“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi - Fotolar
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi
istiqamətində atılan addımlardan biri də Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar
2016-cı il tarixli sərəncamıdır. Həmin sərəncamdan irəli gələrək, qarşıya
qoyulan əsas vəzifələrdən biri "Made in Azerbaijan” brendinin xarici bazarlarda
təşviqidir. Bununla yanaşı, Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac
missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti,
"Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli
tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi
hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi
Qaydası”nın təsdiq edilməsi haqqında fərman da imzalayıb. Yerli məhsulların
xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, "Made in
Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət
hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi
qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq
edilib.
Asiyanın ən
iri sərgisində "Made in Azerbaijan” brendi
Qeyd olunan fərman və sərəncamın qarşıya qoyduğu vəzifələrdən
ən mühümü dünyanın bir sıra ölkələrində təşkil olunan sərgilərdə Azərbaycanda
istehsal olunan məhsulların "Made in Azerbaijan” brendi adı altında təqdim
olunmasıdır. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə belə sərgilər
keçirilməzdən bir müddət öncə ölkədaxili kütləvi informasiya vasitələrində elan
yerləşdirilir, sahibkarlar belə sərgilərdə iştirak etməyə dəvət olunurlar.
Sevindirici haldır ki, yerli istehsal müəssisələri bu prosesin aktiv
iştirakçılarına çevrilməkdədirlər. Misal üçün, həmin sahibkarlıq subyektlərindən
biri də "Veysəloğlu” Şirkətlər Qrupunun
tabeliyindəki "Ulduz” şokolad fabrikidir. 2001-ci ildən fəaliyyətə başlayan
və yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edən "Ulduz”
şokolad fabriki Taylandın paytaxtı Bankokda keçirilən "THAİFEX-WORLD of ASİA”
beynəlxalq sərgisində "Made in Azerbaijan” brendi adı altında ölkəmizi təmsil
edib.
Ölkəmizi "Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil etdik
Fabrikin direktor müavini Elnur
Allahverdiyev iyunun 4-ə qədər davam edən bu sərgi barədə "Kaspi”yə məlumat
verərək deyib ki, Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət
yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Onun sözlərinə görə,
fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü
demiş, rəqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edib. Fabrik rəsmisi
"Ulduz”un bir neçə yeni çeşidli məhsulları ilə də sərgiyə qatıldığını
vurğulayıb: "2016-cı ildə keçirilmiş "THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində
dünyanın 140 ölkəsindən 42 min izləyici qatılıb. Bu dəfə keçirilən sərgidə də
150-yə yaxın ölkə iştirak edib. Olduqca qürurverici haldır ki, 150-yə yaxın ölkənin
iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi "Made in Azerbaijan” brendi
ilə böyük sevgi ilə təmsil etdik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın
stendi qarşısında ayaq saxlayaraq, məhsullarımızla yanaşı, ölkəmiz haqqında
geniş məlumatlar əldə ediblər. Bundan başqa, Tailandın TV kanalları da Azərbaycanı
təmsil edən "Ulduz” fabriki haqqında maraqlanaraq, geniş reportaj
hazırlayıblar”.
İqtisadiyyatın yeni bir modeli formalaşmaqdadır
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı bizimlə söhbətində bildirib ki, Azərbaycanda
iqtisadiyyatın yeni bir modeli formalaşmaqdadır. Deputatın fikrincə, bu yeni
iqtisadi model qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkədə istehsalın həcminin
daha da artırılması, eyni zamanda ixraca yönəlik iqtisadiyyatın formalaşması, rəqabət
qabiliyyətinin artırılmasıdır: "Bu kimi strateji hədəflər Prezident İlham
Əliyevin sədrliyi ilə keçirilən müşavirə və iclaslarda, konfranslarda, imzalanan
fərman və sərəncamlarda daim qeyd olunub. Yəni bu, artıq Azərbaycanda strateji
hədəfdir. Bu hədəflərə sürətlə çatmaq yolunda mühüm işlər görülməkdədir. Hətta
2017-ci ilin birinci rübünün iqtisadi yekunları bir daha göstərdi ki, Azərbaycanda
ixracın, iqtisadiyyatda qeyri-neft sektorunun, kənd təsərrüfatının həcmi
artmaqdadır. Bu isə qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində görülən işlərin
artıq öz bəhrəsini verdiyini göstərir. Təbii ki, daxili istehsal həcminin
artmasının ən bariz nümunələrindən biri də, bu artımın xarici bazarlarda
reallaşdırılmasıdır. Azərbaycan böyük bazar deyil. Digər ölkələrin ixrac təcrübələri
göstərir ki, ixrac zamanı daha çox rəqabətqabiliyyətli məhsullara üstünlük
verilməlidir. Çünki, iqtisadiyyatda əsas tələblərdən biri, ölkədə istehsal
olunan məhsulun bir hissəsinin hökmən xarici bazarlara çıxarılmasıdır”.Millət vəkili
T.Mirkişili bildirib ki, heç bir halda istehsal yalnız ölkənin daxili bazarı ilə
məhdudlaşdırılmamalıdır: "Xarici bazarlara çıxanda isə yerli istehsalın üzləşdiyi
ən birinci çətinlik həmin bazarlarda rəqabət, digər şirkətlərin burada təmsil
olunması, Azərbaycan məhsullarına üstünlük verilməsi barədə xarici
istehlakçılar arasında təbliğatın aparılmasıdır. Təqdirəlayiq haldır ki, dövlət
orqanları bu istiqamətdə sahibkarlara yaxından köməklik göstərir. Nəticədə
ixrac missiyaları, hətta xarici ölkələrdəki Azərbaycan səfirliklərində xarici
ticarət nümayəndələrinin təyin olunması prosesi başlayıb. "Made in Azerbaijan”
brendi adı altında beynəlxalq sərgilərdə iştirakın təmin edilməsi də buna misal
ola bilər. Bütün bunlarda başlıca məqsəd Azərbaycan məhsullarını dünyada
tanıtmaq, yerli istehsalın arxasında eyni zamanda, Azərbaycan dövlətinin
dayandığını, ixracla məşğul olan şirkətlərə dəstək verildiyini nümayiş etdirməkdir.
Bu, artıq tətbiq olunan təcrübədir. Dünyada İsrail, Hollandiya, Cənubi Koreya təcrübəsi
göstərir ki, güclü siyasəti olan dövlət şirkətlərə dəstəyini nümayiş etdirərsə,
ixrac zamanı şirkətlərin xərclədiyi vəsaitin müəyyən qismini öz üzərinə götürərsə,
qısa zamanda böyük nəticələr əldə etmək mümkündür”.
Təbliğat və təşviqata
xüsusilə fikir verilməlidir
Millət vəkili, iqtisadçı Vahid Əhmədov da hesab edir ki, "Made in Azerbaijan” brendi ilə əlaqədar
Prezident İlham Əliyevin imzaladığı sənədlər, bundan irəli gələrək görülən
bütün işlərin əsas məqsədi, ölkəmizin məhsullarını dünyada tanıtmaq, beynəlxalq
bazarlara çıxış əldə etməkdir. Onun sözlərinə görə, "Made in Azerbaijan”
brendinin tanıdılması istiqamətində atılan addımlardan sonra müxtəlif istehsal
məhsullarımızın daha geniş çeşiddə beynəlxalq sərgilərdə nümayişi, beynəlxalq
bazarlara çıxışı təmin olunur: "Bu istiqamətdə fəaliyyət həyata keçirilərkən təbliğat
və təşviqata xüsusilə fikir verilməlidir. Bununla yanaşı, keyfiyyət və
qablaşdırma da mühüm əhəmiyyət kəsb edir. Əgər biz beynəlxalq bazarlarda özümüzə
yer etmək, məhsullarımızı davamlı olaraq xarici ölkələrə ixrac etmək istəyiriksə,
keyfiyyətə, çeşidə, xarici görünüşə, qablaşdırmaya, yeniliyə fikir verməliyik
ki, güclü rəqabətdə məğlub olmayaq. Sevindirici haldır ki, artıq xaricə ixracda
kənd təsərrüfatı məhsulları da üstünlük təşkil etməyə başlayıb. Bütün bunlar
müsbət hadisələrdir və Azərbaycanda istehsalı, ixracı daha da stimullaşdırır”.
Daha keyfiyyətli və daha ucuz malla alıcı marağını təmin edə bilmək
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin
rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da "Kaspi”yə açıqlamasında deyib ki, Azərbaycan
hökuməti ölkə iqtisadiyyatının real sektorunun inkişafı istiqamətində çox mühüm
addımlar atır. İqtisadçı ekspertin sözlərinə görə, hazırda yerli istehsalın həcminin
artırılması fonunda idxaldan asılılığın minimuma endirilməsi və ixrac
potensialını genişləndirməklə, ölkəyə valyuta axınını təmin edilməsi başlıca hədəflərdəndir:
"Yaxın gələcəkdə qeyri-neft sənayesi sahəsində və aqrar sektorda istehsalın həcminin
on dəfələrlə artırılması gözlənilir. Bu isə o deməkdir ki, aqrar sektordan
ixracın həcmi getdikcə genişlənəcəkdir. Bu səbəbdən də ölkə Prezidentinin
müvafiq sərəncamı ilə "Made in Azerbaycan” brendi ilə Azərbaycanda istehsal
olunan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan tədbirlər
görülür. Bu tədbirlər içərisində ən önəmli olanı, müxtəlif sərgilərin təşkili
yolu ilə Azərbaycan məhsullarını xarici alıcılara tanıtmaqdır. Bu gün dünyanın
istənilən bazarında yer almaq kifayət qədər mürəkkəb məsələdir. Bazarda yer ala
bilməyin yeganə düzgün yolu, daha keyfiyyətli və daha ucuz malla alıcı marağını
təmin edə bilməkdir. Bunun üçün də sərgilər vasitəsilə məhsullarımızın nümayişi
yeni alıcı bazarlarının fəth edilməsi demək olacaqdır. Ənənəvi bazarlarda Azərbaycanda
istehsal olunan məhsullar, xüsusilə də aqrar sektorun məhsulları öz keyfiyyəti
ilə kifayət qədər üstünlüyə malikdirlər. Lakin əgər biz istehsalın həcmini dəfələrlə
artırmağı proqnozlaşdırırıqsa, deməli, bizə yeni bazarlar lazımdır”.
Qeyri-neft sektorunun çəkisinin artmasına stimul
verəcək təşəbbüs
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri,
iqtisadçı alim Vüqar Bayramlı da qəzetimizə açıqlamasında bildirib ki, "Made in Azerbaijan”ın
xaricdə tanıdılması olduqca vacibdir. O, qeyd edib ki, "Made in Azerbaijan” ölkəmizin
məhsullarının xarici bazarlara çıxarılmasının təmin edilməsi baxımından əhəmiyyətlidir:
""Made in Azerbaijan” ölkəmizin iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin
artmasına stimul verəcək təşəbbüsdür. Qeyri-neft sektorunun daha da inkişaf
etdirilməsi, ixracın artırılması üçün ilk növbədə Azərbaycanın brend olaraq
tanıdılmasına ehtiyac var. Azərbaycanın brend olaraq tanıdılması isə nəticə
etibarilə ölkəmizdə istehsal olunan məhsulların da xarici bazarlara çıxış
imkanını artıracaq. Yerli istehsalın stimullaşdırılması və təşviq edilməsi
baxımından da diqqət çəkən məqam bundan ibarətdir ki, sahibkarlar nə qədər çox
məhsul ixrac etmək imkanına malikdirlərsə, həm onlar, həm də ölkə bir o qədər
çox valyuta əldə edir. Bu da imkan verir ki, həmin sahibkarlıq subyekti, şirkət
öz imkanlarını daha da genişləndirsin, daha çox məhsul istehsal etsin. Bu
baxımdan, yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının artırılması
olduqca vacibdir. "Made in Azerbaijan” brendi adı altında ixracın
stimullaşdırılması da bu məqsədə xidmət edir. Bu çərçivədə, ixraca
subsidiyaların tətbiq edilməsi də həyata keçirilir. Qeyd edilən məqam yerli
sahibkarların ixrac imkanlarını da təşviq edir. Hal-hazırda məhsul növündən
asılı olaraq 3-5 faiz intervalında subsidiyaların tətbiqi, ixracatın
stimullaşdırılması həyata keçirilir. Bu da sahibkarlara imkan verir ki, ixrac
etdikləri məhsulun dəyərinə uyğun subsidiya əldə edə bilsinlər. Bütün bunlar
yerli sahibkarların potensialının təşviq edilməsinə imkan yaradır. Azərbaycan
brendinin xarici bazarda tanıdılması və təşviq edilməsi qeyri-neft sektorunun
daha da inkişafına, ixrac imkanlarının genişlənməsinə gətirib çıxarır”.
Rufik
İSMAYILOV
Yazı Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər
Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər”
mövzusundakı müsabiqəsinə təqdim olunur