• şənbə, 20 Aprel, 14:32
  • Baku Bakı 23°C

Mandatdan kənar fəaliyyət

30.05.13 09:40 1755
Mandatdan kənar fəaliyyət
“İnsan Haqları Uğrunda” İctimai Birlik “Qızıl balıq diplomatiyası” adlı hesabat açıqlayıb. Hesabatda 2010-cu ildə bir sıra beynəlxalq və yerli təşkilatların iştirakı ilə formalaşan qrupunun antiAzərbaycan fəaliyyəti ilə bağlı ciddi müzakirələrə yol açacaq mülahizələr yer alıb. Hesabatda bildirilir ki, Azərbaycandakı müsbət dəyişikliklərə, ifadə azadlığının təmin olunmasına və inkişafına baxmayaraq, Beynəlxalq tərəfdaşlıq qrupu digər ölkələrdəki fəaliyyət təcrübəsinin əksinə olaraq öz fəaliyyətini davam etdirir, Azərbaycanda ifadə azadlığı problemləri ilə heç bir halda bağlılığı olmayan siyasi məsələlərdəki səylərini gücləndirirdi.
Beynəlxalq tərəfdaşlıq qrupu Kopenhagen müşavirəsinin tələblərinin əksinə olaraq daxili siyasi proseslərə açıq şəkildə cəlb olundu. Koalisiya bu siyasi mübarizədə iştirak edən tərəflərdən birinin - müxalifətin və müxalif əhval-ruhiyyəli təşkilatların tərəfini tutaraq Bakıdakı icazəsiz və qanunsuz nümayişlərin dağıdılmasını öz bəyanatlarında açıq-aşkar pislədi. Halbuki həmin yerlərdə mitinqlərin keçirilməsi milli qanunvericiliklə yasaqdır. Bundan əlavə, Beynəlxalq tərəfdaşlıq qrupu bu mitinqlər zamanı həbs və məhkum olunan şəxslərin hüquqlarının müdafiəsi prosesinə də açıq şəkildə qoşuldu. Bu, beynəlxalq hüquq müdafiəçilərindən ötrü müsbət və tərifəlayiq işdir. Amma bu, Beynəlxalq tərəfdaşlıq qrupunun konseptual proqramına, ideyasına, fəlsəfəsinə və koalisiyanın missiyasının fəaliyyətinə dair beynəlxalq razılaşmaların mahiyyətinə belə ziddir.
Siyasi mübarizədə tərəf
Bakı bəyannaməsinə uyğun olaraq Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyəti yalnız jurnalistlərin hüquqlarının (həbslər, oğurlanma halları, qətllər zamanı) lobbiləşdirilməsinə və müdafiəsinə şamil oluna bilər. Koalisiyanın mandatına isə yalnız milli mətbuat qurumlarının təqib olunmasına və digər problemlərinə operativ şəkildə reaksiya vermək məsələsi daxil idi.
Beynəlxalq tərəfdaşlıq qrupunun missiyasının son məqsədi sonradan həmin qrupun həyata keçirdiyi vəzifələrin icrasını öz üzərinə götürə biləcək mətbuat üzrə QHT-lərin milli koalisiyasının və milli QHT təsisatlarının yaradılmasından ibarət idi. Açıq Cəmiyyət İnstitutu - Soros Fondu, USAİD, Avropa İttifaqı və NED kimi beynəlxalq fondlar bu layihənin donorları kimi çıxış etməyə hazır idilər. Lakin Azərbaycanda belə bir koalisiyanın yaradılması cəhdləri uğurla nəticələnmədi. Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə ilə bağlı siyasi məsələlərin lobbiçiliyi işinə girişən Beynəlxalq tərəfdaşlıq qrupu belə bir koalisiyanın yaradılması yolundakı səylərini davam etdirməyə qətiyyən cəhd göstərmədi.
Bununla bağlı Beynəlxalq tərəfdaşlıq qrupunun Avropa Şurası təsisatlarına qarşı başladığı xüsusi kampaniya daha çox narahatlıq doğurur. Bu cəhdlər çərçivəsində o cümlədən AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexin gözdən salınmasına yönələn kampaniya başladıldı. Beynəlxalq tərəfdaşlıq qrupunun bu kampaniyasının təşəbbüskarı Azərbaycan müxalifətinin liderləri, yəni Azərbaycandakı siyasi mübarizədə tərəf kimi çıxış edən qüvvələrdən biri idi.
Gözdənsalma kampaniyası
Həmməruzəçilər Azərbaycandakı vəziyyətə dair həddən artıq kəskin tənqidi hesabat hazırlayıb, onu AŞ PA-nın yanvar sessiyası zamanı plenar iclasa təqdim etsələr də, QHT koalisiyası həmməruzəçilərin fəaliyyətini tənqid etməkdə və Qərbi Avropanın müxtəlif ölkələrində onların gözdən salınması üçün xüsusi kampaniyalar təşkil etməkdə davam edirdilər. Beynəlxalq tərəfdaşlıq qrupunun burada güddüyü məqsəd AŞ PA-dakı alman nümayəndə heyətinin mövqeyi ilə demək olar ki, üst-üstə düşürdü. Alman nümayəndə heyəti Avropa Şurasına üzv-dövlətlər üzərində AŞ PA Monitorinq Komitəsi vasitəsilə monitorinq aparılmasına dair hazırda qüvvədə olan mexanizmin ziddinə olaraq Azərbaycan üzrə xüsusi missiyanın həyata keçirilməsi hüququnun AŞ PA-nın təsisatdan kənar məruzəçisi imtiyazı şəklində alman deputat K.Ştrasserə verilməsinə nail olmağa çalışırdı. Bu isə Avropa Şurasına üzv-dövlətlərdə indiyə qədər analoqu olmayan bir hal idi.
Beynəlxalq tərəfdaşlıq qrupunun bu fəaliyyəti onun AŞ PA-dakı fəaliyyət mandatı ilə daban-dabana zidd idi. Bu mandat avropalı parlamentarları Azərbaycanda söz azadlığı sahəsindəki vəziyyət barədə yalnız müstəqil və qərəzsiz şəkildə məlumatlandırmaq vəzifəsi və səlahiyyəti ilə məhdudlaşırdı.
Azərbaycan üzrə koordinatorun mövqeyi
Beynəlxalq tərəfdaşlıq qrupunun Azərbaycan üzrə koordinatoru Britaniyanın “Article XIX” təşkilatıdır. “Article XIX” təşkilatı Avrasiya regionunun digər problemli ölkələrindən fərqli olaraq Azərbaycandakı problemlərə prioritet verilməsinin və onlara daha çox diqqət yetirilməsinin səbəbləri barədəki suala yalnız ümumi müddəalarla cavab verib. Bu isə təşkilatın belə mövqeyinin əsl səbəblərini açıb göstərmir.
“Article XIX” bəyan edib ki, bu təşkilat bütün dünyada söz və ifadə azadlığı hüququnun qorunması və daha da inkişafı uğrunda fəaliyyət göstərir: “Biz heç bir ölkəni digəri ilə müqayisə etmirik. Biz insan haqları standartlarını təhlil edirik. Bu ölkələr Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta və İnsan haqlarına dair Avropa Konvensiyasına uyğun olaraq öz üzərinə öhdəliklər götürüblər. Bütün ölkələr öz öhdəliklərini pozmağa, onlara əməl etməməyə görə eyni dərəcədə məsuliyyət daşıyırlar. “Article XIX” həm fərdi qaydada, həm də çoxsaylı koalisiya və tərəfdaşlıq qruplarının tərkibində olmaqla bir çox ölkələrdə, o cümlədən həmçinin Rusiyada işləyir. Biz Azərbaycanda 13 ildir işləyirik. O cümlədən ifadə azadlığı üzrə təşkilatların koalisiyasında - Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupu (İPGA) çərçivəsində fəaliyyət göstəririk. Bu koalisiya Azərbaycanda söz azadlığının vəziyyətindən narahatdır. Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupu 2010-cu ildə yaradılıb və onun fəaliyyəti hal-hazırda bizim təşkilat tərəfindən koordinasiya olunur”.
Ölkədaxili siyasi proseslərə müdaxilə
Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyətinin artıq açıq şəkildə müşahidə olunan və Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə hallarına çevrilən təbliğatçılıq meylləri ilə bağlı ikinci sual isə “Article 19” tərəfindən aşağıdakı kimi cavablandırılıb: “Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupu (İPGA) Azərbaycanda söz və ifadə azadlığı hüququnun təşviq və müdafiə edilməsi sahəsində işləyən beynəlxalq təşkilatların koalisiyasıdır. Söz və ifadə azadlığı hüququ bütün ölkənin əsas hüququdur. Yəni bu hüquq bütün insanlar, o cümlədən jurnalistlər və hüquq müdafiəçiləri, həmçinin etirazçılar üçün əlçatan olmalıdır. Bu hüququn təşviq və müdafiə olunması öz təbiətinə görə siyasi vəzifədir və bu məsələ siyasi gündəmin dəstəklənməsi məqsədləri ilə bağlı deyil. Bizim fəaliyyətimiz və Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyəti Azərbaycanda insanların söz və ifadə azadlığı hüququnun müdafiəsi işinin yaxşılaşdırılmasına yönəlib”.
Beynəlxalq tərəfdaşlıq qrupunun yaradılması ideyasının təşəbbüskarı olan “İnternational Media Support İnstitute” (Danimarka) təşkilatından şərh almağa dəfələrlə cəhd göstərilsə də, bu qurumun nümayəndəsi Ceyn Moller Larsen suallara nə şifahi, nə də yazılı şəkildə cavab vermək istəməyib, bundan imtina edib.
Norveç Fondunun “İnsan Haqları Evi” təşkilatının nümayəndəsi Anna Bonde də suallara cavab verməkdən imtina edib və Beynəlxalq tərəfdaşlıq qrupunun koordinatoru olan “Article 19” təşkilatına müraciət etməyi məsləhət görüb.
“Sərhədsiz reportyorlar” təşkilatının nümayəndələri də sualları nə şifahi, nə də yazılı formada cavablandırmaq istəməyərək bundan imtina ediblər. Bu təşkilatın keçmiş SSRİ ölkələri üzrə proqram direktoru Yohan Birin adına göndərilən sorğu da cavabsız qalıb.
Cavabsız qalan suallar
Beynəlxalq tərəfdaşlıq qrupunun keçmiş koordinatoru, Azərbaycana qarşı lobbiçilik fəaliyyətini hazırda da davam etdirən Rebekka Vinsent də sualları cavablandırmaqdan imtina edib. Açıq Cəmiyyət İnstitutunun Bakı şöbəsinin media proqramları üzrə keçmiş koordinatoru Rövşən Bağırov da Soros Fondu bölmələrinin Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyətinin maliyyələşdirilməsindəki və təşkilindəki iştirakı məsələsini şərh etməkdən imtina edib.
“Kürü diplomatiyası” hesabatının müəllifləri olan “European Stability İnitiative” təşkilatının nümayəndələri də yazılı sorğuya cavab verməkdən imtina ediblər və bunu institutun direktoru Herald Knausun həmin vaxt Almaniyada olmaması ilə əlaqələndiriblər. İnstitutun Berlin ofisində rəhbərliklə görüşmək üçün göstərilən çoxsaylı səylər də uğursuzluqla nəticələnib. İnstitutun rəhbəri isə məhz həmin anlarda Avropa Şurası Parlament Assambleyası deputatlarının ünvanına kütləvi şəkildə məktub göndərməklə məşğul idi. O, həmin məktublarda AŞ PA deputatlarından alman deputat K.Ştrasserin məruzəsinin yeni müzakirəsinin keçirilməsini ciddi və qəti şəkildə tələb edirdi.
Milli üzvlərin fikirləri
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru, hüquq müdafiəçisi Emin Hüseynov bu hesabat üçün verdiyi müsahibəsində bildirib ki, o, Azərbaycan Beynəlxalq tərəfdaşlıq qrupunun adından danışmaq səlahiyyətinə malik deyil və bu təşkilatın fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. E.Hüseynovun sözlərinə görə, o, bu tipli müxtəlif koalisiyada iştirak edir, bu isə onun üzərinə hər hansı fəaliyyətlə məşğul olmaq öhdəliyi qoymur. E.Hüseynov AŞ PA-nın sessiyalarındakı lobbiçilik fəaliyyəti zamanı Strasburqa etdiyi səfərlərin hansı mənbədən maliyyələşdirilməsi ilə bağlı suala cavab verərkən bildirib ki, bütün bu səfərlərinin xərclərini öz şəxsi vəsaiti hesabına ödəyir.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı hesabat üçün verdiyi müsahibəsində bildirib ki, başçılıq etdiyi təşkilat Beynəlxalq tərəfdaşlıq qrupunun əksər üzvləri ilə, o cümlədən “Article XIX” təşkilatı ilə bir çox beynəlxalq layihələrdə sıx əməkdaşlıq edib. R.Hacılının sözlərinə görə, Media Hüququ İnstitutu Beynəlxalq tərəfdaşlıq qrupunun yaradılması prosesində iştirak etməsə də, bu koalisiyaya qrupun koordinatoru olan “Article XIX” təşkilatının dəvəti əsasında sonradan qoşulub.
R.Hacılının fikrincə, Azərbaycan üzrə tərəfdaşlıq qrupu 2008-2009-cu illərdə müstəqil jurnalistlərin başı üzərindəki real təhlükə ilə bağlı yaradılmışdı. Bu qrup müstəqil KİV-in təqib olunmasına qarşı önləyici tədbirlər kompleksinin işlənib hazırlanması məqsədinə xidmət edir, həmçinin Azərbaycan jurnalistikasının problemlərinin işıqlandırılmasında beynəlxalq səylərin koordinasiya olunması işinin təşkilinə yardım göstərirdi.
Beynəlxalq tərəfdaşlıq qrupunun digər ölkələrdəki fəaliyyəti
R.Hacılı onu da təsdiq edir ki, Beynəlxalq tərəfdaşlıq qrupu söz və ifadə azadlığının müdafiəsi məqsədilə yaradılmışdı, lakin koalisiyanın fəaliyyəti sonradan digər siyasi azadlıqların müdafiəsi sahəsinə də yönəldi. Beynəlxalq tərəfdaşlıq qrupunun digər ölkələrdəki problemləri görməməzliyə vuraraq bu gün yalnız Azərbaycanda fəaliyyət göstərməsi faktına münasibət bildirən azərbaycanlı hüquq müdafiəçisi qeyd edir ki, o, digər problemli ölkələrdə analoji koalisiyaların fəaliyyəti haqda heç bir məlumata malik deyil. R.Hacılının sözlərinə görə, Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupunda təmsil olunan təşkilatlar digər ölkələrdə aktiv fəaliyyət göstərmirlər. “Article XIX” təşkilatının Şərq ölkələri üzrə departamenti isə beynəlxalq missiyalardakı iştirak formatında yalnız Azərbaycan üzrə qrupda təmsil olunur.
R.Hacılı əmindir ki, Beynəlxalq tərəfdaşlıq qrupunun Azərbaycan hökumətinə qarşı lobbiçilik fəaliyyətinin güclənməsi Azərbaycanın siyasi rəhbərliyinin bu təşkilatlarla dialoqu davam etdirmək arzusunda olmaması ilə bağlıdır. Onun sözlərinə görə, Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyəti 2012-ci ilin sentyabrına qədər Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilib. Media Hüququ İnstitutunun direktoru tərəfdaşlıq qrupunun bundan sonrakı fəaliyyətinin hansı mənbədən maliyyələşdiriləcəyi barədə heç bir məlumata malik deyil.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər