• cümə, 29 Mart, 18:13
  • Baku Bakı 14°C

MARİNA SVETAYEVA

16.09.15 11:26 2680
MARİNA SVETAYEVA
Nə düşünür, nə inciyir,
Nə dalaşır, nə yatıram...
Nə günəşə, nə də aya,
Nə dənizə can atıram!
Otaq bürkü, bağçam sərin;
Duyammıram bu fərqi mən,
Əl üzmüşəm arzulardan
Hər bir şeydən didərgin mən...
Sabahları eşitmirəm
Tramvayın sədasını.
Unuduram rəqəmləri,
Ayın, günün sırasını...
Tale kəsib kəndirimi -
Mən bəxtimin köləsiyəm.
Mən – yuxuda gəzən adam,
Mən - kölgənin kölgəsiyəm.
***
Eşqimlə bərabər ağrı-acım var...
Əzizlə, mehrinə ehtiyacım var!
Yağışın səsitək xoşdu gülüşün...
Ruhumu oxşayan kəlmələr düşün!
Düşdükcə damlalar islansın zaman,
İllər həsrətdi qəlbimə daman...
Məni də yatırtsın süzülən sular,
Hər kiçik damlanın bir hünəri var;
Tabutum üstünə yağsın, - durulsun,
Atəşim azalsın, gözüm yumulsun.
Gözləyən gözləyib yorulsa belə,
Kimsə ürəyimə od salsa belə
Həm mənə layla de, həm də ki, dinlə:
Eh, sözə nə gərək…, oxşa əlinlə,
Nəvazişinlə...
ANAMA
Nələr unudulur zamanla, nələr...
Çox şeyin yox olub silinir adı.
Amma o dodaqlar, o incə əllər,
Gur saçlar hələ də yadımızdadı...
Bir məktub yazarkən çəkdiyin o ah,
Yaqut üzüyündə - parlayan hüzün...
Çarpayı başında hər axşam-sabah
Təbəssümlə dolu mehriban üzün...
Bir quş misalıydın – kədərə yoldaş...
Qəlbində yaranın təzəydi yeri.
Düşərdi gözündən iki damla yaş,
Susanda royalın iniltiləri...
Ruscadan çevirdi: Afaq ŞIXLI
banner

Oxşar Xəbərlər