• çərşənbə axşamı, 19 mart, 13:01
  • Baku Bakı 8°C

Macəranı qapıdan kənarda axtaranların səyahəti

29.01.20 18:32 4306
Macəranı qapıdan kənarda axtaranların səyahəti
Və ya sağlamlıq üçün əla müalicə üsulu sayılan trekinq marşrutları

Trekinq uzun yürüşlər etmək, ağlasığmaz yerlər tapmaq, düşərgə qurmaq həvəsində olanlar üçün turizmdə fantastik marşrutdur. Dünyanın bir çox ölkələrində, xüsusən təbiətsevərlər arasında populyar olan bu marşrut daha çox dağ yürüşləri, uzun yayla yürüşləri olaraq həyata keçirilir. Trekinq yürüşləri, adətən günlərlə, hətta, həftələrlə sürə bilir. Bu səbəbdən trekinq idmanı ilə məşğul olan insanların sağlam vücuda malik olmaları və bu marşrutu yaxşı bilən bələdçinin müşayiəti ilə yola çıxmaları gərəkdir. Qeyd edək ki, qonşu Türkiyədə turizmin bu marşrutu geniş yayılıb. Təkcə yerli sakinlər deyil, xaricdən də məhz trekinq marşrutuna çıxmaq üçün Türkiyəyə yüzlərlə səyahətçi gəlir. Fəthiyyə ilə Antalya arasındakı möhtəşəm mənzərəyə malik «Likya yolu» əcnəbi turistlər arasında ən çox tövsiyə edilən və ən məşhur olan məkan hesab edilir. Qonşu ölkədə bu marşruta rəğmən "Macəra evin içərisinə gəlməz, macəra qapıdan kənarda axtarılır” deyilir.
O cümlədən, dünyanın ayrı-ayrı ərazilərinə, məsələn, Nepal, Şotlandiya, Şimali Qafqaz, İsveçrədə, Tailand, Klimancaro, İran və s. yerlərdə trekinq turları səyahətçiləri daha çox cəlb edir. Everest zirvəsinə səyahət edən ingilis turistlərdən biri "Trekinq - bu Himalaya həyatın əvəzedici səyahətidir. Burada hər kəs öz üslubunu, məqsədini tapır» - deyə yol dəftərində yazıb. Dünya trekinq həvəskarları üçün Himalay dağ silsiləsi, Nepalın dağlıq əraziləri və Tibet həmişə arzulanan səyahətlər olub. Bəzi həkimlər trekinq marşrutlarını sağlamlıq üçün əla müalicə üsulu adlandırırlar. Belə ki, bu səyahətlər beyni tənzimləyir, orqanizmi gücləndirir, stressdən qurtulmağa kömək edir. Trekinq müalicəvi gəzintilərdir. Bu turlar insanların psixoloji gərginliyini azaldır, fiziki aktivliyi artırır. Səyahətçilərin günəşlə bir oyanması əhval-ruhiyyələrini yüksəldir: "Adi günlərdə insan işlə yüklənir. Ətrafdakı insanların aqressiyası da onlara təsir edir. Fiziki yük psixoloji yükə çevrilir. Bəzən insan bunlarla necə mübarizə aparmağı bilmir. Bu baxımdan, trekinq marşrutları bu tip adamlar üçün dinamik meditasiyadır”.
Bəzən səyahət edənlər hikinq marşrutları ilə trekinq marşrutlarını qarışıq salırlar. Ancaq hikinq (yürüş, gəzinti) turları bir gün - səhər gedib axşam qayıtmaqla başa çatırsa, trekinq turları bir neçə gün davam edə bilir. Həmçinin bu turlar uzunmüddətli olması ilə bərabər, yorucu səfərlər hesab edilir.
Bizim ölkəmizdə hikinq turlarına maraq göstərənlər olsa da, trekinq yerli turistlər arasında hələlik o qədər də populyar deyil. Amma turizmin bu marşrutunun tanınması istiqamətində işlər görülür.
Azərbaycan Turizm Bürosunun turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova–Sabircanovanın sözlərinə görə, trekinq turlar
demək olar ki, hikinqlə eyni statusa malik marşrutlardır: "Sadəcə, trekinq turları uzunmüddətli, bir neçə günü və ya həftəni əhatə edir. Hikinq turları isə bir günü və ya bir neçə saatı əhatə edə bilər. Belə halda trekinq marşrutları daha kompleks olur. Çünki burada qalmaq, yemək yerləri nəzərdə tutulur. Kampinq kimi təcrübələr olur, kamp yerləri nəzərdə tutulmalıdır. Bu baxımdan trekinq bir çox fəaliyyətləri özündə əks etdirir”. Sektor müdiri hələlik trekinqlə bağlı hər hansı fəaliyyətin olmadığını deyir: "Çünki bizim milli parklarda bu sahədə müəyyən məhdudiyyətlər var. Məsələn, park ərazisində 5 gündən artıq qalmaq mümkün deyil. Həmçinin belə bir infrastruktur tam inkişaf etməyib ki, milli parklar ərazisində kamp qurmaq mümkün olsun və yaxud yerli evlər də çox deyil ki, səyahət edənlər bir neçə gün istifadə edə etsinlər”. Sektor müdiri bununla belə, ATB-nin bu istiqamətdə müəyyən işlər gördüyünü bildirir: "Biz yerli evləri qeydiyyata alırıq. Kampinq üzrə layihəmiz olacaq. Biz hansı regionlarda və hansı ərazilərdə kampinq qurmağın yerlərini müəyyən edəcəyik. Bundan sonra bizdə trekinq marşrutlarını yaratmaq üçün bir vizion olacaq. Bu prosesləri həyata keçirdikdən sonra trekinq marşrutlarını yaratmaq üçün imkan yaranacaq. Bu mənada, trekinq, hikinq və dağ-velosiped marşrutları 2020-ci il üçün bizim prioritetimizdir. Bilirsiniz ki, bizim hədəf bazar Avropa bazarıdır. Həmin bazar üçün bu marşrutlar çox populyardır. Ona görə, biz hazırda bu marşrutların üzərinə çox fokuslanmışıq və bu istiqamətdə aktiv işlər gedir”.
«Millennium Tourism & Congress» şirkətinin direktoru Ruslan Quluyev də bəzən hikinq və trekinq marşrutlarının eyni marşrut kimi təqdim olunduğunu təsdiqləyir: "Hikinq, sneplinq kimi turizm marşrutları artıq turizmdə bizə xas marşrutlardır. Bunlar ekoloji turizmin növləri içərisində yer tuturlar. Ümumiyyətlə, bunlarla bağlı Azərbaycanda ənənələr olub və ümumxalq marşrutuna daxil edilib”. Təəssüf ki, bu gün bu marşrutlar turizmçilər tərəfindən o qədər də populyar deyil, ancaq ixtisaslaşmış şirkətlər var ki, bu marşrutları həyata keçirirlər. Yaxşı olardı ki, həmin şirkətlər mütəmadi infoturlar, təlimlər keçsinlər”. Turizmçi Avropa və digər qitələrdə bu seqmentə çox maraq göstərildiyini deyir: "Bu marşrutların da özünün müştəri seqmenti var. Güman edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mütəmadi görüşlərdə, gələcəkdə turizmyönümlü fəaliyyətlərin qurulması üçün açılan məkanlar bu marşrutların inkişafına kömək edəcək. Qafqazı kifayət qədər yaxşı tanıyan turistlər var ki, onlar istər Gürcüstan, istərsə də Azərbaycan istiqamətindən birgə marşrutlar həyata keçirirlər. Təbii ki, bu marşrutların mütəmadi olaraq təqdimatına, pasportlaşdırılıb təqdim olunmasına ehtiyac var. Əsasən də gənclər arasında bu növ çox populyardır”.
«Backpack Azerbaijan» şirkətinin təmsilçisi Nərmin Abbaslı trekinq marşrutunun ölkəmizdə çox da populyar olmadığını bildirdi: "Trekinq marşrutlarının məqsədi şəhərdən tamamilə uzaqlaşmaqdır. Bu marşruta çıxan turist özü ilə kamp ləvazimatlarını götürür. Çünki bunlar daha uzun yürüşlərdir və tanınmayan əraziləri əhatə edir. Bizdə sırf trekinq marşrutları təşkil edən turizm şirkətləri yoxdur. Bizim şirkət isə yay aylarında Qubanın Cimi kəndinə uzun sürən trekinq marşrutu təşkil edib. Bu ərazinin xəritədə demək olar ki, adı yoxdur. Bu, əslində ekstrim səyahətdir. Ekstrim yaşamaq istəyənlər üçün trekinq səyahətini məsləhət görə bilərəm. Hesab edirəm ki, bu marşrut üçün yeni-yeni yerlər kəşf olunandan sonra səyahətə çıxmaq olar”. Şirkət təmsilçisinin sözlərinə görə, ölkəmizə gələn əcnəbi turistlər trekinq marşrutlarına çıxmaq üçün müraciətlər edirlər. Artıq sifarişçilərimiz var. Yay tətili üçün 7 günlük trekinq paketi hazırlamışıq. Bu, İsmayıllıdan başlayan bir yürüş olacaq. Çaylardan, dağlardan keçiləcək, meşədə kamp qurulacaq. Yeməyi hər bir turist özü ilə götürəcək. İnanıram ki, bu, maraqlı bir səyahət olacaq və iştirak edən turistlərə əzil zövq yaşadacaq». N.Abbaslının sözlərinə görə, yerli insanlar turizmin bu sahəsinə o qədər maraq göstərmirlər: «Belə ki, yerli səyahət həvəskarları bir günlük yürüşlərə qatılsalar da, xüsusən gənc qızlara evdən icazə verilmir. Bunu bizə olan müraciətlərə əsasən deyirəm. Yəqin ki, zaman keçdikcə turizmin bu marşrutu bizdə də inkişaf edəcək».

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər