• çərşənbə axşamı, 19 mart, 06:55
  • Baku Bakı 8°C

Marsa uçmağa və hətta qayıtmamağa hazıram! - Fotolar

18.03.17 10:30 3295
Marsa uçmağa və hətta qayıtmamağa hazıram! - Fotolar
Bütün dünya Valentina Tereşkovanın yubileyini qeyd edir. Onun 80 yaşı tamam olur. İlk kosmonavt qadının yubileyi şərəfinə sosial şəbəkələrdə «Çayka» həştəqi yaradılıb. Tereşkova öz tarixi uçuşunu məhz bu adla həyata keçirib. Ad günü münasibəti ilə qadın-əfsanənin adına dünya ölkələrindən təbriklər gəlir. «Sizə şücaətinizə görə minnətdarıq. Siz dünya tarixinin xəzinəsinə qiymətsiz hədiyyə vermisiniz» - deyə ona yazırlar. Bir sıra ölkələrdə «Çayka. İlk uçuş» adı altında sərgilər açılıb. İtaliyada Tereşkovanın yubileyi münasibəti ilə təntənəli gecə keçirilib. Vyetnamda məktəblərdə şagirdlərə tematik dərslər tədris olunub. Londonda, Praqada təşkil olunan ekspozisiyaları yüzlərlə insan izləyir.

Tereşkova ilə müsahibəmizə onun doğulduğu Yaroslavl vilayətində aerokluba yazıldığı vaxtlardan başladıq:

- Maraqlıdır, aeroklub sizi necə cəlb etdi?
- O vaxt Yaroslavlda aerokluba yazılmaq qızlar və oğlanlar arasında dəb idi. Hamımız gənclik həvəsi ilə aşıb-daşırdıq. Paraşütdən tullanmağa da hamı həvəs göstərirdi. Nəinki gündüzlər, hətta axşam da paraşütdən tullanırdıq. Yadımdadır ki, Hərbi Hava Donanması Günü biz Volqa çayı üzərindən tullandıq. Təyyarə çayın üzərindən uçanda paraşütçülərin adı elan olunur və biz tullanırdıq. Evə gələndə anamın gözləri yaş içində idi. Ona yaxınlaşdım: «Sən gördünmü?» - dedim. O, qətiyyətlə mənim tullanmağımın tərəfdarı deyildi. Mən isə ona «Daha sən etiraz etməyəcəksən» – dedim.

- Bəs anan nə cavab verdi?
- "Zədələnsən, bir də evə qayıtma” dedi. Biz aeroklubda başqa qızlarla əllərimizdə döyənəklər, bədənimizdə qançırlar yaranana qədər məşq edirdik. Mən öz həvəsimdən əl çəkmədim. Hətta anamı da məşqlərimə gəlib baxmağa məcbur etmişdim. Artıq haqqımda qəzetlərdə yazırdılar. Məşqlərə gedəndə mənim paraşüt idmanı üzrə birinci dərəcəm və ali təhsilim yox idi. Bütün testləri bəzən tələb olunan səviyyədə yerinə yetirə bilmirdim, amma komissiya uçuş üçün məni seçdi. Qaqarinin triumfundan sonra ökəyə ilk kosmonavt qadının şücaəti haqqında danışmaq lazım idi. Mənim də «döyüşkən komsomol təcrübəm” var idi. 16 iyun 1963-cü ildə anam oturub mənim paraşütdən tullanmaq haqqında nağıllarımı oxuyurdu. Ona demişdilər ki, məni paraşüt idmanı üzrə SSRİ yığmasının ikinci tərkibinə daxil ediblər. Evimizdə televizor yox idi. Qonşular gəlib anama "Valentina kosmosdadır» - demişdilər. Anam isə «Valya məktublarda yazır ki, paraşütlə tullanır, burada heç bir kosmosdan söhbət getmir» - deyə etiraz edirdi.

- Məktublarda az da olsa him-cim etmirdiniz?
- Yox... mənim sadəcə ona yazığım gəlirdi. Sonra o mənlə görüşmək üçün aerodroma gəldi. Biz o vaxt Valeriy Bıkovski ilə Nikita Sergeyeviç Xruşşovun rəhbərlik etdiyi hökumətə uçuş barədə məruzə etdik. Birdən anamın səsini eşitdim: «Qızım məni aldatdı» - deyə o, qışqırırdı. Mən bir anlığa dayandım. Anam çox yaxınlıqda durub ağlayırdı. Sonra hamı məni qucaqlamağa və təbrik etməyə başladı. Anam da qucaqladı. «Aldatdı, məni aldatdı» - deyə təkrarlamaqdan dayanmırdı. Sonra Xruşşov və Aleksey Kosıgin anama yaxınlaşdılar: «Yelena Fyodrovna, Valentina böyük sirr xətrinə bütün bunları sizə deməyib». Anam sonralar da onu aldatdığımı həmişə xatırlayırdı. Ancaq bu, əzizlənmə formasında idi. O, müasir adam idi. Mən kosmonavt olmağıma görə təkcə Karalova və Qaqarina minnətdar deyildim, həm də anama minnətdar idim. O, bütün analar kimi sadiq, etibarlı dost idi. Anam mənə qızım Alyonkanın böyüyüb tərbiyə almasında kömək etdi. Mənim Jukovski adına Hərbi Hava Mühəndisləri Akademiyasına daxil olmağıma, səfərlərimə, mərkəzdə məşqlərimə və işimə şərait yaratdı. Mən bütün ömrüm boyu anamla yaşadım. Amma onun ölümü mənimçün, əgər desəm ki, zərbə idi, bu, yumşaq səslənər. Anam üç dəfə insult keçirdi. Mən heç vaxt anamı məndən qopartdığına görə torpağı bağışlaya bilmirəm. Bir dəfə Altay dairəsində yerə enərkən yaşlı bir qadın mənə yaxınlaşdı və soruşdu: «Qızım, sən Allahı görmüsən?» Ona nə deyəcəyimi bilmədim. Ancaq bir az fikirləşib: «Yox, görməmişəm» - dedim. «Bəlkə mənim gəmim başqa yolla keçib, ona görə qarşılaşmamışıq. Ancaq o, həmişə ürəyimdədir» - dedim. O məni qucaqladı «çox sağ ol, qızım» - dedi. "Nəyə görə mənə sağ ol deyirsiniz, mən sizə demədim ki, Allahı görmüşəm» - deyəndə, o, ağlayaraq: «Ona görə ki, sən məni incitmədin» - dedi.

- Siz xaç suyuna salınmısınız?
- Əlbəttə... 4 yaşım olanda nənəm məni xaç suyuna çəkib. Bəlkə də müqəddəs keşiş bunu edə bilməzdi. Mən nənəmi dişləmişdim. O isə mənə həmişə deyirdi ki, sənə şöhrət gələcək.

- Bəs atanız? O necə yaddaşınızda qalıb?
- Atam 27 yaşında Fin müharibəsində həlak olub. O, tankçı idi. Mən isə onun sevimli qızı. İki yaşım olanda onu cəbhəyə çağırdılar. Anam 26 yaşında dul qaldı. Biz 3 nəfər idik. Anam, nənəm və mən. Atamın ölüm xəbərini eşidəndə biz çox ağladıq. Ancaq anam həmişə gözləyirdi. O heç cür atamın yoxluğu ilə barışmaq istəmirdi. Təəssüf ki, atam qayıtmadı. Onun necə həlak olması, döyüşməsi ilə bağlı sənədləri almaqda isə sonradan müdafiə naziri Dmitriy Yazov köməklik göstərdi. Mən həmişə atamı mənə xatırladan kəndimizə getməyi xoşlayıram. O, kənddə sayılıb-seçilən kişilərdən idi. Traktorçu, qarmonçu, ən əsası, çox ədalətli adam idi. Onun haqqında hamının yaddaşında ancaq xoş xatirələr qalıb.

- Mən sizi uzun illərdir ki, tanıyıram. Kosmonavtika günündə – 12-i apreldə doğulmuşam. Məni çoxdan bir sual narahat edir, nə üçün Valentina Tereşkova heç olmasa general titulunda deyil? Siz nə üçün «Toy generalı” olmadınız?
- Konkret deyin, siz nəyi nəzərdə tutursunuz?

- 60-70-ci illərdən başlayaraq siz bütün vəzifələrdə elə-belə təmsil olunmursunuz. Həmişə torpaqda kotan kimi işləmisiniz.
- Bu xüsusiyyət ilk növbədə anamdan keçib. O, bizi belə tərbiyə etmişdi ki, biz daim işləməliyik. Yalnız işləmək! Başa düşürsünüzmü, başqa cür yaşamaq olmazdı. Mən bütün hallarda müharibə uşaqları nəslinə aid idim. Müharibədən sonrakı uşaqlıq isə çətin və aclıqla keçib. Bu çətinlikləri adlamaq üçün isə anam həmişə deyirdi ki, biz çalışmalı, oxumalıyıq. Biz tez böyümək, anamıza kömək etmək istəyirdik. Sonra isə sözün həqiqi mənasında arzularımız qanad açırdı. Xüsusilə də 60-cı illərdə – Yuri Qaqarin kosmosa uçandan sonra mən artıq paraşüt idmanı ilə məşğul olmağa başlamışdım.
- Bilirsinizmi, məni nə təəccübləndirir, siz nə üçün ünsiyyətdə bu qədər sadəsiniz?
- Bəs necə olmalıyam?
- Siz tarixi şəxsiyyətsiniz, əfsanəsiniz.
- Mən heç vaxt özümü əfsanə hesab etməmişəm.
- Düzünü desəm, həmişə sizin yanınıza gələndə və zəng edəndə çox həyəcan keçirirəm.
- Siz nə danışırsınız?
- Siz mənə telefonda dediniz ki, gözlə, mən indi Valya Qaqarinanı ad günü münasibəti ilə təbrik etməyə gedirəm. Siz bunu adi həyat hadisəsi kimi danışdınız.
- Bu, bizim həyatımızdır.
- Siz bunu xüsusi olaraq dediniz, yoxsa siz həmişə belə sadəsiniz?
- Bilmirəm, mən belə yaşayıram. Yurinin həyat yoldaşı Valya kimi. O, bizim yoldaşımızdır, biz onu özümüzünkü hesab edirik. Necə təbrik etməyə bilərik? Həm də Dumadakı işimə qaçıram. Biz Yuri ilə çox yaxşı dost olmuşuq - sadiq, etibarlı. Allah eləməsin, əgər mənim başıma bir iş gəlsəydi, o mənim anamı və Alyonkanı diqqətsiz qoymazdı.
- Sizi hansı hisslər yaşadır?
- Hörmət və insanlara xeyirxahlıq. İlk uçuşumdan sonra 50 ildir ki, bunu sınaqdan keçirirəm. Mən hələ də çoxlu məktublar alıram. Hər bir məktubda məni qonaq çağırırlar. Təşəkkür edirlər ki, kiminsə dərman almağına, hansısa çətinliyinin həll olunmasına, mənzil almasına, uşağının sağalmasına kömək etmişəm. Bunlar mənə güc verir.
- Daha doğrusu, onlar sizin seçiciləriniz, pərəstişkarlarınızdır?
- Təkcə onlar deyil. Məktublar SSRİ-nin bütün nöqtələrindən gəlir. Bilirsiniz mən Ukraynadan, Belarusdan, Qazaxıstandan nə qədər məktublar alıram?
- Mən 7 dəfə Kobzonla Donbasda olmuşam. O hər dəfə gah səhnədə, gah da kluarlarda Tereşkova haqqında danışır. Gah da sizinlə telefon əlaqəsi yaradır ki, hamı eşitsin. Sizin Donbasda gözəgörünməyən iştirakınızı necə izah etmək olar?
- Mən Rusiyanın bütün insanları kimi, orada baş verənlərə görə həyəcan keçirirəm. İndi onları qardaş ölkə adlandırmaq istərkən onlar etiraz edirlər. Mən Ukraynanı nəzərdə tuturam. Donbas həmişə bizim olub. orada gözəl insanlar yaşayıb. Hansı ki, sovet dövründə çox işlər görüblər. Bu insanları sındırmaq olmaz. Onlar möhkəm, dəmir kimidirlər. Onlarla necə öyünməyəsən? Məhz buna görə mən Donbasa getmək, o yaxın insanlara dəstək olmaq istəyirəm. Orada anamın böyük bacısı yaşayırdı. Ailəmizdə iki şaxtaçı vardı. Dayım oğlanları şaxtada - gənc qvardiyaçıların öldürüldüyü yerdə işləyirdi.
- Nə üçün İosif Kobzon sizə belə tez-tez zəng vurur?
- O, həmişə belədir. 1962-ci ildən bəri. Biz onunla hələ mənim uçuşumdan əvvəl tanış olmuşuq.
- O vaxtdan bəri o sizə hər gün zəng vurur?
- Bəzən günaşırı. Məsələn, o harasa gedəndə, oradan da zəng vurub soruşur ki, işlərin necədir?. Mən də ona zəng vururam. İosifin çox gözəl ailəsi var. Həyat yoldaşı, uşaqları, nəvələri...
- Siz özünüzün ailə xoşbəxtliyiniz haqqında ümumiyyətlə, nə danışırsınız?
- İlk uçuşumdan sonra, əlbəttə, pərəstişkarlarım çox idi. Kosmonavt Andriyan Nikolayev mənin arxamca gəzməyə başlamışdı. 5 aydan sonra nişanlandıq. O zaman general Nikolay Komanin öz gündəliyində bu evlilikdən bəhs edərək «Siyasət və elm üçün onların nikahı ola bilsin ki, xeyirlidir. Ancaq mən inanmıram ki, Valya həqiqətən Andriyanı sevir. Onlar fərqli insanlardır. Valya alov, o isə sudur. Onların hər ikisi güclü və sərbəstdirlər, heç biri digərinə könüllü tabe olmaq istəməz» - deyə yazmışdı. Həqiqətdə isə biz 19 il bir yerdə yaşadıq. Toyumuzdan bir il sonra qızımız Alyona doğuldu. O, atası kimi qara saçlı və qara gözlü qız idi. Mən daim səfərlərdə, xarici ölkələrdə olurdum. Sovet həyat tərzini təbliğ edirdim. Andriyan isə yeni uçuşlara hazırlaşırdı. 1979-cu ildə biz çox nadir hallarda bir yerdə olurduq. Sonra biz rəsmən ayrıldıq. Andriyanı kosmonavtlar sırasından da uzaqlaşdırdılar. O zaman boşanmaya görə iki kosmonavtı Kommunist Partiyası sıralarından da çıxarmışdılar. Ayrılmaq üçün isə icazəni şəxsən Leonid İliç Brejnevin özündən almışdıq. İndi demək çətindir ki, bu qərarı vermək üçün biz nə qədər güc sərf etmişdik. Çünki hamı təəccüb içərisində idi – belə gözəl cütlük ayrılırdı... Amma bu, həyatdır. Bəzən çətin qərarları da verməli olursan.
- Arzunuz nədir?
- Əgər pulum olsaydı, böyük məmnuniyyətlə yenə uçardım. Mən uzun illər Ayla bağlı olan məsələlərlə çox maraqlanmışam. İlk kosmonavtlardan biri kimi Marsa uçmaq arzum idi. Əgər bunu gerçəkləşdirə bilsəydim... Qızıl planetə uçmağa və hətta qayıtmamağa hazıram!
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova







banner

Oxşar Xəbərlər