AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Londonda Enerji Forumu keçirilib

Londonda Enerji Forumu keçirilib

İqtisadiyyat
14 Fevral 2013, 12:56 1569
“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAIF) və Birləşmiş Krallıqda fəaliyyət göstərən Türk Təbələri Şəbəkəsinin (Network of Students - NOS) təşkilatçılığı ilə Böyük Britaniyanın paytaxtı Londonda, Parlamentin İcmalar Palatasında “Avropa Enerji Təhlukəsizliyində Yeni Dinamika: Azərbaycan və Türkiyənin Rolu” mövzusunda enerji Forumu keçirilib. Bu barədə “Kaspi”yə ASAİF-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tədbirdə Azərbaycan tərəfindən Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Fəxrəddin Qurbanov, SOCAR-ın London ofisinin direktoru Rüfət Əfəndiyev, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, Türkiyə təmsilçisi, hakim Ədalət və İnkişaf Partiyasının yaradıcılarından biri, yeni hökumətin ilk xarici işlər naziri Yaşar Yakış, Türkiyənin Böyük Britaniyadakı konsulu Ahmet Demirok, “Global Resources Corporation”nın sədri Mehmet Öğütçü, britaniyalı millət vəkili Eric Joyce, həmçinin Britaniyada təhsil alan, məzun olan 250-yə yaxın azərbaycanlı və türkiyəli gənclər, 15-dən artıq müxtəlif ölkəni təmsil edən digər xarici vətəndaşlar iştirak ediblər.

Forumun keçirilməsində əsas məqsəd hazırda təhsil alan gənclərə gələcək işlərində faydalı ola biləcək və regionda baş verən siyasi proseslərin analizində yardımçı ola biləcək informasiyaların verilməsi olub. Bununla yanaşı, Forumda Azərbaycan və Türkiyənin Avropa üçün artan əhəmiyyəti, ixracatçı Azərbaycanın stabil, enerji təhlükəsizliyinin qarantı kimi tanınan ölkə olması müzakirə edilib. Ermənistanın işğalçı siyasətinin 1990-cı illərdə Azərbaycan üçün yaratdığı çətin dövrə baxmayaraq, indiyədək ölkəmizdə əldə olunan iqtisadi, siyasi və sosial inkişaf, bu günkü ölkə iqtidarının həyata keçirdiyi tədbirlər də diqqətə çatdırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin birbaşa iştirakı və Azərbaycan Dövlət Neft Şirkətinin böyük ölçüdə əhəmiyyətli rolu ilə ərsəyə gələn, Türkiyə ilə əməkdaşlıq nəticəsində uğurla davam etdirilən TANAP layihəsinin nəticələri, Avropa üçün əhəmiyyətindən də geniş bəhs edilib.

Forumda ASAIF-in sədri Ramin Həkimov açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və təşkilatçılar haqqında geniş məlumat verib. Forumun moderatoru Mehmet Öğütçünün sədrliyi ilə tədbir öz işinə başlayıb. İki saat davam edən tədbirdə ekspertlər Avropanın enerji təhlükəsizliyi və diversifikasiya siyasəti, regionda baş verən geosiyasi proseslər, Xəzər hövzəsinin və xüsusilə Avropanın enerji təminatında Azərbaycanın ixracatçı, Türkiyənin isə tranzit rolunun önəmindən danışıblar. Bu iki ölkənin enerji üzrə xarici siyasətləri, TANAP layihəsinin ərsəyə gətirilməsi, prosesin təsviri, Azərbaycanın Qarabağ reallıqları, erməni işğalının Avropa enerji təhlükəsizliyinə, regiondakı sülh və stabilliyə olan mənfi təsiri də geniş müzakirə edilib. Panel spikerlərinin çıxışından sonra Forum cavab-sual sessiyası ilə başa çatıb.

Rufik İSMAYILOV