• çərşənbə axşamı, 19 mart, 13:41
  • Baku Bakı 8°C

Ölü kişinin ayaqqabıları

24.07.17 11:25 9304
Ölü kişinin ayaqqabıları
Bu vaxtacan heç kimi maraqlandırmırdı ki, qoca Gamiç öləndən sonra Gilmanın vəziyyəti necə olacaq. Dəfn mərasimindən sonra adamlar dağılışıb getdilər. Bəziləri qocanın qəribə xüsusiyyətlərindən danışdı, bəziləri isə axşam düşməmiş onu unutdular. Bəziləri onun mülkiyyətinin kimə qalacağını düşünürdü. Qoca Gamçin yüz akrdan böyük ərazidə pambıq sahəsi vardı. O, ömrünün 30 ilini burda keçirmiş, 70 yaşında bu torpaq sahəsindəki evində həyata "əlvida” demişdi.
Gilma balaca bir uşaq olsaydı kiminsə ona ürəyi yanar, onu götürüb evinə aparar, onu sakitləşdirməyə çalışardı. Məsələ bundaydı ki, Gilma balaca uşaq deyildi. Onun 19 yaşı vardı, normal cavanlar kimi çox güclü idi. 10 ildən çox idi ki, o cənab Gamiç ilə birlikdə yaşayıb onun plantasiyasında işləyirdi. Qocanın dəfnində ondan başqa göz yaşı axıdan yox idi.
Gamiç öləndən bir gün sonra onun Kaddoda yaşayan qohumları furqona doluşub gəldilər və onun evində məskunlaşdılar. Gələnlər arasında onun şikəst qardaşı oğlu Septime də vardı, ona baxanda Gilmanın ürəyi ağrıyırdı. Septimenin dul qalmış bacısı Mame Broze və onun iki qızı da gəlmişdi. Dəfn mərasimi keçirilən günlərdə onlar Gamişin evində qaldılar, dəfn mərasimindən sonra da heç yana getmədilər. Gilma qəbiristanlıqdan qayıdanda onları yenə də qocanın evində gördü.
Gilma onlara heç nə deməyib öz otağına getdi ki, bir az istirahət etsin. Qoca Gamiç xəstə yatdığı günlərdə o neçə gecə yuxusuz qalmışdı. Əslində isə son həftə ərzində o mənəvi baxımdan yorulmuşdu.Gilma həmişə qaldığı otağa girəndə çox şeyin dəyişdiyini gördü, sanki bu otaq daha ona məxsus deyildi. Evdən çıxanda divardakı mıxçada onun paltarları asılmışdı, indi isə mıxçadan bir neçə köhnə paltar və həsir şlyapa asılmışdı. Deyəsən, Brozenin qızlarının paltarları idi. Komodun siyirmələri boş idi, orda ona aid heç nə qalmamışdı. Ağlına gələn ilk fikir bu oldu ki, yəqin xanım Broze evdə dəyişiklik edir, onun pal-paltarını da başqa otağa yığıb. Ancaq o paltarlarının qapının arxasındakı stolun üstündə tapanda vəziyyətin nə yerdə olduğunu anladı. Onun çəkmələri stolun altındaydı, ancaq pencəkləri, şalvarları və alt paltarları stolun üstünə necə gəldi atılmışdı. Onun qarabuğdayı üzü qıpqırmızı qızardı və həmin anlarda onu hindlilərə oxşatmaq olurdu. O heç vaxt belə şeyin olacağını ağlına da gətirməmişdi. Özünü ələ alıb öz-özünə dedi ki, o, qabaqcadan belə vəziyyətin yaranacağını düşünməliydi. Əgər bu barədə düşünməyibsə, bu onun öz günahı idi. Hər halda, pal-paltarını stolun üstünə qalaqlanmış görəndə o çox pis oldu. Bu dünyada onun bu evdən başqa heç nəyi yox idi. Evin həyətindəki hər bir ağacı, hər kolu o özünə dost hesab edirdi. Çəpərin hər qarışı ona tanış idi. Divarlarının rəngini yağış yuyub aparmış bu balaca, köhnə ev onun sığınacağı idi, çox az adam cansız şeyləri onun kimi sevə bilirdi. Bu evin hər bir əşyası ona əziz idi. Gilmanın ürəyində Mame Brozeyə qarşı böyük nifrət yarandı. Bu qadın indi həyətdə başını dik tutub təkəbbürlə gəzişirdi, qara donunun ətəyi də yerlə sürünürdü. Balaca qızlarının əlindən tutmuşdu.
Gilma nə edəcəyini bilmədi, atına minib həyətdən çıxdı. Hara gedəcəyini heç özü də bilmirdi. Onun atı çox işlək heyvan idi, cənab Gamiç sağlığında bu atı
"Yupiter” deyə çağırırdı. Gilma isə ona qısaca "Yupi” deyirdi. İndi dünyada bu atdan başqa heç nəyi yox idi. O paltarlarının bir neçəsini torbaya qoyub atın belinə qoydu, Mame Brozedən xahiş etdi ki, o qaydanadək onun o biri paltarlarını bir yerə qoysun.
Gilma həyətdən çıxanda Septime Gamiç əmisinin kreslosunda oturmuşdu. Gilmanın arxasınca qışqırdı:
– Ey, Gilma, hara gedirsən?
– Mən uzağa gedirəm, – Gilma atına bir qamçı vurub dedi.
– Yaxşı, hara istəyirsənsə get. Amma atı burda qoy get.
– At mənimdir, – Gilma cəld cavab verdi.
– Bunu sonra müzakirə edərik, – Septime dedi.
Gilma sağ əlinin kəsilməyinə razı olardı, ancaq atını heç kimə verməzdi. Amma qoca Gamiç ona qanunlara hörmət etməyi öyrətmişdi. Ona görə də o atdan düşdü, atı tövləyə apardı. Həyət qapısından çıxmazdan qabaq geri dönüb Septimeyə dedi:
– Cənab Septime, bu at mənimdür. Bunu sübut etmək üçün 100 nəfər şahidə imza çəkdirəcəm. Bir neçə gündən sonra məhkəmədən kağız gətirəcəm. Bir xahişim var, o vaxta qədər mənim atım da, yəhərimə də heç bir ziyan vurulmasın.
– Yaxşı, biz bu barədə sonra danışarıq. Bizimlə birlikdə nahar etmək istəmirsən?
– Yox, minnətdaram. Mamü Broze də nahara qalmağım xahiş etmişdi.
Gilma belə deyib iri addımlarla həyətdən çıxdı, çayın sahilindəki araba yoluna çatanda dayanıb ətrafa boylandı. Yazın əvvəlləri idi, zəncilər pambıq tarlalarında alaq edirdilər. Gilma alaq edən zənci qadınlardan birini səslədi:
– Salam, Halli xala! Səni görməyimə şadam!
Qadın geri döndü, Gilmanı görən kimi ona yaxınlaşdı.
– Halli xala, istəyirəm bir neçə dəqiqəliyə sənin komana gedək. Mənə şahid ifadəsi verib öz imzanı çəkməlisən.
Qadın onun nə dediyini başa düşdü.
– Mənim işim çoxdur.
– Halli xala, çox vaxtını almayacam. Mən yazacam ki, Yupe mənim atımdır, sən də adını yazıb imzalayacaqsan.
– Kim deyir ki, Yupe sənin deyil – qadın maraq xatirinə ondan soruşdu.
Gilma əlini bir vaxt yaşadığı evə tərəf uzatdı.
– Kim deyir? Septime və bacısı?
– Hə.
– İnanıram ki, onlar belə deyir.
– Bir neçə gün sonra onlar sənə də deyəcək ki, guya sənin "Polsi” adlı qatırın sənin deyil.
– Kim deyir bunu?
– Hələ heç kim. Amma onlar bir neçə gün sonra sənə belə deyə bilərlər.
Holi xala komasına tərəf getdi, Gilma da onun arxasınca. O vərəqi imzalayandan sonra Gilma ilk şahid ifadəsini cibinə qoyub yola düzəldi. Beləcə ,100 nəfərin imzasını topladı.
O biri gün Gilma şəhərə çatdı və vəkil Paxtonun ofisini soraqlayıb tapdı. O, müxtəlif adamları imzalarını toplamaqda çətinlik çəkməmişdi. Ancaq vəkillə məsləhətləşməyə gəlmişdi.
Vəkilin ofisi yol qırağındaydı. Otaqda heç kim yox idi. Gilma otağa girib dəyirmi stol arxasında oturub gözləməyə başladı. Çox keçmədi ki, vəkil otağa girdi. O, yolun o biri tərəfində bir nəfərlə söhbət edirmiş. Vəkil otağa girəndə Gilma ayağa durub ona "sabahınız xeyir” dedi.
Gilmanın üzü vəkilə tanış gəlirdi, ancaq onu dəqiq tanımadı. O da dilucu "sabahınız xeyir, cənab” dedi.
Gilma cibindən imza edilmiş kağızları çıxarıb vəkilə göstərdi:
– Mülkiyyət məsələsinə aiddir. Gamiçinin qardaşı oğlu deyir ki, Yupe mənim atım deyil.
Vəkil onun stol üstünə qoyduğu kağızları götürdü, eynəyini taxıb onları gözdən keçirdi.
– Bəli, bəli, görürəm, çoxlu imza toplamısınız.
Gilma hər şeyi vəkilə danışmaq istədi:
– Cənab Gamiç çərşənbə axşam öləndən sonra...
– Nə? Cənab Gamiç ölüb? – vəkil Paxton təəccübləndi. – Niyə bayaqdan mənə demirsiniz ki, cənab Gamiç ölüb? Eşitməmişdim, başqa şəhərdəydim, bu səhər gəlmişəm. Deməli, qoca Gamiç ölüb, elədir? Deyirsiniz ki, at sizindir. Sizin adınız nədir?
– Mənim adım Gilma Germaindir, cənab!
Vəkil onun üzünə diqqətlə baxıb dedi:
– Hə, indi xatırladım sizi. Siz Gamiçin 10-12 il bundan qabaq götürüb saxladığı oğlansınız.
– Bəli, keçən il noyabrda 10 il oldu ki, onunla bir yerdə yaşayıram.
Vəkil Paxton ayağa durdu, seyfindən bir topa sənəd götürdü, onları gətirib stolun üstünə qoydu.
– Cənab Germain, sizin işdə heç bir problem olmayacaq. Atınızın sizin olduğunu sübut etməyə ehtiyac yoxdur. Sizə şad xəbər verim. Sizin dostunuz qoca Gamiç sizi özünə varis seçib. O, bütün mülkiyyətini, yəni plantasiyasını, bütün heyvanlarını, evindəki əşyaları, plantasiyada işlədilən alətlərin hamısını sizə vəsiyyət edib. Çox böyük bir mülkiyyətdir! Sizin kimi cavan bir oğlan ölü kişinin ayaqqabıların geyinib yeni həyata qədəm qoyacaq. Bu böyük şansdır!
Cavan oğlan, siz adınızı deyən kimi hər şey yadıma düşdü. Üç il bundan qabaq cənab Gamiç mənim ofisimə gəlib xahiş etdi ki, onun üçün vəsiyyətnamə tərtib edim.
Vəkil bəzi sözlər də dedi, ancaq Gilma onun sözlərinin heç birinə qulaq asmadı.
O sevindiyindən nə edəcəyini bilmirdi. Deməli, hər şey onundur! Onun! O vəkilin otağında darıxırdı! İstəyirdi vəkil söhbətini sona çatdırsın. Ancaq deyəsən, vəkilin söhbətinə son qoymaq fikri yox idi. Qəflətən Gilma üzr istəyib otaqdan çıxdı.
İki gün sonra kəndə qayıdanda Gilma yenə də Holli xalanın komasının yanında dayandı. Gamiçin varisi olmağı xəbəri özündən də qabaq gəlib çatmışdı kəndə. Holli xala onu görəndə sevindi.
– Allah bilir ki, siz hər şeyə layiqsiniz! Gəl, içəri keç! Bir az dincini al, sonra gedərsən.
Qadın komadakı ən yaxşı stulu gətirib ona verdi.
Gilma Holli xalanın komasında bir fincan kofe içməkdən çox məmnun oldu. Komada soba yanırdı, Gilma çalışırdı ki, sobadan aralı otursun. O alnının tərini sildi, şlyapası ilə üzünü yelpikləməyə başladı.
– Onların evdən çıxdığını xəyalıma gətirəndə gülməyimi saxlaya bilmirəm, – qoca qadın ona kofe süzə-süzə dedi.
– Bu heç də gülməli deyil, Holli xala! – Gilma dedi, o hətta bu qadının təklifini qəbul edib onun komasında kofe içməyinə də peşman idi. – Mənim Septimeyə yazığım gəlir.
Qadın onun sözünü eşitməzliyə vurub stola söykənib sözünə davam etdi:
– İndi o bilir ki, Yupe kimindir. İndi o bilir ki, Polsi mənim qatırımdır.
Gilma bu qadının komasında özünü çox narahat hiss etdi. Kofe üçün ona minnətdarlıq edib otaqdan çıxdı. Qadın arxadan onu çağırıb dedi:
– Ah, cənab Gilma! Nə deyirsən, indi mənim qatırım kimindir?
Gilma Septime ilə üzbəüz gəlmək istəmirdi. O bir yekə ağacın kölgəsində oturub bir az dincini aldı. Bir az fikirli idi. Sanki nəsə onun sevincinə mane olurdu. Gilma vəkilin dediyi bir ifadəni yadına salmaq istəyirdi. O hansı sözü işlətmişdi? Deyəsən, o, ölü ayaqqabılarından danışmışdı.
Aha, tapdı! "Ölü kişinin ayaqqabıları”. Onun nəyinə lazımdır bu var-dövlət!
Bəs o şikəst Septeme hara gedəcək? Onun dul bacısı? Onun köməksiz uşaqları?
Gilma çox fikirləşdi, o necə hərəkət edəcəyini bilmirdi. Ancaq o Septeme ilə üzbəüz gələndə daha tərəddüd etmirdi. Gilma evə girəndə Septeme hələ də əmisinin kreslosunda oturmuşdu. Gilmaya elə gəldi ki, dəfn mərasimindən bəri o heç bir dəfə də olsun bu kreslodan durmayıb. Mame Broze və onun iki qızı evin bir küncündə oturub ağlayırdılar. Gilma Septemeyə yaxınlaşıb dedi:
– Mən atın mənə məxsus olduğunu sübut edən imzaları toplayıb gətirdim. Yəqin ki indi atımı apara bilərəm.
Septeme titrək səslə dedi:
– Nə demək istəyirsən? Hər şey sənindir Yoxsa məni axmaq yerinə qoymusan?
– Mən vəkil Paxtonun yanına bir də gedəcəm. İndi isə atımı istəyirəm.
Gilma atından başqa bir neçə şey də götürdü evdən. Gamiçinin buxarının üstündəki şəklini götürüb cibinə soxdu. Onu özünə varis edən qocanın əl ağacını və tüfəngini də götürdü.
O sevimli Yupesinin belinə minib həyətdən çıxanda ona sədaqətli iti də onun arxasınca gəlirdi. Gilmaya elə gəldi ki, o dəhşətli bir yuxudan ayılıb.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
[1] İngilis dilində frazeoloji ifadədir. Ölən adamdan qalan miras mənasını verir
banner

Oxşar Xəbərlər