab etdim ki, şairin qarşısında duran ilk tapşırıq «Mən qorxuram. Oynamaq olmaz, amma oynamalıyam”dır. Əgər şair konkret adamı xilas edə bilmirsə, heç olmasa onun iztirablarını yüngülləşdirməlidir.
- Siz əvvəllər Lenin haqqında yaxşı yazırdınız.
- Mən böyük bir həyat yaşamışam. Həyatda buqələmun adamlar var. Onlar tarixin müəyyən dövrlərində istədikləri kimi hərəkət edirlər. O cür adamlara hörmətim yoxdur. Ancaq insanı təkamül hüququndan qoparmaq olmaz. Bu, hansısa ideallara xəyanət demək deyil. Məsələn, mən o vaxtdan bəri sonuncu sosialist idealistlərdən biri kimi qalıram. Bu inam məni Stalinin öyrətdiyi cinayətlərlə sarsıda bilməz. Lenin də həmçinin. Vaxt vardı ki, Lenini Stalinə qarşı qoyurduq. Fikirləşirdilər ki, Lenin xeyirxah baba idi, amma Stalin ona xəyanət edib. Birdən arxivlər açıldı və biz gördük ki, sən demə, siyasi məhbusların həbs düşərgələrinin yaranması haqqında qərar Stalinin vaxtında yox, məhz Leninin vaxtında imzalanıb. Həmçinin Stalin də tamamilə günahsız insanların haqqında çoxlu ölüm hökmləri verib. Bütün bu yeni biliklər bizim dünyagörüşümüzə təsir etməyə bilməz.
Sizə söz verirəm ki...
- Hazırda insanları Ukraynada baş verənlər narahat edir. Siz bununla bağlı nəsə yazacaqsınız?

- Maydanda qan axıdılan kimi mən şeir yazdım. Sonra isə “Demək olar ki, yuxu” adlı növbəti şeirimi yazdım. O şeir Ukraynanın və Rusiyanın demək olar ki, bütün qəzetlərində çap olundu. Bu, Ukrayna əsgərlərinin (belə epizod Krımda olub) rus hərbçiləri ilə necə görüşməsi ilə bağlıdır. Onlar ümumi dil tapanda bir-birlərini güllələməyiblər, sadəcə, əl sıxaraq ayrılıblar. Əlbəttə, istərdik ki, həmişə belə olsun. Amma təəssüf ki, tarix başqa yolla gedir. Əlbəttə, mən Ukraynada qan axıdılmasına görə əzab çəkirəm. Hətta, mənim damarlarımdan ukraynalı qanı axmasa da, mən bir rus insanı kimi narahatam. Ona görə ki, aramızda bölünməyən nələrsə var. Bununla belə, inanıram ki, biz ürəyimizdə və ağlımızda olan insani münasibətlərimizə qayıdacağıq.
- Siz sülh göyərçini olub bizi Ukrayna ilə barışdırın. Bunu yalnız siz edə bilərsiniz.
- Mən sizin sözlərinizi yadda saxlayaram. Sizə söz verirəm ki, gücüm daxilində olan hər şeyi edəcəyəm.
- Şeirlərinizin sevilməsinin səbəbini tapmısınız?
- Mən 96 ölkədə olmuşam. Tale məni hara atmayıbsa, məni orda da tanıyıblar. Necəsə orada da mənim oxucularım tapılıb. Heç olmasa bir nəfər. Tamamilə gözlənilməz oxucular peyda olub. Misal gətirim: Mariya ilə evlənəndən sonra Parisə getdik. Mən orada olsam da, Maşa olmamışdı. Biz Eyfel qülləsinə getdik. Körpüdən keçdik. Hava dumanlı idi, adamlar da çox idi. Birdən hündür bir afrikalı ilə qarşılaşdıq. O, dəbdə olan şarf bağlamış və palto geyinmişdi. Birdən addımlarını sürətləndirdi və bizə tərəf qaçmağa başladı. O məni qucaqlayıb nəsə deyirdi. Mən heç nə başa düşmürdüm. Baxmayaraq ki, azca fransız dilində bilirəm. Sonra o, pul kisəsində saxladığı kağızda yazılan «Körpüdə» şeirimi oxudu. Heyrətamiz idi. Mən təxminən 20 il əvvəl Parisdə olmuşdum. Çox böyük həvəslə məşhur fransız şairlərinin şeirlərini oxumuşdum. Bu afrikalı o zaman tələbə idi. O, mənim Sarbonoda olan görüşümdə iştirak edib. İndi isə Seneqalda memar işləyirdi. O, mənə dedi ki, o vaxtdan bəri bu şeiri özü ilə gəzdirir.
Sonra biz Maşa ilə doğma Petrozavodska gəldik. Onun rəfiqəsi ilə gəzirdik. Kanala bir insanın düşdüyünü gördük. Onu xilas etmək lazım idi və biz bunu etdik. Birdən o: «Yevgeni Aleksandroviç, mənim sevimli şairim» deyib bir şeirimi oxumağa başladı. Ona görə də Maşa həmişə mənə deyir ki, sənin bəxtin onda gətirib ki, körpüdə rastlaşdığın afrikalı, kanala düşən o adam kimi oxucuların var.
- Sizcə uzun illərin incikliyini necə bağışlamaq olar?
