• cümə axşamı, 28 mart, 13:32
  • Baku Bakı 16°C

Maliyyə amnistiyasının mexanizmi düzgün seçilməlidir

12.02.14 08:52 1889
Maliyyə amnistiyasının mexanizmi düzgün seçilməlidir
Son günlərin iqtisadi hadisələri arasında vergilər naziri Fazil Məmmədovun Azərbaycanda vergi amnistiyası olacağı haqda verdiyi açıqlama önəmli yer tutur. Bu məsələ ətrafında bizi maraqlandıran suallara İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli ilə müsahibəmizdə cavab tapmağa çalışmışıq:
- Əli bəy, mətbuatdan göründüyü kimi, bu məsələyə münasibət birmənalı deyil. Sizin mövqeyiniz necədir? Azərbaycanda belə bir addımın atılması hansı zərurətdən doğub?

- Azərbaycanda maliyyə amnistiyası ilə bağlı qərarın qəbul edilməsi məsələsi çoxdan gündəmdə olmasına baxmayaraq, cəmiyyətdə bu məsələyə münasibətdə hələ də birmənalı baxış formalaşmayıb. Daha çox qeyri-qanuni və kriminal üsullarla - korrupsiya, oğurluq, sərvətlərin mənimsənilməsi və sair yollarla əldə edilmiş varidatın leqallaşdırılması bir qayda olaraq ədalətsizlik kimi dəyərləndirilir. Bu yanaşmada həqiqət payı olsa da, məsələyə həmin amnistiya yolunu keçmiş ölkələrin təcrübəsindən çıxış edərək praqmatik yanaşma sərgilədikdə, Azərbaycanda da maliyyə amnistiyası ilə bağlı qərar layihəsinin hazırlanması vacib addım kimi qiymətləndirilir.
Biz Azərbaycanda kapitala amnistiya verilməsi ideyasını hələ on il bundan əvvəl qaldırmışdıq. 2009-cu ildə Milli Məclisdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun müzakirə olunarkən, təklif etmişdik ki, həmin qanun birinci oxunuşda qəbul edilsin, fasilə verilsin, ikinci və üçüncü oxunuşlara qədər “Kapitala amnistiyası haqqında” qanun qəbul edilsin və konkret zaman kəsiyində həyata keçirilsin, ondan sonra yenə də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun qəbulu istiqamətində işlər davam etdirilsin. O vaxt həm bir sıra ekspertlər buna lüzum olmadığını bildirirdilər, həm də rəsmi dairələrin bəzi nümayəndələri də hesab edirdilər ki, Azərbaycanın iqtisadi inkişaf tempi yüksək olduğu üçün maliyyə amnistiyasının elan olunmasına zərurət yoxdur. Bəzi ekspertlərsə ümumiyyətlə indi də belə hesab edirlər ki, maliyyə amnistiyası ilkin kapital yığımından dərhal sonra həyata keçirilməli idi. Təcrübə göstərir ki, maliyyə amnistiyasını keçmiş ölkələrdə bu amil siyasi və iqtisadi islahatların dərinləşdirilməsinə təkan verir. Bu, həm də Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilməsi, onun şaxələndirilməsi, neftdən kənar sahələrin inkişafının genişləndirilməsi, yeni iş yerlərinin açılması, xəzinəyə birbaşa və prosesin multiplikativ effektindən əlavə maliyyə vəsaitinin cəlb edilməsi baxımından zəruri addımdır.
- Bir sıra ekspertlər indi də bunu gecikmiş addım kimi dəyərləndirir, digərləri isə 50 milyard dollar valyuta ehtiyatı olan bir ölkənin buna ehtiyacının olmadığını bildirir...

- Belə mülahizələr daha çox məsələyə hansı prizmadan, həm də dar anlamda yanaşma tərzindən doğur. Azərbaycan çox sürətlə artan iqtisadiyyata malik bir ölkədir. Son 10 ildə Azərbaycanda ÜDM 3,4 dəfə artıb. Bu çox yüksək göstəricidir. Amma belə yüksək bir artımın fonunda büdcəmiz bundan 6 dəfə sürətlə, yəni 19 dəfə, bank sektoru 3 dəfə sürətlə, yəni 10 dəfə, Mərkəzi Bankın pul kütləsi 9 dəfə sürətlə, yəni 30 dəfəyə yaxın artıb. Doğrudur, bizim strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada öndə gedən 15 ölkədən biridir. Biz həm də qazandığımızın artıq yarıdan çoxunu xərcləmişik. Lakin buna baxmayaraq, bu gün milli iqtisadiyyatımızda pula olan tələbat olduqca böyükdür. Buradan tam aydın görünür ki, maliyyə amnistiyası vasitəsilə əlavə pul cəlb edilməsinə ehtiyac var, necə deyərlər, artıq yağ sıyığı korlamaz. Maliyyə amnistiyası ədalət baxımından problemli olsa da, onun elan edilməsi Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə vəsaitlərin cəlb olunması deməkdir və qlobal böhranın fəsadlarının dalğavari şəkildə vaxtaşırı baş qaldırması və ona qarşı tədbirlərdə çirkli kapital məsələsi getdikcə aktuallaşdığından, bu, olduqca vacibdir.
Maliyyə amnistiyası olmadan gəlirlərin ümumi bəyannamə sisteminə keçib, yüksək effekt götürmək olmaz. Ona görə də istər əmlak, istər maliyyə vəsaiti, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək zəruridir.
- Ümumiyyətlə, maliyyə amnistiyası deyəndə bu sahədəki beynəlxalq təcrübə öz müsbət və mənfi məqamları ilə nə göstərir?

- Maliyyə amnistiyasının mahiyyəti, eləcə də ona yanaşma baxımından vahid fikir olmasa da, tətbiq dairəsindən asılı olaraq müxtəlif ölkələrdə o özünü müxtəlif formalarda - daha çox vergi amnistiyası, maliyyə amnistiyası, kapitala amnistiya və sair formalarda göstərir. Ümumiyyətlə, kapitala amnistiya qeyri-qanuni yollarla ölkədən çıxarılmış pulların ölkəyə qaytarılması zamanı kifayət qədər tez-tez istifadə olunan alətdir. Ona görə də maliyyə amnistiyası prinsipcə çox vacib məsələdir, bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr həmin prosesdən keçiblər. Məsələn, bir sıra Avropa və Latın Amerikası ölkələrində, eləcə də inkişaf etməkdə olan ölkələrdə amnistiya həyata keçirilib və bu, müxtəlif səviyyəli effektlər verib. Bunlar arasında hələlik ən uğurlusu 2001-ci ildə İtaliyada tətbiq olunub. Belə ki, italiyalıların əsasən İsveçrədə yerləşdirilmiş əmanətlərinə münasibətdə İtaliyada həyata keçirilən kapitala amnistiya nəticəsində, müxtəlif mənbələrin məlumatlarına görə, ölkə iqtisadiyyatına təxminən 30-61 milyard dollar arasında vəsait cəlb edilib. Buna bənzər amnistiyalar Almaniya və Portuqaliyada da olub. 2004-cü ildə Belçikada həyata keçirilən və 12 ay davam edən kapitala amnistiya belçikalıların ölkə hüdudlarından kənarda, əsasən də İsveçrə, Avstriya və Lüksemburqda müxtəlif hesablamalara görə, 190 milyard avroya çatan əmanətlərinin 10-15 milyard avrosunun ölkəyə qayıtmasına hesablanmışdı. Həmin vəsait Belçika şirkətlərinin səhmlərinə qoyulanda leqallaşma stavkası 6 faiz, digər hallarda 9 faiz olmuşdu. Bunun da Belçika büdcəsinə 850 milyon avro səviyyəsində vəsaitin daxil olmasına gətirib çıxaracağı hesablanmışdı. Lakin nəticələr gözləndiyindən aşağı oldu. Həmin əməliyyatdan Belçika xəzinəsinə cəmi 50 milyon avro, yəni gözləntilərin cəmi 6 faizi səviyyəsində vəsait daxil oldu, ölkə iqtisadiyyatına isə 10-15 milyard əvəzinə cəmi 1 milyard avro qayıtdı.
Postsovet məkanında həyata keçirilən kapitala amnistiyalar içərisində isə nisbətən uğurlusu Qazaxıstan variantı hesab olunur. Rəsmi məlumatlara görə, 2001-ci ildə Qazaxıstanda həyata keçirilən kapitala amnistiya tədbirləri nəticəsində qısa müddət ərzində təxminən 480 milyon dollar vəsaitin leqallaşdırılması baş verdi. Bəzi mənbələrdə bundan iri məbləğlərdən də söhbət gedir. Gürcüstanda həyata keçirilən kapitala amnistiyanın nəticələri isə birmənalı qiymətləndirilmir. Bəzi ekspertlər onu ən uğursuz amnistiya variantlarından biri hesab edir. Digərlərinin qənaətinə görə isə, kapitala amnistiya tədbirləri hesabına Saakaşvili hökuməti büdcəyə yetərincə vəsait cəlb edə bilib. Qırğızıstanda kapitala amnistiyaya dair xüsusi qanun qəbul edilib və həyata keçirilir. Rusiya gətirilən məbləğdən 13 faiz büdcəyə köçürülmə variantında amnistiya tətbiq etsə də, gözlənilən nəticə hiss edilmədi. Ukrayna parlamentinə bu məsələ ilə bağlı sənəd çoxdan təqdim edilib. Belarus da kapitala amnistiya verilməsinə hazırlaşır.
- Azərbaycanın hazırkı reallıqları şəraitində ölkədə belə bir qərarın veriləcəyi nə dərəcədə realdır?

- Maliyyə amnistiyasını həyata keçirməkdən ötrü hər şeydən əvvəl siyasi iradə, hökumətin buna hazırlığı, səmərəli reallaşdırma mexanizmi və onu həyata keçirməyə qadir komanda olmalıdır. Məncə, ölkə prezidenti regional inkişaf proqramına həsr edilmiş yığıncaqda siyasi iradə ortaya qoydu. Artıq bu istiqamətdə konkret addımlar atılmağa başlanılması isə hökumətin buna hazır olduğunun göstəricisidir. Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır. Bir neçə ili əhatə edəcək bu böyük layihə Azərbaycanda ümumi gəlirlərin bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasını nəzərdə tutur.
Maliyyə amnistiyası, hər şeydən əvvəl, gizli və kölgə iqtisadiyyatlarının leqallaşdırılması mümkün olan hissəsinin leqallaşdırılması vasitəsi, eləcə də genişləndirilmiş və dərinləşdirilmiş antikorrupsiya tədbirlərinin mühüm tərkib hissəsi kimi tətbiq edilir. Amnistiyadan sonra hər kəslə bərabər şərtlər çərçivəsində davranmaq, ciddi antikorrupsiya tədbirləri görmək mümkün olur. Hisslərdən çıxış etməklə yanaşanda ədalətsiz görünsə də, praqmatik yanaşanda istər əmlak, istər maliyyə vəsaiti, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçilməsi realdır.
- Maliyyə amnistiyası nə vaxt uğurlu nəticə verir?

- Maliyyə amnistiyası zamanı vergi daxilolmaları və digər üsullarla cəlb edilən vəsaitin səviyyəsi çox faktordan asılıdır. Bu sahədəki xarici təcrübənin təhlili göstərir ki, maliyyə amnistiyasının uğuru bir neçə amildən asılıdır: Birincisi, artıq qeyd etdiyimiz kimi, amnistiyanı uğurla həyata keçirməkdən ötrü siyasi iradə, müvafiq hazırlıq və komanda lazımdır. İkincisi, amnistiyanın hədəfi dəqiq müəyyənləşdirilməli və ona müvafiq də reallaşdırma mexanizmi hazırlanmalıdır. Əgər məqsəd büdcəyə əlavə vəsait cəlb etməklə kəsiri azaltmaqdırsa, buna müvafiq, yox əgər ölkə iqtisadiyyatına əlavə sərmayə cəlb etməkdirsə onda fərqli mexanizm tətbiq olunmalıdır. Üçüncüsü, maliyyə amnistiyasının zəruri amili dəqiq hüquqi-normativ aktların mövcudluğu, məxfiliyə, cinayət təqibindən azadolmalara etibarlı təminatın olmasıdır. Dördüncüsü, maliyyə amnistiyasının KİV-lərdə uğurlu piar kampaniyasının təşkilidir. Beşincisi və daha vacib şərt - vətəndaşların ölkənin dövlət və maliyyə institutlarına inamının olmasıdır. Altıncısı, amnistiyadan sonra qeyri-qanuni və kriminal üsullarla - korrupsiya, oğurluq, sərvətlərin mənimsənilməsi və sair yollarla varidat əldə edilməsinə qarşı qanunun gücü sərtləşdirilməlidir.
Ona görə də amnistiya nəticəsində büdcəyə, eləcə də iqtisadiyyata cəlb edilə biləcək vəsaitin yüz milyonlara, yoxsa milyardlarla manatla ölçülə biləcəyi xeyli dərəcədə maliyyə amnistiyası zamanı tətbiq edilməsi nəzərdə tutulan modelin mahiyyətindən, əhatə dairəsindən (vergi, maliyyə, yoxsa bütövlükdə kapitala amnistiya, ölkədaxili, yoxsa xaricdə olan pullara da şamil edilməsi və sair) və onun reallaşdırma mexanizmindən asılı olacaq. Qazaxıstan və digər ölkələrin təcrübəsindən və Azərbaycanın bu sahədəki spesifikasından çıxış edərək demək olar ki, işlək mexanizm üzərində qurulmuş maliyyə amnistiyası baş verərsə, həm birbaşa vergi daxilolmaları, həm də bu tədbirin iqtisadi inkişafa təsirinin multiplikativ effekti baxımından büdcəyə sıçrayışlı səviyyədə olmasa da, nəzərəçarpan qədər əlavə vəsait cəlb etmək olar. Həm büdcəyə əlavə vəsait, həm də neftdənkənar sahələrə əlavə sərmayə qoyuluşu, yeni iş yerlərinin açılması və sair baxımından əhəmiyyətini nəzərə alaraq, maliyyə amnistiyasının tətbiqini zəruri hesab edirik.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər