Ölməz Mixaylo - Fotolar
Həm teatr səhnəsində, həm də kinoda
oynadığı rollar tamaşaçıların yaxşı yadındadır. Azərbaycan teatrında oynadığı
rolların sayı barmaqla sayılsa da, çəkildiyi filmlər adını kino tariximizə
yazıb. Elə təkcə əfsanəvi partizan Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən
"Uzaq sahillərdə” filmini, bu ekran əsərinin baş qəhrəmanı Mixaylonu xatırlamaq
kifayətdir.Xalq artisti, teatr və kino aktyoru
Nodar Şaşıqoğlunun iki gün sonra Heydər Əliyev Mərkəzində qeyd ediləcək 90
illik yubileyi də aktyorun yaradıcılığına, həyat yoluna həsr olunacaq.Onu
Azərbaycana bağlayan tellər isə çox dərindir. Nodar
Şaşıqoğlunun soykökünün Azərbaycana bağlılığının maraqlı tarixçəsini aktyorun
öz dilindən, "Kaspi”yə müsahibəsində eşitmişdik.
"Əcdadım türk olub”
Azərbaycanın
və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu Batumidə dünyaya
gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Görkəmli
aktyor Ülvi Rəcəb onun əmisi idi. O, 1937-ci ildə repressiyaya məruz qalanda,
Nodarın 10 yaşı vardı. Ülvı Rəcəbin həyat yoldaşı Mərziyə Davudova da
Azərbaycan teatr tarixində özünəməxsus iz qoyan aktrisalardan olub. "Aktyorluq
bizim ailəyə xas bir sənətdir”- deyə N.Şaşıqoğlu uşaqlığını xatırlayırdı: "Əslimiz
acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Qanımda çox qarışıqlar var - türk,
Azərbaycan, rus. Anam isə gürcüdür. Mən Türkiyə ilə sərhəd olan Acarıstanda
doğulmuşam. Acarıstandakılar elə türklərdir. Onların dili də türk dilidir. Amma
o vaxt türkləri düşmən sayırdılar. Atam yarı türk, yarı azərbaycanlı idi. İndi
anlayıblar ki, onlar eyni millətdir”. N.Şaşıqoğlu Batumidə orta məktəbi, daha
sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib: "On yeddi yaşım olanda atam məni Moskvaya təhsil arxasınca göndərdi. "Get,
hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil”, - dedi.Mən
də Şukin adına institutu bitirəndən sonra bir il Vaxtanqov adına teatrda
işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. Daha sonra 5-6 il
Taqanka Teatrında çalışdım”.
N.Şaşıqoğlunun kinoda ilk rolu
"Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov
haqqında filmdə olur. O, filmdə türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh
obrazını oynayır. "Rejissor məndən "türk
sultanının rolunda oynaya bilərsən?” deyə soruşanda, "mənim əcdadlarım türk
olub” - deyə cavab verdim.Sonra Sergey Paracanovun ilk rejissor
işi olan "Andrieş” filmində baş rola çəkildim. Film çəkilişlərindən sonra teatrdan
məni kənarlaşdırdılar. O vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman
keçdi və mən yenidən Taqankaya dəvət olundum.Daha sonra "Odessa”
kinostudiyasında çalışmağa başladım”.
Mixaylonun uğuru
Nodar
Şaşıqoğlu əslində teatr aktyoru idi. Ona teatrda çalışmaq kinoda çəkilməkdən
daha çətin gəlirdi. "Teatr tamam başqa aləmdir. O qədər məşhur kino aktyorları
var ki, onlar teatrda oynaya bilmirlər, ya səsləri çatmır, ya da açıq səhnədə
təbii oynamağı bacarmırlar. Kinoda elə-belə rol oynamaq pul qazanmağın ən asan
yoludur. Ancaq aktyora ciddi rol düşübsə, onda yaxşı filmin alınması üçün xeyli
zəhmət çəkməli olursan” - deyirdi.
Kinoda
onu daha çox sevdirən və Bakıya bağlayan əfsanəvi Mixaylo obrazı olub. "Bu film
olmasaydı, yəqin ki, mənim heç vaxt Azərbaycanla əlaqəm olmayacaqdı” - deyə
etiraf edirdi. "Yenidən teatra
qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Rəşid Atamalıbəyov
(O, "Uzaq sahillərdə” filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə
roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım
afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən
özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi.
Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan: "Sınaq çəkilişinə gəlin, Tofiq
Tağızadə sizinlə söhbət edər”.
Bu rola onlarca namizəd var idi. Məşhur aktyor Möhsün Sənani də sınaq çəkilişində
iştirak edirdi. AncaqTofiq Tağızadə Nodar Şaşıqoğlu ilə
tanışlıqdan və sınaq çəkilişlərində iştirakdan sonra onu Mixaylo roluna təsdiq edir.
"Mən "Uzaq sahillərdə” filmində çox böyük zəhmət çəkmişdim. Bu film bir neçə
nəsli tərbiyə edib. Özümü tərifləmirəm, cavan bir oğlanın ağır bir rolu
peşəkarcasına necə oynadığına həmişə təəccüblənirdim. Bu film Azərbaycan kinosu
tarixində tamamilə başqa səhifədir və artıq kulta çevrilib” - deyə qürurunu
gizlətmirdi. "Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni
xasiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud
şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük:
Mixaylo kəşfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami”
kinoteatrında keçirildi. "Vətən”də göstəriləndə bilet almaq istəyənlərin
növbəsi "Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o
filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə
etdi. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardılar.
İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən
yer olmurdu”.
Nodar Şaşıqoğlu "Uzaq sahillərdə”
filmindən sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun böyük ürəyi”, "Bizim
küçə”, "Leyli və Məcnun” filmlərinə çəkilir. "Məcnun mənim ən sevimli rolumdur.
Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən
səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu
səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən, deyim ki, məni bütün
digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən çox razı
qalmışam” - deyə xatırlayırdı.
"Leyli
və Məcnun” filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Nodar
Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə dəvət alır. Bu teatrın
səhnəsində ilk rolu Don Juan olur. "Həyatda həmişə Don Juan olmuşam. Amma
həyatda mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir
günü dönüb Məcnun olsunlar. Mən məcnunluğuma nələri qurban verdim? Bütünlüklə həyatımı,
kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum” - deyə aktyor gözəl
qadınlara olan münasibətini etiraf edirdi. Bu onun yaralı yeri idi: "Düzdür, özümə qəti qadağa qoymuşdum - tərəf-müqabillərimlə
heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün
qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür,
hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf-müqabilim
olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü
saxladım. Hər tərəf gözəl qızla dolu idi”. Aktyor rəsmi olaraq üç dəfə evli
olduğunu da gizlətməmişdi.
Qu
quşunun son nəğməsi
"Daha Bakıya
həmişəlik gəlmişəm. Sankt-Peterburqun "İmperator” Teatrındakı karyeramı
bitirmişəm. 15 il o möhtəşəm teatrda çalışdım. İndi nəsillər dəyişib. Mənim
səhnə yaşıdlarımın hamısı dünyadan köçüb. İndi ora tamam başqa teatrdır.
Ölçülər dəyişib, yeni artistlər gəlib. İndi o artistlərdir ki, onların səsini
heç üçüncü sırada da eşitmirlər. Onların səhnəyə münasibəti də başqadır. Adlarını
da müasir aktyorlar qoyublar” - deyə gileylənmişdi. Daha kino planları yox idi.
Kino artıq onu maraqlandırmırdı. Bilirdi ki, artıq bu yaşda heç bir rolu nə
"Mixaylo”nu əvəz edəcək, nə də əvvəlki şöhrəti yaşadacaq: "Amma bekar oturmaq
həvəsində də deyiləm. Onsuz da faktiki olaraq nə kino var, nə də kinoteatrlar
işləyir. Olsa da gedib qəpik-quruş alacağam. Bir çəkiliş üçün 50 dollar
verirlər. Halbuki mən bu sahənin peşəkarıyam. Tamaşada oynamaq lazımdır” – söyləyirdi.
O zaman Rus Dram
Teatrında "Kral Lir” tamaşasında Kral Lirin məşqlərinə başlamaq arzusunda idi. "Azərbaycanda
teatrda oynamaq ürəyimdə çoxdan yaşayan arzudur. Kral Liri oynamaq istəyirəm. Bu
rolla Şekspir festivallarında iştirak etmək arzusundayam. Əslində, "Kral Lir”
bir aktyorun teatrıdır. Mən belə düşünürəm ki, bu mənim qəhrəmanım, mənim obrazım,
mənim rolumdur. Amma əsərə səhnə həyatı vermək vəsait tələb edir. Belə bir
inamım var ki, mən doğma məmləkətdə - doğma səhnədə bu rolu yaradacağam...” Aktyor çoxdan ürəyində gəzdirdiyi arzusuna qovuşdu. Rus
Dram Teatrının səhnəsi onun sonuncu yaradıcılıq ocağına çevrildi. "Kral
Lir” Rus Dram Teatrında səhnəyə qoyuldu. Nodar Şaşıqoğlu da Kral Lir obrazı ilə
səhnəyə çıxdı. Özünün dediyi kimi: bu, "Qu quşunun son nəğməsi” kimi onun vida
tamaşası oldu.
Nodar Şaşıqoğlu heç nəyin həsrətini çəkmirdi. "Deyirlər ki,
səhvlərdən öyrənirlər. Hamısı yalandır. Yenidən həyata gəlsəydim eyni səhvləri
edərdim” – fikrində israrlı idi. Aktyora nostalji hisslər yad idi. Həyatı necə
vardısa, elə də qəbul edirdi: "Mən doğulduğumdan bəri çox
yerlərdə yaşadım. Müxtəlif şəhərlər, teatrlar, kinostudiyalar dəyişdim,
ayrı-ayrı insanlarla qarşılaşdım. İstənilən adamı və yeri asanlıqla tərk
etməyi, səadətə də, əzaba da tez öyrəşməyi öyrəndim. Heç nəyə görə nostalji
hissləri keçirməyi sevmirəm. Ən pis anlarda yalnız fantaziyalarımın məni xilas
edəcəyinə inanan bir insanam”.
Aktyor 2013-cü ildə
Bakıda vəfat etdi. Soykökünün bağlı olduğu torpaqda da dəfn olundu. Yaddaşlarda
isə oynadığı rollar qaldı.
Təranə Məhərrəmova