Mayakovski teatrının Bakı “oyunları”...
Öncə qeyd edim ki, Moskvanın məşhur Mayakovski
teatrı 17-20 noyabr tarixlərində Bakıda, Rus Dram Teatrının səhnəsində qonaq
oldu. Dəyərli qonaqların sözün əsl mənasında səhnədə göstərdikləri
"performans”ın yazıya alınmağa mənəvi haqqı var. Beləliklə...
Mayakovski teatrı bakılılara ilk olaraq dahi rus
yazıçısı N.V.Qoqolun "Evlənmə” pyesi əsasında Rusiyanın xalq artisti Serqey
Arçibaşevin (1951-2015) quruluş verdiyi eyniadlı tamaşanı təqdim etdi. Xatırladım
ki, premyerası 2002-ci ildə baş tutmuş "Evlənmə” tamaşası 2002-2011-ci illərdə
Mayakovski teatrnın bədii rəhbəri olmuş Serqey Arçibaşevin sözügedən teatrda ilk
rejissor işidir.
Qoqol pyeslərinə, xüsusilə
də "Evlənmə” əsərinə müraciət bir çox teatrlar üçün o, cümlədən Bakı teatrları
üçün də ənənəvi haldır. Qoqolun "Evlənmə”si konstruksiyasına görə elə özü bir
oyundur, hazır tamaşadır. Qonaq teatr bu pyesi xarakterlər komediyası kimi
oynamaq qərarı vermişdi. "Tamaşa içində tamaşa” uğursuz adaxlıya tapşırılmışdı.
Hər bir obraz sovet dövrü Qoqol ülluziyalarının məcmuəsini xatırladan
karikaturaya qədər ifratlaşdırılmışdı, gəlinlə görüş səhnəsi isə bədii özfəaliyyət
konsertini xatırladırdı. İqor Oxlupin saitləri uzadır, qarnını qaşıyır və fokus
göstərirdi. Aleksandr Lazarev gözlərini bərəldir, səndəlləyərək gəzir və lentlə
idman rəqsi nümayiş etdirirdi. Ramzes Cəbrayilov temperamentli şəkildə nərildəyir,
çömbəlirdi. Bu üçlüyə öz səsini məşq etdirərək Svetlana Nemolyayevanın qudası
da qoşulurdu. Bir sözlə canlı teleperson həvəskarlarına faydalanmağa nəsə vardı.
Qoqolun adına mistika
qoşmaq artıq dəb olub. Hesab etmirəm ki, qoqolsevərlərin çoxu Mayakovski
teatrını ziyarət etsin. Lakin "Evlənmə” tamaşasında məlum azlığın tələbləri nəzərə
alınıb. Əlbəət ki, burada müəmma azdır və bu qisim üçün Mixail Flippovun
Koçkaryovu və səhnəni güzgülərlə qış bağçasına çevirmiş rəssam Oleq Şeynits
cavabdehdirlər. Güzgülərdə Aqafya Tixonovaya adaxlıların surəti görünür və
oradan həyasızcasına qudurmuş Koçkaryov Aqafyanı ərə gəlməyə razı salır,
finalda isə İqor Kostelavski-Podkolesin güzgünün içinə atılır.
Ona və gəlin rolunu ifa edən
Evgeniya Simonovaya tamaşanın üçdə birini təşkil edən lirik, qəmli hekayə həvalə
olunmuşdu. Bir vaxtlar Anatoli Efros belə, Qoqol komediyalarını kiçik tənha
insanlar haqqında qəmli hekayə kimi təqdim etməyin mümkünlüyü fikrini irəli
sürmüşdü. İndi Kostelavski və Simonova
xoşbəxtliyin gec tapdığı və tez də tərk etdiyi həmin kiçik insanları təxmini oynayırdılar. Təxmini deyirəm, çünki Arçibaşevin "Evlənmə”sində
lirika özünün inandırıcı səviyyəsinə çatmayıb, əksinə qəhrəmanların hər fürsətdə
oxumağa can atdıqları rus romansları antologoiyası sayəsində zəiflədilmişdir.
Tamaşa roman melanxoliyası və şamlarla çərçivələnmişdir. Lirik mövzu rejissor
üçün əsas olmuşdur. Əvəzində isə komediya ağlasığmaz intermediyalarla bəzədilib.
Quda özünü fikusa bənzədir, Lazarev və Cəbrayilov birlikdə Alya Pat və Pateşon
cütlüyünü xatırladırlar. Qızgördü səhnəsində Yaiçnitsa yumurta və cücə ilə
fokus göstərir, Jevakin "Yablocko” rəqsi oynayır, Podkolesin şeir oxuyur.
Aqafya Tixonova özü isə avansçenada qu quşu tək süzür və adaxlıları duzlu
xiyara qonaq edir.
İntermediyalar arasındakı
pauzalar çoxsaylı rəiyyətin mahnıları hesabına doldurulur. Finala yaxın Arçibaşev
tamaşaya lirika və sükut qoşsa da ("Sus, kədərim, sus”), bütün izlənilənlərdən
sonra nə kədərə, nə də lirikaya inanmaq istəmirsən.
Tamaşada incəsənətə aid
olan yeganə bir şey varsa o da, rəssam Oleq Şeynitsin dekorasiyalarıdır. O səhnəni
Kukla teatrının səhnəsinə bənzədib. İki insan fiqurunun kəbin kəsdirdiyi yarımşəffaf
pərdənin arxasında bəzəkli dünya gizlənib. Və əgər tamaşanın məntiqinə deyil, səhnəqrafiyanın
məğzinə inansaq, Podkelesinin saxta marionetlərin var olduğu dünyaya necə
düşdüyü və oradan sıçrayaraq güzgüyə necə tullanması haqqında maraqlı əhvalat
dinləyərdik. Qoqolu Hoffmana çevirə bilərdilər, lakin görünür buna vaxt olmayıb.
Həm Qoqolun, həm də Arçibaşevin "Evlənmə”si dəyişiklik qorxusundan bəhs edir. Nə
varsa, o kifayət etmir, həyatın bünövrəsini isə sarsıtmaq xatalıdır.
Səhnədə "mayakovski
ulduzları”ndan ibarət kütləni görürük: İqor Kostolevski, Mixail Flipov,
Svetlana Nemolyayeva, Aleksandr Lazarev, Ramzes Cəbrailov, Yevqeniya Simonova.
Onların hər birinin öz manerası var. Səhnədə fars hakimdir.
Aqafya Tixonovnanı oynayan Yevgeniya
Simonova oyununda qrotesk şübhələri məharətlə gizlədə bilir, səhnədə tacir
qızından daha çox mayor qızına oxşayır. Lirik-komik aktyor Ramzes Cəbrailovun
ifasında Jevakinin necə aciz, dünyaya qarşı necə tənha olduğunu görürük.
Tamaşa zamanı Bakı
tamaşaçısının həvəslə, maraqla gözlədiyi nə idisə, o baş vermədi. Ümidlər qaldı
ikinci tamaşaya... Gəlin baxaq...
Tolstoysayağı ehtiras
Bizim bütün həyatımız vağzala bənzəyir. Qatarların
fit səsləri altında yaşanır ayrılıqlar, qovuşmalar. Qatarlar yorğun-yorğun yola
düşür, uzaqlara, heç yerə gedir. Vronski Annanı burada görmüşdü. Karenina özünü
qatarın altına atdı. Astopovo stansiyasında Tolstoy həyatla vidalaşdı. Vağzal
metaforaların axınıdır: hər kəs gedir, yola düşür, ancaq heç kim gəlmir, heç
kim qayıtmağı bacarmır.
Proloq və epiloq yerini dəyişib: qraf və qrafinya, ər
və arvad, dahi yazıçı və 48 illik ömür-gün yoldaşı boşalmış platformada söhbət
edirlər. O - havada səs, o isə yaşlı xanım...
-hər şeyi final tamamlayır!- Sofya Andereyevna bədənsiz
səsi çağırır,- tamamla məni!
On il əvvəl Rimas Tuminas üçün yazdığı "Madaqaskar”
pyesində Maryus İvaşkaviçyus litvalı xəyalpərəstlərin XX əsrin əvvələrində irəli
sürdükləri mifləri, onların "ehtiyat Litva” axtarışlarını tədqiq etmişdi.
Mindauqas Karbaukis üçün qələmə aldığı "Rus romanı”nda isə dramaturq Lev
Tolstoyun fiquruna müraciət edir. "Rus romanı” tamaşası təkcə klassik keçmişlə
yeni əlaqə vasitəsi deyil, həm də aktyorun səhnə mövcudiyyətinin yeni
formasıdır.
Tamaşanın Mayakovski Teatrında 28 yanvar 2016-cı il
tarxində baş tutmuş premyerasından öncə verdiyi müsahibədə Maryus İvaşkaviçyus
qeyd etmişdi ki, müasir rus dilində yazdığı ilk pyes olan "Rus romanı”nda Lev
Tolstoyun həyatına müraciət etməsi ona yaradıcı azadlıq bəxş etdi. Həqiqətən,
buna qədər rus pyeslərinin heç biri bu dərəcə rəğbət görməmiş, dil fokusuyla,
ideyaların qəfil oyunuyla, əbədi mövzuların yeni rakursuyla bu dərəcə zövq bəxş
etməmişdi.
Nəhayət k, Rusiya Mədəniyyət Nazirliyinin
qastrolların təşkilatına federal dəstək mərkəzinin "Böyük qastrollar 2016” proqramı çərçivəsində
paytaxtımızın qonağı olan Vladimir Mayakovski adına Moskva Akademik Teatrı sayəsində
"Rus romanı”nı vərəqləmək, zövqü dadmaq bizlərə də nəsib oldu. İki litvalı
fenomen-dramaturq Mariyus İvaşkaviçyus və rejissor Mindauqas Karbaukis birlikdə
Lev Tolstoy tarixinin özünəməxsus versiyasını tamamlayırlar. Tolstoy səhnədə
görünməsə də biz onun varlığını duyuruq. 3 saatlıq tamaşanın gedişinə Tolstoy yaradıcılığının ən məşhur
hissələri sığdırılmışdır: budur Levin kənddə qəm-qüssədən əziyyət çəkir, budur
o Kitiyə intim gündəliyini verir, necə ki, Tolstoy özü vaxtilə nigahdan qabaq
Sonya Bertsə oxuması üçün gündəliyini vermişdi. Budur, məşhur, süfrə üzərində təbaşirlə
eşq elanı səhnəsi; lakin burada bütün patetika çıxarılmış və komik notlar səslənir...
-Anna, bu mənəm! - söylədi Tolstoy. Və Karenina,
Kiti, Levin tamaşada Sofya, Aleksandra və Lev Tolstoy ilə bərabər səviyyədə
real insanlardır; həyat təcrübəsi bədii təcrübəni qidalandırır, və bizlər həyatın
yazıçını necə sətir-sətir yazdığının şahidi oluruq.
Səhnə məkanının müəllifi Serqey Baxin səhnədə 4
sütun, barin evinin fasad hissəsini, holland sobası, arxa planda həsirlə
örtülmüş masa yerləşdirmişdir. Burada Levin (Aleksey Dyakin yaşayır), şpaqası
sağa-sola oynadaraq özünü sahib roluna uyğunlaşdırmağa çalışır.
Karbaukis Tolstoyun bioqrafiyasının əsas məğzinə
nüfuz etmişdir. Sənəd və müəmmanı birləşdirən tamaşa özündə dahi bir insanla
ünsiyyət qurmağın sadəliyini və rəngarəngliyini ehtiva edir ki, bu öz daxilində gizli dühası ilə yaşayana nəsib
olur.
82 yaşlı yazıçı və ona 8-i sağ qalmaqla 13 uşaq
doğan, onun bütün romanlarını köçürən 66 yaşlı həyat yoldaşı bir-birlərilə məhəbbət
və azadlıq uğrunda, sahib olmaq və məxsus olmamaq uğrunda mübarizə aparırlar, əzab
çəkirlər, bir-birlərini bağışlayır, həm lənət yağdırırlar. Səhnədə isə bir sual
doğur: Tolstoy sevə bilirdimi?...
Tamaşanın açar səhnələri gündəliklərin şahidliyinin
kəsişməsində özünü büruzə verir. Sofya Andreyevna və Lev Nikolayeviç Tolstoy
kağızlardan heç nə gizlətməmişdilər.
"Biz bir-birimizi sevirdiksə və bir-birimizi xoşbəxtliyi
üçün çalışırdıqsa, azadlıq nəyə gərək idi”-Sofya yazırdı. "Məhəbbət deyil, nifrətə
yaxın və nifrətə dönüşən, məhəbbətə olan tələbat”- Tolstoy yazırdı.
Və tamaşada bir-birini güzgü kimi əks etdirən,
bir-birini kölgələyən iki üçbucaq var: Anna-Karenin-Vronski və
Sofya-Tolstoy-Çertkov. Sofya Vladimir Çertkova nifrət edirdi. Onu ərinin məhəbbətini
əlindən almaqda günahlandırırdı.
Lev Nikolayeçin sadiq tələbəsi Aleksey Serqienkonun
sözlərinə görə Lev Tolstoy demişdir: "mən bilirəm ki, heç kim məni Vladimir
Qreqoroviç qədər sevə bilməz”. Ölümündən az müddət əvvəl isə Tolstoy fransızca
söyləmişdi: ”Əgər Çertkov olmasaydı, onu uydurmaq lazım idi. Mənim üçün, mənim
xoşbəxtliyim üçün”. Şahidlərin sözlərinə görə xəstə yatağında yatarkən
Tolstoyun görmək istədiyi ilk şəxs Çertkov idi.
Sofya Andreyevna və Çertkov bir-birilə mübarizə
aparırdılar. Tolstoy ailəsi və onu əhatə edənlər iki cəbhəyə bölünmüşdülər-Andrey,
Mixail, Lev-Sofya cəbhəsi və Qoldenveyzer, Feokritova, Aleksandra Lvovna,
Makovitskiy-Çertkov cəbhəsi.
Çertkovla mübtəlalıq Sofyanın nəhayətki, ağlını əlindən
aldı. O, Çertkovu şeytan kimi görürdü.
Tamaşanın həlledici səhnələri də beə səciyyələnir: "Şeytan koması” və
"şeytan qovulması”. Çertkovu və Tolstoyun sevgilisi Aksinyanı Tatyana Orlova
oynayır.
Aksinyanın yanına haldan düşmüş, tanınmaz şəkil
almış qrafinya münasibətləri aydınlaşdırmağa gəlir. İki yaşlı qadının –keçmiş
sevgili və həyat yoldaşının söhbəti olduqca narahatedici,eyni zamanda komik və
dəhşətvericidir.
Çertkov burada təqlid olunmayan yaraşıqlı
aristokrat, idarəedici kimi çıxış edir. Çertkovun Sofya ilə eyni zamanda həm
cin, həm də insan səsiylə danışması səhnəsi Sofyanın gözlərində onun necə təcəssüm
olunduğunu ifadə edir.
Əslində bütün baş verənlər məişətdə deyil, çox
ehtimal ki, həyatın postskriptumunda əks olunur. Burada Tolstoy ittiahm olunur,
Tolstoy günahlandırılır.
Annanın (Miriam Sexon) qan qırmızı əlcəkləri sanki
az sonra baş verəcəklərin xəbərçisidir. Bu vaxt başqa bir qadın qəhrəman isə
bütün Rusiyaya hayqırır: ”Mən məhəbbət axtardım, lakin tapmadım...” Və Annanı
qucaqlayan əllər onu məngənə kimi sıxacaq, yenə qucaqlayacaq və yenə sıxacaq.
Bu ağrı Karenini qatarın altına atdı. Bu ağrı Sofyanı (Yevqeniya Simonova)
isterikaya saldı. Sofya Andereyevna nə qədər çalışsa da, Tolstoyun yatağına
yaxınlaşa bilmir, sıx çiyinlərin önündə hördüyü divarı aşa bilmir və bu səhnədə
biz qadının dəhşətli tənhalığını bütün iliklərimizə qədər hiss edirik.
Tamaşanın güclü tərəfi odur ki, səhnə arxasında, qəhrəmanalar
arxasında, replikalar arxasında Tolstoyun nəfəsi duyulur. Və bu tamaşa ilə
Mayakovski teatrı Bakı tamaşaçılarının xatirəsində unudulmaz gün yaşatdılar.
Bir daha... Qonaq gəl bizə...
Aygün Süleymanova
teatrşünas