• çərşənbə axşamı, 19 mart, 13:10
  • Baku Bakı 8°C

Lukaşenko “Şərq tərəfdaşlığı” sammitinə gedəsi olmadı

23.11.17 10:00 2522
Lukaşenko “Şərq tərəfdaşlığı” sammitinə gedəsi olmadı
Sensasiya baş vermədi - "Şərq tərəfdaşlığı” sammitinin Brüsseldə həftəsonu keçiriləcək sammitində Belarus prezidenti Aleksandr Lukaşenko iştirak etməyəcək. Belarus Xarici İşlər Nazirliyinin sözçüsüAndrey Şuplyakdeyib ki, sammitdə Belarusun nümayəndə heyətinə xarici işlər naziriVladimir Makey rəhbərlik edəcək. Rəsmi açıqlamalara görə, A. Lukaşenko adıçəkilən proqramın həddən artıq siyasiləşmiş omasını əsas gətirib.
Hazırda Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramı daha çox əməkdaşlıq formatı kimi nəzərdən keçirilir. Tərəfdaş-ölkələr isə Avropa perspektivinin tanınmasına nail olmağa çalışırlar. "Belarus qarşısına belə bir məqsəd qoymayıb”, - deyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Beləliklə, proqnozların əksinə olaraq Belarus Qərbi deyil, Rusiya ilə yaxınlaşmaq xəttini götürdü. Halbuki, ilin əvvəlindən bəri belə bir fikir prioritet idi ki, Belarus sürətlə Qərbə doğru yaxınlaşır və ölkə tezliklə "Şərq tərəfdaşlığı” proqramına qoşulacaq. Buna səbəb də var idi. Belarusun Rusiya ilə münasibətlərdə bir gərginlik yaşanırdı. Tərəflər arasında qarşılıqlı ittihamlar ən yüksək səviyyəyə çatmışdı. Lakin sonradan proseslər başqa axarda getməyə başladı. Belə ki, A.Lukaşenko müxalifətin keçirdiyi aksiyalara qarşı sərt davranmaqla Minsk-Brüssel münasibətlərini əvvəlki xəttə qaytarmış oldu.
Belarus XİN-in yaydığı məlumatda göstərib ki, "Minsk "Şərq tərəfdaşlığı”nda qeyri-siyasi, heç kimə qarşı olmayan münasibətlərin olmasını istəyir. Maksimal dərəcədə qeyri-siyasi tədbirdə iştirak daha məqsədəuyğundur”, - deyə Belarus XİN-in məlumatında bildirilib. Minskdə hesab edirlər ki, Avropa İttifaqı ilə Belarus arasında münasibətlər o qədər isti deyil ki, Lukaşenko həmin tədbirdə iştirak etsin. "Diplomatik praktikada belədir ki, yüksək səviyyədə səfər o zaman reallaşa bilər ki, əməkdaşlıq telləri kulminasiya nöqtəsinə yüksəlib”,- deyə Belarus hakimiyyət orqanları hesab edirlər. Bəyanatın da mətnindən bəli olur ki, rəsmi Minsk gözləyir ki, Aİ Belarusla münasibətlərdə bütün məhdudiyyətləri aradan qaldırsın. Eləcə də hesab edir ki, tərəfdaşlıq və əməkdaşlıqla bağlı baza razılaşması üzrə danışıqların başlanmasına ümid edir. Bununla yanaşı, Belarus hakimiyyət orqanları Aİ-nin "Şərq tərəfdaşlığı” sammitinə dövlət başçısının dəvət olunmasına yüksək qiymət verdiklərinin bildiriblər. "Bu, Aİ ilə Belarus arasında münasibətlərdə inkişafın olduğunu və fikir ayrılıqlarının aradan qalxdığını və qurumla münasibətlərin keyfiyyətcə yüksəldiyini göstərir” – deyə açıqlamada bildirilib.
Ekspertlər hesab edir ki, Belarus liderinin inamsızlığı Rusiyanın mümkün reaksiyasının necə olacağı ilə bağlı idi. Heç kim bunu açıq şəkildə deməsə də, hər halda, "siz kiminləsiniz - Rusiya və yaxud Avropa” şüarı əsas xətt kimi keçib. Onların qənaətincə, Rusiya ilə Qərb arasında münasibətlər kəskinləşən kimi Belarus seçimi Rusiyadan yana etmək qərarına gəldi. Maraqlıdır ki, düz bir həftə əvvəl A.Lukaşenkonun Brüsselə gedəcəyi dəqiqləşmiş kimi görünürdü. Lakin ötən gün Ukrayna ilə yaşanan qalmaqal bu ümidlərin üstündən xətt çəkmiş oldu. Məlumata görə, Ukrayna iki ölkə arasında yaranmış casus qalmaqalı ilə əlaqədar Belarusun Kiyevdəki diplomatını ölkədən xaric edib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Maryana Betsa deyib ki, Belarus diplomatı "persona non grata” elan olunub və ölkədən çıxarılıb. Sözçü deyib ki, bu, bir gün əvvəl Belarusdan Ukrayna səfirliyinin diplomatı İqor Skvortsovun xarici edilməsi barədə Minskin qərarına cavab olub.
Ukraynadan çıxarılan Belarus diplomatının adı açıqlanmır. Belarus XİN-in sözçüsü Andrey Şuplyak Betsanın bəyanatına şərh verməkdən imtina edib. Belarus rəsmiləri noyabrın 20-də bəyan etmişdilər ki, Skvortsov ölkədən casusluq fəaliyyətinə görə qovulub. Minskin qənaətinə görə, Skvortsov Ukrayna jurnalisti Pavlo Şaroykonun yaratdığı "casus şəbəkəsini” koordinasiya edirmiş. Belarus hakimiyyət orqanları jurnalisti Ukraynanın hərbi kəşfiyyatçısı olmaqda şübhəli bilir. Kiyev bu iddiaları rədd edib. Belarusda mənzillənmiş Chareter97 insan haqları qrupu Şaroykoya istinadən bildirmişdi ki, o, Belarusda həbs olunduqdan sonra yoxa çıxmış 19 yaşlı Ukrayna vətəndaşı Pavlo Hribin axtarışı ilə məşğuldur. Sonradan Hribin Rusiyada terrorizmlə bağlı ittihamlarla həbsxanada saxlandığı məlum olmuşdu. Noyabrın 20-də Ukrayna prezidenti Petro Poroşenko Ukrayna xarici kəşfiyyat xidməti rəhbərinin müavini Volodimir Sinkeviçi vəzifəsindən kənarlaşdırıb. Dərin tarixi və mədəniyyət bağları olan iki slavyan ölkəsi – Ukrayna və Belarus arasında münasibətlər Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra gərginləşib. "Casus qalmaqalı”nı ictimaiyyətə açıqlamaqla Belarus bildirmək istəyir ki, o, heç bir halda Rusiyaya qarşı çıxmayacağı anlamına gəlir. "Biz bu məsələnin qabardılmasını istəmirdik”, - deyə Ukraynanın bu ölkədəki səfiri İqor Kizim bildirib. Lakin Belarus Rusiyaya xoş gəlmək bu addımı atmağa üstünlük verdi. Bununla da Moskvadan aşağı faizli kreditlər, ucuz enerji daşıyıcıları alacağına və Rusiya bazarlarına daşımalara əlavə imkan açılacağına ümid edir.
Xatırladaq ki, Aİ bu yaxınlarda ilk dəfə olaraq A.Lukaşenkonu da "Şərq tərəfdaşlığı” sammitinə "məhdudiyyətsiz” dəvət edib – yəni digər üzvlər Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna liderləri kimi. Öncəki dörd sammitdən qabaq Aİ aydın şəkildə deyirdi ki, Belarusu 23 il idarə etmiş, Qərbin bəzi rəsmilərinin "Avropanın sonuncu diktatoru” adlandırdığı Lukaşenkonu toplantıda görmək istəmirlər. 2015-ci ildə Riqada keçirilən sonuncu sammitdə də Minski Makey təmsil edirdi. Aİ "Şərq tərəfdaşlığı”nı 2009-cu ildə başladıb. Məqsəd Şərqi Avropa və Cənubi Qafqazın altı ölkəsində iqtisadi inteqrasiyanı və Avropa dəyərlərini irəlilətməkdir. 1994-cü ildən prezident postunda olan A.Lukaşenko 2015-ci ildə beşinci müddətə seçilib. Qərb müşahidəçiləri bu seçkinin azad və ədalətli keçirilmədiyini bildiriblər. Aİ 2004-cü ildə bu ölkəylə bağlı məhdudlaşdırıcı tədbirlərə əl atıb. Səbəb iki müxalifətçinin, bir biznesmenin və bir jurnalistin yoxa çıxmasının araşdırılmaması idi. 2010-cu ilin dekabrındakı prezident seçkisindən sonra ölkədə baş verən təzyiqlərlə əlaqədar Aİ Şurası əlavə sanksiyalar qəbul edib. Ancaq 2016-cı ilin fevralında Aİ Belarusa qarşı sanksiyaların çoxunu qaldırıb. Sanksiyalar A.Lukaşenko və digər yüksək çinli rəsmilər daxil olmaqla 170 belarusluya viza qadağası və bank hesablarının dondurulmasını, 14 şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tuturdu. Aİ sanksiyaların qaldırılmasını "2016-cı il avqustun 22-də Belarusda bütün siyasi məhbusların buraxılması, Aİ-Belarus münasibətlərinin yaxşılaşması” ilə izah edirdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər