• çərşənbə axşamı, 19 mart, 08:33
  • Baku Bakı 8°C

“Maneələr mənə stimul verir” – Uğur hekayəsi

19.05.17 10:30 9690
“Maneələr mənə stimul verir” – Uğur hekayəsi
Uğursuzluğu uğurun ən birinci şərti hesab edir. Deyir ki, əgər həyatda uğursuzluqların olmayıbsa, deməli, risk etməmisən və həqiqətən də uğurlu deyilsən. Çünki insan doğru yolu tapmaq üçün mütləq səhvlər edir. Müsahibimizin uğur yolunda qarşısına çıxan maneələr ona stimul verib. O, "bacara bilməyəcəksən” deyənlərin əksinə gedib, qarşısına məqsəd qoyub və bacarıb. Söhbət Danimarkada Ribe Jernindstri A/S (İstilik sistemləri istehsalı) şirkətində təchizat zənciri üzrə menecer kimi çalışan Elçin İbrahimovdan gedir. Həmsöhbətimiz Danimarkada satınalma, istehsalın planlaşdırılması, məhsulların inkişaf etdirilməsi departamentinin rəhbəridir. Bundan başqa, yeni məhsul inkişafı layihələrinin də fəal iştirakçısıdır. O, həmçinin Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan Fame Lab olimpiadasında Azərbaycanı təmsil edib.

- Yasamalda 167 saylı məktəbi bitirmişəm. Texniki fənlərə marağım çox olduğu üçün hamı Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat fakültəsini yazmağımı istəyirdi. Müəllimimin məsləhəti ilə Qafqaz Universitetinin sənaye mühəndisliyini fakültəsini yazdım və qəbul oldum. 1-ci il oxudum və ilin sonunda gördüm ki, bu, mənə kifayət etmir. Düzdür, təhsil yaxşı idi, amma mən istəyirdim ki, şirkətlərdə təcrübə keçək, mühəndis kimi əlimiz maşınlara dəysin. Xaricdə təhsilə hazırlaşdım. İkinci ilin sonunda 5 ölkədən 5 universitetə daxil oldum. Sonda Danimarkanı seçdim. Çünki bu ölkə xoşbəxtlər ölkəsi hesab olunur və ən əsası təhsili digər ölkələrdən fərqlidir. Danimarkada qiymətlərimə baxdılar və dedilər ki, həm təhsil xərclərini ödəyirik, həm də təqaüd veririk. Təhsil xərcləri hər il üçün 10 min avro idi. Bununla yanaşı, 600-700 avro təqaüd verirdilər və heç bir şərtləri yox idi. Bu səbəbdən qəbul etdim və təcrübə müddətim bitdikdən sonra orada qalıb işlədim.

- Niyə mühəndis olmaq istədiniz?
- Nənəm elektrik mühəndisi olub. Əmim neft sahəsində mühəndisdir. Məndə də uşaqlıqdan bu sahəyə maraq olub. Həmişə düşünürdüm ki, gündəlik həyatımızda gördüyümüz əşyalar necə ərsəyə gəlir. İlk dəfə 9-10 yaşımda uşaqlarla alüminium yığırdıq. Özümüz həyətdə od qalayıb onları oda atıb əridirdik. Sonra onları formalara salırdıq. O formalar bizim üçün istehsal idi.

- Elçin bəy, necə oldu ki, təcrübə keçdiyiniz şirkətdə rəhbər vəzifəyə qədər yüksəldiniz?

- Mən orada təcrübə keçərkən şirkət böhranda idi. Hər il 1 milyondan çox pul itirirdi. Onlar da qazancı artırmaq istəyirdilər. Şirkətlər bu vəziyyətdən çıxmaq üçün həmişə xaricdən adamlar gətirirlər. Çünki insan bir şirkətin içindədirsə, eyni prosesləri hər gün görür, dəyişiklik edə bilmir. Həmin il onlar şirkətin 15 faizini ixtisara saldılar, məni də gizli şəkildə işə götürdülər. Biz sonra layihələr həyata keçirməyə başladıq. Mən ilin axırı işə götürüldüm. Ondan sonrakı ili şirkət sıfır ziyanla başa vurdu. İki il sonra isə şirkət gəlir əldə etməyə başladı. Gəlirin 70-80 faizi birbaşa mənim layihələrim sayəsində gerçəkləşdi. Ondan sonra müəyyən şöbələrdə işləməyə başladım. Hazırda 5 şöbəyə rəhbərlik edirəm və 20 danimarkalı rəhbərliyim altında çalışır. Artıq bu şirkət elə vəziyyətə çatıb ki, pul da qazanır, bütün proseslər də optimallaşdırılır. Bu səbəbdən sözügedən şirkət mənə darıxdırıcı gəlir. Ona görə də növbəti aylarda başqa şirkətdə çalışmağı planlaşdırıram. Bu şirkətdən 15 dəfə böyükdür. Şirkətin satışı çoxdur, amma çox pul itirir. Burada etdiklərimi həmin şirkətdə tətbiq edəcəyəm.

- Bir azərbaycanlı 20 nəfər danimarkalıya rəhbərlik edir. Bu, danimarkalılar tərəfindən bu necə qarşılanır?

- Bəzən söhbətlər olurdu ki, kiçik bir ölkədən gəlib bizə rəhbərlik edir. Bəzi şöbələrdə 20-25 il çalışan işçilər var idi ki, mən onların şefi təyin olunanda adam açıq şəkildə əksinə gedirdi. Çox azdır, amma var. Danimarkada yaşa çox az adam fikir verir. Onlara görə, sən ağlınla iş görürsən, yaşınla yox. Şirkətin 10 milyonluq xərcini biz idarə edirik. Bu, ancaq bizim şöbənin hissəsidir. Danimarkada ağlın və fərasətin varsa, qarşında heç kim dura bilməz.

- Uğurlu karyerada yalnız ağıllı olmaq kifayət edirmi?

- İndiki dövrdə kifayət etmir. Ağıl lazımdır, işin mütəxəssisi olmaq vacibdir. Amma fərasətli olmaq və siyasət işlətmək də önəmlidir. Əgər irəliyə getmək istəyirsənsə, dar çərçivədən çıxmalısan. Mən təchizat zəncirini idarə etdiyim üçün bir problemə yanaşanda fikirləşirəm ki, bunun yalnız şöbəyə yox, bütün şirkətə effekti necə olacaq. Ümumiləşdirici olmağı bacarmaq lazımdır. Üçüncü ən vacib məsələ isə limitlər haqqında yox, imkanlar haqqında düşünməlisən. Hamının ideyası var. Çox adam ağlına ideya gələn kimi deyir ki, filan ideyam var, amma filan şeylərə görə alınmaz. Amma insan da var deyir ki, mənim ideyam var və bu reallığa çevriləcək. Ona görə həmişə imkanlar haqqında düşünmək lazımdır. Limitlər hər vaxt var.

- Bir gəncin uğur qazanmasında valideynin rolu nə qədərdir?
- Mən həmişə öz bildiyimi etmişəm. Ətrafımı dinləsəydim, yerimdə sayardım. Valideynlərimə təşəkkür edirəm ki, mənə universitetə kimi təhsil veriblər və ondan sonra öz yolumla getmişəm. Deyiblər ki, biz sənlə razı deyilik. Amma bu, sənin seçimindirsə, nə olsa da, arxanda durmuşuq. Valideynin rolu uşaq məktəbi bitirənə kimidir. Avropada 18 yaşlı gənc evdən çıxırlar. Valideynlər universitet seçiminə məsləhət verə bilər. Ancaq universitet uşağın öz seçimi olmalıdır. Universitetdə seçdiyi ixtisas uşağın verəcəyi ən önəmli qərarlardandır. Çünki onun geri dönüşü yoxdur. İnsan artıq 8-9-cu sinifdə olanda müəyyən dərəcədə bilməlidir ki, həyatdan nə istəyir. Özü bilə bilməz. Valideyn onu müxtəlif işləri göstərməlidir və nəyi bacardığını kəşf etməlidir ki, uşaq da nə istədiyini bilsin.

- Bayaq dediniz ki, monotonluğu sevmir və fərqli olmağınızla seçilirsiniz. Fərqlilik olanda maneələr də olur. O maneələr sizi qorxutmur ki?

- Mən xoşlayıram ki, xaosun içinə girim, orada disiplin yaradım. Xaos yatışanda artıq ora mənə maraqlı olmur. Fərqlilikləri xoşlayıram və mən təbiətcə hər şeyə maraq göstərirəm. Maneələrə gəldikdə isə çox olur. Maneələr mənə stimul verir. Bir insanın söylədiyi "sən bunu edə bilməzsən” fikri mənə stimul verir və düşünürəm ki, "edə bilib-bilməyəcəyimi sənə göstərəcəm”. İnsan həyatdan nə istədiyini bilməlidir.

- Riskləri sevirsiniz. Danimarkada tələbə vaxtı milyon dollarlıq məsuliyyət sizi qorxutmadi ki?
- Əlbəttə, qorxu hər bir insanda olur. Əgər bir insan özünü həmişə bütün işlərin öhdəsindən gəlmiş kimi hiss edirsə, o, çox irəli getmir. Biz elə dövrdə yaşayırıq ki hər şey irəli gedir. İrəli getmək üçün risk etmək lazımdır. Çünki heç kim bu gün dayanıb gələn il nə olacağını bilmir. Ona görə də risk edib yeni imkanların arxasınca getmək lazımdır.

- Uğursuzluqla qarşılaşanda özünüzü necə motivasiya edirsiniz?
- Uğursuzluq olmalıdır. Əgər insan uğursuzluqla qarşılaşmırsa, bu, o deməkdir ki, risk etmir. İnsan risk etmirsə, qabağa getmir. Uğursuzluq uğurun ən birinci şərtidir. Çünki insan doğru yolu tapmaq üçün səhvlər edir. Bu olmalıdır. Onun da vacib şərti odur ki, eyni səhvi iki dəfə etməməlisən. Eyni səhvi bir dəfə etmək əladır, hər kəs səhv edir. İkinci dəfə etdinsə, deməli, sən axmaqsan. Uğursuzluqdan qorxmaq lazım deyil, yola davam etməlisən.

- Sizcə uğurun sirri nədir?
- Özünə, ideyalarına inanmaq və mübarizə aparmaqdır. Əgər kimsə sənə "bu, səndə alınmayacaq” deyirsə, ona inanma, mübarizə apar. Ən əsası isə çox və ağıllı çalışmalısan. Çox adam deyir ki, çox çalışmaq vacib deyil, ağıllı çalışmaq vacibdir. Hər ikisi bərabər olmalıdır. Ən əsası isə gənclər karyeraya qapılıb ailə həyatını da unutmamalıdırlar. Karyera qur, amma ailə həyatın da yadında olsun. Uşaqlarınla, həyat yoldaşınla vaxt keçir. Karyerist olmaq o demək deyil ki, 15 saat işlə və ailə həyatını unut. Hər ikisi bərabər olmalıdır. Çünki dar günündən ailənin dəstəyi ilə çıxırsan.

- Sonda gənclərə nə demək istərdiniz?

- Gənclərin öz məqsədləri olsun. Oturub düşünsünlər ki, həyat mənə bir dəfə verilir və mən bu həyatdan nə istəyirəm. Bunu bildikdən sonra öz məqsədlərinə doğru getsinlər. Əgər ağlında ideya varsa, onu edə bilərsən. Sadəcə, çox çalışıb, o məqsədə doğru getməlisən. Fikirləşməməlisən ki, bu, mümkün deyil. Mümkünsüz heç nə yoxdur.
Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər