• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

“Mage” proqramına niyə qadağa qoyuldu?

04.04.17 11:30 11099
“Mage” proqramına niyə qadağa qoyuldu?
Son günlər ərzində gündəmin əsas müzakirə mövzularından biri də "Mage” proqramı oldu. Daha çox gənclər arasında geniş yayılan bu proqram qısa müddət ərzində məşhurlaşmağı bacardı. Proqramın istifadə qaydasına gəlincə isə, deyə bilərik ki, çox rahatdır. Belə ki, proqrama daxil olub sənə lazım olan, yaxud istədiyin bir nömrəni yazırsan. Proqram sənə nömrənin kimə məxsus olduğunu göstərir.
Qeyd edək ki, proqrama istifadəçinin icazəsi olmadan şəxsi məlumatları yükləmək olmur. Məlumat üçün deyək ki, "Mage” proqramını android istifadəçiləri pleystordan yükləyirdilər. Lakin qısa müddət ərzində sosial şəbəkələrdə və insanlar arasında məşhurlaşmağı bacaran "Mage" proqramının Azərbaycanda istifadəsinə qadağa qoyulub. "Qafqazinfo" xəbər verir ki, proqram artıq Azərbaycan ərazisində fəaliyyətini dayandırıb. Bəs görəsən proqramın istifadəsinə niyə qadağa qoyulub? Şəxsi məlumatların yayılmasını dəstəkləyən proqramlardan dünya təcrübəsində də istifadə edilirmi? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
"Şəxsi həyat ictimailəşdirilir”
İT üzrə mütəxəssis Namət Məmmədzadə deyir ki, proqramın istifadəsinə qadağa qoyulması düzgün addımdır: "Çünki proqram avtomatik olaraq sizin telefonunuzda olan kontaktları kopyalayır və öz məlumat bazasında saxlayır. Sadəcə olaraq test etsəydiniz, görəcəkdiniz ki, məsələn, 9999999 nömrəsi bir telefonda X adı ilə, digərində Y adı ilə yazılıbsa, hər dəfə random olaraq sistem gah X, gah da Y göstərirdi. Yəni proqram özü üçün limitlənməyəcək kontent toplamaqla məşğuldur. Ola bilsin ki, sonradan bu kontenti satışa, hətta başqa niyyətlərlə istifadəyə çıxara bilərlər. Bu, məsələnin bir tərəfdir. İkinci bir tərəfən isə burada hamının nömrəsi bazaya qeyd olur. Yəni sadə insandan tutmuş, məmurlara qədər hər kəsin nömrəsi qeyd olunur. Sosial şəbəkələrdə hətta bəzi məmurların nömrələri paylaşıldı. Bu, sadəcə həm qanunvericilik, həm də humanizm cəhətdən düzgün deyil. Çünki kiminsə şəxsi həyatı açıq şəkildə ictimailəşdirilir. Buna görə də proqramın istifadəsinə qadağa qoyulmasını müsbət hal kimi qiymətləndirirəm”.
"Qadağa doğru deyil”
Mütəxəssis Nicat Manafov isə proqramdan istifadəyə qadağa qoyulmasının əleyhinədir: "Bu proqram funksionallıq etibarilə yalnız sizin icazə verdiyiniz təqdirdə, telefon kitabçanızda olan nömrələrin data-base-ə yüklənməsinə imkan verir. Bunun qarşılığında isə "Mage” sizə imkan verir ki, başqa insanların yüklədiyi nömrələri görə biləsiniz. Sizə hər hansısa tanımadığınız bir nömrədən zəng gəldikdə, əgər həmin nömrə proqramın data base-ində varsa, o zaman zəng edən şəxsin adı telefonunuzda görünür. Proqramın qadağan olunması mənə görə əslində absurd bir şeydir”.
Ekspert bildirdi ki, bu tip proqrmalardan dünyanın əksər ölkələrində istifadə edilir: "Çünki bu, bütün dünyada istifadə olunan bir xidmətdir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bu tipli müxtəlif proqramlardan istifadə edilir. Prormın ən böyük rəqiblərindən biri də "True-Caller” proqramıdır. Maraqlısı isə odur ki, bizdə "True-Caller” qadağan edilmədiyi halda, "Mage” proqramının istifadəsinə qadağa qoyulub. İstifadəçilər özləri telefon kitabçasında olan insanlar haqqında məlumatları proqramın data-base-də paylaşmağa icazə verir. Bundan sonra proqram həmin insanların görünməsinə icazə verir. Əgər istifadəçi özü buna icazə verirsə, proqramın əngəllənməsi nə dərəcədə düzgün hesab oluna bilər? Bu qadağa ümumiyyətlə nəyə əsaslana bilər? Belə desək, öz telefon kitabçasında olan nömrəni götürən , verən də razıdır. Düzdür, qadağaya dair məlumatlar yayılsa da, bu barədə hələlik hansısa rəsmi açıqlama da yoxdur. Əgər bu proqramın istifadəsinə əngəl qoyulursa, deməli buna bənzər digər proqrmaların da istifadəsinə qadağa qoyulacaq ki, fikrimcə, bu da heç yaxşı hal deyil”.
Sonda onu da qeyd edək ki, mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, iş günü ərzində sualımız cavabsız qaldı.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər