AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Masallıda 1400 ailəyə ərzaq paylanıb

Masallıda 1400 ailəyə ərzaq paylanıb

Cəmiyyət
07 Aprel 2020, 16:27 307
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir. Rayon camaatı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edir. 
 
Masallı Rayon İcra Hakimiyyəti başçısının aparatı, məsul işçilər Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. İndiki sınaq günlərində Masallıda nümunə olacaq əsl sosial həmrəylik nümayiş olunur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı, Milli Məclisin deputatları - Məşhur Məmmədov və Anar İsgəndərov bundan əvvəlki günlərdə keçirilən ənənəvi humanitar aksiyanı davam etdirərək, aprelin 7-də 1400 ailəyə  ərzaq yardımı ediblər. 
 
Qeyd edək ki, xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və "Evdə qal!” çağırışının təmin olunması üçün təşkil olunub.

Belə ki, xeyirxah aksiya çərçivəsində Masallı şəhər, kənd və qəsəbələri üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və  imkansız şəxslərə tələbata uyğun bir neçə həftəlik müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları onların öz evlərində paylanıb. Aksiya zamanı, həmçinin, onlara koronavirusdan necə qorunmaları  və evdə qalmaları barədə izahat verilib.