“Maliyyənin düzgün idarə edilməsi üzərində çalışıram” - Uğur hekayəsi
Fərid Pərdəşünas: "Yuxarıda o qədər "əjdaha” var
ki, sən onlara çatmaq üçün çalışmalısan”
Gördüyü işə inanıb və sona qədər davam edib. Ona
görə, işinə və potensialına inanaraq addımlar atsan, uğur qazanmaq o qədər də çətin
deyil. Çünki həyat mübarizədir, daim irəli getmək haqqında düşünməlisən.
Müsahibimiz rəqəmsal marketinq mütəxəssisi, texnoblogger,
"Technote Media” və "Hotbots. Robotics” şirkətlərinin təsisçisi Fərid Pərdəşünasdır. Fərid həm də"technote” layihəsi ilə hazırda ölkənin
ən çox oxunan texnologiya və startap portalının müəllifidir.
1994-cü ildə anadan olub. Bakı Dövlət
Universitetinin beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı fakültəsində dünya
iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini bitirdikdən sonra
xaricdə universitetə qəbul olub. Lakin qəbuldan imtina edib və xaricdə təhsil
almaq planını 30-35 yaşa qədər dondurub: "Təhsil üçün xaricə getmədim. Çünki
4-cü kursda artıq öz işimi qurmuşdum. Müxtəlif texnoloji məqalələr yazır,
videolar hazırlayır və onu texnologiya məhsulları olan mağazalara satırdım”.
- Soyadınız
daha çox ləqəbə bənzəyir. Maraqlıdır, bu soyad necə yaranıb. Yəqin ki, fərqli
soyada sahib olmaq brendləşmədə sizə kömək edib...
- Çox insan Pərdəşünası ləqəb olaraq götürdüyümü zənn
edir, amma bu ləqəb deyil, soyadımdır. Cənubi Azərbaycan kökənliyik. Babam, nənəm
orada doğulub, böyüyüblər. Şimali Azərbaycana deportasiya olunduqdan sonra
sovet qoşunları babamın soyadını dəyişiblər ki, şimalda fərqlənsin, onları daha
tez tapa bilsinlər. Orada hər bir şəxsə fərdi soyad veriblər. Babam da tar
ustası, tarın üstünə pərdə çəkən olub. Ona görə onun soyadı Pərdəşünas qalıb. Yəni
söhbət biz bildiyimiz pərdədən deyil, tarın pərdələrindən gedir. Pərdəşünasın
tarixi ilə bağlı kitab da var. Bizim nəsildə çox adam soyadını dəyişdirdi, amma
məndə qalıb. Soyadı brendləşdirmək insanın özündən asılıdır. Məni çox adam Pərdəşünas
kimi tanıyır. Soyadımı haradasa görəndə ilk ağıla mən gəlirəm. Googlda Pərdəşünas
yazıb axtarış versən, 2000 nəticə çıxacaq, demək olar ki, bütün nəticələr özümə
aiddir. Bu soyadı internetdə rəqəmsallaşdıran mənəm. Soyadımın domeni hazırda 4
min dollara satılır. Halbuki bunun dəyəri 12 dollardı. İnternetdə çox
axtarıldığı üçün brend olma ehtimalı var və bu da qiymətinə təsir edib. Belə
situasiyalar var, mən artıq o soyadı öz lehimə çevirmişəm. Bundan sonra da dəyişmərəm.
- Məcburi
köçkün həyatı yaşamısınız və mübarizəni o zaman öyrəndiyinizi demisiniz.
- Biz Ağdamda yaşayırdıq. Məcburi köçkün olduq və Gəncədə
məskunlaşdıq. Uşaq bağçasında qalırdıq. Sonra yavaş-yavaş inkişaf etmişik.
Əslində uşaqlığım çox çətin keçib. Məcburi köçkün olanlar bilir ki, onların
uşaqlığı olmur. Ailə bütün maddi ehtiyatlarını, əşyalarını itirir. Harada gəldi
məskunlaşırlar. Gah bağçada qalırsan, gah məktəbdə. Uçuq-sökük evlər... Düzdür,
o illər ölkədə də vəziyyət çox gərgin idi, amma məcburi köçkün ailəsi daha çətin
yaşayıb. Uşaqlıqdan ailən də, özün də həmişə nəsə əldə etmək üçün çalışırsan.
Çünki məcbursan. Bu məcburiyyət sənə mübarizəni öyrədir. Biri var ki, rahat,
komfort şəraitdə yaşayasan, heç nəyə ehtiyacın olmaya, bu zaman mübarizəni öyrənmirsən.
Çətin şəraitdə yaşayanda daim mübarizə aparırsan və bu, sənin artıq gündəlik həyat
tərzinə çevrilir. Ancaq qazanmaq, irəli getmək haqqında fikirləşirsən. Heç vaxt
komfort zonan olmur. Komfort zonanı qazandıqdan sonra belə yenə də irəli getmək
haqqında fikirləşirsən. Çünki bu, artıq həyat tərzindir.
- Çətin
uşaqlıq keçirmisiniz. Amma 606 balla universitetə qəbul olmusunuz... Məcburi
köçkün həyatı yaşayanlar tez-tez məktəb dəyişdiyi üçün bəzi hallarda yaxşı təhsil
almaq imkanları olmur...
- Düzdür, mən də çox məktəb dəyişirdim. Çünki sən
köçkün həyatı yaşayırsansa, stabil yerin olmur. Mütəmadi olaraq, 4 məktəb dəyişmişəm.
Bunun mənfi tərəfləri, adaptasiya problemi olur. Amma əsas məsələ odur ki, əgər
inkişaf etmək istəyirsənsə, çıxış yolun təhsildir. Ola bilər ki, sən o vaxt
butulka satarsan, yaxud çilingər yanına gedib peşə öyrənərsən amma bu, həmin an
üçün səni qurtarır. Təhsil isə uzun müddətli dövr üçündür. Gələcəyinə etdiyin
yatırımdır. Atam ali təhsilli olub, həkim işləyib. Təhsilin vacibliyini bizə təlqin
edib. Müəyyən çətinlik keçəndən sonra artıq həyatımız qaydaya düşüb, normal təhsilimizə
davam etmişik. Qəbul nəticəm də dövrə görə çox yaxşı idi.
- Beynəlxalq
münasibətlər və texnologiya? Texnologiya sahəsində tanınırsınız. Necə keçid
etdiniz?
- Əslində yüksək bal topladığım üçün ixtisasımı da
bala uyğun seçdim. 2-ci qrup üçün ən yaxşı işlər maliyyə, bank işi, dünya iqtisadiyyatı
idi. BDU-nun da də ən prestijli fakültələrindən biri beynəlxalq münasibətlər və
dünya iqtisadiyyatı idi. Amma bu ixtisası iqtisadçı olmaq üçün seçmədim. Beynəlxalq
münasibətlər o qədər geniş sahədir ki, bunu bitirəndə, həqiqətən nə işləyəcəyini
anlamırsan. Bu pis tərəfidir. Yaxşı tərəfi isə odur ki, geniş sahə olduğu üçün
içində hər şey keçir. Sən marketinqi, mühasibat uçotunu, biznesin idarə edilməsini,
beynəlxalq ticarəti öyrənirsən. Bu sənə imkan verir ki, gələcəkdə kim olacağını
mövqeləndirə bilirsən. Məsələn, mən marketinq və biznesin idarə edilməsi fənnini
sevirdim, hazırda da o istiqamətdə irəliləyirəm. Məni çoxları texnoblogger,
jurnalist kimi tanıyır, ancaq işin arxa planında media şirkəti idarə edirəm.
Texnologiya isə hobbi idi. Siz axtarsanız Azərbaycanda texnologiya jurnalisti
tapa bilməzsiniz. Bu, yeni sahədir və dünyada hələ yeni dəbə minir. Mən sadəcə,
öz marağımı təhsilimlə birləşdirib ortaya iş qoymağa çalışdım.
- Texnologiyanın
sanki öz dili var. Hansısa texnoloji xəbəri oxuyanda bu sahəni bilməyən insan
anlamır. Amma siz onu çox sadə izah edirsiniz...
- Sən texnologiya jurnalisti, bloggersənsə, vasitəçi
olmalısan. Məsələn, siz "Samsung”un smartfon təqdimatına baxsanız, müxtəlif
parametrləri göstərirlər və heç kim başa düşmür. Belə şirkətlər məlumatı
jurnalistlərə, bloggerlərə, youtuberlərə ona görə göndərirlər ki, onlar bir
vasitəçi kanal kimi olsunlar və izah etməyi bacarsınlar. Məsələn batareyanın
miliamper (mAh) saatı adi istifadəçiyə elə də maraqlı deyil. Amma onun faydalarını
izah edəndə anlayırlar. Düşünürəm ki, texnologiya jurnalistinin əsas vəzifəsi
insanlara yeniliyi anlayacağı dildə izah etməkdir. Texnologiya dünyası o qədər
böyükdür ki, adi insan rahat qavraya bilmir. Məsələn, bizim saytın aylıq giriş
50 mindirsə, texniki məqalələri 100-200 nəfər oxuyur. Çünki bu, kütləyə maraqlı
deyil. Amma yazsaq ki, vatsapa yeni emojilər gəldi, hamı onu oxuyur. Çünki vatsap
bilirlər nədir və istifadə edirlər.
- Şirkətinizi
21 yaşınızda qurmusunuz. Karyerada bu yaşdan işə başlamağın üstünlüyü nədir?
- Universitet vaxtlarından artıq bu sahə ilə məşğul
olan insanlarla tanış oldum. Əslində nə qədər tez işə başlasanız bu, sizə əlavə
motivasiyadır və komfort verir. Çünki tələbəlik illərində sənin ailən yoxdur, hələ
də evdən pul ala bilirsən. Heç kəs sənə demir ki, pul qazan. Amma 24-25 yaşında
hamı səndən iş gözləyir. Bu yaşda artıq sən desən ki, mən sıfırdan biznes
quracam, heç kəs güvənməyəcək. Əksinə, səni yolundan döndərməyə çalışacaq ki,
get haradasa işlə, pul qazan. Mən işə başlayanda 21 yaşım olduğu üçün vaxtım
çox idi və 1 il komanda ilə pulsuz işlədik.
Heç bir gəlirimiz yox idi. Şirkəti mənəvi motivasiya ilə ərsəyə gətirdik. Biz
ilk saytı yaradanda tələbələr üçün verilən kredit götürdüm və onunla nəğdləşdirmə
apardım. İlkin versiya bir sayt yığdıq. Bu sahəyə həvəsi olan gənc insanları
bir yerə yığıb o motivasiya ilə biznes qurduq.
- Həm də
qlobal texnoloji konfranslardan paralel yayımlar verirsiniz... Qlobal
konfranslara dəvəti necə aldınız?
- Biz ilk günlər texnoloji xəbər yazmağa başlayanda
bəzi adamlar tənqid edirdi ki, siz xəbəri xaricdən tərcümə edirsiniz. Lap tərcümə
də olsa, Azərbaycan dilində kontentin olması bu kütlə üçün vacibdir. Amma biz o
insanların da fikirlərini dəyərləndirdik. Düşündün ki, necə edək ki, qlobal
media ilə paralel yayım aparaq. Oradan yola çıxıb qlobal texnoloji konfranslara
baş vurduq. İlkin olaraq pulu öz cibimizdən ödəyirdik. Hazırda getdiyim
konfranslarda yanımda CNN-in jurnalisti
olur. Mən də onlar kimi eyni anda yayım edə bilirəm. Bəzən xəbəri onlardan tez
verirəm. Qlobal yayım kanallarına qoşulduq. Həmin konfransların bizə verdiyi
siyahılardan press-relizləri tez əldə edə bilirik. Yavaş-yavaş bu mədəniyyəti
yaratdıq ki, Azərbaycan da oturuşmuş texnoloji media şirkəti var. Məsələn, keçən
il mobil dünya konqresinə rəsmi olaraq təkcə bizim şirkətdən 4 nəfər getdi.
Operativ şəkildə xəbərləri sayta verdik. Çox adam deyirdi ki, texnologiya
maraqlı deyil, uğursuz olacaq. Bunlar boş fikirlərdir. Bazara faydalı kontent
verməsən, istifadəçiyə göstərməsən, istifadəçi bilməz. Sən elə cəmiyyəti tənqid
et ki, cəmiyyət savadsızdır, bu, düzgün deyil. Öz aləmində onların intellektual
səviyyələrinə uyğun kontent etməklə pul qazanmaq olmaz. Bu, iş deyil. Sən bir
mediasansa və cəmiyyətə təsir etmək gücün varsa, insanların intellektual səviyyəsini
qaldıra bilərsən. Cəmiyyət inkişaf etdirilməyə meyilli olmalıdır və inkişaf
etdirilməlidir. Hamının İQ səviyyəsi yüksək olmur. Cəmiyyətə qarşı ön yarğını
yığışdırmaq lazımdır. Məsələn, çılpaq bir müğənninin şəkli yayılanda, yaxud
qalmaqallı xəbər olanda mən də klik edirəm. Reklam verən brend baxmalıdır ki,
bura insanlar nə məqsədlə girir. Bu, saytların ucuza və rahata qaçmasıdır. Əgər
bazarda brendlər normal strategiya və analizlərlə işləsələr, o saytlar
reklamsız qalarlar. Düşünürlər ki, hər şey İP üzərində qurulub.
- Yerli təkmil
bot Laladan xəbər varmı?
- Biz Lalanı yeniləyəcəyik. Bir müddət gündəm
yaratdı. Lala bu dəfə bazara daha ağıllı şəkildə daxil olmalıdır. Bizim onu
dayandırmağımızın səbəbi çox sorğu almağımız idi. İnsanlar hər axşam yazışır,
böyük kütlə intim münasibət təklif edirdilər. Biz bunu araşdırdıq ki, nə üçün
belədir. Sadəcə, insanlara da maraqlıdır ki, gələcək necə olacaq. Robotlar bu
suallara necə cavab verəcək. Bu insanın fərdi instikt marağıdır. Yaxın 1 ay ərzində
Lalann yeni siması təqdim olunacaq.
- Səfərlərinizdə
tez-tez fərqli hadisələrlə rastlaşırsınız.
- Çox olur. Məsələn, Yaponiyaya düşəndə gördüm ki,
insanlar televizorun qabağında təşvişlə dayanıblar. Son 20 ilin ən böyük
qasırğası gəlir. Həmin gecə 5.4 bal gücündə zəlzələ oldu, mən qaçdım. Gördüm
ki, heç kim yoxdur və bunlarda tam normaldır. Sonra geri qayıtdım. Hokkaidoda yer
parçalandı 20 nəfər öldü. Ancaq təbii fəlakətlərlə üzləşirəm (gülür). İnanılmaz
dərəcədə çox təcrübələrim olur. Ailəm narahat olmasın deyə, onlara belə məlumatları
gələndən sonra verirəm.
- Uğur
sirriniz nədir?
- Hər bir insanın özünə görə bir xarakteri və
yanaşma tərzi olur. Mən uğurumun nədə olduğunu desəm və başqa adamlar təkrarlasa
alınmaya bilər. İnsan uğur qazandıqca onun istəkləri və rəqabət apardığı
insanlar artır. Baxırsan ki, sənin rəqabət apardığın insanlar iki il əvvəlkilər
kimi deyil. Yuxarıda o qədər əjdaha var ki, sən onlara çatmalısan. Əvvəllər
uğurumun sirri həvəsdən düşməmək, davamlı işləmək, hər şeyi pul üzərində
qurmamaq idi. Amma bu gün üçün tamamilə fərqlidir. Əsasən maliyyəni düzgün idarə
edilməsi üzərində çalışıram. Ola bilər ki, sənin çox pulun var, amma idarə edə
bilmirsənsə, uğur qazana bilməzsən. Amma geniş mənada götürəndə uğur nəyəsə
inanmaq və özünün onu edə bilmək qabiliyyətinə güvənməkdir. Buna inansan və
doğru addımlar atsan, uğur qazanmaq olar. Uğur qazanmaq çox da çətin deyil.
- Bəs maliyyəni
idarə etmək üçün nə etməliyik?
- Mənim bahalı maşınım yoxdur, çünki mən bunu
passiv yatırım kimi dəyərləndirirəm. Yaxud əlində olan pula Bakıdan ev ala bilərsən.
Məsələn, 100 min manatın var, ev alırsan. Evi 500 manata kirayə verirsən. Amma
mən saytda banner yeri açıram bunun satışını şirkətə verirəm və 500 manatımı
qazana bilirəm. Adamlar passiv yatırımlara investisiya edirlər. Maliyyəni idarə
edilməsində əsas məsələ bu yatırımları aktiv yatırımlara çevirməkdir və oradan
pul qazanmaqdır ki, pul, pul gətirsin. Ona görə də tələsmək lazım deyil.
Aygün ƏZİZ