• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

Masazırda kimin günü xoş keçir?

13.12.13 09:06 2074
Masazırda kimin günü xoş keçir?
Masazır qəsəbəsinin bəzi sakinləri bir həftədir ki, işıqsız qalıb. Bu barədə redaksiyamıza bir qrup qəsəbə sakini bildirib: “Biz Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış massivinin yaxınlığındakı həyət evlərində yaşayırıq. Bu soyuq günlərdə işıq üzünə həsrətik. Evdə enerji olmadığından otaqları isidə bilmirik və bütün günü donuruq”. Qəsəbə sakininin sözlərinə görə, dəfələrlə “Azərenerji”yə müraciət etmələrinə baxmayaraq problem həll olunmur: “Hər dəfə “həll olacaq”, “baxarıq” kimi sözlər işlədərək bizi yola verirlər. Lakin bir həftədən artıqdır ki, vəziyyətimizlə maraqlanan yoxdur”.
“İşıq üzünə həsrətik”
Masazır kənd sakini Rəis Məmmədov bizimlə söhbətində bildirdi ki, havaya bulud gələn kimi onlar işıq üzünə həsrət qalır: “Bu hər il belə davam edir. Qışda isə ümumiyyətlə işıq olmur. Evi qızdırmaq üçün qaz sobalarından istifadə etmək də təhlükəlidir. Nə edəcəyimizi bilmirik”.
Abşeron rayon Xırdalan şəhərində quşçuluq massivində də 2 gündür ki, işıq yoxdur. Şəhər sakini Mərcan Rüstəmovanın məlumatına görə, onlarda gündə 5-6 saat işıq olur: “Hər dəfə işıq idarəsinə zəng vuranda, qəzalı vəziyyət yaranıb deyirlər. “Qəzalı vəziyyətlərin” nə zaman düzələcəyini bilmirik. Qış gəlməmiş belə əziyyət çəkiriksə, biz qar yağanda nə etməliyik”?
“Yəqin düzələr”
Məsələ ilə bağlı olaraq vətəndaş kimi “Bakıelektrikşəbəkə”nin “199” nömrəli qaynar xətti ilə əlaqə saxladıq. Operator bildirdi ki, qəsəbədə elektrik xətlərində problem var və hazırda iş gedir: “Qəsəbədə elektrik xətti qırıldığı üçün oraya işıq verilmir. Amma üzərində iş gedir. Nə vaxt düzələcəyini bilmirik. Yəqin ki, düzələr”.
“6-ya qədər işıq veriləcək”
Masazır qəsəbəsində sayğaclara baxan işçi bizimlə söhbətində işıq xəttində qəza vəziyyətinin yarandığını söylədi. Onun işıq idarəsinin əməkdaşının sözlərinə görə, qəsəbəyə axşam saat 6-ya qədər işıq verilməlidir: “Xətlərdə qəza vəziyyəti yarandığı üçün qəsəbəyə enerji verilməsində fasilələr yaranıb. Orda hazırda da işlər gedir, lakin xətlərin biri düzələrkən, digəri yararsız vəziyyətə düşür. Artıq bir hissəsi demək olar ki, tam düzəlib. Saat 6-ya qədər işığın verilməsi gözlənilir”.
“İşıq xətlərində problem yoxdur”
Məsələ ilə bağlı “Azərenerji” ASC-nin mətbuat xidmətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova “Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda həmin xətlərdə heç bir problem yoxdur: “İşığın verilməməsi Masazırda aparılan tikinti işləri ilə əlaqədar idi. Orada bütün işıq xətlərində yenidənqurma işləri aparılır. Hətta tikinti işləri haqqında geniş məlumat bu yaxınlarda efirə də verildi. Qəsəbədə aparılan yenidənqurma işləri təxminən bir həftədən də çoxdur ki, gedir. Bunun nə vaxta kimi davam edəcəyini bilmirəm. Çünki bu barədə bizə məlumat verilməyib. Ancaq orada müəyyən saatlarda iş aparılır və işıqda qısa fasilələr yaranır. Ola bilməz ki, bütün günü orada işıq yanmasın. Hazırda da Masazırda bütün xətlərə elektrik enerjisi verilib”. Mətbuat katibi vurğuladı ki, ola bilər ki, problem həyət evlərinin özündə olsun: “Biz o ünvanlarda araşdırma aparacağıq. Çünki, “Azərenerji” də heç bir problem yoxdur”.
“Qışa hazırıq”
Qeyd edək ki, bundan bir neçə gün öncə, “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev Trend-ə açıqlamasında ölkəmizin qışa tam hazır olduğunu bildirmişdi. “Onun sözlərinə görə, ölkənin enerji sisteminin qış mövsümünə hazırlığı barədə son illər ərzində Azərbaycanda yeni elektrik ötürücü xətlərin (EÖX) və yeni elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlərə əsasən də fikir söyləmək olar: “Lakin dünyada heç bir enerji sistemi qış mövsümünə tam hazırlıqdan danışa bilməz. Çünki daim elektrik enerjisinin verilişində fasilələrə səbəb ola biləcək qeyri-sabit hava şəraiti ilə əlaqədar fövqəladə hallar baş verir”.
Amma sözü gedən problem göstərir ki, biz hələ qışa hazır deyilik və hələ kəskin soyuqlar düşməmiş belə problemlərimiz olursa, bundan sonra qəsəbə sakinlərinin işıq problemi necə həll olunacaq sual altındadır.
Aygün Əziz
banner

Oxşar Xəbərlər