- Bu inciklik görünür, kişilər tərəfdən olub. Bilirsinizmi, bir-birimizi ittiham etdiyimiz əksər incikliklər hansısa ədavət üzündən baş vermir. İnsanlar yorulur, hərdən özlərinin qıcıqlarından azad olmaq istəyirlər. Ona kim yaxındırsa, bunu ona qarşı edirlər. Mənim həyatımda bu, daha çox Maşaya qarşı olur. Baxmayaraq ki, mən ona pərəstiş edir və sevirəm. Ona görə düşünün, əgər bu inciklik qəsdən olmayıbsa, təsadüfdürsə, onu bağışlayın və bunu ona heç vaxt xatırlatmayın. Əgər insan sizi qəsdən incidibsə, ondan yüksəkdə olun və özünüzü incitməyə şərait yaratmayın. O, buna layiq deyil.
- Sizin «Rusiyada şairlər «şair»lərdən çoxdur» şeiriniz çox məşhurdur. Bizim ölkəmizdə şairlər kimdir? Ölümə məhkumlar, yoxsa əcdadlar?
- Bizdə ölümə məhkum olan şairlər olub. Təəssüf ki, bunu dəyişmək mümkün deyil. Biz sadəcə onları xatırlayırıq, şeirlər söyləyirik və onları yaşadırıq. Əgər onlar bizdə yaşayırlarsa, demək, şeirləri də yaşayır. Onlar bizim vicdanımızın bir parçasına çevrilirlər. Hətta, mən deyərdim ki, xalqın milli vicdanına çevrilirlər.
Xoşbəxtlikdən hər şey başqa cür oldu
- Moskvadan 607 saylı məktəbdə oxuduğunuz illər yadınızdadır?

- Mən o məktəbi yaxşı xatırlayıram. Məni o məktəbdən qovdular. Guya aldığım pis qiymətə görə sinif jurnalını yandırmışdım.
- Məgər siz yandırmamışdınız?
- Yox, bunu başqası etmişdi. Sonradan özü etiraf etdi. Amma məktəbin cəbhəçi direktoru pedaqoji səhv etdi. Çünki o, ürəkdən yox, məntiqdən çıxış etdi. Mən həmin gün iki «2» almışdım. Direktor da fikirləşdi ki, mən jurnalı qiymətimə görə yandırmışam. O mənim bütün sinif qarşısında üzr istəməyimi tələb etdi. Boynuma almayanda məni qorxaq adlandırıb məktəbdən qovdu. Bu hadisə Stalin vaxtında - 1948-ci ildə olmuşdu. Məni bundan sonra heç yerə götürmədilər. Xoşbəxtlikdən hər şey başqa cür oldu. Mən geoloji kəşfiyyat ekspedisiyasına getdim. Altayda, Qazaxıstanda heç vaxt görmədiyim şeyləri gördüm. O vaxt özümün balaca yazı maşınım vardı. Şeirlərimi onda yazırdım.
- Siz hazırkı həyat yoldaşınız Mariya ilə necə görüşmüsünüz?
- İnsanı öz həyat yoldaşlarına görə mühakimə etmək olar. Mənim bir neçə həyat yoldaşlarım olub. Hamısı da ləyaqətli olub (Yevgeniy Aleksandroviç rəsmən 4 dəfə evlənib. Birinci arvadı Bella Axmadulina, ikincisi, Qalina Sokol-Lukonina, üçüncüsü irlandiyalı Cen Batler, nəhayət dördüncü Mariya Vladimirovna Novikova). Budur, Maşaya baxın, tamamilə aydındır ki, o, pis adamın arvadı ola bilməz. Bağışlayın ki, mən onun vasitəsilə özümə kompliment deyirəm. Mənə heç vaxt onunla darıxdırıcı deyil.
Mən Petrozavodskda telestudiyada oturub kitab imzalayırdım. Hətta, adamların üzünə də baxmırdım. Sonra… əl gördüm və dərhal aşiq oldum. O dedi ki, “bu, mənim kitabım deyil, anamın kitabıdır, xəstə olduğundan imzalanması üçün məni göndərdi”. Sonra da «Mən ümumiyyətlə, Okudjavanı sevirəm» dedi. Sonra mən maşınla gedəndə yolda onu gördüm. Maşını saxlatdırıb onu yola salmağı təklif etdim. Ancaq o, imtina etdi. Dedi ki, ekskursiyası var. O, ekskursiyaya gələnlərlə işləyirdi. Sonra mən turbüroya zəng vurub onun adını dedim və telefonunu istədim. Başqa Maşa gəldi, mən çox kədərləndim. Sonra isə zəng vurub onun nömrəsini verdilər. O vaxt Maşanın 23 yaşı vardı, mən ondan 30 yaş böyük idim. Onunla keçmişdə köhnə həbsxana olan qazamat restoranda görüşdüm. O, mənə dedi ki, sən öz ailəni xilas etməlisən. Mən cəhd etdim, ancaq alınmadı. Sonra mən ona Amerikadan zəng vurdum. Dedim ki, çox bədbəxtəm, heç kimlə görüşmürəm. Onun mənə yazığı gəldi və görüşməyə hazır olduğunu dedi. Biz iyulun 5-də görüşdük və 31 dekabrda evləndik. Maşa gözəl qadındır. O, məni müxtəlif nikahlardan olan uşaqlarımla bağlayır. Onlar hamısı bir-birini tanıyır, dostluq edirlər. O, məni çox ağır xəstəlikdən xilas etdi. Bir ildə 8 əməliyyat keçirdim. Baxmayaraq ki, Maşa özü məktəbdə işləyir, gününün çoxunu hospitalda keçirtdi. O, məni çətin dəqiqələrimdə tək qoymadı. Mən ona kədərli şeirlərimdən birini həsr etdim. Onun mənə, uşaqlara, işə nə qədər güc sərf etdiyini görüb onun səbrinin və cəsurluğunun qarşısında baş əydim.
Tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər