• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

Lunatik kölgə

05.11.18 15:30 2163
Lunatik kölgə
Bir neçə dəfə fərqli formalarda həyatıma son qoyub, ondan canımı qurtarmaq, paltar soyunan təki ruhumu bədənimdən sökərək çıxarmaq istəmişdim. Fəqət hər dəfə də başqa-başqa səbəblər bu yoldan döndərdi məni. Zaman-zaman içimə sığdırmağa çalışdığım o güvən hissini yenidən qazanacağımı hiss etdim. Fəqət inamsızlıq kölgə kimi qarabaqara izlədi, şübhə bulud təkin başım üzərində gəzdi. Hara addımımı atsam, elə o küncdən mənə boylandı. Başqa adamlara yaxınlaşdım birgə irəliləyək deyə. Kimisi qəlb evimi oğurladı, kimisi kimsəsizliyim oldu. Bəzisi bədənimi yeni duyğularla sərasər doldurarkən, bəziləri də görünməz dağıntılar yaratdı. Hər dəfəsində coşğunluqla axan irmaq kimi qarşıma çıxan dağları, təpələri, vadiləri aşıb qovuşacağım dənizi tapdım. Yalnız yazı masamdakı dəftərə hər şeyi yazıb bitirdiyim anlarda sakitləşdim. Kəlmələr mənə həyatı ərməğan etdi, özümə qatlaşa biləcək gücü verdi. Əksəri bərbad duyğularla indiyə qədər yaşamımı döyəcləmişəm. Bax gör, nə qədər şeyin uzağındayam...
Frieda və Nick güclə yatdı. "Artıq ölə bilərsən, Sylvia” deyə pıçıldayır içimdəki səs. Onlar üçün əlimdən heç nə gəlmir. O gün hamamda qalsam da, Nicki yuyundura bilmədim. Jilian gələndə üzümə təəssüflə baxdı. Uşağı qucağına alıb quruladı. Düzü, bəzən yaxşı nələrsə etmək istədiyini hiss edirəm, bəzənsə mənə qatlaşa bilmədiyini düşünür və narahat oluram/ Hər şeyə rəğmən o, böhranlı günlərə dözməyimə kömək edən əvəzsiz dostdur. Bazar günü yemək üçün gözəl şeylər hazırlamışdı: Rosto, pendir, şirin və kəmturş şərab. Yemək boyunca gülməli hadisələr danışdı. Rəqs edib etmədiyimi isə xatırlamıram. Elə musiqi dinləyib, dinləmədiyimizi də. Düzü, içki rahatlaşmağıma kömək edir və sonra gördüyüm ilk münasib yerə uzanıram. Yenə də elə oldu. Bir neçə saat yatdıq. Oyandıqdan bir qədər sonra Gerry məni və uşaqları evə ötürdü. Bir yandan "istəsən, qayıdaq” dedi. Yollardakı qar azca ərimişdi. Əsəbdən ağladım. Xarab olan maşına, həyata, ürəyimin əvvəlki kimi öyünəcək şeylər tapa bilməməyinə. İsrar etməyib evə qayıtdı. Ağlaya-ağlaya "paltarları qatlamaq lazımdır” söylədim.
Belə qış günləri sadəcə daxilimin buz bağlamasını sürətləndirir. Çöldə mənim kimi kimsəsiz qalmış külək kol-kosa çırpılır. Mən ruzigarı ot və yarpaqların arasında azadə dolaşarkən sevirəm. "Hopkins Yurdu”nun divarlarında nəhəngləşən kölgələr gördüyümü zənn edirəm. Maşınların gecənin səssizliyini pozmaq üçün növbələşərək ötüşdüyünü də. Görəsən, dünyanın hansısa bir nöqtəsində eynən mənim kimi göy üzünə baxıb, bu duyğuları yaşayan bir başqası da varmı? Yenə də məişət problemləri içərisində hər şeyi itirirəm. Baxdığım mənzərədən kənardakı dünyanı görməmək, bacardığım halda almanı dişləyə bilməmək kimi problemlərim var. Ta dərinliyimdə qanqrenə çevirməyi bacardığım qısqanclıqları isə ancaq şeirə köçürə bilirəm.
Zehnimin gizlinliklərində var-gəl etməkdən bitab düşdüyüm anlar çox olur. Hər anın sehri zəhər kimi qanıma qarışdığından daim təlaş gəzinir damarlarımda. Yalqız qalmağı düşünməkdən sarımı uduram. Pilləkəndən gələn tıqqıltılara qulaq kəsilirəm. Qaranlıq boş gördüyü hər yeri doldurmaq istəyirmiş kimi irəliləyir. Nə təsadüf ən çox da daxilimi ələ keçirir. Parça-parça yuxular. Yuxu dərmanları yalnız bədənimi uyuşdurmağa xidmət edir. Fəqət düşüncələrim və ruhum lunatikdir.
Oyandıqdan sonra da otaqlarda gəzişirəm. Güldanın tozunu kim bilir gündə neçə dəfə alıram. "Otuz bir yaşındasan və hələ də gözəlsən, Sylvia” söyləyirəm özümə. "Bir fırtına quşunu sevsəydim kaş ki sənin yerinə, Ən azından baharda səmanı şənləndirib gələrdi” ("Dəli qızın eşq şərqisi”– S.Plath) misralarını mırıldanıram alicənab kölgələrə. Sonra özümü təqlid edib fərqli tonlarda eyni misraları oxuyuram.
Bütün ömrüm boyu kürəyimdə başqa birinin nəfəsini hiss etmək üçün çalışdım, çabaladım. Qolları bədənimə dolaşsa, boş ərazidə, insan ayağının dəyməyəcəyi sahədə, ya da dağda yaşa bilərdim. Fərq etməzdi. Yaşaya bilərdim... Bütün axtarışlarım özümü itirmək və yenidən tapmaqla keçdi. İçimdə böyütdüyüm insan, düşüncənin özü, hətta övladlarım belə xərçəngli hüceyrə kimi bədənimi, ruhumu gəmirdi. Fəqət bütün yaşadıqlarım, həyatımın parçaları məni müsbət mənada dəyişdirmədi. Qaranlığı gördüm. İçimdə heç durmadan danışan birinin varlığını hiss etdiyim üçün yazdım. İnsan yazarkən özünü, əskiyini də tamamlamağa çalışır.
Gələcəyə ümidli olduğum axşamlardan birində qəlbimi dinlədim. Mənə toxunanda, hətta saçlarımın arasında barmaqlarım gəzinəndə belə nəfəsində başqasına aid yad izlər var idi. Buna rəğmən aldadılmış kimi hiss etmədim. Çoxdan bitmiş bir şeyə tamaşa edən kimiydim. Bundan daha dibdə olmaq mümkün deyildi. Ya oradan çıxacaq, ya da sonsuza qədər o boşluğun içində qeybə çəkiləcəkdim. Kim bilir bu duyğu yazdıqlarımda neçə dəfə təkrarlanmış, təkrarlanmış, təkrarlanmışdır. İnsan nələrisə dəyişə bilməyəcəyini anladıqda sadəcə getmək istəyir. Qəlbin ayağa qalxıb irəliləyir.
Bundan 10 il öncə – qırıq ayağımı ardımca sürüyən zamanlarda da yazdım. Zehnimin qaranlıq quyularında qalmış hadisəni niyə gün üzünə çıxarmağa çalışdığımı hər şeyi yazıb bitirinəndən sonra dərk edirəm. Deyəsən, bəzilərimiz dünyaya gəlişigözəl "atılmış” kimi hiss etdiklərindən aid olduqları yeri tapmaq üçün bütün enerjilərini sərf edər və heç nə əldə etmədən dünyadan köçüb gedərlər. Bəzilərinin isə bircə addım belə atmasına lüzum yoxdur: Dünyada nə qədər sirli hadisə varsa, gəlib onları tapar. Mən isə həm özümü hansısa yerə aid hiss etmir, həm də adi, sadə qaya parçası olmaq məsələsini düşünürdüm. Həm, bəlkə, məni də yosunlar qucaqlayardı. Gündüzlər üzərimdə qarışqalar gəzər, gecələr ulduzların parıltısı ilə işıqlanardım. Qaya parçası olmaqdan yorulduğum anlarda isə irmaq olub coğrafiyanın bəxş etdiyi sərhədlər daxilində bir yerdən başqasına axıb getmək istərdim. Hər dəfəsində yeni siyahılar tərtib etdim özümə. Oxuma siyahıları, dinləməli olduqlarım, tanış olacağım yazarlar, yeni səyahətlər. Qatıldığım yarışmalar, aldığım mükafatlar doymuşluq hissi bəxş etmədi. Beynimdəki səs heç durmadan daha çoxunu istəyirdi. Lakin bütün gözəl duyğuların sonsuzluğa qədər uzandığı bir yeri görməyəcəkdim. Zehnindən xilas yoxdur, Sylvia, dünyanı öldürmək üçün gözlərini bağla.
Son aylarda qasırğanın ortasında qalmış kimi gözlərimi qorxu və təlaşla qıyıb baxırdım. Sığındığım yerdən bir addım uzağa qaça bilmirdim. Hər şeylə mübarizə aparmaq məcburiyyətindəydim. Ölümü gözləyirdim. Gəlib məni tapsın, gözlərimdə qalan son işığı da oğurlayıb getsin deyə. Sonra əl çəkirəm bu düşüncələrdən. Hər kəsi tək-tək xatırlamağa çalışıram. Adlarını dəftərə yazıram, harada tanış olduğumuzu qeyd edirəm. Birlikdə yemək yeyib, rəqs etdiyimiz restoranları, yeridiyimiz prospektləri, velosiped sürdüyümüz çəmənləri, o əsrarəngiz qoxuları belə unutmamağa çalışıram. Həyat isə qurtarmağa çalışdığım yüzlərlə, bəlkə də minlərlə xatirəni amansızca hafizəmdən silməklə məşğuldur. Usandıran səssizliklərin içindən bataqlığa düşmüş quş kimi çırpınır və xilas ola bilmirəm.
Bir az süd içib masanın üzərinə qoydum. Oyananda başlarını qata biləcək şirnilər var idi artıq. Ölməyə çalışmaq yaşamın başqa yönlərini kəşf etməyimə kömək etdi. Yaşamağa çalışarkən məzarımdan çıxa bilmədim. Həkim Horderə bunları söyləyəndə uzun-uzadı nəsihətlər verməyə başladı. Geriyə hər addımımda aldığım dərmanları atmaq istədiyimi söyləyirəm. Rədd olsun dərmanlar, yuxular, yatanlar. Dediklərimə gülürəm. "Keçəcək, uşaqlarına, həyatına qayğıyla yanaş” deyə diktə edirəm. Mətbəxdə neçə dövrə vurduğumu, heç bir yerinə sığmadığımı söyləmək üçün onu axtarmalıyam. Bu soyuq qış günü aşağı mərtəbəyə bir neçə dəfə enib yuxarı qalxdım. Hansısa səsi eşidəcəyəm, mütləq eşidəcəyəm. Axı biri səsimə səs verməlidir...
Nick yatağında heç tərpənmir. Frieda gülümsəyir. Şansı varsa, gözəl xülyalar görür. Pəncərəni açıram. Çöl soyuqdur, amma otaq da havalanmalıdır axı.
Mətbəxə qayıtdığımda daha öncə eşitmədiyim bir ölümlə qarşılaşacağam. Qaz içəri dolacaq. Sobanın içinə soxacağam başımı. Sonra uşaqlığımı, bağçamızdakı yelləncəyi düşünəcəyəm. Bir əl məni arxadan itələyəcək və o anda göy üzü içimə dolacaq.
Serkan Türk
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva
banner

Oxşar Xəbərlər