• cümə axşamı, 28 mart, 22:27
  • Baku Bakı 13°C

“Manqurt”laşan xülyalar

27.02.20 14:45 3918
“Manqurt”laşan xülyalar
"Gün var əsrə bərabər” əsəri Azərbaycan oxucularına yaxşı tanış olan və geniş oxucu auditoriyası tərəfindən sevilən böyük qırğız yazıçısı Çingiz Aytmatovun qələminin məhsuludur. Əsər Sovetlər Birliyi dövründə insanların yaşamış olduğu müxtəlif sosial və mədəni problemləri əks etdirir. Yazıldığı dönəmdən üzü bəri zaman-zaman teatrlarda səhnə həllini tapan sözügedən əsər bu gün də tez-tez repertuarlarda görünməkdədir. Çingiz Aytmatovun "Gün var əsrə bərabər” romanındakı Manqurtla bağlı parça orta məktəb dərsliyindən mənə daha yaxından tanışdır. Bu əsər yaddaşımda ağır emosional yüklü əsər kimi qalsa da, orada yaşananlar şüurumun alt qatında böyük bir xof yaratmışdı.
Açığı, uzun müddətdir, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Manqurt” tamaşasını izləmək istəyirdim. Ancaq orta məktəbdən yaddaşımın alt qatında yığılıb qalan o xof məni rahat buraxmırdı. Görəsən, oxuduğum kimi səhnələşdirilibmi? Mənim təsəvvürümdə canlandırdığım, uşaqlığımın qorxulu röyası olan o Manqurt bu Manqurtdurmu deyə öz–özümə düşünüb, var-gəl edirdim. Axırda "qorxan gözə çöp düşər” deyib, özümə toxtaqlıq verə-verə ana teatrın yolunu tutdum. Tamaşaya baxmazdan öncə məlumatlanmaq üçün öyrəndim ki, "Manqurt” 2 il əvvəl Çingiz Aytmatovun 90 illik yubileyinə bir töhfə kimi hazırlanıb. Yəni, yubiley tamaşasıdır.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər” romanı əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı (Sadıqov), rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Bir hissəli epik rəvayət janrında hazırlanan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova (Nayman ana), Elşən Rüstəmov (Yedigey, Juan Juan), aktyorlar Ramin Şıxəliyev (Sabitcan, Manqurt) Corc Qafarov (2-ci Manqurt) və Firuzə Balayeva iştirak edirlər.
Hadisələr köhnə bir qəbiristanlıqda cərəyan edir. Səhnədə hiddətlə və gəzişən adam (Elşən Rüstəmov) üsyan edir. Ana-Beyit adlı tarixi qəbiristanlığının sökülmək təhlükəsi var. Ancaq bu işə dövlət tərəfindən vəzifələndirilən başqa bir adam (Ramin Şıxəliyev) həmin məkanı sökməkdə qərarlıdır. O nə tarix bilir, nə əcdad. Ona maraqlı olan yalnız bir şey var - öz işini və yerini möhkəmlətmək. Nədənsə Yuğ Teatrının taleyini xatırladım. Bir zamanlar elə bu səhnədəcə fəaliyyətə başlayan Yuğ teatrına sonradan verilən köhnə hamamı... Demişdilər ki, tarixi bina olsa da, sökülməlidir ki, sökülməlidir.
Hər iki tərəf israrlıdır və bu ərazi onların ən böyük hədəfidir. Bəs, kim qalib gələcək? Hər ikisi özünə görə haqlıdır. Hər biri öz pəncərəsindən boylananda haqlı tərəf kimi görünür. Sözügedən konfliktin qütblərində dayanan hər iki obrazın öz mövqelərinə haqq qazandırmaq üçün daşdan keçən əsası var. Biri yıxmaq, öz işində böyümək, rəhbərinin gözünə girmək, digəri isə öz qədimi ərazisini qorumaq istəyir. Yəni bugün gündəlik olaraq yaşadığımız problemlər kimi. Elə Elşən Rüstəmovun canlandırdığı obraz da hikkəsi ilə həmin o "Sarı özək” əfsanəsini, manqurtlaşdırılan əsirlərin aqibətini xatırladır. Tərəf-müqabilini yerə yıxaraq səhnənin ortasında quraşdırılmış taxta dekorda tam ram edir. Əllərini və boynunu taxta qurğuya sarıyır, başına yeni kəsilmiş dəvə dərisindən bir parça keçirir. Hər iki aktyor onlara tapşırılanı ustalıqla icra edir.
Tamaşada bütün diqqəti Nayman ana (Mehriban Xanlarova) üzərinə çəkir və tamaşaçını arxasınca aparmağı bacarır. O öz balasının manqurt olmasını qəbul etmək istəmir, onu axtarıb tapmaqda israrlıdır. Elə bu ümidlə də yola düzəlir. Nəhayət, gəlib onu Sarı-özək səhrasında tapır. Amma oğluyla qarşılaşanda dözülməz bir mənzərənin şahidi olur. Başına dəvə dərisi keçirilmiş oğlunun bir müqəvvadan fərqi yoxdur. Jolaman (Ramin Şıxəliyev) nəinki onun üçün çöllərə düşən anasını, özünü belə tanımır. Tamaşa boyu oğluna adını, kimliyini, kökünü, haradan gəldiyini atası Donanbayı, uşaqlığını xatırlatmağa çalışır, balasını bu qaniçən juanjuanlardan xilas etməyin yollarını axtarır. Sonda uzun yolları aşan qoca Nayman Ana oğlu tərəfindən bir oxla qətlə yetirilir. O gündən ananın dəfn olunduğu həmin yerlər "Ana Beyit” qəbiristanlığı adlanır.
Tamaşada Yedigey və Juan Juan obrazının ifaçısı Əməkdar artist Elşən Rüstəmov bir aktyor kimi üzərinə düşən vəzifəni ustalıqla yerinə yetirir. Elşən Rüstəmov istedadlı aktyorlarımızdandır. Onun özünəməxsus dəsti-xətti, plastikası var. Aktyor öz plastikası ilə obrazın dəqiq rəsmini çəkməyi bacarır. Tamaşa boyu eyni tempdə oynayan və tamaşaçını yormayan Elşən Rüstəmov əsil sənətkar kimi rolunun öhdəsindən gəlir.
Əsərin əsas qəhrəmanlarından biri Nayman ana rolunun ifaçısı Əməkdar artist Mehriban Xanlarovanı uzun müddətdən sonra fərqli ampluada görürük. Tamaşa boyu, sözün əsl mənasında, obrazı daxildən oynayan aktrisa tamaşaçını özünə bağlaya bilir. Bütün səhnələrində aktrisa tempi qaldırır və eyni vəziyyətdə də saxlamağı bacarır. Obrazının əziyyətini, çəkdiyi əzabları, Nayman ana faciəsini ustalıqla çatdırır. Hər zaman efirlərdə qalmaqallı verişlərdə çoşqulu şəkildə çıxış edən aktrisa, sanki illərdir içində yığılıb qalan ifaçılıq potensialını nümayiş etdirir. İfası boyu danışan gözləri, kədərli rəqsi, səhnədən onu qarsan iniltisi tamaşaçıya "səhnədə Mehriban Xanlarova yoxdur, Nayman ana var” dedirdir. Zaurun, Xoşqədəmin verilişlərindəki çığır-bağırlarda itib-batan aktrisanın, sözün əsl mənasında, güclü potensiala malik aktrisa olduğunun fərqinə varırıq. Biz onu belə şoularda fərqli istiqamətdə tanıyırıq, daha doğrusu, tanımaq istəyirik. Çünki efirlərdə daha çox aktrisanı bu yöndən görür və gördüyümüzə inanırıq.
Tamaşada aktyor Ramin Şıxaliyev iki manqurt obrazını canlandırır. Biri kimlərinsə qabağında öz mənafeyi üçün keçmişini danan yaltaq məmur, digəri isə düşmən tərəfindən böyük işgəncələrlə yaddaşı silinən əsgər. Hər iki obrazın öhdəsindən layiqincə gələn aktyorun çevik hərəkətləri diqqətdən yayınmır.
Qurluşçu rejissorun əsərə qatdığı əlavələr də mövzuyla tam uyğunlaşır, onu günümüzə uyğunlaşdırmaqla daha da dərinləşdirirdi.
Aktyor oyununda quruluşçu rejissorun seçdiyi ən mühüm məsələlərdən biri isə interaktivlik idi. Tamaşa ərzində bəzən aktyorlar bir-biri ilə danışmaq əvəzinə daha çox tamaşaçıya yönəlirdilər. Bu isə tamaşanın tamaşaçının daha tez təsir və daha dərindən təsir etməsi üçün düşünülmüş bir bədii üsul idi. Səhnə əsərinin əsas ideyası isə tamaşaçını manqurtizimdən xilasa çağırış idi.
Tamaşanın musiqisi daha çox faciəni, yer üzündə insanların vəhşiliklərini xatırladır. Tamaşa boyu müxtəlif janrlarda dünya bəstəkarlarının musiqiləri səslənirdi. Musiqi tərtibatı mizanlara, səhnədə gedən proseslərə uyğun seçilib və tamaşa boyu bir-birini tamamlayırdı.
Teatrın kiçik səhnəsində nümayiş olunan tamaşada səhnə tərtibatı daha fərqli düşünülüb, iki divardan qurulan tamaşa bir tərəfdən tariximizi, digər tərəfdən isə müasir dövrümüzü xatırladır. Ətrafın daş-qaya olması isə bu günümüzün hardan gəldiyini, bahalı daş-qaşların, bəzədilmiş məzarların əsas tərkibinin isə adi bir daş olmasından xəbər verir.
Deyirlər ki, əgər bir tamaşa uzun müddət sizi öz təsirində saxlayırsa, demək o uğurlu tamaşadır. Bu tamaşa ilə mən uşaqlıqdan beynimin alt qatında qalan o manqurta qalib gəlmiş oldum. Əslində, Manqurtun heç də bizlərdən seçilmədiyinin və gündəlik həyatımızda da manqurt kimi insanların var olduğunun fərqinə vardım. Əgər rejissor bunu mənə hiss etdirməyi və izah etməyi bacarıbsa, kim nə deyir-desin, mən bu tamaşanı uğurlu iş hesab edirəm.

Turan Etibaroğlu


banner

Oxşar Xəbərlər