AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Maska taxmamağa görə cərimə tətbiqi təqdir olunur

Maska taxmamağa görə cərimə tətbiqi təqdir olunur

Siyasət
05 İyun 2020, 17:32 1558
"Hər kəs vətəndaş məsuliyyətini dərk etsə, xəstəliklə daha asan mübarizə aparmaq olar"

Karantin günlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrin tətbiqi, maskadan istifadə etməyən insanlara qarşı atılmış tutarlı addım, o cümlədən sağlamlığın qorunması istiqamətində ən vacib amil kimi dəyərləndirilir. Koronavirus pandemiayasının dünyada yayılması, yoluxanların, ölənlərin sayının günbəgün artması göz önündədir. Xəstəliyə qarşı vaksin tapılmasa da, maska taxılması, sosial məsafənin gözlənilməsi, gigiyenik qaydalara əməl olunması hələlik infeksiyaya qarşı mübarizədə yeganə vasitələrdir. 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  tövsiyyələrində dünya əhalisini təkidlə infeksiyaya qarşı qoruyucu tədbirlərdən istifadəyə – maska taxmağa, sosial məsafəyə riayət etməyə çağırır. Prezident İlham Əliyev bu günlərdə Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməklə infeksiyadan qorunmağın yolunu ölkə vətəndaşlarına nümunə kimi göstərdi. Ölkə başçısı vətəndaş məsuliyyətinə əməl etməklə insanları bir daha pandemiya dövründə tələb olunan qaydalara riayət etməyə səslədi. 
Təəssüf ki, insanlar bir çox hallarda məsuliyyətsizlik göstərir, xəstəliyin təkcə özləri üçün deyil, ətrafdakılar üçün də təhlükəli olduğunun fərqinə varmırlar. İnfeksiyanın isə hər birimizi təhdid etməsi danılmazdır. Amma səhhətimizə biganə qalmamaq, sağlamlığımızı qorumaq üçün maska taxmaq, sosial məsafəni gözləmək kimi qaydalara riayət etməklə, ən əsası, vətəndaş məsuliyyətini dərk etməklə qorxulu infeksiyadan qorunmağın mümkünlüyünü bəzi insanların anlamaması təəssüf doğurur. Baxmayaraq ki dövlət səviyyəsində COVİD-19 pandemiyasına qarşı lazımi mübarizə aparılır, ancaq insanların məsuliyyətsizliyi problemin qarşısının alınmasına mane olur.
Millət vəkili Ceyhun Məmmədov Azərbaycanın ilk gündən pandemiya ilə mübarizədə adekvat və operativ qərarlar qəbul etdiyini qeyd edir. Belə ki, Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzalayıb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, pandemiyanın vətəndaşlara və iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üçün qabaqlayıcı addımlar atılıb: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət ünvanladılar. Bu məsələdə iki tərəf var: dövlət və vətəndaş. Dövlət üzərinə düşəni edir, vətəndaşlar da çalışıb qaydalara tam əməl etməlidirlər. Bu təqdirdə, daha yüksək nəticələrə nail olacağıq”. 
Millət vəkili hesab edir ki, infeksiyanın yayılmağa başladığı ilkin dövrlər hər şey qaydasında getsə də, sonrakı vaxtda insanların bir sıra hallarda bu məsələyə məsuliyyətsiz yanaşması virusa yoluxanların sayının sürətlə artmasına səbəb oldu: "Bəzi insanlar sosial məsafəni qorumadılar, maskadan istifadə etmədilər. Nəticə isə gözlənilən idi. Əgər insanlar bu qaydalara əməl etməsələr, xəstəlik sürətlə əhatə dairəsini genişləndirəcək və virusa yoluxanların sayı daha da artacaq”. C.Məmmədovun fikrincə, hər bir ölkə vətəndaşı qaydalara əməl etməlidir: "Dövlət qərarları heç zaman müzakirə olunmamalı, icra olunmalıdır. Əgər insanlar bu qaydalara əvvəldən sona kimi əməl etsəydilər, bu gün daha fərqli bir mənzərənin şahidi olardıq. İlk günlər Azərbaycan təcrübəsi nümunəvi model kimi bütün dünyada qəbul edilirdi. Azərbaycan yalnız özünə qapanmadı, digər dövlətlərə də yardım etdi. Ölkəmiz videokonfrans formatında bir sıra beynəlxalq tədbirlərin təşkilatçısı oldu. Hesab edirəm ki, insanları çəkindirmək üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməli, cəza tədbirləri tətbiq edilməlidir. İnsanlar anlamalıdırlar ki, karantin rejiminin bitməsi bilavasitə onların məsuliyyətindən asılıdır. İnsanlar nə qədər məsuliyyətli olsalar, bir o qədər tez bəladan xilas olacağıq”.
Koronavirus infeksiyasından qorunmaq üçün həkimlərin maska taxılması, sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələri də daim vətəndaşları məsuliyyətə dəvət edir.  
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova qeyd edir ki, koronovirus infeksiyasından qorunmaq üçün maska taxılması ilə bağlı ÜST-ün daim tövsiyələri səslənir: "Maska taxılmasının vacibliyi ilə bağlı dünyanın ünlü tibb işçilərinin müraciətləri eşidilir. İnternetdə çoxsaylı məlumatlar yayılır. Yerli telekanallarda, mətbuatda və sosial mediada da bu məsələ daim diqqətdədir”. 
Həkimin fikrincə, ölkədə karantin şərtlərinin yumşalması bir qədər tez baş verib. Belə ki, karantin rejiminin müddəti daha kəskin şərtlərlə uzadılmalı idi: "Yüngülləşmə olan kimi, insanlar elə başa düşdülər ki, artıq ölkədə virus yoxdur və necə istəyirlərsə elə da davranmaq olar. Düzdür, əvvəlcə Azərbaycan dünya ölkələri ilə müqayisədə həm virusa yoluxmada, həm sağalanların, həm də dünyasını dəyişənlərin sayında aşağı pillədə yer tuturdu. Ölkəmiz qabaqlayacı tədbirləri vaxtında gördü və erkən karantin rejiminə keçdi. Bu da xəstəliklə mübarizədə öz töhfəsini verdi. Təəəssüf ki, bir çox insanlar birmənalı olaraq qaydalara əməl etmirlər. Mən həmişə xəstələrə «otağa maskasız daxil olmayn» deyə tapşırır, onları qaydalara riayət etməyə dəvət edirəm”. Ş.Namazova insanların laqeydliyini virusa inamsızlıqları ilə də əlaqələndirir: "Bəzi insanlar xəstəliyə bir xəyal və yaxud sadəcə statistik göstərici kimi yanaşırlar. Mənsə onlara "əgər reanimasiyada yatan xəstələri görsəydiniz, onda vəziyyətin necə olduğunu bilərdiniz” deyərdim. Bəzi insanlar xəstəliyə barmaqarası yanaşır: «Maska bizə nə edəcək, nədən qoruyacaq?» - deyə düşünürlər. Daha bilmirlər ki, maska onların təhlükəsizliyi üçün vacibdir. Əgər bunu ÜST-ün tanınmış mütəxəssisləri, virusoloqları, illərlə bu sahədə tədqiqat aparmış mütəxəssislər söyləyirsə, bundan artıq nə etmək olar? İnsanlar özləri məcbur etdilər ki, cərimələr tətbiq olunsun”. 
Ş.Namazova hazırda maska taxılmamasına görə cərimə tətbiq olunmasını alqışlayır: "Hətta hesab edirəm ki, cərimələrin miqdarını artırmaq lazımdır. Çünki bəzi insanlarla ayrı cür davranmaq mümkün deyil. Biz maarifləndirmə işi aparırıq. Onların yanında durub hər dəfə "maskanı tax” deyə məcbur edə bilmərik. Hamısı şüurlu insanlardır, onlar özləri vəziyyəti başa düşüb ona uyğun hərəkət etməlidirlər. Hazırda virusla bağlı dünyada baş verən hadisələri hamı eşidir. Dövlət də insanların tam məsuliyyətsiz olduğunu görüb cərimələr tətbiq etməyə başladı. Yalnız bu cür qadağalardan və cərimələrin tətbiqindən sonra insanlar arasında maska taxanların sayı çoxalıb. Təəssüf ki, bunu, yenə də hamıya şamil etmək olmaz. Metroda müşahidə etmək olur: sərnişin polisin yanından keçəndən sonra maskanı çıxarıb cibinə qoyur. Axı sən bu maskanı polisə görə yox, sağlamlığın üçün taxırsan. Hazırda dünyada tibbi laboratoriyalar ciddi-cəhdlə çalışsalar da infeksiya əleyhinə vaksin tapa bilməyiblər. Hələlik maska taxılması, sosial məsafə, gigyenik qaydalara əməl olunması əsas preventiv qaydalardır”. 
Ş.Namazova infeksiya ilə mübarizədə Türkiyə nümunəsini misal göstərir: "Məsələn, Türkiyədə leksikona qısaca MMT- məsafə, maska, təmizlik abreviaturası daxil olub. Artıq bunu uşaq da, böyük də belə ifadə edir. Biz bu qaydalara mütləq əməl etməliyik. Bunun üçünsə insanlar təhlükəni şüurlu dərk etməli, özlərini və ətraflarını qorumağa çalışmalıdırlar. Görürsünüz ki, xəstələrin sayı getdikcə artır. Artıq üçrəqəmli sərhədi keçmişik. Bu cür davam edərsə, kim bilir, nələr baş verəcək. Bir neçə aydır ki, Türkiyə həftəsonu müəyyən qadağalar tətbiq edir. Uşaqların, qocaların gəzintiyə çıxması üçün müəyyən günlər var. Bizdə hökumət humanistlik göstərdi. Təəssüf ki, insanlar bundan sui-istifadə etdilər. Müşahidə edib görürsən ki, mağazalarda, gözəllik salonlarında qaydalara əməl olunmur. Yerlərdə sosial məsafənin gözlənməsi üçün istiqamətlər müəyyənləşsə də, adamlar buna məhəl qoymurlar. Bütün bunları müşahidə edən dövlət çox düzgün edərək maska taxılmaması ilə bağlı cərimələr tətbiq etdi. Hər kəs vətəndaş məsuliyyətini dərk etsə, xəstəliklə daha asanlıqla mübarizə aparmaq olar».  

Təranə Məhərrəmova