AZE | RUS | ENG |

Mahir Dərziyev: “Ölkələrimiz arasında və cəmiyyət daxilində qarşıdurma yaratmaq istəyənlər var”

Mahir Dərziyev: “Ölkələrimiz arasında və cəmiyyət daxilində qarşıdurma yaratmaq istəyənlər var”
Deputat: “Keşikçidağ məbədi ətrafında baş verənlər, süni ajiotajın yaradılması diqqəti əsas problemlərimizdən yayındırmaq məqsədi daşıyır”

"Gürcüstanda milliyətindən asılı olmayaraq hər bir vətəndaş David Qareçi – Keşikçidağ məbədində yaşanan insidentə Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı prizmasından yanaşmalı və bu kontekstdə münasibət sərgiləməlidir”.

Bu barədə "Kaspi” qəzetinə açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı millət vəkili Mahir Dərziyev bildirib. O, əsrlərdir ki, Azərbaycan və Gürcü xalqlarının dostluq-qardaşlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu gün müstəqil və müasir ölkələrimiz, dövlətlərimiz strateji tərəfdaşdırlar. 
 
 

Deputat M.Dərziyev deyib ki, beynəlxalq hüququn tələbinə uyğun olaraq, hər iki ölkə bir-birinin sərhhədini, ərazi bütövlüyünü, suverenliyini tanıyır, beynəlxalq müstəvidə bir-birinin haqq işini müdafiə edirlər: "Son dövrlərdə ölkələrimiz arasında mədəni, humanitar, siyasi, iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir, hər iki tərəfin iştirakı ilə mühüm beynəlxalq əhəmiyyətli nəhəng layihələr uğurla həyata keçirilir. Gürcüstan-Azərbaycan əməkdaşlığı həm region, həm də beynəlxalq aləm üçün bir örnəkdir, faydalıdır. Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq layihələr, Şərqlə-Qərbi birləşdirən nəqliyyat dəhlizləri, hər iki ölkədə inşa edilmiş beynəlxalq limanlar buna əyani misaldır. Gürcüstandakı dostlarımız bu reallıqları nəzərə alaraq obrazlı şəkildə qeyd edirlər ki, Gürcüstanın geniş ixrac potensialı yoxdur, amma yeri gələndə Azərbaycan-Gürcüstan dostluğunu, əməkdaşlığını nümunəvi model kimi bütün dünyaya ixrac edə bilərik. Təbii ki, bütün bunlar bizdə qürur hissi doğurur”.
 
 

M.Dərziyev bildirib ki, ümumilikdə Gürcüstan cəmiyyəti, o cümlədən azərbaycanlılar bu dostluğun, əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdırlar. Onun sözlərinə görə, Gürcüstan cəmiyyətinin mütləq əksəriyyəti dərk edir ki, sözügedən dostluğun, qardaşlığın alternativi yoxdur: "Bu danılmaz faktı, reallığı hər iki dövlətin düşmənləri də gözəl bilirlər. Onlar bu əlaqələrə xələl gətirmək üçün müxtəlif məkrli planlar qurur, bunu həyata keçirməyə çalışırlar. David Qareçi - Keşikçidağ məbədi ətrafında süni ajiotajın yaradılmasına edilən cəhdlər də bu qəbildəndir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu təxribatlar ölkələrimizin uğurlarını, günü-günmdən möhkəmlənən əlaqələrini istəməyən qüvvələrin, düşmənlərin ssenarisində yer alan məsələlərdir. Gürcüstanın Baş naziri Mamuka Baxtadze də 3 gün əvvəl Keşikçidağ kompleksi ərazisində baş verən hadisəyə münasibət bildirərək bunun təəssüfedici insident olduğunu bəyan edib. Həmçinin qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək. O, bunun hər birimiz üçün çox həssas məsələ olduğunu diqqətə çatdıraraq, komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi hamıdan xahiş edib”.
 


Deputat M.Dərziyev Gürcüstanın Cənubi Qafqazın ən dindar ölkəsi olduğunu, David Qareçi - Keşikçidağ məbədinin isə gürcülər üçün müqəddəs yer sayıldığını xatırladıb. Bununla belə o, məsələnin hüquq çərçivəsində həllini tapmasının vacibliyini vurğulayıb: "Gürcüstanda kilsənin çox böyük nüfuzu var. Əhalinin böyük əksəriyyəti xristian-pravoslav dininə etiqad edirlər. Bu, onların haqqı və hüququdur. Lakin bununla yanaşı, bir vacib məqamı da unutmaq olmaz ki, həm Azərbaycanın, həm də Gürcüstanın ərazisinin 20 faizi işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazisi işğal edilib. Belə bir situasiyada öz Vətənini sevən, ölkəsinin taleyini düşünnən hər bir vətənpərvər insan, o cümlədən Gürcüstan vətəndaşı anlamalıdır ki, David Qareçi - Keşikçidağ məbədi ətrafında baş verənlər, süni ajiotajın yaradılması bizlərin diqqətini əsas problemlərimizdən, yəni işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində aparılan işdən yayındırmaq məqsədi daşıyır. Bununla həm ölkələr arasında, həm də cəmiyyətlər daxilində qarşıdurma yaratmaq niyyəti güdülür. Qaşınmayan yerdən qan çıxarılmasına imkan vermək olmaz. Ona görə də ayıq-sayiq olmalı, təxribatlara uymamalı, Baş nazir Mamuka Baxtadzenin vurğuladığı kimi, səbr və təmkinlə rəsmi dairələrin fəaliyyətinə imkan yaratmalıyıq. Hesab edirəm ki, bu məsələ yalnız beynəlxalq hüquq çərçivəsində,danışıqlar masası ətrafında həllini tapmalıdır”.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967