“Marneulidə Temur Abbasova rəqib görmürəm” - Fotolar
Qonşu Gürcüstanda oktyabr ayının 21-i yerli
özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilər olduqca önəmlidir
və nəticələri ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir. Biz də seçki ərəfəsində
Gürcüstandakı soydaşlarımızın kompakt yaşadığı
Kvemo Kartli bölgəsindəki ümumi ab-havayla maraqlandıq. Məlum oldu ki,
partiyaların təqdim etdiyi namizədlərin arasında soydaşlarımız da namizəd kimi
təqdim olunmaqdadır. Onlar həm iqtidar həm də müxalifət partiyalarının
siyahılarında yer alırlar. Tarixdə ilk dəfə hakim "Gürcü azusu” partiyası namizəd
olaraq gənc və perspektivli azərbaycanlı Temur Abbasovu irəli sürüb. Marneulidə
ümumi seçki ab-havası, soydaşlarımızın siyasi fəallığı, hakim partiyanın seçki
platforması və gələcək planlarla bağlı "Kaspi”nin suallarını Gürcüstan
parlamentinin deputatı, "Gürcü azusu” partiyasının Marneuli nümayəndəliyi üzrə
rəhbəri Ruslan Hacıyev cavablandırır.
- Ruslan müəllim,
Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına
inteqrasiyası və bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?
- Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin
tamhüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edir, vətənimizin
taleyinə aid olan hər bir prosesdə fəallıq göstərirlər. Buraya onların seçib
seçilmək hüququ da daxildir. Bu gün azərbaycanlılar demək olar ki, hər
partiyada təmsil olunurlar. Onların öz siyasi baxışları və mövqeləri var. Bu
mövqedən həm namizəd, həm də seçici kimi tam sərbəstliklə istifadə edə bilirlər.
Seçim azadlığı, seçilmə hüququ ən vacib demokratik prinsiplərdir. Bu prinsiplər
təmin olunur. Eyni zamanda, vətəndaşlar
namizədlərlə görüşlərdə fəal şəkildə iştirak edirlər. Bütün seçicilərimiz, eləcə
də azərbaycanlı seçicilər, namizədlər bu seçkilərə böyük ümidlə baxırlar.
- Keçirdiyiniz
seçkiöncəsi görüşlərin görüntülərinə baxarkən çoxsaylı insanların iştirakını gördük.
Gürcüstan ictimaiyyətinin namizədlərlə görüşlərə bu cür maraq göstərməsini nə
ilə əlaqələndirirsiniz?
- Seçki prosesi olduqca məsuliyyətli və ölkənin gələcəyini
həll edən prosesdir. Ölkənin parlaq gələcəyi, onun vətəndaşlarının yaxşı
yaşamasının qarantıdır. Vətəndaşlar da bunu dərk edərək, seçkiyə olduqca məsuliyyətlə
yanaşır, maksimum şəkildə prosesdə iştirak edirlər. Bunu biz, əhali ilə görüşlərdə
müşahidə edirik. Seçkidən seçkiyə namizədlərlə görüşlərə gələnlərin sayı artır.
Bu o deməkdir ki, xalqla hakimiyyət, məmurlar və namizədlər arasında heç bir
subordinasiya, maneə və ya əlçatmazlıq yoxdur. Əhali sərbəst şəkildə öz
iradlarını, problemlərini bizlərə çatdırıb onların həlli istiqamətində aparılan
işlərlə maraqlanır. Eyni zamanda, bunu onunla əlaqələndirmək olar ki, ötən
seçkilər zamanı verilən vədlər və qaldırılan problemlər öz həllini tapıb.
Statistika aparırıq, araşdırırıq və məlum olur ki, ötən seçkilərdən bu günədək
kəndlərdə və regionda qaldırılan önəmli problemlər öz həllini tapıb. Bunu xalq
görür və inamla bizimlə görüşlərə gəlir. Biz xalqın güvənini qazanmışıq və
onlara sübut etmişik ki, bu görüşlər görüntü və səs istəmək üçün deyil. Bu
görüşlər gələcək iş strategiyamızı qurub, qaldırılan problemləri aradan
qaldırmaq üçündür. Çünki, dövlət xalq üçündür.
- Əsas seçki
platformanız nədən ibarətdir?
- Platformamızın bir çox sahə üzrə nəzərdə tutulmuş
iş planı var. Bu iqtisadiyyatın yaxşılaşdırılması, işsizliyin aradan
qaldırılması, mədəniyyət, təhsil, gənclər və idman, kənd təsərrüfatının inkişafı
və sair kimi sahələri əhatə edir. Son bir neçə il ərzində bu sahələr üzrə bir
sıra layihələr həyata keçirilib, problemlər aradan qaldırılıb. Bu dövr isə
artıq növbəti mərhələyə start veriləcək. Bilirsiniz ki, Marneuli kənd təsərrüfatı
bölgəsidir. Əsas hədəfimiz məhsulların artırılması və kəndlərdə insanların işlə
təmin olunması üçün işlərin aparılmasıdır. Bu sahə prioritetdir.
İnfrastrukturun gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün
idman komplekslərinin, stadionların, məktəb və uşaq bağçalarının tikintisi və
sair kimi işlərin reallaşdırılması da nəzərdə tutulur. Bununla yanaşı, "Gürcü
arzusu”nun xarici siyasətdəki hədəfləri daxili siyasətə və vətəndaşlarını
rifahına da təsir edəcək. Əsas hədəf Avropaya inteqrasiyadır. Avropa ailəsinin
üzvü olaraq biz bir çox sahədə uğur əldə etmə şansı qazanacağıq. Buna görə də
bu kursu tutaraq ildən-ilə irəliləmək hər bir vətəndaşın əlindədir.
- Tarixdə ilk dəfədir
ki, bir çox partiyalar Marneulidə merliyə
namizəd olaraq milliyyətcə azərbaycanlını təqdim ediblər. Hakim partiya ilk dəfədir
ki, bu qərara gəlib. Sizcə, bu, nə ilə əlaqəlidir?
- Düşünürəm ki, siyasətdə irq, millət və sair kimi
çərçivələr əsas rol oynamamalıdır. Hər bir işdə əsas odur ki, peşəkar və
vicdanlı insan olsun, işinin məsuliyyətini dərk etsin. "Gürcü arzusu” da əhalisinin
çox hissəsi milliyyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı
olmasını məqsədyönlü hesab edib. Buna görə də gənc, perspektivli və işinin peşəkarı
olan namizədlər təklif edilib. Bu, əhali tərəfindən olduqca müsbət qarşılanıb.
Qeyd olunanlar bir daha sübut edir ki, "Gürcü arzusu”nun yürütdüyü siyasət
demokratik prinsiplərə və Avropa dəyərlərinə söykənir.
- Temur Abbasovun digər
namizədlərlə müqayisədə seçilmə şansını necə dəyərləndirirsiniz?
- Şəxsən öz adımdan bütün namizədlərə uğurlar
arzulayıram. Tam səmimiyyətimlə söyləyə bilərəm ki, Temur Abbasova rəqib görə
bilmirəm. Bunu vətəndaş olaraq deyirəm. Keçirdiyimiz görüşlərdə, əhali ilə
apardığımız söhbətlərdən belə nəticəyə gəlmişəm. Bu etibar və inam partiyamızın
apardığı islahat və işlərdən irəli gəlir. Temur Abbasovun tərcüməyi-halı,
görüşlər zamanı çıxışları və xalqla davranışı onun namizəd kimi xalq tərəfindən
sevildiyinə, seçkilərdə qalib gələcəyinə böyük ümid və inam yaradır.
- Qarşı tərəfin
apardığı seçkiöncəsi təbliğat-təşviqat kampaniyasına münasibətiniz necədir?
- Hər bir namizədin və partiyanın seçkiöncəsi
görüşlər keçirib təbliğat aparmaq hüququ var. Lakin qanun çərçivəsində. Bəzən
çıxışlarda təxribatlara yol verən namizədlər olur. Amma xalq yerindəcə haqqı və
nahaqqı seçir, qeyri-peşəkar amalların qarşısını alır. Məşhur bir atalar sözündə
qeyd edildiyi kimi, xalqın gözü tərəzidir. Bizim xalq neçə ildir ki, layiqli
seçimini edir. Biz də çalışırıq onların o dəyərli səslərini sözdə deyil, əməldə
doğruldaq. Ona görə də hər seçkidə alını açıq yenidən xalqın dəstəyini istəyirik.
Rufik İSMAYILOV