• şənbə, 20 Aprel, 15:49
  • Baku Bakı 23°C

Londonda “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi keçirilib

18.10.17 12:50 2647
Londonda “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi keçirilib
Oktyabrın 17-də Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Qeyd edək ki, Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə "Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.

Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Qeyd edək ki, İkinci Dünya savaşının döyüş meydanlarında 300 minə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub. 128 azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adı ilə təltif edilib."Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə "CC&C Productions” şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu xanım Əliyevadır.

Ən az tanınan arxiv görüntülərindən olan bir epizodda Adolf Hitlerin Nasist iyerarxiyasının müxtəlif üzvləri əhatəsində Xəzər dənizi ətrafı formasında bir tort yediyini göstərir və burada üzərində svastika olan şokoladlı kremləB–A–K–Usözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: "Biz Bakı neftini ələ keçirə bilməsək, hər şeyi itirəcəyik.” Bu sadəcə şişirtmə deyildi – Bakının neft yataqları bütün Sovet ehtiyatlarının 80 faizini təşkil edirdi. Sovet Qızıl Ordusunun uğuru üçün əsas idi. Bakının işğalı 26 sentyabr 1942-ci il tarixinə təyin edilib.

Böyük Britaniya parlamentinin üzvü Mark Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmində İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir. Nasist Almaniyası Bakının neft yataqlarını ələ keçirmək üçün baha başa gələn səylər göstərdi. Bir çox azərbaycanlıların igidliyi nəticəsində nasistlərin son hədəfə çatmasının qarşısı alındı. Əgər onlar buna nail olsaydı müharibənin gedişatı fərqli istiqamət ala və daha uzun sürə bilərdi. Tarixi hadisələrin dəqiq göstərilməsi vacibdir və filmdə buna nail olunub.

"Böyük Britaniyada – Avropanın əksər hissəsində olduğu kimi – Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq bu filmi nümayiş etdirməyimə çox şadam, belə ki, bu qrup Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır” – deyə Mark Menzis vurğulayıb.

Tamamilə arxiv xronikalarından ibarət olan bu film, Bakının mexanikləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması və şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz açıqlama olub.

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində çalışmalar zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. "RMC Découverte” və "National Geographic” kanallarında nümayiş etdirilib.



banner

Oxşar Xəbərlər