• çərşənbə axşamı, 16 aprel, 18:21
  • Baku Bakı 18°C

Londondan tarixi "bürünc”lə qayıdan 16 yaşlı gənc – Portret

05.10.19 10:15 4122
Londondan tarixi "bürünc”lə qayıdan 16 yaşlı gənc – Portret
Yay Olimpiya Oyunlarının üzgüçülük yarışlarına, adətən, "əsas iştirakdır" prinsipi ilə yanaşsaq da, dördilliyin növbəti möhtəşəm idman tədbiri olan paralimpiadalarda bu növ üzrə təmsilçilərimiz əsas medal ümidlərimiz hesab edilir. Qeyd edək ki, son iki Paralimpiya Oyunlarında ən yaxşı nəticəni cüdoda qazanmışıqsa, üzgüçülərimiz 1 qızıl, 7 gümüş medalla ikinci sıradadırlar. 5-16 sentyabr tarixində Londonda keçirilən dünya çempionatının yekunları, 7 il əvvəl elə Britaniya paytaxtında başlayan uğur ənənəsinin Tokioda da davam edəcəyinə əminlik yaradır. Belə ki, Temza sahillərinə 3 nəfərlik heyətlə yola düşən komandamız 73 ölkənin iştirakı ilə baş tutan mötəbər yarışı 1 gümüş və üç bürünc medalla 26-cı sırada başa vurdu. Bundan əlavə, "Tokio 2020"-yə ikinci lisenziyamız da rəsmiləşdi. Bu gün sözügedən mundialın əsas qəhrəmanlarından birindən - 16 yaşında dünya üçüncüsü olmaqla, Azərbaycanın paralimpiya tarixinə düşən Vəli İsrafilovdan geniş söhbət açacağıq.
Könülsüz döyüş macərası
Azərbaycanın ən gənc dünya mükafatçısı 2002-ci ilin oktyabrında Rusiya Federasiyasının Tümen şəhərində doğulub. Ailəsi ilə birgə vətənə gəlişi 4 yaşına təsadüf edib. Altı yaşında atasının istəyi ilə taekvondoya yazılan Vəli, Koreya döyüş təliminə qarşı həvəssiz olduğundan, heç bir il keçməmiş, dayanqla vidalaşıb. Beləcə, özündən böyük bacısı Rəfiqə ilə birgə üz tutub üzgüçülüyə. Hər bir uşaq kimi bu yola, sadəcə sağlamlıq naminə qədəm qoyan Vəli, zaman keçdikcə yarışlara qatılaraq, mükafata layiq yerlər tutub. İlk uğurunu 2014-cü ildə keçirilən "Şən delfin" açıq birinciliyində qazanan London qəhrəmanımız, brass üsulu ilə 100 metr məsafəyə üzmədə 1 dəqiqə 38 saniyə göstərici ilə ikinci yeri tutub. Yeri gəlmişkən, İsrafilovun üzgüçülük karyerasında əldə etdiyi uğurların əksəriyyəti məhz brassla bağlıdır. Səbəbini bir qədər sonra oxuyacaqsınız.

Sağlam idmançılar arasındakı nailiyyətləri
Vəli gözündəki zəifliyə görə, paralimpiyanın sıralarına qoşulanadək dəfələrlə sağlam idmançılar arasında keçirilən yarışlarda fərqlənib. Belə ki, o, respublikadaxili çempionatlarda qazandığı saysız-hesabsız uğurlarla kifayətlənməyib, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edib. Mütəmadi olaraq, Türkiyə, Gürcüstan və Slovakiyada təşkil olunan turnirlərə qatılan İsrafilov, az qala, bütün yarışlardan vətənə medalla qayıdıb. Bunların arasında xüsusən Gürcüstan, Türkiyə, Slovakiyanın Kranj və Jilina şəhərlərində keçirilən ənənəvi beynəlxalq turnirləri qeyd etmək lazımdır. İslamiadada isə Vəli 200 metr məsafəyə brass üsulu ilə üzmədə 2 dəqiqə 28 saniyə göstərici ilə beşinci olub. Bu nəticələrə görə o, hələ 2017-ci ilin noyabrında İdman ustası dərəcəsinə də yüksəlib.
Şəxsi rekord və rəsmiləşməsini gözləyən lisenziya
Cari ilin aprelində Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən Qran Pri turnirində tibbi təsnifatdan keçən yeniyetmə idmançı, görmə məhdudiyyəti üzrə S12 kateqoriyasında ilk yarışını beşinci sırada tamamlayır. Bununla da, dünya çempionatına lisenziya alan İsrafilov, 1 dəqiqə 6.01 saniyə göstərici ilə həm şəxsi rekordunu yeniləyir, həm də ölkəmizin hesabına bürünc medal yazdırır. Birinci və ikinci pilləni müvafiq olaraq, ukraynalı Oleksey Fedina və belaruslu Vladimir İzotov tutur ki, 16 yaşlı yeniyetmə üzgüçümüz 33 yaşlı beşqat paralimpiya çempionundan 1 dəqiqə 39 saniyə geri qalırsa, "Rio 2016"-nın bu məsafəyə üzmə yarışının qalibindən onu, sadəcə 39 saniyə ayırır. Nəticə, ona həm də Tokio paralimpiadasının qapısını açdı. Belə ki, birbaşa lisenziyanı yalnız komandamızın Belarus əsilli üzvü Roman Saley qazansa da, reytinqdə yerini möhkəmlədən Vəli də artıq lisenziya məsələsinin öhdəsindən gəlib. Milli Paralimpiya Komitəsindən aldığımız məlumata görə, maksimum 2020-ci ilin yanvarınadək bu, rəsmiləşəcək.
Tsiklin əsas kəşfi
Konkretləşdirsək, Vəli cari paralimpiya tsiklinin əsas kəşflərindən biridir. O cümlədən, Rio Yay Paralimpiya Oyunlarının ikiqat vitse-çempionu Dmitri Saleyin yığmamızın sıralarını tərk etdiyini nəzərə alsaq, İsrafilovun bu uğuru ikiqat əhəmiyyət kəsb edir. Tokioda əsas "qızıl" ümidimiz təcrübəli Roman Saley olacaqsa, Vəlinin brass üsulu ilə üzmədə ən azından DÇ-dəki nəticəsini təkrarlayacağını gözləmək olar. "Gümüş və bürünc medalın elə bir fərqi yoxdur" deyən yeniyetmə qəhrəmanımız, yalnız birinciliyi hədəfləyib. Bu dəfə olmasa belə, ən azından 2032-ci ildə keçiriləcək paralimpiadaya qədər öz sevimli idmanına davam edəcəyini bildirir.
Genetik üstünlüyü

Adəti üzrə, bu dəfə də qəhrəmanımız haqqında mütəxəssis fikirlərinə ehtiyac duyduq. Artıq 10 ildir ki, para-üzgüçülük yığmamızın "sükan'ı arxasında olan "Şöhrət" ordenli Alavərdi Culfayev deyir ki, Vəlinin fiziologiyası brass üsulu ilə üzmə üçün ideal sayılır: "Fəxri kürsüyə diqqət etdinizsə, digər iki nəfərlə Vəli arasındakı yaş və boy fərqi açıq-aşkar idi. Üzgüçülükdə də boyun və təcrübənin əhəmiyyətini qeyd etməyə xüsusi gərək yoxdur, məncə. Vəlinin üstünlüyü onun iradəsində, mübarizə həvəsində, eyni zamanda da, ayaqlarının anadangəlmə brass üsulu ilə üzmə üçün ideal formada olmasındadır. Üçüncülük 16 yaşlı idmançı üçün əla nailiyyətdir, lakin necə deyərlər, general olmaq istəməyən əsgər, əsgər deyil. Çalışmaq, vuruşmaq lazımdır ki, Tokioda yeni tarix yazaq. Vəli elə ilk cəhdindən birinci ola bilər, potensialı buna tam imkan verir".

Bu arada, İsrafilov Tokioda qazanacağı hər hansı əyyarlı medalla Azərbaycanın idman tarixinə ən gənc paralimpiada mükafatçısı kimi düşə bilər. "17 yaşlı paralimpiya və dünya medalçısı"... Necə də möhtəşəm səslənir, deyilmi?

Onu da nəzərə çatdıraq ki, 16 yaşlı vunderkindin, sadəcə brass deyil, sərbəst növdə də "Tokio 2020"yə lisenziya qazanmaq şansı var.

Həm də tələbə
İdman, xarici səfərlər, saysız-hesabsız medallar öz yerində, Vəli təhsilində də uğurlu gənclərdəndir. Bu il məktəbi bitirən 16 yaşlı London qəhrəmanımız, yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. İdmanla təhsili bir araya gətirməyin çətinliklərindən danışan Vəli qeyd edir ki, zamanla buna görə, həm müəllimlərindən, həm də məşqçilərindən giley eşidib: "İdman və təhsilə birgə diqqət ayırmaq doğrudan da çətindir. Nə qədər olmasa, bir-birinə təsirsiz ötüşmür. Sadəcə təhsili seçsəydim, daha yuxarı bal toplayardımsa, yalnız idmana diqqət ayırsaydım, yəqin ki, indikindən daha yaxşı göstəricilərim olardı. Lakin heç nəyə görə peşman deyiləm".

Seçimdən söz düşmüşkən, paralel olaraq olimpiyaçılar arasında da çıxışlarını davam etdirən Vəli, iki yol ayrıcında qalsa, paralimpiyanı seçəcəyini deyir: "Görmə qabiliyyətimdəki məhdudiyyət mənə çətinlik yaradır. Lakin yenə də çalışıram özümü göstərim, müəyyən nəticələr qazanım. Görsəm ki, iki cəbhədə yarışmaq alınmır, əlbəttə, paralimpiya üzrə davam edəcəyəm".

Əyləncəyə qarşı meyilli deyil, "hobbim üzgüçülük və dərslərimdir" deyir. Öz idmanından başqa heç bir növlə yaxından maraqlanmır. Kumirinin kim olduğunu soruşduqda isə aldığımız cavab təəccübləndirmədi - "Maykl Felps".

Portret

Erkən yaşda gələn uğur nə qədər möhtəşəmdirsə, bir o qədər də təzadlıdır. Arxayınlığa, necə deyərlər, "ulduz xəstəliyinə səbəb ola bilər. Hər halda, tez parlayıb tez sönən ulduzları az görməmişik. Lakin Vəli haqqında nikbin danışmaq üçün xeyli əsasımız var. Göründüyü kimi, yetərincə məqsədli, ciddi hədəfləri olan gəncdir.
Sahib




banner

Oxşar Xəbərlər