• şənbə, 20 Aprel, 10:16
  • Baku Bakı 14°C

«Masajist olduğumu deməkdən utanıram» - Sadə peşə adamı

21.07.14 09:22 15186
«Masajist olduğumu deməkdən utanıram» - Sadə peşə adamı
“Əvvəllər vaxt öldürmək üçün masaj kurslarına gedirdim. Kursda öyrəndiklərimdən sonra insanları masaj edərək dərdlərinə çarə olmaq mənə zövq verirdi. Bu işdən pul qazanmırdım, sadəcə həvəsli idim. Lakin çox vaxt keçmədən fərqinə vardım ki, bu sənət məni alıb aparır”.
Bu sözləri bizimlə söhbətində 15 ildir professional şəkildə masajist işləyən Sevil Yaraliyeva dedi.
Ali təhsilli masajist
Hazırda “HİFİ” Estetik Klinikasında çalışan müsahibimiz Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Hətta o, Xarici Dillər Universitetində müəllim kimi də çalışıb. Lakin ali təhsil almasına baxmayaraq, özünü bu sənətdə tapmayan həmsöhbətimiz tam fərqli bir sahəyə yönəlib. Deyir ki, ilk vaxtlar hobbi kimi öyrəndiyi sənətin ardınca gedib və onun mütəxəssisinə çevrilib: “Mən universitetə hazırlaşarkən evimizin yanında masaj kursları açılmışdı. 6 ay bu kurslara getdim. Orada bizə peşəkar mütəxəssislər, həkimlər dərs deyirdi. Öyrəndiklərimi ailə üzvlərimin üzərində tətbiq edirdim. Gün keçdikcə bu sənət sanki məni özünə çəkirdi. Sonra bacı-qardaş, qohum-qonşuların mənim masajımdan xoşları gəldi və mənə bu sənəti davam etdirməyi məsləhət gördülər”.
“Təhsilimin üzərində xətt çəkdim”
Sevil deyir ki, tarixçi olsa da, peşəsinə bağlı deyildi. Üstəlik, müəllim işlədiyi üçün gəliri də qənaətbəxş olmayıb. Bu səbəbdən ixtisasından daha çox, masajistlik onu özünə cəlb edib: “Özümü bu sənətdə lazımlı hiss edirdim. Müəllimlərim də istedadım olduğunu görüb mənə məsləhət verdilər ki, mütləq peşəmin ardınca getməliyəm. Müəyyən müddət çalışdıqdan sonra özüm də bu sənətin mənə doğma olduğunun fərqinə vardım və ali təhsilimin üzərindən xətt çəkdim”.
“Masaj etmək ovuşdurmaq demək deyil”
Sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, universitet illərində oxuduğu kitablar, aldığı təhsil masajistlik sənətində də ona kömək olub. Gənc masajistin sözlərinə görə, bütün vaxtını xanımlara sərf edir və 15 ildir ki, yalnız xanımlarla çalışır: “Masajistlik asan peşə deyil. Araşdırmalara görə də, ən çox kalori sərf edilən peşə məhz masajistlikdir. Çünki, dayanmadan fiziki güc tətbiq edirsən və hərəkətdə olursan. Belə ağır yükü qaldırmaq üçün mütləq bu sənəti sevmək lazımdır. Çünki peşəsini sevməyən, onu həvəslə icra etməyən insan nə qədər artıq pul qazansa da, bu sənətdə qala bilməz. Bundan əlavə, insanlara masaj etməklə yanaşı, onlara müsbət enerji vermək məcburiyyətindəyik. Əgər hər hansı müştəri mənim işimdən razı gedirsə, bu, mənim üçün ən böyük xoşbəxtlikdir. Bəzi insanlar elə bilir ki, masaj etmək fasiləsiz ovuşdurmaq deməkdir. Bu yanlış üsuldur. Bizim işimizin əsas sirri işini sevmək, məsuliyyətlə yanaşmaq, pozitiv olmaq və sehrli əllərlə narahatçılıq verən bölgəni tapıb masaj etməkdir. Düşünürəm ki, masajı da hər kəs bacarmaz. O, insana verilən xüsusi istedaddır”.
“Gənclərin bədən quruluşları problemdir”
Müsahibimizin sözlərinə görə, müasir gənclərin yaşlarına uyğun olmayan bədən quruluşları var və bu səbəbdən ölkədə peşəkar masajistlərə tələbat çoxdur: “Mən müalicəvi masajdan əlavə korreksiya edirəm. Çünki indiki gənclərin problemli bədən quruluşları var. Bilmirəm, bunun səbəbi indiki yeməklərdənmi, yoxsa geyimlərdənmidir? Amma bir həqiqət var ki, gənclərimizin əksəriyyətinin bədən quruluşları problemlidir. Mən əsasən belə problemləri aradan qaldırmağa çalışıram və işimin müsbət nəticəsini görmək mənə zövq verir”.
“Yaşamağa” vaxtım yoxdur
Hər gün səhər saat 9-dan axşam 9-a qədər fasilə vermədən çalışan müsahibimizin tək çətinliyi vaxt problemidir. O deyir ki, işində sevmədiyi ən pis cəhət bəzi müştərilərini istəmədiyi halda geri qaytarmasıdır: “Peşəmin çətinliyi odur ki, vaxt məhdudiyyətindən bəzi müştərilərimi geri qaytarıram. Sənətimdən heç vaxt yorulmamışam. Zaman keçdikcə işimə öyrəşdiyim üçün hər ağırlığa dözürəm. İşə başlayanda az adamla başladım. Daha sonra elə günlər olurdu ki, günə 10 nəfər insan qəbul edirdim. Uzun müddət idmanla da məşğul olduğum üçün mən fiziki ağırlıqdan qorxmuram. Lakin vaxtımın məhdud olması məni narahat edir. “Yaşamağa” vaxt tapa bilmirəm. Bütün vaxtım işimə sərf olunur”.
“Mən masajistəm” demirəm
Sənətini sevərək icra edən müsahibimiz deyir ki, bu sənəti sevməsinə baxmayaraq, indiyə qədər “mən masajistəm” deməyə utanıb. Bunun səbəbi isə ölkəmizdə masajist işinin daha çox ləkələnmiş formada tanıdılmasıdır: “Azərbaycanda masajistlərə münasibət çox pisdir. Bu sahədə peşəkar az olduğu üçün, qurunun oduna yaşı da yandırıb masajist adını pis hallandırır, adına ləkə gətirirlər. Mən indiyə qədər masajist sözündən utanıram. Sənətimi soruşduqda, masajist əvəzinə özümü korrektor, fizioteapevt kimi təqdim edirəm. Çünki masaj sözü daha çox erotik sahəyə aid edilir. Amma bunlar fərqli-fərqli sahələrdir. İnsanlar arasında maarifləndirmə aparılmalı, peşəkar masajın necə olduğu onlara izah edilməlidir. Peşəkar olmayanlar belə hər addımbaşı salon açır, masajist adına xələl gətirirlər. Hətta mənə də bəzi yerlərdən 10 qat artıq pul təklif edib işə çağırırlar. Amma mən adıma görə buradan heç yerə getmirəm”.
Yaxşı ki, müəllim olmadım
Hə sənətdə olduğu kimi Sevilin də başına maraqlı hadisələr gəlir. Müsahibimiz həmin hadisələrdən birini qəzetimizin oxuyucuları ilə bölüşür: “Mənim bir müştərim var idi, çəkisi normal idi. Amma arıq görünmək istəyirdi. Hər dəfə qapıdan qovurdum, bacadan girirdi. Daha sonra bu xanım nişanlandı, toyu olmalı idi. Bakıda ən soyuq qış fəsillərindən biri idi. Bərk qar yağırdı. O, qarlı-çovğunlu havada masaja gəlirdi. Çünki seçdiyi gəlinlik paltarı əyninə dar idi. Ayağın yerə dirəmişdi ki, mən toya qədər o paltarın içinə girməliyəm. Qız o qədər arıqlamşdı ki, toy günü paltarı geyinəndə əyninə böyük oldu”.
Sənətinin vurğunu olan müsahibimiz sonda vurğuladı ki, sağlamlığını bu peşəyə borcludur: “Mən heç vaxt bəzi insanlar kimi ayaqlarımı uzadıb oturmağı xoşlamamışam. İnsan nə qədər hərəkət etsə, o qədər yaxşıdır. Yaponlar deyir ki, insan 90 yaşında olsa belə, əgər əzələləri elastikdirsə, o cavandır. Mən indi müəllimlərə baxıram və özlüyümdə düşünürəm ki, mən də bu sənətdə qalsaydım, orqanizmim indiki vəziyyətdə olmazdı. Sağlamlığımı, çevikliyimi işimə borcluyam. Peşəm mənə xoşbəxtliklə yanaşı, həm də sağlam həyat qazandırıb”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər