• cümə, 29 Mart, 12:58
  • Baku Bakı 14°C

“Maşınlara “can” verməkdən zövq alıram” – Sadə peşə adamı

12.03.14 09:12 7083
“Maşınlara “can” verməkdən zövq alıram” – Sadə peşə adamı
Ali təhsilli maşın ustası: “Mənim üçün heç vaxt diplomun önəmi olmayıb”
Son dövrlərin ən məşhur peşələrindən biri də maşın ustasıdır. Bakıda maşınların çox olması ilə bağlı təbii olaraq, ustalara da tələbat çoxalır. Xüsusilə soyuq qış aylarında, qarlı havalarda avtomobil sahiblərinin ən çox ehtiyacı olduğu insanlar məhz maşın ustalarıdır. Biz də “sadə peşə adamı” rubrikamızın bu sayında sürücülərin “olmazsa olmazları” hesab olunan peşə sahibi ilə danışmaq qərarına gəldik. Rubrikamızın bugünkü qonağı maşın ustası Fərhad İbişovdur. Ali təhsilli 25 yaşlı müsahibimiz öz sahəsində tanınmış ustalardan sayılır. Müsahibimizin Sumqayıtda özünün şəxsi “avtoservis mərkəzi” var.
Artıq 5 ildir
Biz də peşəsinin sirlərini öyrənmək üçün həmin məkana yollanırıq. Həmsöhbətimiz burada öz şagirdi ilə birlikdə çalışır. Artıq 5 ildir ki, maşın ustası kimi fəaliyyət göstərir: “Bizim ailədə qardaşım bu sənətlə məşğul olurdu. Qardaşım məndən iki yaş böyükdür. Mənim də bir çox oğlanlar kimi maşınlara böyük marağım var idi. Hər gün qardaşımın yanına gəlir, ona kömək edirdim. Maşın təmir etmək, ona “can” vermək mənə xüsusi zövq verirdi. Qardaşımın köməyi ilə məndə bu peşəni dərindən öyrəndim və peşəni tam mənimsədikdən sonra qardaşımdan ayrılaraq şəxsi avtosers açdım. Artıq 5 ildir ki, müstəqil şəkildə bu peşəni icra edirəm”.
Şagirdi də ali təhsillidir
Sadə peşə adamları adətən ali təhsilli olmurlar. Onların əksəriyyətinin oxumağa marağı olmadığı üçün hər hansı peşə öyrənib həmin sahədə işləyirlər. Müsahibimiz isə bir çox sadə peşə adamlarından fərqli olaraq, ali təhsillidir. Hətta onun gənc şagirdi Samir də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Samirin 23 yaşı var, artıq bir ildir ki, ustasının yanında çalışaraq bu peşənin incəliklərini öyrənir. O, ustası kimi universitet bitirsə də, maşınlara böyük marağı olduğundan gələcəkdə müstəqil şəkildə maşın ustası kimi çalışmaq istəyir. Samirlə söhbət əsnasında Fərhad usta gülərək deyir ki, onun salonunda ancaq ali təhsilli ustalar çalışmalıdır. Bakı Avrasiya Universitetinin Beynəlxalq jurnalistika fakültəsini bitirən müsahibimizin heç zaman bu sənətə marağı olmayıb: “Mənim üçün heç vaxt diplomun önəmi olmayıb. Hər vaxt sevdiyim işi, peşəni görmək istəmişəm. Özümü jurnalist kimi görə bilmədiyim üçün bu sənətin ardınca getmədim. Üstəlik, jurnalistlərin aldığı əmək haqqı da məni qane etmirdi. Elə oxuya-oxuya öz sevdiyim sahəni, maşın ustası sənətini öyrənməyə başladım və peşiman deyiləm. Düşünürəm ki, əgər diplomdan sevərək istifadə edə bilmirsənsə, ali təhsil almağın mənası yoxdur. Ali təhsil alıb, ixtisasında uğurlu ola bilməməkdənsə, hər hansı bir peşəni dərindən öyrənib, həmin peşənin sənətkarı olmaq daha yaxşıdır”.
“Atam işimə qarşı çıxdı”
Ali təhsil aldıqdan sonra ixtisası üzrə çalışmaqdan imtina edən həmsöhbətimizin fikirləri ailəsi tərəfindən birmənalı qarşılanmayıb. Atasının buna qarşı çıxmasına baxmayaraq, Fərhad inandığı işin arxasınca gedib: “İlk günlər atam çox əsəbiləmişdi. Hər dəfə mənə deyirdi ki, əziyyət çəkib bu qədər oxumusan, niyə sənətinin ardınca getmirsən? Mən isə cavabında dedim ki, mən 400-500 manat məvaciblə işləyə bilmərəm. Bundan sonra atam mənə həm maddi, həm də mənəvi cəhətdən kömək oldu. Pul verdi ki, bu işi görmək üçün hansı aparatlar lazımdırsa, alım. Mən də ailəmi razı saldıqdan sonra avtoservis açıb çalşmağa başladım. Bundan sonra ailəmin dəstəyi ilə Sumqayıtda tanınmış maşın ustalarından biri oldum”.
Yaxşı usta olmaq asan deyil
Müsahibimiz deyir ki, maşın ustası gəlirli sahələrdən hesab olunduğu üçün indi hara baxırsan avtoservis açıblar. Sadəcə, pul qazanmaq məqsədi ilə bu peşəyə gələn bəzi “ustalar” işini bilmədiyindən maşını təmir etmək əvəzinə, ona ziyan vururlar. Hər peşədə olduğu kimi, maşın ustası da əsas işini sevməli və peşəsinin bilicisi olmalıdır: “Hər sənətdə olduğu kimi bu sənətin də özünün incəlikləri var. Usta olmaq asandır, amma yaxşı usta olmaq hər insanın işi deyil. Əsl usta olmaq üçün heç bir təmənna güdmədən alın təri töküb, zəhmət çəkmək lazımdır. Bu sənət insandan istedad, səbr, diqqət tələb edir. Ən əsası isə gözəl əl qabiliyyətin olmalıdır. Usta kimi sənətimə çox böyük hörmətim var. Əgər hörmət və istəyim olmasa, diplomumu evdə qoyub burada çalışmaram. Sənət bilmək çox gözəl şeydir”.
Peşəkar ustanın hər vaxt işi olur
Həmsöhbətimizin aylıq qazancına gəlincə, deyir ki, bu sənətdə yaxşı pul qazanmaq mümkün olduğundan son zamanların ən populyar peşələrindən birinə çevrilib: “Biz ən pis halda aya 1200-1500 manat gəlir götürə bilirik. Elə ustalar da var ki, aya 5000 manat qazanır. Bu da normal yaşamaq üçün kifayət qədər yaxşı puldur. Valideynlərə məsləhət görürəm ki, övladlarını diplom almağa məcbur etməkdənsə, onlara sənət, peşə öyrətsinlər. Çünki, sənətini yaxşı bilən peşəkar ustanın işi hər zaman olur”.
Usta deyir ki, ən çox müştəri soyuq qış aylarında, xüsusilə qar yağanda olur: “O zaman xalq deyimi ilə desək, “başımızı qaşımağa vaxtımız olmur”. Həmsöhbətimizin sözlərinə görə, sənətinin ən gözəl tərəflərindən biri sərbəst iş qrafikində işləməsidir: “Özüm özümün müdiriyəm. İstədiyim vaxt işə gəlib, istədiyim vaxt gedə bilirəm. Burada işləyə-işləyə insan özünə çoxlu dost-tanış qazanır. İşini bilən ustanın hər yerdə hörməti olur”.
“Bacarırsan, gəl özün et”
Ustanın sözlərinə görə, işini bildikdən sonra, bu peşə o qədər də çətin deyil. Onun qarşılaşdığı ən böyük çətinlik kaprizli müştərilərlə dil tapmaqdır: “Bəzən işin gərgin vaxtında elə müştərilər olur ki, nə istədiklərini bilmir, işimizi rahat görməyə imkan vermirlər. İnsan o həddə çatır ki, müştəriyə “bacarırsan, gəl özün et” demək istəyirsən. Lakin, biz bilirik ki, hər peşənin “kapriz”li müştəri olur. Onlarla da dil tapmağa çalışırıq. Əsas odur ki, işimizi professional şəkildə gördüyümüz üçün sonda bütün müştərilər bizdən razı qalır”.
Aygün Əziz

banner

Oxşar Xəbərlər