
Mahir ritmlər ustası
Ritm
musiqinin canıdır. Kainatın, cəmiyyətin və təbiətin də ritmi mövcuddur. İnsan
ürəyinin və nəbzin də ritmi var. Musiqidə müxtəlif ölçülü ritmlərdən istifadə
olunur. Əcdadlarımızın ilk ritm vasitəsi Qobustan qayalarındakı Qavaldaş sayılır.
Tarixən Azərbaycanda mahir ritm ustaları olub.
XX yüzildə və yaşadığımız bu
yeni əsrdə də ritm alətlərini bacarıqla ifa edən xeyli ifaçılarımız var. Bu
dəfəki məqalədə onların biri barədə məlumat vermək fikrindəyik. Mirzəli
Ağasaleh oğlu Abasəliyev 1962-ci il iyulun 24-də dünyaya gəlib. Onun da
taleyinə böyük istedad yazılmışdı. O, Azərbaycan musiqi cəmiyyətində sıradan
bir sənət adamı deyil, nadir zərb ifaçısı idi. Mirzəli zərbin mahir ifaçısı
kimi tanınıb məşhurlaşan, bütünlükdə, ritm və zərb alətlərinin utası kimi
tanınan nadir sənətkar idi. İndi də yeri boş qalıb. Ansambllarda, musiqi
heyətlərində, caz qruplarının tərkibində, toy-büsatımızda, xarici dövlətlərə
göndərilən və ya dəvət olunan sənət adamlarının sırasında onun yeri görünür.
Azyaşlı Mirzəlinin istedadı göz önündəydi. Dinc dayanmırdı, böyük qardaş Ağa
Cəbrayılın (hazırda xalq artisti, ustad kamança ifaçısı, AMK-nın professoru)
balaca nağarası onun üçün əsl məşğuliyyət vasitəsi idi. Əlindən alıb kənara
qoyurdular ki, uşaq yorular, bir az dincəlsin, bu zaman yenə sakit durmurdu,
kətili, masanın üstünü döyəcləyir və özünə ritm tuturdu. Əlləri ilə bərabər
başı da daim hərəkətdə idi. O qədər çalırdı ki, axırda balaca nağara ona tab
gətirmədi, dəriləri sıradan çıxdı. Belə olduqda o, vedrəni və kuzəni çalmağa
başlamışdı. Görünür hələ o zaman Mirzəlinin taleyi öz həllini tapırmış, o, ritm
ustası olmalıymış, oldu da...
Ağa Cəbrayıl Abasəliyevin xatirələrindən:
"Mirzəlinin 6 yaşı olanda mahir nağaraçalan Almaz Quluyevi (hazırda əməkdar
artist) mənzilimizə dəvət etdim ki, baxıb fikir bildirsən. O, dedi ki, bu uşaq
sənətə gəlsə bizim hər birimiz, ritm ifaçılarımız üçün çətin olacaq”. İşə bir
bax, illər ötdü Mirzəli və Almaz Quluyev birlikdə çalışdılar, SSRİ xalq artisti
Zeynəb Xanlarovanın rəhbərlik etdiyi instrumental ansamblda çaldılar. Mirzəli
Abasəliyev 190 saylı orta ümumtəhsil məktəbdə səkkizilik təhsili başa vuraraq
A.Zeynallı adına Musiqi Texnikumunun nağara sinfinə daxil olub. Burada ixtisas
üzrə müəllimi Kamal Axundov olub. 12 yaşlı Mirzəli artıq "Səadət” ansamblında
çalırdı, müntəzəm məşqlər, konsertlər, daha sonra texnkumdakı təhsil, bu tədris
ocağının xəttilə təşkil olunan tədbirlər Mirzəlini anba-an, günbə-gün, ayba-ay
yetişdirir və gələcək peşəkar sənətin daxilinə ötürürdü. O, sənət sevdalısı,
ritm aludəçisi kimi irəlilədi və nəhayət zərb alətlərinin mahir ifaçısı kimi
yetişərək özünü meydanda təsdiq etdi. Bəli, Mirzəli adlı musiqiçi tam şəkildə
ritm ustası kimi tanınır, müxtəlif qrupların tərkibinə dəvət alır, sevilir,
toylarda, konsertlərdə çalırdı.
A.Zeynallı adına Musiqi Texnikumunu bitirən
M.Abasəliyev sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun mədəni-maarif fakültəsinə verir və daxil olur. O, 5 il təhsil
alaraq buranı uğurla başa vurur. İnstitut illərində o, Zeynəb Xanlarovanın
rəhbəri olduğu ansablın üzvü kimi geniş fəaliyyət göstərir və bu qrupla
birlikdə əksər xarici ölkələrdə səfərlərdə olur. Mirzəli sənət fəaliyyəti və
incəsənət aləmində qazandığı böyük hörmətlə həmişə Abasəliyevlər nəslinə
başucalığı gətirirdi. O, Azərbaycan Teleradio Verilişləri Komitəsinin Əhməd
Bakıxanov adına xalq çalğı alətləri ansamblında da fəaliyyət göstərmişdi. Bakı
və Abşeronun kənd və qəsəbələrdə keçirilən toylarda Mirzəliyə dəfələrlə solo
sifarişlər verilirdi. Mirzəlinin işlətdiyi çoxsaylı, fərqli ritmlər bir-birini
əvəz etdikcə inkişaf mərhələsinə yetir, kulminasiya nöqtəsinə doğru hərəkət
götürdükcə daha da coşur, aşıb-daşır, çılğın hisslər tənənnüm edərək tamaşaçını
sehrə salaraq, daim öz təsiri altında saxlayırdı. Buradakı ritmlər sisiləsi
Azərbaycanımızın əzəmətli dağ silsiləsini xatırladırdı. Mirzəli ifa zamanı
özünü unudur, zəngin ritmlər aləminə düşür, təpələri keçə-keçə, dağlara
yüksəlir, dağları aşıb-keçərək zirvəyə doğru hərəkət edir və nəhayətdə ən uca,
son zirvədə görünərək qələbə taktlarını vuraraq ora bayrağımızı sancırdı. O,
ritmlərlə yaşayırdı və bu həqiqətdir ki, zərbi əlinə alıb səhnəyə çıxan kimi
qəribə hisslər, ritmlər, sirrlər aləminə düşürdü. Kənardan onu diqqətlə seyr
etdikdə, qeyd etdiiklərimi hiss etmək mümkün idi. Onun ifasında "sinkopa”
ritmlər çox idi. Və özüm bir musiqiçi olub bunları dərk etdikcə, istəkli
oxucuların nəzərinə çatdırıram ki, "sinkop” dünya üzrə ən çətin rirmlərə
aiddir. Mirzəli isə belə çətinliklrə sinə gərir və daxili hisslərini əllərinə
tətbiq edərək heyrətamiz ritmlərin ardıcıllığını yaradırdı, bədahətən,
gözlərimiz qarşısında. Bu əsl möcüzə idi. Onun solo ifasını musiqi
kompozisiyası vasitəsilə müşayiət edən instrumental qrup heç zaman onu çaşdıra,
öz ifa lambrindən çıxara bilməzdi. Axı ifa zamanı onun beyni dəqiq işləyirdi.
Beyni, ürəyi, hissləri əlləri ilə, əlləri isə barmaqları ilə sıx vəhdət
yaradırdı. O, bizimlə ritmlərin diliylə danışırdı. Onun həyatını, mövcudluğunu
ritmsiz, bu aləmsiz təsəvvür etmək olardımı? Əlbəttə ki, yox!
Doğrudan da
Mirzəli ifa zamanı özünü unudurdu, o qədər çoşurdu ki, daim taxdığı gözlük masa
üzərinə, yaxud da yerə düşəndə belə hiss etmirdi. Belə hallar video çəklişlərdə
də görünür. Mirzəli Abasəliyevin solo ifalarını özündə cəm edən video və aideo
kasetlər sərhədləri aşandan sonra bir sıra ölkələrin məşhur insrtrumental
ifaçıları, onların arasında ritm ustaları bizim bu unikal zərb ifaçısı ilə
maraqlanmağa başlamışdılar. Mirzəli yaşayıb indiyə çatsaydı, onu bir sıra
ölkələrdə təşkil olunan layihələrə, caz festivallarına dəvət edəcəkdilər. Çünki
onun ifasında maraqlı və qeyri-adi cəhətlər çox idi. Mirzəli dünyəvi ritmləri,
bunlar arasında Latın Amerikası ritmlərini sərbəst ifa edirdi. Bütün bu
mükəmməl ritmlər onun daxili aləmindən, beynindan və baqmaqlarından süzülüb
gəlirdi. M.Abasəliyevin canı, qanı ritmlərdən, düşüncəsi unikal taktlardan,
əlləri, barmaqları musiqi xırdalıqlarından, ən zərif bəzəklərdən ibarət
olaraq, başdan-başa sirr və sehrə bağlıydı. Əslində, onun ifaları müasir
elmi-texniki vasitələrlə, ən son cihazlarla hesablanıb, öyrənilsə, burada çox
zəngin, maraqlı və heyrətamiz faktlar və dəyərlər üzə çıxarıla bilər. Axı
dünyanın, kainatın özünün ritmi olduğu üçün, mövcud xalqların və millətlərin də
özlərinə xas ritmləri, musiqi üçün ölçü vahidləri var. Mirzəlinin öz solo
ifalarında bədahətən bütün dünya xalqlarının rimlərini ortaya qoymasının özü,
heyrətamiz, fitri istedaddan doğmurdumu, bu möhtəşəmlik, genişlik və möcüzə
yaratmırdımı? Bəli, əslində bu beləydi. Biz belə bir nadir sənətkardan lazımlı
dərəcədə istifadə etdikmi? Əlbəttə yox. Düzdür, xalqımız istedadlıdır,
davamçılar olacaq. Lakin bu da var ki, nadir, unikal sənət sahibləri 30, 40, 50
ildən sonra meydana çıxır. Əlbəttə, düşünməyə dəyər. Sağlam düşüncə ən layiqli
vasitədir.
Mirzəli bütün dünyəvi ritmlərə bələd ifaçı olaraq, həm də cazmen
idi. Sənət ustalarımızla xarici ölkələrə gedərkən proqrama mütləq onun solosu
daxil edilirdi. Onun gücünə bələd idilər, bilirdilər ki, iş görəcək, dərhal
tamaşa zalını ələ alacaq, seyrçilərin nəinki əhvalını, hətta özlərini ayağa
qaldıracaq və fasiləsiz, gurultulu alqışlar qazanacaq. Yaponiyaya uçuş onun ən
uğurlu səfərlərindən biri olub. Kommersiya şərtlərilə düzənlənən bu 1 aylıq
səfərə gedən heyətdə məşhur sənətkarlar: İslam Rzayev, Habil Əliyev, Ramiz
Quluyev, Etibar Qasımbəyli var idi. Yapon tamaşaçıları Azərbaycan artistlərini
hərarətlə qarşılayırdılar. Dövrü mətbuatda yazılar və şəkillər gedirdi.
Mirzəlinin solo ifaları xüsusi marağa səbəb olmuşdu. Onun ifalarını çəkib
televiziya ilə yayımlayırdılar. Əlbəttə, bu Azərbaycanımızın ritm ustasına
verilən ən yüksək dəyər kimi qəbul olunurdu. Bir də onu deyək ki, Mirzəli
zəhmətkeş idi, yoruldum deməzdi, neçə dəfə ondan solo istəsəydilər, çalardı.
Toyxanada, yaxud konsert salonlarında tamaşaçının az və ya çox olmasına
baxmazdı, ifa edərdi, hünər göstərərdi, can qoyardı... Onun insani
keyfiyyətləri də yüksək olub. Sənət yoldaşlarına isti münasibət bəsləyər,
ehtiyacı olanın qeydinə qalardı. Həddən artıq səxavətli idi, dost-yoldaşa arxa
durardı.
Ağa Cəbrayılın söylədiklərindən: "Mirzəli də atam Ağa Saleh kimi
fədakar, zəhmətkeş, comərd, səxavətli idi. Atamda olan bütün xeyirxah əməlləri,
qəlbi təmizliyi onda da görürdüm”. Musiqiçilərin əksəriyyəti, xüsusilə xanəndə,
xalq artisti İslam Rzayev onun xətrini daim əziz tuturdu. O, böyük qardaşı Ağa
Cəbrayıl ilə fəxr edər, qulluğunda durar və hörmət əlaməti olaraq həmişə ona
Dadaş deyə müraciət edərdi. Mirzəli Abasəliyev ailəli idi. Anasının adını
qoyduğu Asudə adlı bir qızı yadigar qalıb. Çox əfsus ki, belə insanı,
böyük sənətkarı vaxtsız itirdik. O, hələ nə qədər uğurlar qazana bilər və ritm
sənətimizi qabağa aparardı. M.Abasəliyev 2007-ci il avqustun 8-də, 45 yaşında
dünyadan köçüb. Ruhu şad olsun. Bu yazını hazırlamaqla təsəlli tapmaq istədik,
onun yarımçıq ömrünü, unikal sənətini oxucuların yaddaşına daxil etdik və
onların gözləri qarşısında canlandırdıq. Axı belə sənətkarların adı musiqi
mədəniyyəti tarixində yaşamalıdır. Yaşayacaq da!
Əhsən Rəhmanlı
sənətşünaslıq üzrə fəlsəfə doktoru