• çərşənbə, 24 Aprel, 03:11
  • Baku Bakı 14°C

Makronun təbrik etdiyi azərbaycanlı şagird- Olimpdəkilər

25.10.19 10:00 3208
Makronun təbrik etdiyi azərbaycanlı şagird- Olimpdəkilər
11-ci sinifdə oxuyur. Azərbaycanı tanıtmaq, ölkə üçün lazımi mesajları dünyaya verməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoyub. Yeniyetməlik dövründə bu arzusuna çatıb və istədiyi mesajı Avropaya ötürüb. Hətta Fransa prezidenti Emmanuel Makronla da görüşmək imkanı əldə edib. O, yeniyetməlikdən başlayan bu uğuru daim davam etdirəcəyini planlayır. Bu günün məktəblisi gələcəkdə səfir olmaq yolunda sürətlə addımlayır.
Müsahibimiz Cəbrayıl məktəblisi, "Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusunda inşa müsabiqəsinin qalibi Vahid Əsəddir. O, bu il Gənclər Fondunun Avropa Şurasının 70 illik yubileyi ilə əlaqədar keçirilən inşa yazı müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüb.
Əvvəlcə, müsahibimiz tanıyaq.
Vahid 2003-cü ildə Bakıda anadan olub. İbtidai təhsilini 53 nömrəli tam orta məktəbdə alan həmsöhbətimiz hazırda Cəbrayıl rayonu akademik Mehdi Mehdizadə adına məktəbin 11-ci sinif şagirdidir. Uşaq vaxtlarından ədəbiyyata olan xüsusi marağı Vahidi yaşıdlarından fərqləndirib. İlk bədii əsərini hələ 4-cü sinifdə oxuyub, bitirib: "İbtidai sinifdən ədəbiyyatı çox sevirəm. Bədii ədəbiyyat insanın estetik zövqünün formalaşmasına, dünya görüşünün artmasına, nitq qabiliyyətinin inkişafına kömək edir”.
Elə ədəbiyyat sevgisi onun inşa yazmaq qabiliyyətini formalaşdırıb və Fransaya qədər aparıb. Deyir ki, müsabiqəyə müəlliminin təkidi ilə qatılıb: "Müsabiqədə qalib olmağım mənim həyatımda ən unudulmaz hadisədir. Belə bir müsabiqənin keçirilməsi ilə bağlı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Qarayeva bizə məlumat vermişdi. İlk olaraq, tərəddüd etdim. Müəllimimin təkidi ilə qərar verdim ki, həmin müsabiqəyə qatılaraq özümü sınayım. "Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusunda inşa yazaraq qeyd olunan elektron ünvana göndərdim”.
"Mənə yuxu kimi gəlirdi”
Vahid deyir ki, ilk 3-lükdə olmağı hədəfləsə də, 1-ci yer olacağını gözləməyib: "İnşanı mart ayında yazdım. İnşamın bir neçə avropalı tərəfindən oxunmasını, mesajımın onlara çatmasını istəyirdim. Düzünü desəm, birinci olmağı gözləmirdim, ikinci və üçüncü olmağı hədəfləyirdim. Qalib olduğumu biləndə çox sevindim, sevincimin həddi-hüdudu yox idi. Mənə yuxu kimi gəlirdi, inanmırdım. Bu qədər gəncin içindən seçilmək, özü də ən yüksək yerə layiq görülmək mənim kimi məktəbli üçün əlamətdar hadisədir. Ölkəm adına qazandığım uğur təkcə mənim deyil, eyni zamanda həm təhsil aldığım doğma məktəbimin, eləcə də mənə inanan, hər zaman dəstək verən ailəmindir. Bu nailiyyətin sevincini onlara yaşatdığım üçün özümü xoşbəxt hesab edirəm. Mənə etimad göstərən doğma məktəbimin rəhbərliyinə, üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm”.
"Biz də mane olmadıq...”
Yuxarıda da qeyd etdiyimiz kimi Vahid hələ uşaq yaşlarından Azərbaycan, eləcə də dünya klassiklərinin əsərlərini sevə-sevə oxuyub. Oxuduğu çoxsaylı kitablar onun geniş dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Müxtəlif mövzularla bağlı öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etməsi ilə yaşıdları arasında seçilən Vahidin kitaba olan sevgisi, yəqin ki, onun tərbiyə aldığı ailədən qaynaqlanır. Vahidin atası Zahid bəylə söhbətləşirik.
Zahid Əsəd filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Anası isə ibtidai sinif müəllimidir. Atası deyir ki, Zahid hələ 4-cü sinifdən mütaliə etməyə başlayıb: "Hələ 4-də oxuyanda anası Vahidə Lev Tolstoyun Hacı Murad əsərini almışdı. Balaca hekayə idi və sözlərin üzərində vurğu işarələri var idi. Tapşırmışdıq ki, sözlərin vurğusunu düzgün qoymaqla oxusun. Vahid o əsəri 4-5 dəfə oxudu. Daha sonra özlüyündə ədəbiyyata marağı artdı. Biz də mane olmadıq, dəstəklədik, mütaliə mədəniyyətini öyrətməyə çalışdıq”.
Ata deyir ki, dərsləri çox olduğu üçün əvvəlcə, Vahidin müsabiqəyə getməsini dəstəkləməyib: "Sonradan ədəbiyyat müəllimi onu müsabiqəyə göndərdi. Müəlliminin sözü ilə inşa yazdı. Hətta mən müsabiqəyə qatılanda etinasız yanaşdım. Düşündüm ki, uşaq cavabını gözləyəcək, qalib olmasa sarsıntı keçirəcək. Bir müddət sonra mənə Gənclər Fondundan zəng etdilər və Vahidin qalib olduğu bildirdilər. Amma yenə də 1-ci yer olduğunu düşünmürdüm. Vahid məcburi köçkün məktəbində təhsil alır. Mənə elə gəlirdi ki, şəhər məktəblərində təhsil alan şagirdlər əyalət məktəblərindən güclü olurlar. Bu baxımdan uşağın əyalət məktəbində oxuya-oxuya birinci yer tutması həqiqətən qürurverici idi. Mən çox şad oldum və oğlumla fəxr etdim".

"Məktəb də uşaq üçün bir ailədir”
Zahid bəy düşünür ki, uşağın təhsildə uğurlu olmasında məktəbdən çox evdə ailənin rolu var: "Uşağın savadlı bir vətəndaş kimi formalaşmasında ilk növbədə ailənin, ikinci növbədə isə məktəbin rolu böyükdür. Məktəb də uşaq üçün bir ailədir. Mənim valideynlərim də oxumağı, təhsili hər şeydən üstün tutublar. Ədəbiyyata marağın olması isə bütün ixtisaslarda vacibdir. Onu da qeyd edim ki, Vahid həm də tar məktəbini bitirib. Orada oxuduğu dövrdə də onun diplomları var. Uşağın gözəl qəlbli bir insan kimi formalaşmasında ədəbiyyatın rolu böyükdür. Musiqiyönümlü, ədəbiyyat yönümlü uşaqlarda dünyagörüşü hər zaman yüksək olur. Belə uşaqlar dünyaya bəsit formada baxmırlar”.
Uzun illər Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərən həmsöhbətimiz deyir ki, bədii əsərlər oxumadıqları üçün tələbələrin fikirlərini ifadə etməkdə problem var: "Mən uzun illər Bakı Slavyan Universitetində bakalavr və magistratura pilləsində dərs deyib mühazirələr oxumuşam. Məktəbi bitirib gələn tələbələrin 90 faiz hallarda nitq qabiliyyətləri yoxdur. Mühazirəni əzbərləyib danışırlar. Kənara keçən kimi söz ehtiyatları bitir. Ona görə də ailədə, məktəblərdə mütaliəyə, ədəbiyyata diqqət böyük olmalıdır. Nitq mədəniyyəti formalaşmalıdır”.
"Fransa prezidenti bizi xüsusi olaraq təbrik etdi”
Müsabiqənin qalibi olan Azərbaycanlı yeniyetmə Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr edilən mərasimə də dəvət olunub. Strasburqda olarkən digər ölkələrdən gələn qaliblərlə birlikdə şəhərin görməli yerləri ilə tanış olub. Sonra Strasburq Opera evində onların təltifolunma mərasimi keçirilib. Vahidə diplomu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano təqdim edib. Qaliblər həmçinin Fransa Respublikasının Prezidenti Emmanuel Makronla, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye ilə görüşüblər: "Operadan sonra bizi təbrik etməsi üçün Fransa prezidenti Makronla görüşdürdülər. Orada Makrona müəyyən suallar verdik. Fransa prezidenti bizi xüsusi olaraq təbrik etdi”.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 3 şəhər və 11 rayondan 14-18 yaşlı gənclərin yazdığı 63 inşa daxil olub. İnşaların oxunub baxılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Avropa Şurası və Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələrindən ibarət münsiflər heyəti müəyyən edilib. Ad, soyad və şəhər (rayon) adları gizlədilməklə hər bir inşa Gənclər Fondu tərəfindən kodlaşdırılaraq münsiflər heyətinə göndərilib.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər